vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
22:53 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 2330 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhv edilmiş sabah ...

... Yaxud müəllimini göstər, deyim «kimsən?»

Vüsal MAHMUDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

2017-ci ilin sonu milli komandalarımızın taleyinə də aydınlıq gətirdi. Seçmə mərhələlərin yekununda bəlli oldu ki, AFFA ölkə futbolunun inkişafı yönündə heç bir iş görməyib, yalançı hay-küy baş aldadan reklam, görüntü, fon var.

Ölkə futbolunun aynası milli komandalardı. Onların nəticələri birbaşa futbol təsərrüfatında idarəçiliyin hansı durumda olduğunu göstərir. Burada isə vəziyyət faciəvidir. Təsəvvür edin, son bir ayda millilərimiz 14 oyun keçirib, bunlardan 11-də uduzub. Bu məğlubiyyətlərdən 7-si biabırçı hesabla reallaşıb. Top fərqi də faciəvidir – 11:45. Cəmi 1 qələbə və 2 heç-heçə qeydə alınıb. Halbuki 10 ilin hakimiyyətinin, maliyyə bolluğunun yekunu belə olmamalıydı.

 

A milli komandası

Çexiya 1:2, Almaniya 1:5

 

U-21

Almaniya 1:6

 

U-19

İrlandiya 0:0, Serbiya 1:4, Kipr 1:2

 

U-17

İrlandiya 0:6, Ukrayna 1:6, Bolqarıstan 2:1


U-17 (qızlar)

İslandiya 0:2, İspaniya 0:3, Monteneqro 1:1

 

U-16

Gürcustan 1:5, Gürcustan 1:2

 

Yalnız 16 yaşlılardan ibarət millilərimiz qüvvəsini sınaq matçlarında sınayıb, digər nəticələr seçmə mərhələ oyunlarında qeydə alınıb. Yekun olaraq, bütün millilərimiz qruplarında son 2 yerdən birini tutub.

Düzdü, qızlar komandalarımız elit-raunda vəsiqə əldə edib. Amma bunu uğur yox, biabırçılıq saymaq lazımdı. Çünki millilərimiz Bakıda keçirilən qrup oyunlarında cəmi 1 qol vurub, 1 xal qazandığı üçün buna nail olub. 4 komandadan üçünün növbəti mərhələyə adladığı yarışı ciddi qəbul etmək olmaz. Komandamız ispanların 22 qol vurduğu Monteneqronu da yenə bilməmiş, amma daha yaxşı top fərqinə görə 3-cü olmuşdu. Bu isə elit-raunda vəsiqə qazanmağa yetərli oldu. Bu qədər «möhtəşəm» nəticə göstərən komandanı elit-raundda nələrin gözlədiyini özünüz təsəvvür edin.

Bəs, milli komandalarımızın bu vəziyyətə düşməsinin səbəbi nədir? Yığmalarımız niyə qapazaltıdır?

Bu sualların cavabı AFFA-nın düzgün strategiya seçməməsində, səriştəsiz idarəçiliyində, futbolun incəliklərini bilməməsində gizlənir. Futbola market gözü ilə baxıldığı, bütün işlərin marketoloqlara tapşırıldığı bir ortamda fərqli nə isə gözləməyə dəyməz.

İş onu bilənlərə deyil, dost-tanışa, qohum-qardaşa tapşırılırsa, əsl mütəxəssislər kənarda saxlanılırsa, yeni nəsil kadrların hazırlığına diqqət yetirilmirsə, belə də olmalıydı.

AFFA rəhbərliyinin hakimiyyətdə olduğu 10 il ərzində dövlət futbola ciddi şəkildə qayğı göstərdi. Təsadüfi deyil, bütün sahələrdə maliyyə sıxıntısının, hətta digər idman sahələrində böhran olduğu son 1-2 ildə də dövlət AFFA-ya ayrılan büdcəyə toxunmadı, SOCAR-ın sponsorluğuna əngəl törətmədi.

2005-15-ci illəri əhatə edən Dövlət Proqramı isə göydəndüşmə fürsət idi. Bu dövrdə top oyununun inkişafına milyardlar xərcləndi, lakin heç kim hesabat istəmədi, dövlət vəsaiti havaya sovruldu, sabaha yönəlik heç bir iş görülmədi. Elə olmasaydı, Dövlət Proqramı bitən kimi yenidən «peraşki» dövrünə qayıtmazdıq.

Bu cür dövlət qayğısının nəticəsində futbol təsərrüfatımız dayanıqlı, dotasiyasız, qazanc gətirən sahəyə çevrilməli idi. Ən azı qitənin ortabab futbol ölkəsinə çevrilməli, xaricdə oynayacaq futbolçu nəsli yetişdirməli, onların transferi ilə klubların maliyyə durumunu, bacarıqları ilə millilərin nəticələrini yaxşılaşdırmalıydıq. Lakin işlər o qədər bərbad aparıldı ki, vaxtilə 16-18 komandanın güclülər dəstəsində yarışdığı ölkədə indi Premyer Liqada oynayacaq 8 komanda tapmırıq, stimulsuzluqdan divizion klubları qumara qurşanıb, uşaq futbolu isə heç kimin yadına düşmür.

Ölkə futbolunun bir nömrəli idarəçisi olan AFFA-nın baş katibi Elxan Məmmədov bütün strateji vəzifələri dostlarına tapşırıb, oyunçu transferlərini, milliləşdirmə biznesini, geyim-inventar sahəsini, stadionların istismarını və təmirini, komandaların maliyyələşdirilməsini və s. monopoliyasına alıb. Saxta reklamla özünə arxa-dayaq tapıb və sanki heç nə olmayıbmış kimi işinin başındadır.

Halbuki təkcə Eddi İsrafilov üçün büdcədən çıxarılan 1 milyon dollar görə baş katibi kətil üstə oturtmaq olardı. Hanı bəh-bəhlə gətirilən, milliyə heç bir xeyir verməyən anqolalı?

Bəli, Avropa Liqasının finalı, AVRO-2020-nin bir qrupunun oyunları ölkəmizdə keçiriləcək, U-17-lərin Avropa çempionatını da qəbul etmişik. Amma bütün bunlar Məmmədovun uzaqgörən siyasətinin deyil, UEFA-yla bağlanan 250 milyon dollarlıq sponsorluq müqaviləsinin nəticəsidir. Və bütün hallarda dövlətin pulu xərclənib, heç bir layihə beyin məhsulu deyil. Məmmədovun beyninin məhsulu yalnız topçiləmə festivalları və ya indiyədək heç biri uğurlu olmayan müxtəlif əndrabadi layihələr ola bilər.

Mövzudan uzaqlaşmayaq. Milli komandalar bu qədər uğursuz çıxış edirsə, deməli, uşaq-gənclər futbolunda işlər düzgün qurulmayıb. Hər il bir neçə milyon manat xərclənən bu sahəyə təsadüfi adamlar təyin olunub, onların əməyinin nəticəsi isə millilərin nəticələrində özünü büruzə verir. 10 il qısa müddət deyil. Vaxtında təməl düzgün atılsaydı, bünövrə düzgün qoyulsaydı, indi əla ehtiyat qüvvəyə malik idik. 2005-ci ildə futbola başlayan 7-8 yaşlı uşaqlar düzgün sistemlə, bacarıqlı kadrların əli altında yetişdirilsəydi, 2017-də 19-20 yaşlı yüzlərlə istedad ortaya çıxmalıydı.

Lakin işlər elə quruldu ki, ancaq dövlət pulları mənimsənildi, əvəzində dövlət başçısının izlədiyi oyunda – 17 yaşlıların Portuqaliya ilə açılış matçında meydana 6 milliləşdirilmiş futbolçunun oynadığı komanda çıxarıldı. 0:5 hesablı məğlubiyyət isə prezidentə xoşagəlməz sürpriz oldu, məmurların ötən illər ərzində onu aldatdığı üzə çıxdı. Və həmin məmurlar heç nə olmamış kimi hələ də işinin başındadır.

Uşaq futbolunda vəziyyət o qədər bərbaddı ki, AFFA özü heç kimi yetişdirə bilmir, dövlətin milyonlarını Ramil Şeydayev, Emin Mahmudov kimi başqa ölkələrdə yetişən azərbaycanlıların milli komandaya cəlb edilməsinə xərcləyir. Halbuki işlər düzgün qurulsaydı, onlardan da istedadlı uşaqlar yetişdirmək mümkün idi. «Azərbaycanlıdan futbolçu çıxmaz» düşüncəsini «yuxarılar»ın beyninə yeridənlərə elə həmin Ramil, Emin və ya Rusiya millisinin liderinə çevrilən Aleksandr Səmədov əla cavab verib. Hələ tarixi vərəqləməklə daha neçə-neçə futbolçunun adını çəkə, Vəli Qasımov, Nazim Süleymanov, Ələkbər Məmmədov, İsgəndər Cavadov, Əli Daeinin simasında yüzlərlə cənubi azərbaycanlını nümunə göstərə bilərik.

Elxan Məmmədovun azərbaycanlıları sevmədiyini bilirik, lakin onun bu millətin sabahını məhv etməsinə göz görə-görə biganə qalmaq inanılmazdı. O, azərbaycanlı balalarının şikəst kimi böyüməsində, tüfeyli həyat yaşamasında maraqlı olduğunu uşaq liqalarının idarəsini Yusif Vəliyevə tapşırmaqla göstərib. Paketə işləyən bu işbilməz marketoloq kimi savadlı biridir, işi-gücü telekanallarda ekspert kimi çıxış etməkdi. Amma futbol onluq deyil, bu adam sadəcə, baş katibin etibarlı kadrı olduğu üçün oradadır. Elxan bəy bura xərclənən milyonlar nəzarətindən çıxmasın deyə, əvvəllər AFFA-da «resepsion»da işləyən bu şəxsi məsul posta təyin edib.

Milli komandada hələ də yerli uşaqlar oynayırsa, bunun səbəbkarı «Sabahın ulduzları» layihəsini təşkil edənlərdi. U-21-də, əsas milli komandada heyətin özəyini həmin yarışdan çıxanlar formalaşdırır. Bəs, həmin yarış indi niyə yoxdur? Çünki həqiqətləri dediyi, indikiləri ifşa etdiyi üçün düşmən qüvvə sayılan Tahir Süleymanovun layihəsi idi. Daha yaxşısını ortaya qoya bilmədilər, «Sabahın ulduzları»na isə dəstək vermək əvəzinə, məhvinə nail oldular. Bunlara futbolun inkişafı yox, monopoliya lazımdı.

Uşaq futbolunun inkişafı istiqamətində daha bir sanballı işi «Bakı» görmüşdü. Bu klubun akademiyası tarixin yaddaşına köçsə də, hələ də 3-4 ilə yetişdirdikləri ölkə futbolunun inciləridir. Bu akademiyaya çətin vaxtda dayaq durmaq, onun yeni nəslin yetişdirilməsindəki çabalarına dəstək vermək əvəzinə, məhvinə nail oldular. Ölkə klublarına paylanan «Bakı» yetirmələrindən qazanan da AFFA oldu. Təsəvvür edin, bu uşaqlar üçün müraciət edən klublara elə assosiasiyadan «hə» cavabı verilir, klubun maraqları nəzərə alınmır. Saxta elektron ünvan açaraq, onların gedişinə razılıq məktubları verirlər, «Bakı»nın zəhməti, xərcləri heç kimi maraqlandırmır.

Bircə «Qəbələ» qalıb. Bu klubun akademiyası çox əla nəsil yetişdirir, buradan çıxan futbolçular ölkə klublarını, milli komandaları möhkəmləndirir. Fərq o qədər böyükdür ki, «Qəbələ»nin uşaq komandaları rəqiblərini 30:0 hesabıyla yenir. Bugünə kimi bu kluba AFFA tərəfindən hansısa dəstək olubmu? Əksinə, gücə-gündüz məhvinə çalışırlar. Axı, «Qəbələ» ortaya fərq qoyur, istedadlı nəsil yetişdirməyin mümkünlüyünü isbat edir. Bu isə işbilməzlərin ifşası deməkdi. Onlarla ayaqlaşa bilməyəndə büdrəmələrinə çalışırlar.

Aydındır, kimlərsə bu qeydlərə görə AFFA-ya yançı çıxa və onları müdafiə etməyə çalışa bilər. Məsələn, deyə bilərlər ki, uşaq futbolunun inkişafında, yeni nəslin yetişməsində klublar daha çox maraqlı olmalıdır. Elədi, lakin klubların vəziyyətinə də diqqət yetirmək lazımdı. Beynəlxalq futbol qurumları 3 yaş qrupunda uşaq komandalarının olmasını tələb edir. AFFA isə klubları elə «yükləyib» ki, onların nəfəs almağa imkanı yoxdur.

Premyer Liqa təmsilçiləri bütün liqalarda  9, üstəlik, əvəzedici və əsas komanda saxlamalıdır. Bundan başqa, Elxan Məmmədov onları qadın komandası saxlamağa məcbur edir. Bu, UEFA-nın tələbi deyil, tövsiyəsidir. Lakin baş katib qitə futbol qurumunda bu sahə üzrə kurator olduğundan özünə görə klubları buna məcbur edir. Belədə klublar keyfiyyəti kəmiyyətə qurban verir, 3-4 sanballı komanda saxlamaqdansa, qondarma lisenziya şərtlərinə görə saya üstünlük verməyə məcbur olur, məşq etmək şəraiti olmayan, tapşırmağa bacarıqlı mütəxəssis tapa bilmədiyi 10-15 komanda formalaşdırır.

Klubları həm də ona görə qınamaq olmur ki, ölkədə futbolun inkişaf strategiyasını müəyyənləşdirən, onun inkişafına cavabdeh olan qurum AFFA-dı. Və bu qurum elə bir yol seçməli, klublarla elə əməkdaşlıq modeli müəyyənləşdirməlidir ki, inkişaf mümkün olsun. 10 il keçib, amma heç nə dəyişməyib. Milyonlar dağıdılıb, ortada isə xarabalıqlar qalıb.

 

AFFA nə edə bilər?

2 misal çəkəcəyik.

 

1. UEFA Avropa kuboklarında oynayan klublar qarşısında şərt qoyur. Belə ki, iştirakçı 23 nəfərlik iştirak ərizəsini təqdim edərkən orada 17 yeri sərbəst buraxır, 8 yeri tələblə müəyyənləşdirir. Hər klub assosiasiyanın yetişdirdiyi 4, üstəgəl, klubun öz yetirməsi olan daha 4 futbolçunun adını siyahıya yazmalıdır. Siz Peşəkar Futbol Liqasının qəbul etdiyi, Premyer Liqada iştirak üçün tələb olunan iştirak ərizəsində buna uyğun hansısa tələb görmüsüzmü? Belə bir tələb olsa, o zaman klublar işini buna uyğun qurmağa məcbur olacaq. İş, strategiya budur, AFFA bunu etməli, təzyiq və təsir vasitələrindən istifadə etməlidir. Ortada UEFA nümunəsi varkən, heç kim etiraz da edə bilməz.

 

2. Daha bir tələb limitlə bağlıdır. Premyer Liqa klubları qarşısında sədd var. Əcnəbi limiti sərtdir – bu öz yerində. Lakin əsas məsələ 21 yaşadək bir futbolçunun meydanda olmasıyla bağlıdır. Bunun nə xeyri var ki? Bu tələbin nəticəsi olaraq, həmin yaş həddinə düşən futbolçular onsuz da məşqçinin məcburiyyətdən onu oynadacağını bilir və arxayınlaşır. Bu limitin daha bir eybəcərliyi ondadır ki, klublar saya görə oyunçunun keyfiyyətinə baxmır. Həmin limit nəticəsində meydana çıxan futbolçuların ampluasına fikir vermisizmi? 8 elita klubunda bu limit sayəsində meydan üzü görən 15-16 futbolçunun əksəriyyəti sağ cinah və dayaq yarımmüdafiəçisidir. Hücumda, müdafiənin mərkəzində oynayacaq kimsə yoxdur. Bu, limitin daha bir eybəcərliyidi. Sabah U-21-də start heyətində ancaq yarımmüdafiəçilərmi oynamalıdır? Bəs, qapıda kim dayansın, qolu kim vursun?

Bu problemin həlli üçün başqa variant fikirləşilməlidir. Deyək ki, klublara 23 nəfərlik iştirak ərizəsinə 6-7 nəfər klubun öz yetirməsinin (10-15 yaşları arasında azı 3 il klubda oynayanların – müəl.) adının salınmasını tələb etmək lazımdı. Bu, daha faydalıdır – klublar uşaq futboluna diqqət yetirməyə məcbur olacaq. İş, strategiya budur, AFFA bunu etməlidir.

 

2 nümunə hələlik kifayətdir. AFFA milli komandaları düşünərək müəyyən həvəsləndirici addım da ata bilər. Deyək ki, öz yetirməsi Premyer Liqa oyunlarının 60-70 faizində iştirak edən klublara bonus yardımlar etmək.

Məsələn, «Neftçi» hansısa yetirməsini daim oynadacaqsa, ona görə 200 min manatlıq mükafat verilə bilər (bu təcrübə Macarıstanda var – müəl.). Onsuz da futboldan heç nə qazanmayan əksər komandalar o zaman 3-4 yetirməsinə güvənməklə ildə 600-800 min manat qazanacaq. Bu isə «Kəpəz», «Sumqayıt», «Səbail» kimi klubların illik büdcəsinin yarısı, hətta hamısı deməkdi. Belə olduqda klublar da öz yetirmələrini oynatmaqda, onların inkişafında maraqlı olacaq.

 

Sual: bəs, o pul haradan ödəniləcək?

Cavab: AFFA-nın bu həvəsləndirici maliyyəni təmin etmək üçün yetərli büdcəsi var!

 

Aydınlatma: Deyək ki, Premyer Liqada oynayan 8 komandanın hərəsi 5 belə futbolçuya güvəndi. Bu, ümumilikdə 40 futbolçu, deməli, 8 milyon manat mükafat deməkdi. AFFA onsuz da uşaq liqalarının təşkilinə 3 milyondan çox vəsait sərf edir. Say artırmaqla, vecsiz komandalara pulu dağıtmaqla inkişafa nail olmazlar. Həmin yarışları 1 milyon manatla yola vermək olar. Deməli, mükafat fondunun 2 milyonu buradan təmin edildi.

Bernard Lippert uşaq-gənclər futbolunun inkişafına cavabdeh şəxs kimi AFFA-da çalışır, amma 10 ildi heç nəyə nail olmayıb. Ona verilən illik 300 min avro havaya səpilir. Və ya indiki potensialla mili komandaya Joze Mourinyo da rəhbərlik etsə, heç bir inkişafa nail olunmayacaq. Bu səbəbdən Robert Prosineçki və ya hansısa əcnəbiyə illik 1,2 milyon avro xərcləməyin mənası yoxdur. Yığma komanda aylıq 5-10 min manata çalışmağa razı olan onlarla layiqli yerli məşqçilərdən birinə tapşırıla bilər. Nəticədə Lippert və Prosineçkinin ikisinin maaşından 1,5 milyon avro, yəni, 3 milyon manatlıq qənaət mümkündü.

Hesablayırsızsa, ortada 3 milyon manat qaldı, artıq 5 milyona qənaət etməyin yolunu tapmışıq. Həmin 3 milyonu isə bahalı və həddindən artıq çox toplanışların bir qismindən, mənasız topçiləmə layihələrindən, büdcəni talayan digər xərclərdən imtina etməklə təmin etmək olar. Bu, SOCAR-a da dəstək olar. Neft şirkəti onsuz da «İnter», «Kəpəz», «Səbail», «Neftçi» və «Sumqayıt»ın saxlanılmasına 20 milyon manata yaxın vəsait sərf edir. Belədə klublar yetirmələrinə görə pul qazandıqda büdcəyə pul gələcək və sponsordan asılılıq azalacaq. Nəticədə həm pul daha səmərəli sərf olunacaq, müəyyən qənaət mümkünləşəcək, həm də 40-a yaxın yeni nəsil nümayəndəsi yetişəcək. Bunu düşünmək bu qədərmi çətindir?

Yəni həmin pul, bir az da azı – yenə klublara veriləcək. Fərq ondadır ki, «Səbail»ə, «Sumqayıt»a, «Kəpəz»ə, «İnter»ə, «Neftçi»yə yerləşdirilən qohumlara, dostlara «al, xərclə» deyə yox, «qazan, haqq et, verim» prinsipi işə düşəcək. Ola bilsin, bu işdə səriştəsi olmayan qohum-əqrəba, dost-tanış deyil, işi bacaran layiqli insanlar daha çox gəlir əldə edəcək, amma ən çox qazanan dövlət və futbolumuz olacaq.

AFFA klublara əlavə maliyyə yardımı etməyə də borcludur. FİFA, UEFA assosiasiyalara necə yardım edirsə, AFFA da eyni qaydada klubların qayğısına qalmalıdır. Həm də bütün bunlar uşaq futboluna diqqət edilməsi şərçivəsində reallaşmalıdı.

Bəs, AFFA nə edir? Saxta statistikalar, siyahılar açıqlamaqla guya ölkədə uşaq futbolunun inkişaf etdiyini göstərməyə cəhd göstərirlər. Halbuki kəmiyyətdənsə keyfiyyəti düşünmək daha vacibdir.

Məsələn, AFFA yaxınlarda bəyan etdi ki, Azərbaycan futbol ailəsinin 120000-ci üzvü «dünyaya gəlib». Mətnə diqqət edək: «Futbola Qoşul» onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 120000 nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 120000-ci üzvü «Grassroots week» layihəsi çərçivəsində Gəncə şəhərində təşkil edilən futbol festivalına qatılan oyunçu - 25.09.2008-ci il təvəllüdlü Əntiqə Tariyel qızı Yusifovadır».

Mümkündür. Belə festivallar sayəsində hətta yarım milyona da çatmaq olar. Amma gəlin, ölkədəki bütün futbol komandalarını sayaq və onların hərəsinə 20-30 nəfər hesablayaq: say heç 5000-ə çatmır. Həm də bunların neçəsi peşəkar futbolla məşğul olur? İstedad baxımından bu qədər varlıyıqsa, nəyə 8 peşəkar komandamız var və onlar da futbolçu qıtlığından, xüsusilə limitə düşənlərin azlığından əziyyət çəkir?

Baş katib Elxan Məmmədov belə siyahıları açıqlamaqdansa, zəhmət olmasa, Belçika və ya İslandiya təcrübəsinə diqqət yetirsin. Belçikada məhz uğurlu uşaq futbolu layihəsi sayəsində indi bütün dünya bu ölkənin ulduzlarından danışır. İslandiya isə fərqli mövzudur. Az qala hər yeri buzla örtülü bu adanın yığması düzgün strategiya nəticəsində son Avropa çempionatında xarüqələr yaratdı, indi də qrup birincisi kimi dünya çempionatına gedirlər. Həm də futbolçular hardansa - Eddi İsrafilov, Dmitri Nazarov, Dəniz Yılmaz və başqaları kimi - milyonlar xərclənərək gətirilməyib, ideal planla elə İslandiyada yetişdirilib. Heç vaxt yaxşı futbolçusu ola bilməyəcəyi iddia edilən islandlardan…

Elxan bəy onu da bilsin ki, İslandiyanın əhalisinin sayı 330 min nəfərdi. Yəni sizin qeydiyyatdan keçirdiyiniz 120 min futbolçudan bir qədər çox…

AFFA yeni nəsil yetişdirmək əvəzinə, pulu mənasız layihələrə xərcləyir, sponsorların dəstəyindən düzgün istifadə etmir. Məsələn, «Bakcell»in dəstək verdiyi «Mançester Yunayted» layihəsinin ölkəyə nə xeyri var? Ötən bir neçə il ərzində hansı uşaq yetişib; milli komandalara neçə futbolçu düşüb?

Başınızı yormayın, hafizənizi zorlamayın, elə birisi yoxdur. Bu məktəbin hər il İngiltərəyə göndərdiyi uşaqlar da yığma səviyyəsində deyillər. Onların hamısı sifarişlə seçildiyindən potensialı, perspektivi olanlar kölgədə qalır. Elə deyilsə, Mançesterə göndərilən oyunçulardan niyə heç birə hər hansı milli komandaya düşməyib? Bu məktəb bu qədər faydasızdısa, sponsorlar niyə perspektivi olmayan sahələrə yönəldilir?

Sadəcə, AFFA rəhbərliyi bu layihəni əyləncə məqsədi ilə seçib. Burada müxtəlif vəzifəli adamların övladları məşq keçir, könül əyləndirirlər. Elə baş katib Elxan Məmmədovun 2 övladı da burada xərclənən yüzminlər qarşısında vaxt öldürənlərdəndir.

Ötən 10 ildə AFFA rəhbərliyi nə edib? Yeni nəsil yetişdirməkdənsə, istedadlıların da qarşısını alıb. Bernard Lippert, Kamran Quliyev, Riad Rəfiyev və başqa adamlar baş katib Elxan Məmmədovun yaratdığı münbit şəraitə uyğun olaraq, milli komandaları əcnəbilərlə doldurub. Bu işdə əsas dəstəkçi sözəbaxan məşqçilər olub. Bernard Lippert (2008/09) U-17-yə rəhbərlik edərkən 5, Nikolay Adam (2013/14) 6, Vüqar Məmməd (2016/17) 4 legioneri azərbaycanlı kimi oynadıb. Təbriz Həsənov isə azərbaycanlı balalarını görmək istəmədiyini 2 dəfə nümayiş etdirib. O, 2012/13-cü illərdə 7, 2015/16-da 6, ümumilikdə 13 əcnəbiyə qucaq açıb.

Bəs, bütün bu legionerlər indi haradadır? Təqdim edəcəyimiz statistika sizi dəhşətə gətirəcək. Çünki onların 99 faizi əsas milli komandaya kimi yüksəlməyib, sadəcə, müəyyən müddət üçün kimlərəsə lazım olub. İstedadsız olduqları, öz ölkələrinə gərək olmadıqları üçün Azərbaycanı seçən bu legionerlər yaxşı pul qarşılığında buna razılıq verib. Eyni zamanda onların işçi kartına «milli oyunçusu» «titul»u əlavə olunduğundan, klubla müqavilə imzalayarkən üstünlük qazanıblar. Təbii ki, hər dəfə də buna görə onları yığmalarımıza calaq edən menecerlərə müəyyən «pay» göndəriblər.

 

Andrey Popoviç. 2008/09 mövsümündə U-17-də oynayıb. Həm seçmə, həm elit mərhələdə çıxış edən gələcəyin «sərxoş»u, 2009/10 mövsümündə U-19-a keçib, burada da seçmə və elit mərhələdə forma geyib. 2010/11-də də U-19-da oynayan Andrey AVRO-2015-də U-21-də çıxış etdikdən sonra əsas milliyə cəlb olunub. Bir sıra klubarımızda görünən Popoviç ölkənin 1 nömrəli komandasında 2 matça 2 top buraxıb. Cavan yaşda «sönən» ukraynalı indi vətənində həvəskar klubda oynayır.

 

Boqdan Stolyarenko. 2008/09 mövsümündə U-17-də oynayıb, sonra qeybə çəkilib.

 

Oleksi Havrilyuk. 2008/09 mövsümündə U-17-də oynayıb, sonradan o da səviyyəsizliyinə görə heç bir millimizə lazım olmayıb.

 

Maqomed Kurbanov. 2008/09 seçmə mərhələsində oynamaq üçün U-17-yə dəvət alan dağıstanlı, həmin il U-19-a da cəlb olunub. AVRO-2015-də U-21-də görünən hücumçu əsas millidə 3 matça çıxıb. Səviyyəsiz forvard olduğu tez aşkarlanan Maqomed menecerlər vasitəsi ilə bir sıra klublarımıza sırınıb. Hətta «Neftçi»yə kimi gətirilən Kurbanov indi – mövsümün gedişində xahiş-minnətlə «Kəpəz»ə ötürülüb.

 

Kirilo Bejenar. 2008/09 mövsümündə həm seçmə, həm elit mərhələdə U-17-də oynayıb. Daha sonra onu görən olmayıb.

 

Abdulla Abasiyev. 2009/10-da U-17-də, 2010/2011 U-19-da, AVRO-2015-də U-21-də oynayıb. Klublarda ehtiyatda oturmaqla yanaşı, 1 dəfə əsas milliyə çağırılıb. Dəvət edənlərin «yüksək seleksiya qabiliyyəti» nəticəsində 22 yaşında Azərbaycandan qaçıb, vətənində baş girləməklə məşğuldu.

 

Mertjan Akar, Qazıməhəmməd Qurbanov, Müslüm Zararsız, Serjan Dəmir, Cem Fələk, Abdussamed Gürsoy. Bu 6 oyunçu Təbriz Həsənovun futbolumuza vurduğu yamaqlardı. Onları 2012/13 mövsümündə U-17-yə gətirən məşqçi daha sonra onlara diqqət yetirməyib. Təbii ki, səviyyəsiz olduqları üçün daha sonra U-19-a və s. dəvət almayıblar. Həsənov isə hələ də yiğmaları əlcək kimi dəyişə-dəyişə işləyir, kimsə də ondan hesabat istəmir.

 

Yusup Xakimov. 2012/13-də U-17-də, 2014/2015-də U-19-un həm seçmə, həm elit-mərhələ oyunlarında iştirak edib. Necə «möhtəşəm» oyunçu olubsa, əsas millimizi ona layiq bilməyiblər.

 

Tolqa Şahin. 2013/14 mövsümündə U-17-də oynadıqdan sonra 2014/15-də U-19-la seçmə və elit mərhələdə çıxış edib. Növbəti mövsümdə də bu komandada çıxış edib və «futbolçu qəbirstanlığı»na yola salınıb.

 

Sinan Avan, Berdan Yılmaz, Ozan Altın, Umar Akmurzayev. Hamısı Nikolay Adamın kəşfləridi. Alman onlara 2013/14 mövsümündə U-17-də güvənib. Həmi gündən «axtarışdadılar».

 

Benhur Kama. U-17 (2013/14) və U-19 (2014/15) komandalarımızda çıxış etdikdən sonra sönüb. Onu seçən məşqçilərə afərin düşür. Çünki daha sonra Azərbaycan pasportunu seyfdə saxlamaq üçün AFFA-ya təhvil verib.

 

Kazim Birkan, Murtuzali Abakarov. Bu cütlük də 2014/15 mövsümündə U-17-də azərbaycanlı balalarının yerini tutub, sonradan itkin düşənlərdəndi.

 

Hüseyn Seyligli, Mətin Gülər, Barış Ekincier, Doquhan Öksüz, İsmayıl Karakaş, Ege Atlam. Təbriz Həsənovun futbolumuza caladığı daha bir xeyirsizlər dəstəsi. 2015/16 mövsümündə final mərhələsi Bakıda keçirilən 17 yaşlıların Avropa çempionatı üçün gətirilmişdilər. Sonuncu ikisi yarış bitən kimi yola salındılar. Digər 4 nəfər hələ U-19 millimizlə məğlubiyyətləri sıralayır.

 

Muhammet Can Tuncer, Onur Taha Takır, Şahan Akyüz, Mutlu Aksu Doğan. Vüqar Məmmədin U-17 üçün seçdiyi əcnəbi dəstəsidir. Hələ təzə gəliblər, lakin tarix göstərir ki, onlar da digərlərinin tayı olacaq.

 

Mixail Zaytsev. 9 il öncə U-19 millimizdə debüt edib. Elə 9 ildir də «axtarışdadır». Yığmalarımızı karvansara qapısına döndərən AFFA rəhbərliyinin günahlarından növbətisidir.

 

Osman Umarov. 2008/09 mövsümündə U-19 yığmamıza dəvət olunan qapıçı 2 tsikldə U-21-in də formasını geyib. Bir sıra klublarımızda kimlərinsə xahişi ilə ehtiyatda oturan dağıstanlı özü də havayı pul qazanmaqdan bezərək vətəninə yollanıb.

 

Rizvan Umarov. Qardaşı Osman kimi bir menecerin xətti ilə ölkəmizə ayaq açan bu oyunçu 2011/12 mövsümündə U-19-da, AVRO-2013-də U-21-in formasını geyib. Daha 3 dəfə də tapşırıqla əsas yığmaya çağırıldıqdan sonra onu görən olmayıb.

 

Cihan Özkara. AVRO-2013-də U-21 yığmamızda, 18 oyun əsas millidə çıxış edib. 1 qol müəllifi olan Almaniya türkü müxtəlif klublarımıza sırınsa da, hətta Türkiyənin ikinci divizionunda möhkəmlənə bilməməklə səviyyəsini göstərdi.

 

Dəmir Hasan. 2012/13 mövsümündə U-19-da oynadıqdan sonra «arxivə atılıb».

 

İlter Taşkın. 2012/13 mövsümündə U-19-da, daha sonra 2 mövsüm U-21 çıxış edib. Amma əsas milli səviyyəsində oyunçu olmadığı çoxdan bəlli olduğundan dəvət almır.

 

Mustafa Yaman. 2013/14 mövsümündə U-19-da çıxış edib. Elə o vaxt milli pasportunu təhvil verib gedənlərdəndir.

 

Tuğrul Erat, Fatih Şanlı, Timur Təməltaş. Bu «üçlük» AVRO-2015 üçün U-21-ə dəvət alanlardı. Ardı gəlməyib.

 

Kərəm Benke, Bilal Sezer. Bu «cütlük» də AVRO-2017-də U-21-in heyətində olub. Əsas millinin qapısını döyəcək qədər səviyyəli deyillər.

 

Alen Askerov, Əmihüseyn Nəcəfi, Mustafa Özhitay, Onur Albayrak, Ozan Gokçü, Sərkan Baloğlu. Bu futbolçular isə hazırda U-21-in üzvləridi. Yaşar Vahabzadənin daha aşağı yaş qruplarında ehtiyac duyulmadan birbaşa 21 yaşlıların düşərgəsinə çağırdığı bu əcnəbi yığının bir neçəsi artıq yeni baş məşqçi Samir Ələkbərov tərəfindən yola salınıb. Askerov «Qəbələ»yə cəlb olunub, ehtiyat oyunçular skamyasını isidir, Nəcəfi eyni statusu «Səbail»də daşıyır. Gökçü artıq millidə deyil – o, özü Azərbaycan pasportundan imtina edib.

 

Maraqlıdır ki, türk əsilli futbolçusu Ozan Can yalnız bir neçə oyun keçirdikdən sonra kimliyini xatırladı. O, AFFA-dakıların pərt edəcək qərarı «İnstaqram»dakı şəxsi hesabından açıqladı: «Yenicə aldığım bir qərarı sizinlə paylaşmaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyinməyə qərar verdim və bundan qürur duydum. Lakin son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Məncə, milli komandalarda oynayan futbolçular o məmləkətin cəfasını çəkənlər, burada burada doğulub-böyüyənlər və ya özünü o məmləkətin insanı hiss edənlər olmalıdı. Mən də bu ölkədəki futbolçu dostlarıma haqsızlıq etdiyimi düşünərək Azərbaycan milli komandasından əffimi istəyirəm. Mənim yerimə oynayacaq dostlarıma könüldən uğurlar arzulayıram. Ürəyim sizinlədir!»

Gökçünün qeydləri AFFA-dakılar üçün əyani vəsaitdi. Bunu bizimkilər anlamalıydı, lakin onların vicdanı susdu, legioner özü dilləndi. Halbuki futbol federasiyamıza yaxın menecerlər qrupu uzun müddət onun təbliğatını aparmış, futbolçunu vunderkind kimi təqdim etmişdilər. Heç kim fərqinə varmadı ki, bu futbolçu o qədər istedadlı idisə, «Feyenoord» illərdi zəhmət çəkdiyi bir oyunçunu niyə bu qədər rahatlıqla «Bursaspor»a bağışlandı. Bir müddət öncə adı «Mançester Siti», «Everton» və «Tottenhem»lə yanaşı hallanan (daha doğrusu, məqsədli şəkildə hallandırılan) oyunçu hətta Azərbaycan millisi səviyyəsində biri deyil.

Təbii ki, sizə təqdim etdiyimiz siyahıya düşən futbolçuların böyük əksəriyyəti məhz bu futbolçu kimi hərəkət edib, lakin onlar qərarını bu şəkildə açıqlamayıb, sakitcə gediblər.

İndi «Neftçi»də oynayan Anton Krivotsyuk, «Qəbələ»də çıxış edən Ruslan Kurbanov vaxtilə müxtəlif millilərimizdə 1-2 oyuna çıxıb. Fövqəlistedad deyillər, lakin fərqlənən tək-tük əcnəbilərdəndilər. «Qarabağ»ın derəyi olan Bədavi Hüseynovsa yalnız U-21-ə cəlb olunub, bəxti Qurban Qurbanov kimi məşqçinin əli altına düşəndə gətirib.

Yuxarıda adını çəkdiklərimiz ölkəmizə şəxsi maraqlar naminə gətirilən əcnəbi sürüsünün tam siyahısı deyil. Erməni klubuna keçən dağıstanlını yəqin xatırlayarsız. Daha neçə oyunçu var ki, müxtəlif millilərdə oynayıb, sadəcə, seçmə mərhələlərə aparılmayıb, 1-2 matçdan sonra milli pasport verildiyi halda, geri qaytarılıb. Bizim təqdim etdiyimiz siyahı isə yalnız seçmə mərhələdə oynayanlardan ibarətdi.

Azərbaycan vətəndaşı pasportu o qədər əhəmiyyətsiz bir şey hesab edilir ki, az qala hər yoldan ötənə layiq bilinir. Ümid edirik, aidiyyəti orqanlar bu məsələyə diqqət yetirəcək, AFFA-nın təqdimatı, AGİN-in razılığı ilə vətəndaşlıq alan bu oyunçuların hansı məqsədlə belə kütləvi milliləşdirilməsinin hesabı sorulacaq. Axı, onlara pasport verilərkən ölkə idmanına xeyir verəcəkləri vəd olunur və ya idman nailiyyətləri əsas götürülür. Görəsən, bunların hansı sadalanan tələblərə cavab verir?

Eyni proses qadın futbolu yığmalarında daha biabırçı şəkildə aparılır. Rus, gürcü, alman, türk, ispan – bir sözlə, «üçbacı dolması»...

AFFA-nın indiki rəhbərliyi o qədər yarıtmaz siyasət yürürdürlər ki, yeni nəslin yetişməsi sadəcə, mümkün deyil. Halbuki əvvəlki rəhbərliyin dövründə kifayət qədər futbolçu yetişdirilmişdi. Təsəvvür edin, hazırda milli komandanın özəyini təşkil edənlər hələ 2009-cu ildə U-21 millisində oynayanlardı. Hansı ki, onların yetişməsində indiki rəhbərliyin heç biri rolu olmayıb. Həmin heyətdən Elvin Məmmədov, Kamran Ağayev, Ruslan Abışov, Rahid Əmirquliyev, Səlahət Ağayev, Arif Daşdəmirov, Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyev hələ də əsas millinin üzvüdür, Vüqar Nadirov, Elnur Abdullayev, Asif Məmmədov, Tural Nərimanov, Nizami Hacıyev, Şəhriyar Rəhimov, Bəxtiyar Soltanov, Vaqif Cavadov, Namiq Yusifov, Samir Zərgərov, Vurğun Hüseynov isə ölkə klublarında müntəzəm çıxış edirlər.

U-21-in AVRO-2011 üçün olan heyətindən də bugünlərə çoxlu oyunçu gəlib-çıxıb. Tərlan Quliyev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Qara Qarayev, Novruz Məmmədov, Araz Abdullayev, Amit Quluzadə, Ruslan Kurbanov, Emin Cəfərquliyev, Aqil Məmmədov, Cavid Hüseynov, Hüseyn Axundov, Tural Axundov, Emin Mehdiyev məhz keçmiş AFFA rəhbərliyinin vaxtında futbola qədəm qoyanlardı.

İndiki AFFA ancaq milliləşdirməklə məşğul olub və yeni nəsil yetişdirməyi yaddan çıxarıb. Biznes maraqları, pul o qədər şirin olub ki, hətta aşağı yaş qruplarında oynamadan əsas milliyə çağırılan saysız futbolçunun adını çəkə bilərik – Murad Ağayev (Rusiya), Uğur Pamuk (Almaniya), İltər Taşkın (Almaniya), Emin Nuri (Bolqarıstan), Pavel Paşayev (Ukrayna), Ufuk Budak (Almaniya), Rüfət Dadaşov (Almaniya), Renat Dadaşov (Almaniya), Dmitri Nazarov (Almaniya), Arif Daşdəmirov (Rusiya), Maqomed Mirzabekov (Rusiya), Əli Gökdəmir (Almaniya), Eddi İsrafilov (İspaniya), Pərdis Fərcad-Azad (Almaniya), Murad Hüseynov (Rusiya), Dəniz Yılmaz (Almaniya)...

Faciəvidi. Dmitri Nazarov və Azərbaycan çempionatı səviyyəsində oynamaq gücündə olan 1-2 nəfəri çıxın və siyahıya bir də baxın. Əksəriyyəti 1, bir neçəsi daha çox oyun keçirəcək qədər bacarıqlı olublar. Əvəzində azərbaycanlı balalarının yolunu tutublar. Hansı ki, onların yetişməsinin, inkişafının qarşısı hələ daha aşağı yaş qruplarında alınıb.

İndi siz deyin: millilərdə onsuz da əcnəbilərin oynayacağını bilə-bilə hansı valideyn övladını futbola yönəldər və ya hansı uşaq top dalınca qaçar?

Uşaq-gənclər futbolundakı başqa bir bəla yeni nəslin yetişdirilməsi üçün kadrların olmamasıdı. Klublarda yaş qruplarının çoxluğu üzündən savadlı, bacarıqlı məşqçilər çatışmır. Həqiqi bacarıqlıların sayı azdı, yeniləri yetişdirilməyib,olanlar da digərləriylə - dünənki uşaqlarla eyni maaşa məhkum edilir, fərq qoyulmur. Belədə işləmək üçün stimul olmur, onlar da «yola vermək»lə məşğul olurlar.

Düzdü, AFFA məşqçi kursları təşkil edilir. Lakin orada rəhbərlər kimdir? Hələ özünün ciddi məşqçilik təcrübəsi olmayan, özünə dərs deyilməsi lazım olan Aslan Kərimov, tərcüməçi kimi tanıdığımız Osman Rəhimov!

Halbuki bu işlərlə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov kimi təcrübəlilər məşğul olmalıdır. Onlar Məşqçilər Komitəsində yığışıblar, amma birbaşa bu işə də rəhbərlik etməli, yeni kadrların yetişdirilməsinə birbaşa nəzarət etməlidilər. 500-1000 manat ödəməklə kateqoriya alanların, klublara yerləşdirilənlərin yetişdirdiyi uşaqlar təbii ki, yüksək tələblərə cavab verməyəcək.

Əslində, işin başlanğıc nöqtəsi buradı. Yeni nəsil futbolçular yetişdirmək üçün infrastruktur qurmaqla yanaşı, savadlı müəllim-məşqçi bazası olmalıdı. AFFA 10 ildə papağını günə verib, ya da görüntü xatirinə bacarıqsız məşqçilər ordusu hazırlayıb. Hansı ki, onlar uşaqlara ən elementar şeyləri, futbolun əlifbasını öyrətməkdə acizdilər.

Azərbaycan Dövlət Bədən Tərbiyası və İdman Akademiyası da bu baxımdan fəaliyyətsizdi. Ali məktəbin futbol kafedrası sabiq futbolçulara diplom paylamaqla kifayətlənir. AFFA həm AGİN, həm də Təhsil Nazirliyi ilə normal əməkdaşlıq qurmadığından heç bir ümumi işdən danışa bilmirik. Bəli, ortaq iş var, lakin AGİN-lə milliləşənlərlə, Təhsil Nazirliyi ilə hansısa məktəbli kuboku və ya topçiləmə festivalı səviyyəsində əməkdaşlıq edilir. Başqa heç nə...

Bu qədər problem varkən, biz milli komandaların uğursuz nəticələrindən danışırıq. İş düzgün qurulmayıbsa, belə problemlər varsa, təbii ki, ölkədə yeni nəsil futbolçular yetişməyəcək, milli komandalar məğlubiyyətləri sıralayacaq. Sabahın gözəl açılması üçün gecələr sakit, rahat yatmalısan, belə yatmaq üçün isə zəhmət çəkmək, yorulmaq lazımdı. Hə, 10 ildir AFFA-ya rəhbərlik edənlər yorğunluqdan yox, harınlıqdan mürgüləyir, ona görə də futbolumuzun sabahı tutqundur. (futbolinfo.az)