vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
21:56 | 2 dekabr 2017 | Şənbə Məqaləyə 1705 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni dünya düzəni və bizim Avropa tərəddüdlərimiz

Daha «proteksionist» siyasət yürütməyimizə vadar edən amillər nədir?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəli, qaldıq biz və Belarus... Acı da olsa, etiraf edək ki, Ermənistan növbəti dəfə qabağa düşdü və geriliyimizi sammitin yekun sənədlərində əks olunan bəzi uğurlarımızla nə qədər ört–basdır etməyə çalışsaq da, bir suala yerli–yataqlı, məntiqli cavab tapmaq elə də asan iş deyil.

O sual da budur ki, Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Ermənistan Avropa Birliyilə (AB) ilə saziş imzalaya bildisə, biz nədən ehtiyat edirik?

Düzdür, indi başqa məsələ gəlib gündəmə. Deyirlər ki, saziş imzalamağımıza Dünya Ticarət Təşkilatının üzvü olmamağımız mane olur.

Mən biləni, bu məsələnin də tarixi artıq ikinci on illiyə adlayıb və iqtisadi yönümlü mövzu olsa da, bu konteksdəki fikirləri də həmişə diqqətdə saxlamağa çalışmışıq, amma etiraf edirik ki, indiyədək onlar bizə qəti inandırıcı görünməyib; doğrudanmı, bizim daxili bazarımız Gürcüstan və ya Ermənistanınkından daha «kövrək»dir? Doğrudanmı, bizi digər post-sovet ölkələrindən artıq proteksionist siyasət yürütməyə vadar edən çox ciddi və obyektiv səbəblər var?

Azərbaycandan tez–tez kənara çıxan adam deyiləm. Amma səyahəti sevənlər maraqlı şeylər deyirlər. Məsələn, ərz edirlər ki, Azərbaycanla Gürcüstanın fərqi artıq Sınıq körpüdə görünür!

Bəlkə elə bizi daha «proteksionist» siyasət yürütməyə vadar edən amillər də məhz bunlardır?

Bəlkə heç olmasa, bir dəfə səmimi olaq və açıq danışaq; kimin «proteksiya»ya daha çox ehtiyacı var – daxili «bazar»ımızın, yoxsa ki, oliqarx məmurlarımızın?..

Qərəz, böyük fərqlə olmasa da, ermənilər yenə öndədir və oturub gözləmək ki, onların addımı Rusiya ilə ittifaqlarında hansısa dərin «çat» yaradacaq,- bu, tamam mənasız işdir, çünki İrəvan sazişi detallarınadək Moskva ilə razılaşdırıb.

Görünür, elə Moskvanın da müəyyən arqumentləri var. Birincisi, Avropanın getdikcə artan təsiri-təzyiqi qarşısında tab gətirmək Kremlə elə də asan deyil. İkincisi, Avrasiya İttifaqı ölü doğulmuş uşaq kimidir, çünki Moskvanın böyük geoiqtisadi layihələrin mühərriki olmaq üçün zəruri resursları yoxdur. Üçüncüsü, ötən dəfə də qeyd etmişdik ki, hətta Avropa strateqləri arasında Ermənistanla imzalanmış sazişə Avrasiya və Avropa İttifaqları arasında «körpü» kimi baxanlar da var. İstisna deyil ki, Kreml özü də haradasa, belə «körpü»lərin yaranmasında maraqlıdır, ona görə ki, özü ciddi və real təkliflərdə buluna bilmir, yan-yörəsindəkilərsə, eləcə də ermənilər həm də çörək istəyirlər...

O ki qaldı bizim məsələyə yanaşmamıza, iki detal nəzərə çarpır. Bir qisim insanlar həqiqətən də Avropa institutlarının, hətta NATO və AB kimi qurumların gələcəyilə bağlı müəyyən tərəddüdlər yaşayırlar və bir də görürsən, «Ay aman, NATO dağıldı və ya AB uçdu! Azı bir milyard insan ac və kimsəsiz qalacaq!» kimi «təlaş» dolu yazılar saytların manşetində önəmli sıralarda cərgələnirlər...

Birincisi, NATO dağılsa da, AB uçsa da, heç kim nə ac–yalavac, nə də ki, təhlükə altında qalmayacaq.

İkincisi, Dünyada həqiqətən də çox dinamik və mürəkkəb proseslər gedir. Bu, da onun təzahürüdür ki, yeni güclər formalaşır və onlar yeni iddialar yaradır, daha yeni alyanslar və koalisiyalar diktə edir.

Bircə anlığa xatırlamağa çalışın: məsələn, NATO nə vaxt yaranıb və onda Avropa ölkələri hansı vəziyyətdə idi və bu gün hansı durumdadırlar? O vaxt Avropa müharibədən çıxmış xarabalıq idi, amma indi tamamilə başqa mənzərədir! Ona görə də hətta ABŞ prezidenti D.Tramp da buyuranda ki, cənab avropalılar, artıq 50-ci illər deyil və siz varlı-karlı ölkələrsiniz, zəhmət çəkin, təhlükəsizliyiniz üçün xərclərin bir hissəsini üzərinizə götürün, – o, heç də haqsız görünmür...

Eləcə də NATO–ya alternativ qurmaq istəyən avropalılar da haqlıdır, çünki onlar artıq özlərini güclü hiss edir və ABŞ – ın himayəsi və çətiri olmadan keçinə biləcəklərini düşünür, kontinentin «tale»yini özləri həll etmək istəyirlər...

Mən hələ sizə deyim ki, Rusiyada müəyyən proseslər baş verməsəydi, NATO –da da, bəlkə hətta AB -də dezinteqrasiya prosesləri daha güclü olardı. Etiraf etmək lazımdır ki, V.Putin Rusiyasının yenidən ciddi geosiyasi ambisiyalara düşməsi Avropanı və ABŞ–ı konsolidasiya edən faktor kimi çıxış edir.

Bu, məsələnin siyasi reallıqlarıdır... Amma onun bir azacıq fəlsəfi tərəfləri də var. Ötən əsrin ikinci yarısından başlayaraq fəlsəfi – ictimai fikrə iki yeni paradiqma daxil oldu; mürəkkəblik və qeyri–müəyyənlik...

Onlar lap əvvəlcə təbiət elmlərində, xüsusən də yeni yaranmış sinergetikada meydana çıxdılar, sonradansa ümummədəni paradiqmalara çevrildilər. Biz də buna alışmallıyıq; dünya çox mürəkkəbdir və qeyri – müəyyənliklərlə doludur...

Elə siyasətdə də hara getməyi və kiminlə olmağı dəqiq nişan verən yol göstəriciləri yoxdur. Üstəlik, daha «böyük qardaş» da yoxdur və bu arxi– çətin dünyada istiqaməti özümüz tapmalıyıq! Qorxulu bir şey də yoxdur, hamı bunu bacarırsa, deməli biz də bacararıq, yetər ki, siyasi infantilizmi bir kənara qoyaq...

Təbii, səhvlər də olacaq, irəlicədən nəzərə alınmamış sürprizlər meydana çıxacaq. Amma harada yoxdur bu?

Digər məqamlara gəldikdə isə, siyasətdə hər ölkənin, bir dövlət və bir də hakimiyyət kimi yaşadığı problemlər olur.

Məsələn, xeyli müddətdir, Türkiyənin üzləşdiyi problemləri izləyirik. Bəli, onun dövlət olaraq yaşadığı problemlər var. Məsələn, Avropanın bəzi dairələrinin qısqanc münasibəti var ona qarşı, mən hələ onu demirəm ki, qotur Ermənistan heç bu dövlətin mövcudluğu ilə barışmaq istəmir!

Amma bilavasitə indiki hakimiyyətdən qaynaqlanan problemlər də var. Bunlar nə dərəcədə haqlı və obyektivdir, nə qədər qərəzli və qərəzsizdir - artıq başqa söhbətin predmetidir bu, əsas odur, belə problemlər də var...

Eləcə də Azərbaycan... Dövlət olaraq ilk növbədə Ermənistanla böyük problemimiz var. Bəli, dövlət olaraq Rusiyanın və bir az da qonşu İranın təhdidlərilə qarşılaşırıq.

Amma şükür, hələ dövlət olaraq, məsələn, Avropa ilə problemlər yaşamırıq, hələki Qoca Dünya bizi digər post - sovet ölkələrindən ayırmağa meylli deyil, onlar üçün hansı proqram, əməkdaşlıq formatları nəzərdə tutulursa, bizə də təklif edir, hətta bəzilərilə müqayisədə bizimlə əməkdaşlığa daha çox can atırlar...

Amma hakimiyyətlər də dövlətə və ölkəyə yönəlik ümumi münasibətə töhfələrini verirlər. Çalışmaq lazımdır, bu töhfə pozitiv olsun. Əgər hansısa problem hakimiyyətin siyasətindən qaynaqlanlırsa, onu belə də təqdim etmək və dövlət maraqlarını üstün tutaraq onu dərhal həll etmək lazımdır.

Burada təkrar Avropa Şurası ilə problemə toxunmaq istərdik. Şükür, getdikcə daha çox insan münasibət bildirir məsələyə, deməli onlar da institutun önəminin fərqindədirlər.

Bəs onun önəmi nədə ifadə olunur? Birincisi, AŞ qarşısındakı öhdəliklərimizi yerinə yetirərək milli qanunvericilikdə böyük islahatlar aparmalı olduq, - buna hüquq dilində milli və beynəlxalq qanunların inkorparasiyası deyilir.

İkincisi, vətəndaşlarımız əlavə hüquqi təminatlar, özü də ciddi institusional təminatlar qazandılar–indi hər vətəndaşın Avropa İnsan Haqları Məhkəməsinə də müraciət hüququ var. Məgər bunlar azdırmı?..