vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÖYÜŞ NÖVLƏRİ  
18:44 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada yazılan Roman kimi tale

Onu «salam»a görə cəzalandırıblar

Kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Karatenin 2020-ci ildə Tokioda təşkil ediləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi dünyanın ən nüfuzlu yarışında medal ümidlərimizi bir az da artırır. Artıq uzaq Şərqdə keçiriləcək dördilliyin ən nəhəng idman yarışında medal qazanmaq üçün güləş, cüdo, boks və taekvondo kimi idman növləri ilə yanaşı, həm də karateyə də ümid bəsləyəcəyik.. Əlbəttə, bunun üçün ilk növbədə Yaponiyanın paytaxtında keçiriləcək olimpiadaya lisenziya qazanmaq lazımdır.

Bu idman növündə əsas ümidimiz Rafael Ağayev olsa da, olimpiya oyunlarına qatılmaq, hətta medal qazanmaq şansı olan gənclər də az deyil. Belə gənc karateçilərdən biri də, qazandığı uğurlarla idman həvəskarlarını yaxşı mənada təəccübləndirən Roman Heydərovdur. 

 

Atanın izi ilə


Roman 1999-cu il, yanvarın 24-də Moskvada, azərbaycanlı ailəsində anadan olub. Onun karate ilə tanışlığı çox erkən olub. Əvvəllər karatenin kumite növü ilə məşğul olmuş atası hələ 3 yaşında olarkən karatenin bəzi fəndlərini öyrətmişdi. Atası oğlunun da özünün getdiyi yolla irəliləməsini arzulayırdı. Bunun üçün cəmi bir neçə il gözləmək lazım gəlir. Roman birinci sinifdə oxuyarkən, məktəbə karate müəllimi gəlir və uşaqlara bu idman növü barədə məlumat verərək, həvəsi olanları məşqlərə dəvət edir. Hələ çox kiçik yaşlarından karatenin əlifbasına yiyələnmiş Roman, ayağına gələn bu fürsəti dəyərləndirir və atasının arzusunu gerçəkləşdirmək üçün ilk addımı atır. 

Roman karate dərslərinə uyğunlaşmaqda çətinlik çəkmir. Artıq birinci sinfə gedərkən, rahat «şpaqat» açmağı, təpik atmağı bacarırdı. Bu cəhətdən karate dərslərindəki ilk məşqlər ona su içmək qədər rahat gəlir. Romanın Moskvadakı ilk məşqçisi Denis Borisoviç Morozov olur. O, 2 il Moskvadakı karate məktəbində bu idman növünün sirlərinə yaxından yiyələnir. Uşaq vaxtı bir qədər artıq çəkidən əziyyət çəkən Roman, tezliklə bu problemi də aradan qaldırır. Rusiyada karatenin kumite növü üzrə 4 yarışa qatılır və bir dəfə çempion olur. O, 10 yaşında olarkən ailəsi işlə əlaqədar vətənə - Bakıya köçür. Bu qərar Romanın da ürəyincə olur: "Moskvada yaşasam da, həmişə azərbaycanlı olduğumu dərk edirdim. Azərbaycana yaydan-yaya gəlirdim. Həmişə istəyirdim öz vətənimdə yaşayım. Həmişə «ata gedək Azərbaycana» deyirdim. Nəhayət, atam da vətənə qayıtmaq qərarına gəldi».

 

Vətənə qayıdış


Roman vətənə qayıtdıqdan sonra da sevimli idman növündən ayrı qalmır. O, evlərinin yanında olan zalda karate dərslərini davam etdirir. Romanın Bakıdakı ilk məşqçisi isə hazırda da onun şəxsi məşqçisi olan Vüqar Kərimov olur. Əvvəllər Roman həm kumite, həm də kata ilə məşğul olurdu. Bir müddət sonra isə Kərimov onda katanın daha yaxşı alındığı qənaətinə gəlir və onu kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovun yanına göndərir. O, cəmi 11 yaşında 14-15 yaşlılar arasında təşkil edilən karatenin kata növü üzrə ölkə çempionatında çıxış edir. Bundan sonra Romanın məşqçiləri onun kata yarışlarına qatılması barədə razılığa gəlirlər. Buna baxmayaraq, o, 13 yaşına kimi həm kumite, həm də kata yarışlarına qatılır. Maraqlıdır ki, məşqçiləri onun katada talantlı olduğunu düşünsə də, o, kumite yarışlarında daha çox medal qazanırdı. Katanın daha çox təcrübə tələb edən növ olduğunu nəzərə alsaq, Romanın uğurlarının hələ irəlidə olduğunu düşünmək olardı. Belə də olur. Bu növ üzrə təcrübə topladıqca, medallar da özünü çox gözlətmir. 

 

Ölkədaxili yarışlarda məğlubedilməzdir


14 yaşından ancaq kata üzrə yarışlara qatılan Roman bu sahədə ölkədaxili yarışlarda məğlubedilməzdir. Cəmi 17 yaşı olan Heydərovun hesabında 7 ölkə çempionluğu var. 

Roman artıq uzun müddətdir ki, karatenin kata növü ilə məşğul olsa da, kumitedəki bacarığını da itirməyib. Belə ki, ötən il Bursada təşkil edilən beynəlxalq yarışa yollanan Roman, kata üzrə yarışların olmadığını bildikdən sonra kumite yarışlarına qatılmalı olur. Nəticə isə dəyişmir - yenə çempionluq.

Roman vaxtilə cüdo və sambo ilə də məşğul olub. O, 2-ci sinifdə oxuyarkən Rusiyada sambo dərsləri alıb. Bakıda isə qısa müddətə cüdo məşqlərinə gedib. Karatenin kumite növündəki uğurlarında bu idman növləri ilə məşğul olmasının da müəyyən rolu olub. 

 

İlk böyük uğur


O, 2014-cü ilin fevralında Avropa çempionatındakı uğursuz çıxışdan sonra öz üzərində ikiqat səylə çalışmağa başlayır. Nəticə isə özünü çox gözlətmir. Həmin ilin yayında yaşıdları arasında keçirilən dünya kubokunda çempion olan Roman, öz zəhmətinin qarşılığını görür. Bu, onun karatedə ilk böyük uğuru idi. Məhz bundan sonra Romanda özünəinam bir az da artır.

 

«Salam»a görə itirilən medallar


Ancaq hər şey heç də həmişə qaydasında getmir. «Katada uğur qazanmaq çoxlu məşq tələb edir, ən kiçik səhv nəticəyə təsir edir» deyən Roman bunun acı nəticəsini özü də görüb. O, öz yaşıdları arasında keçirilən 4 Avropa, 2 dünya kubokunda medalsız qalıb. Bunların 3-də medal qazanmağa layiq olsa da, kiçik görünən, əslində isə karatedə həlledici olan səhvə yol verir. O, karatedə hakimləri ənənəvi salamlama qaydasını («rei» deyilən, əyilərək salam vermə) pozduğundan, medala layiq olduğu yarışlarda diskvalifikasiya olunub. Bu yarışlardan sonra Roman həvəsdən düşür. Hətta karateni atmaq barədə düşünür. Güclü olduğu yarışlarda kiçik səhvə görə medalsız qalması onu bir qədər həvəsdən salır. Ancaq atasının və məşqçisinin məsləhətləri ilə karatedə qalmaq qərarına gəlir. Elə yaxşı ki, bu qərara gəlir. Çünki onun əsas uğurları hələ irəlidə idi.

 

Monpelyedə yazılan tarix 

 

Roman 2016-cı ili yəqin ki, uzun müddət unutmayacaq. Katada qaydaların dəyişməsi və 16 yaşdan yuxarı olan karateçilərin böyüklərin yarışına qatılmasına icazə verilməsi Romanın qarşısında «yaşıl işıq» yandırır. Karatenin bu növündə ondan daha təcrübəli olan Tural Balacanlının hərbi xidmətə yollanması Romana böyüklərin yarışında çıxış etmək şansı qazandırır. Böyüklər arasında ilk yarış - kata üzrə ölkə çempionatı onun üçün çox uğurlu alınır. Roman böyüklər arasında ilk yarışını çempion kimi başa vurur. Daha sonra isə o, Fransanın Monpelye şəhərində böyüklər arasında keçirilən Avropa çempionatında çıxış etmək şansı qazanır. Debütünün bu qədər uğurlu olacağını isə heç özü də gözləmirdi. 16 yaşdan 37 yaşadək idmançıların qatıldığı yarışda Roman bürünc medal qazanır. 3-cü yer uğrunda qarşılaşmada isə o, dünya çempionatının 2-cisi olmuş almaniyalı rəqibini 4:1 hesabı ilə məğlub edir. Bu, Azərbaycanın nüfuzlu yarışlarda karatenin kata növündə qazandığı ilk medal olur. Roman həmçinin, dünyada karatenin kata növündə medal qazanmış ən gənc karateçi ünvanını da əldə edir.

 

Döyüş filmlərini sevməyən karateçi


Roman «karate sənə nə verib» sualına «karate mənə ilk olaraq özünəinam verib» cavabını verir. Özünün sözlərinə görə, yarışlardan kənarda heç vaxt bu idman növünün verdiyi üstünlüklərdən istifadə etməyib: «Karate elə idman növüdür ki, burda əsas özünümüdafiədir. Bizə karatenin ilk fəndlərini öyrədəndə də bunun özünümüdafiə məqsədli olduğu deyilir». 

O, hər nə qədər çətin olsa da, idmanla dərslərini paralel davam etdirir. Özünün sözlərinə görə, 9-cu sinfə kimi bütün qiymətləri yaxşı olub. Ancaq yarışların sayı çoxaldıqdan sonra bu vəziyyət dəyişib. Ən çox texniki fənləri və biologiyanı sevir. Roman asudə vaxtını açıq havada gəzmək və filmə baxmaqla keçirir. Maraqlıdır ki, o, döyüş filmlərinə elə də maraq göstərmir. Komediya və qorxu janrında çəkilən filmləri daha çox sevir. 

Romanın kumiri kata üzrə beşqat dünya çempionu, 15 qat Avropa çempionu olmuş italiyalı Luka Valdesdi. Valdesin Bakıya gələrkən keçdiyi seminarların da uğurlarında rol oynadığını düşünür.

 

Olimpiada arzuları


Hər bir idmançı kimi Romanın da əsas arzusu olimpiya oyunlarında iştirak etmək və medal qazanmaqdır. Ancaq bu, heç də asan olmayacaq. Belə ki, Tokioda təşkil ediləcək olimpiya oyunlarında karatenin kata növü üçün cəmi 10 yer ayrılıb. Ancaq Romanın son yarışlarda əldə etdiyi uğurlar onun uzaq Şərqə səfər edəcək olimpiya yığmamızın heyətində olacağı ümidini artırır. Olimpiya oyunlarından öncə isə onu başqa sınaqlar gözləyir. Bu il Bakıda təşkil ediləcək İslam oyunlarında Roman medal qazanmağa namizədlərdəndir. Bu yarışda iştirak edəcək rəqiblərini əvvəllər müxtəlif yarışlarda məğlub etdiyini nəzərə alsaq, onun medal şanslarının çox olduğunu proqnozlaşdıra bilərik. 

 

Portreti


Vaxtilə ardıcıl uğursuzluqların ardından özündə güc taparaq daha böyük uğurlar qazanan Romanda önə çıxan əsas xüsusiyyət əzmkarlıqdır. Əzmkar olmaqla yanaşı, səmimi, ünsiyyətcil və səbirli olan gənc karateçidə uğur üçün bir idmançıya lazım olan keyfiyyətlər var. Qalır, onun bu keyfiyyətləri bir az da inkişaf etdirməsi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *