vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
09:44 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 3378 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«MDB-dən çıxmalıyıq»

«Bu təşkilat Rusiyanın keçmiş sovet respublikaları üzərində diqtəsini həyata keçirmək üçün düşünülmüş simvolik qurumdur»

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

ADP-nin və Ümid Partiyasının təmsil olunduğu «Qarabağ» blokunun Azərbaycanın MDB-dən çıxması üçün hakimiyyətə çağırış etməsinə digər müxalifət partiyaları tərəfindən münasibət bildirilib.

«Yeni Müsavat»a açıqlamasında Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu bildirdi ki, Azərbaycan MDB-də olduğu müddətdə bu qurumdan gözləntilər doğrulmayıb. Azərbaycanın bir nömrəli problemi olan Qarabağ probleminin həlli istiqamətində nə MDB, nə də bu birliyin başında dayanan Rusiya heç bir pozitiv addım atmır: «Azərbaycanın haqlı tələblərinə adekvat münasibət göstərilmir. Digər sahələrdə də MDB-nin siyasi birlik forması kimi elə bir mühüm funksional əhəmiyyəti yoxdur. O yalnız Rusiyanın keçmiş sovet respublikalarının üzərində diqtəsini həyata keçirmək üçün düşünülmüş simvolik qurumdan başqa bir şey deyil. Mənə elə gəlir ki, bu qurumun fəaliyyətin həqiqətən effektiv etmək mümkün deyilsə, Azərbaycanın orada qalmağına ehtiyac yoxdur. Ümumiyyətlə, MDB-nin fəaliyyətinə ehtiyac yoxdur».

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, ilk vaxtlardan Xalq Cəbhəsi Azərbaycanın MDB-yə qoşulmasının əleyhinə olub. İndi də bu mövqedədir ki, Azərbaycanın istiqaməti Qərbə inteqrasiya olmalıdır: «MDB-də təmsil olunmaq Azərbaycanın Qərbə münasibətdə tərəddüdünün ifadəsi kimi də görünür. Ancaq təbii ki, siyasətdə müəyyən incəliklər tələb olunur. Azərbaycanın Qərbə inteqrasiyası Rusiya faktorunun kor-koranə inkarı üzərində qurulmamalıdır. Rusiya ilə balanslaşdırılmış faydalı əməkdaşlığa söykənən qonşuluq münasibətinin də qorunub saxlanmasına diqqət yetirilməlidir. Eyni zamanda AXCP-nin mövqeyi ondan ibarətdir ki, əsas prioritet Qərb strukturlarına inteqrasiya olmalıdır. Bu baxımdan, praqmatik şəkildə məsələyə yanaşanda MDB-də təmsilçlik Azərbaycanın strateji maraqlarının təmin olunmasına təminat yaratmır. MDB-də olmağımız Rusiyanın Qarabağ məsələsində mövqeyinə təsir göstərməyib. Əksinə, Ermənistan davamlı olaraq müdafiə olunub, Azərbaycanın torpaqları işğal altında saxlanılmaqdadır və Rusiya Azərbaycanla MDB-də bərabərhüquqlu ölkə kimi yox, imperialist dövlət kimi davranıb. Ona görə də Azərbaycan özünün etibarlı təhlükəsizlik sistemini yalnız Qərb strukturlarında tapa bilər. MDB bu qurumda olan respublikaları Rusiyanın təsir dairəsində saxlamaq missiyasını həyata keçirir. Yəni qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanmır. Burda yalnız Rusiyanın maraqlarının təmin olunmasından söhbət gedir».

KXCP sədrinin müavini Xəzər Teyyublu MDB-yə üzvlüyün Azərbaycanın hər hansı probleminə, xüsusən də Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərmədiyini bildirdi: «Artıq bəllidir ki, Rusiya keçmiş SSRİ respublikalarına qarşı ciddi problemlər yaradır. Azərbaycana Qarabağ problemini, Gürcüstana Abxaziya, Ukraynaya Krım problemini yaradıb. Rusiya hələ də imperiya siyasətindən, qonşu respublikalara ağalıq etmək siyasətindən əl çəkməyib. Yəni sübut olundu ki, MDB-yə üzvlüyümüz Rusiyanın bu siyasətindən əl çəkməsinə səbəb olmadı. Ona görə də hesb edirəm ki, Azərbaycan və digər MDB üzvü olan respublikalar MDB ilə bağlı vahid qərara gəlməlidirlər. Əgər Rusiya Ermənistanı silahlanıdırırsa, Qarabağ məsələsinin ədalətli həllinə imkan vermirsə, MDB-də bərabərlik proporsiyası pozulur. Buna etiraz olaraq Azərbaycan ciddi addım atmalıdır. Subyektiv fikrim belədir ki, belə vəziyyətdə MDB-də qalmağın mənası yoxdur». (Yeni Müsavat)