vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
18:17 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 3189 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«10 yaşından atasız böyümək çox çətin oldu»

«Topçu İsgəndər»in qızı Bakıya gəldi, Milli Qəhrəmanın məzarını ziyarət etdi

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Milli Qəhrəmanı, Ahısxa türkü İsgəndər Aznaurov 1993-cü ilin 18 aprel tarixində Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Bu il şəhidin torpağa tapşırılmasının 24-ci ildönümü olacaq. Milli Qəhrəmanın 3 qız övladı qalır. Övladlarının hər üçü uzun müddətdir ki, Türkiyəyə köçərək, orada yaşayır.

İsgəndər Aznaurovun qızı Mədinə Aznaurova atası şəhid olarkən 10 yaşlı uşaq idi.

Mədinə Aznaurova Modern.az-a açıqlamasında atası barədə danışıb: «Atam 1993-cü ilin 18 aprelində şəhid olub. O zaman 10 yaşım vardı. Atam çox yaxşı insan olub. Uşaq ruhlu, incə qəlbli, həyatda heç kəsin qəlbini qırmayan bir insan idi. Atamı hər kəs çox istəyirdi. Yadımdadır ki, Xocalı soyqırımının törədilməsi atama çox pis təsir etmişdi. Uşaqların vəhşicəsinə öldürülməsini televizorda  görəndən sonra evdə rahat yata bilmirdi. Ona görə də könüllü olaraq döyüşə getdi. Atamla bağlı yadımda qalan bir də odur ki, Gədəbəydən gəldiyi vaxt qəsəbənin bütün uşaqlarını ətrafına toplayıb söhbət edərdi».

Mədinə Aznaurovanın sözlərinə görə, bu illər ərzində atasız böyümək ona çox çətin olub.

«Təbii ki, atasız böyümək çox çətindir. Həyatımızın hər zamanında onu özlədik. Onun yerini heç nə əvəz edə bilməyib. Atamızla hər zaman qürur duymuşuq. Atamı tanımayan az adam tapılar. Ondan bizə şərəfli ömür sürmək qaldı. Şəhidlik ən ali zirvədir. O zirvəyə hər adam yüksələ bilmir».

Milli Qəhrəmanın qızı hazırda Türkiyədə yaşadığını xatırladıb.

«2010-cu ildə  Moskvada ali təhsilimi başa vurdum - Psixologiya fakültəsini bitirmişəm. 2005-ci ilin avqust ayında ailə həyatı qurmuşam və hazırda Türkiyədə yaşayıram. 2 uşağım var. Hazırda Dünya Ahısxa Türkləri Birliyində çalışıram».

Qeyd: İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Ahısqa türkü ailəsində dünyaya gəlib. 

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə ahısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb.

Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulub. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv edib. Xalq arasında «Topçu İsgəndər» kimi tanınan Milli Qəhrəmanımızın başı üçün düşmən pul mükafatı vəd etmişdi.

Aznaurovu «N» saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdu. Gədəbəyin Başkənd adlı yaşayış ərazisini erməni quldurlarından təmizlənməsində, «Mutudərə», «Ərdağı», «Kaftar qayası», «Ləzgi daşı» əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv edib. 1993-cü il 18 apreldə Gədəbəyin «Örükdaş»da gedən döyüşdə qəhrəmancasına həlak olan. İsgəndər Aznaurov Şəhidlər Xiyabanında dəfn olunub.

Milli Qəhrəmanın xatirəsi yüksək tutularaq, əbədiləşdirilib. Belə ki, «Topçu İsgəndər»in şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyində «İsgəndər qalası» və «İsgəndər postu» adlandırılıb. Aznaurovun istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə «N» saylı hərbi hissənin önündə isə büstü ucaldılıb. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Şəmkir rayonunda 2 saylı orta məktəbdə isə onun adına «Xatirə muzeyi» yaradılıb. Muzeydə Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.

Azərbaycan Respubliksı Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb. 1998-ci ildə isə «Qızıl Ulduz» medalı ilə təltif olunub.