vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
20:43 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bilirdim ki, dostdurlar»

Akif Çovdarov prokurorları təhqir etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclas bir sıra maraqlı məqamları və Akif Çovdarovun qeyri-adi çıxışları ilə yadda qaldı. Lakin hər şey barədə xronoloji ardıcıllıqla.


Torpaq özəlləşdirilibsə, sənədi hanı?


Proses Akif Çovdarovun kürəkəni Rövşən Qasımovun ötən iclasdan yarımçıq qalan ifadəsi ilə davam etdirildi. Daha doğrusu, vəkillərin ifadə ilə bağlı sualları ilə.

Xatırladaq ki, Rövşən Qasımov Biləcəri qəsəbə bələdiyyəsinin keçmiş sədri İlham Xəlilovun ona torpaq satmaq istədiyini, lakin son nəticədə bu sövdələşmənin baş tutmadığını bildirmişdi.

Vəkillərin suallarından və təqdim edilən sənədlərdən aydın oldu ki, İ.Xəlilovun iddiasının əksinə olaraq, R.Qasımov həmin 6 sot torpaq sahəsi ilə bağlı heç bir hüquqi addım atmayıb və onu özəlləşdirməyib. Bununla bağlı dövlət orqanlarının rəsmi cavabı olsa da, zərərçəkmiş öz dediyində israr etdi və növbəti iclasda kadastrdan çıxarışı təqdim edəcəyini bildirdi. Bir sözlə, bu epizod üzrə araşdırmanın gələn iclasda da davam etdiriləcəyi anlaşıldı.


Akif Çovdarov prokurorları təhqir etdi


Vəkillərin suallarından sonra kürəkəninin ifadəsinin düzgün olduğuna şübhə etməyən təqsirləndirilən Akif Çovdarov icazəsiz ayağa qalxaraq, üzünü dövlət ittihamçılarına tutdu:

«Mən boyda generalın qabağına gör kimləri çıxarırsınız!..» Odlu-alovlu monoloqun davamını bu yazıda verə bilmirik, çünki general həmin hissədə rütbəsinə yaraşmayan, dərci mümkün olmayan təhqiramiz ifadələrdən istifadə etdi.

Hakimin «Özünü harada hiss edirsən? Otur aşağı!» əmrindən sonra Çovdarov kefini pozmadan «nitq»ini yekunlaşdırdı: «Uzaq başı bir maddə də əlavə edəcəksiniz də işə, mənə fərqi nədir?»


Bələdiyyə sədrinin borc kağızı


Daha sonra həmin epizod üzrə şahid Natiq Hümbətov ifadə verdi. İfadəsində şahid bildirdi ki, zərərçəkmiş İlham Xəlilovu bir neçə dəfə özünə doğma dayı saydığı, qohumu olduğu Akif Çovdarovun evində yuxarı başda görüb. «Bilirdim ki, dostdurlar», - deyən Natiq Hümbətov sözlərinə belə davam edib ki, general həbs edildikdən sonra zərərçəkmiş ona zəng edərək, avtovağzalın yaxınlığında yerləşən 20 saylı notariat kontoruna dəvət edib.

«O notariat kontorunu ilk dəfə idi ki, görürdüm. İlham mənə dedi ki, sənin adına yazılmış bir borc kağızı var, Adil müəllimdədir. Gəl, notariusun təsdiqi ilə bir kağız yazaq ki, mənim sənə olan 60 min manatlıq borcum ödənilib», - N.Hümbətov bildirdi.

Şahidin sözlərinə görə, Akif Çovdarovun Masazırdakı istixanasını işlədən Adillə telefon danışığı anlaşılmaz alınıb və ona İlham Xəlilovun borclu olmadığından əmin olduğu üçün, notariat kontorunda müvafiq ərizəyə imza atıb.

Yalnız ertəsi gün məlum olub ki, həmin ərizə İ.Xəlilova prokurorluğa təqdim etmək üçün lazım imiş. «Prokuror mənə dedi ki, o kağızı gətir, canını qurtar», - bunu da çarpaz suala cavabında zərərçəkmiş dedi.

Natiq Hümbətov onunla İlham Xəlilov arasında heç zaman pul alış-verişinin olmadığını sözlərinə əlavə etdi.


Akif Çovdarovun məhkəmə zalında jurnalist ovu


Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, fasilədən sonra söz istəyərək ayağa qalxan Akif Çovdarov şüşə qəfəsdən dilləndi: «Mən əməliyyatçıyam e... Məni aldatmaq olmaz. Orada oturan o bığlı oğlan Eynulla Fətullayevlə işləyir və burdan reportajları o yazır. Onun üstünü axtarın, 100% səs yazan cihazı var». Fasilədə vacib bir informasiya almış kimi davranan general əli ilə cinayət işi üzrə zərərçəkmişlərdən birinin nümayəndəsini göstərdi.

«İfşa olunmuş bığlı oğlan» ayağa qalxaraq generala cavab verdi: «Kim istəyir, gəlib axtarsın. Bir telefonum var, o da gördüyünüz kimi bağlıdır, başqa heç bir cihazım da yoxdur». Bunu deyən nümayəndə əlindəki telefonu özündən 1-2 metr kənara atdı.

Prosesə sədrlik edən hakim Həbib Həsənov və dövlət ittihamçısı Akif Çovdarova bildirdilər ki, onun jurnalist zənn etdiyi şəxs zərərçəkmişin nümayəndəsidir, şəxsiyyəti müəyyənləşdirilib və prosesdə iştirak etməyə tam haqqı var.

Vəkil Cavid Rzazadə təqsirləndirilənin sözünə qüvvət olaraq bildirdi ki, nümayəndə zala telefonla daxil ola bilməz. Buna cavab olaraq, zərərçəkmişlər və digər zalda əyləşənlər vəkilin diqqətinə çatdırdılar ki, onlar da zala telefonla daxil olurlar və burda «velosiped kəşf etmək» yersizdir.

Bir sözlə, generalın «cadugər ovu» bu dəfə də iflasa uğradı.


Azərbaycan vətəndaşını Azərbaycandan necə deportasiya edirlər?


Cinayət işinin yeni epizodu üzrə zərərçəkmiş Zakir Bədəlovun ifadəsi, belə demək mümkünsə, hamını – hakimi, dövlət ittihamçılarını, vəkilləri və zalda əyləşən digər şəxsləri hövsələdən çıxardı. Uzun-uzadı çıxışın sonunda isə zərərçəkmişin təqsirləndirilənlərdən hansını konkret olaraq nədə ittiham etməsi və hansı zərəri gördüyü o qədər də anlaşılmadı.

Z.Bədəlov bildirdi ki, təqsirləndirilən Səlim Məmmədov MTN-in binasında olarkən onun şəxsiyyət vəsiqəsini əlindən alıb. Bundan sonra Akif Çovdarov zərərçəkmişə bildirib ki, 200 min manat gətirməsə, şəxsiyyət vəsiqəsini bir də görməyəcək və onu ailəsi ilə birlikdə ölkədən gəldiyi Gürcüstana deportasiya etdirəcək.

Zakir Bədəlov və sonradan ifadə vermiş şahid, zərərçəkmişin həyat yoldaşı Nazilə Bədəlova qeyd etdilər ki, N.Bədəlova Qusar rayonunda anadan olub və Azərbaycan vətəndaşıdır, rəsm-xətt müəllimi işləyir. Azərbaycan vətəndaşını Azərbaycandan başqa bir ölkəyə necə deportasiya etmək olar? Bunu yəqin ancaq Akif Çovdarov bilir.

Vəkillərin zərərçəkmişə ünvanladıqları suallardan bəlli oldu ki, Zakir Bədəlov 2003-cü ildə Azərbaycan vətəndaşı kimi şəxsiyyət vəsiqəsini saxta yolla alıb və əslində, 2011-ci ilə kimi Gürcüstan vətəndaşı olub.

Bundan sonra zərərçəkmiş təqsirləndirilənlərə heç bir aidiyyəti olmayan hallar barədə ifadə verdi və onun çıxışı az qala 2 saat sürdü.

Məhkəmə işini çərşənbə günü, yanvarın 18-də davam etdirəcək.