vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
18:30 | 29 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uçurumun kənarında söhbət

Elxan Məmmədovun dedikləri və gizlətdikləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli komanda ətrafında gəzən söz-söhbət AFFA-nın baş katibi Elxan Məmmədovu dilə gətirdi. Aylardı susqun olan qurum rəsmisi mətbuatda yazılanlara nəhayət, reaksiya verməyə məcbur oldu.

Amma baş katibin müsahibəsindən hiss olunur ki, təlaşdadı. Bütün problemlərin onu hədəfə çevirməsinin fərqindədi və məsuliyyəti başqasının üstünə atmaq üçün çalışır. Bununla belə, əvvəlki kimi rahat deyil, günahlarını anlayır, çıxılmaz vəziyyətə düşdüyünü dərk edir. Proseslər elə həddə çatıb ki, indi hər xırda uğursuzluğa gprə o cavab verməli olacaq. Daha məşqçi oyunları bitib və hamı əmin olub ki, problemin kökü daha dərindi, milliyə kimin rəhbərlik etməsinin ciddi önəmi yoxdu.

Elxan bəy milliyə baş məşqçi təyinatının yubanmasına maraqlı səbəblər gətirir. U-21-ə və U-19-a baş məşqçi təyinatını qabardır, əsas komandaya fərqli yanaşır. Əslində, aşağı yaş qruplarına təyinatlar adi məsələdi, heç vaxt ciddi müzakirə obyekti olmayıb. A milli komandya seçimin yubanması isə B variantının olmaması ilə bağlıdı. Bəlkə də baş katib Qurban Qurbanovdan belə rahat qurtulacaqlarını özü də gözləmirmiş, əsas hədəfinə o qədər baş qarışıb ki, proseslərin sonrakı mərhələsini düşünməyib. Və indi vəziyyət belə alınıb.

SİTAT: “Əsas milliyə gəldikdə, ilin sonunda əksər məşqçilər istirahətdə, İngiltərə kimi fasiləsiz keçirilən çempionatlarda çalışan məşqçilər isə iş başında idilər. Həmin müddətdə araşdırma apardıq, müəyyən siyahı hazırladıq. Bundan sonra adları siyahıda olan məşqçilərin bir qismi ilə telefon vasitəsilə əlaqə saxladıq, bir neçə nəfəri isə Bakıya dəvət etdik. Hazırda qısa siyahı hazırlanır və fevralın 10-dək həmin mütəxəssislərin adı AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə təqdim ediləcək. Açığı, hansısa məşqçidə bu vəzifəyə təyinatla bağlı qorxunun olması ilə bağlı səsləndirilən fikirlər düzgün deyil. Əgər hər hansı məşqçidə işlə bağlı qorxu varsa, heç karyera barədə düşünməsi məntiqli deyil. İndiyə qədər siyahımızda yer alan və görüşdüyümüz məşqçilər arasında qarşıya qoyulan məqsədlə bağlı qorxub geri çəkiləni olmayıb”.

Məmmədov düz danışımır. Çünki dekabrda – Qurbanov qovulan gün bəyan etmişdi ki, ilin sonuna kimi İK yığışacaq və bu məsələ həllini tapacaq. Ayyarım keçib, nəticə yoxdu. İşsiz məşqçilər azdısa, bunu Elxan bəy həmin vaxt da bilməliydi, çünki futbolda yeni deyil, 11 illik təcrübəsi var. Bir də baş katib nəvaxtdan İngiltərədə məşqçi axtaran olub ki, indi bu ölkənin adını çəkir? Dünya bu ölkədənmi ibarətdi? Bu, yalnız bəhanədi. İşsiz məşqçilərin az olduğunu bilən dekabrın sonunu vəd etməzdi, səbəb başqadı.

Məşqçilərin tələbdən qorxmasına gəlincə, bəli, onlar qorxmur, ehtiyat edən sizsiz, Elxan bəy. Əgər bu dəfə də alınmasa, hədəfin özünüz olacağınızı bilirsiz. Əcnəbilər nədən qorxmalıdı ki? Qarantiyalı milyonluq müqavilə ilə Bakıda rahat gəzəcəklər.

Təyinatın gecikməsini baş katib səviyyəli, milli komandalarda yaxşı nəticə əldə etmiş məşqçilər arasında hazırda işsiz olanların azlığı ilə əsaslandırır: “Məsələn, Berti Foqts kimi mütəxəssis Almaniya millisində uzun müddət çalışıb və nəticə qazanıb. Daha sonra Küveyt, Nigeriya milliləri də onun rəhbərliyi altında çıxış edib. Təcrübəli mütəxəssis olduğuna görə, seçim onun lehinə edilmişdi. Robert Prosineçkiyə gəldikdə, tanınmış futbolçu olmuşdu, amma baş məşqçi kimi potensialını Azərbaycanda açdı. Buraya gələnə qədər köməkçi-məşqçi, daha sonra Türkiyənin “Kayserispor” klubunda bir il baş məşqçi kimi fəaliyyət göstərmişdi. Millimizə təyinatına qədər Slaven Biliçlə birgə Xorvatiya millisində çalışmışdı. Onun təyinatı zamanı bir qədər risk etdik və bu risk müsbət nəticəsini verdi. Milli komanda tarixində rekord sayda xal topladı. Hazırda da milli komandanın baş məşqçisi postuna əcnəbi məşqçilər namizəddir. İstərdik ki, həmin məşqçinin təyinatı yanvarın sonuna qədər reallaşsın. Namizədləri təhlil edirik, çalışırıq ki, səhv seçim etməyək”.

Əvvəla, gərginlikdən doğan yalan var. Öncə deyir ki, fevralın 10-a kimi namizədlərin siyahısı İK-ya təqdim ediləcək, daha sonra yanvarın bitiminədək məsələnin həllinə çalışdıqlarını bildirir. Foqts misalı da uğursuzdu, belə birini axtarırsa, AFFA yenə səhv edir. Berti Nigeriyada, katibin unutduğu Şotlandiyada uğursuzluğa görə qovulmuşdu. Almaniyada isə ötən əsrdə çalışıb. Prosineçki artıq Türkiyədə özünü təsdiq etmişdi, böyük klublar maraqlanırdı. Bir də əgər belə uğurlu idisə, niyə saxlanılmadı, daha az maaşa Bosniyaya getdi? Deməli, maliyyə məsələsi deyil, baş katibin oyunlarından qaçıb getdi.

SİTAT: “Bugünə qədər danışıq apardığımız məşqçilərin heç birindən tələblərimizlə bağlı mənfi cavab almamışıq. Danışıq apardığımız mütəxəssislərdən hansınınsa komandanın qarşısına qoyulan məqsədlə bağlı geri çəkildiyinin şahidi olmamışıq. Təbii ki, müqavilənin maddi tərəfi hər bir məşqçi və bizim üçün maraqlıdı. Elə məşqçilər var ki, biz də onların millədə işləməsinin tərəfdarıyıq. Ancaq bilirik ki, onlarla danışıqlara başlasaq da, razılıq əldə olunmayacaq. Çünki həmin məşqçilər böyük yığmalardan və klublardan təklif gözləyirlər”.

Bu, bəhanəylə vaxt uzatmaq cəhdidi. Hər şey Xorvatiyayla ilk oyundan sonraya planlaşdırılır. Yeni məşqçinin ilk matçda darmadağın görməsinin hansı fəsadlara səbəb olacağını Məmmədov da anlayır.

Elxan bəyin professorluq etdiyi bir məqama diqqət yetirək: “Təcrübə göstərir ki, milli komanda gənclər yığmasından ayrı olmalıdı. Əlbəttə, qarşılıqlı iş münasibətləri istisnadı. Ancaq təyinatlar bir-birinə bağlı olmamalıdı. Çünki hər bir komandanın məqsədi fərqlidi. Milli komandanın üzün müddətli hazırlıq keçməsi və bir neçə ildən sonra nəticə qazanmalı olması düzgün yanaşma deyil. Bu gün hər yerdə iş başında nəticə qazanan məşqçilərdi. Gənclərdə isə yaş məhdudiyyəti var. Ola bilər, hansısa məşqçi komandasına bir qədər gənc futbolçuları dəvət etsin və növbəti tsikldə yaxşı nəticə əldə etsin. Ancaq bunu əsas milli komandaya şamil etmək olmaz. Çünki əsas milli komandaya yaşından asılı olmayaraq, ölkənin ən güclü futbolçuları dəvət olunur. Milli komanda klubdan da fərqlidir. Kluba transfer pəncərəsi zamanı müxtəlif ölkələrdən yeni futbolçular dəvət edə, zəif mövqeləri gücləndirə bilərsən. Ancaq milli komandada bunu etmək mümkün deyil. Ən yaxşı halda, heyətin 10 faizini dəyişmək imkanın olur. Bu, əksər ölkələrdə belədi. Misal çəkə bilərsiniz ki, bəzi ölkələrdə baş məşqçilər 10 ilə yaxındı işləyir. Həmin məşqçilər nəticələrini addım-addım yaxşılaşdırdığına görə, uzun müddətdi ki, orda çalışır. Nəticə yaxşı olmayanda isə məşqçi ilə müqaviləyə xitam verilir. Yenə deyirəm, gənclərdən ibarət yığma komandaların baş məşqçilərinin təyinatının əsas millinin baş məşqçinin təyinatına birbaşa aidiyyatı yoxdu”.

Bu açıqlama ilə aşkar şəkildə Qurban Qurbanov – Rəşad Sadıqov tandem vurulur. Necə yəni bir-birindən ayrıdı?! Əksinə, bir-birinə sıx bağlıdı və eyni sistemlə oynamaları daha münasibdi. U-21-n futbolçuları millinin potensial oyunçilarıdı. Onlar milliyə, oyun sisteminə uyğun, hazır gəlməlidilər.

Əsas millidə vaxt verilmir? Bu da Qurbanova işarədi. Bəs, Foqtsa 6-7 il vaxt verənlər kimlər idi? Rəşad Sadıqov elə daha gənc futbolçuları hazırlayıb növbəti tsikldə oynamaq istəyirdi, artıq işə başlamışdı. Əgər milli ilə U-21-ə fərqli yanaşma tələb edirdiksə, Millətlər Liqasındakı uğursuzluğun Sadıqova nə aidiyyatı var idi ki, o da yola salındı? Özü də İK-nın iclasından bir neçə gün öncə, telefonla xəbərdar edilərək. Məntiqsizlikdi!

Milli komandaya uzun müddət şans verilməyəcəkdisə, 6 illik müqavilə nəyə lazım idi? Qurbanov qarşısında şərt qoymaq, 1 il müqavilə bağlamaq, öncədən nəticə tələb etmək lazım idi. O da buna uyğun işini qurardı, arxayınlaşmazdı, liqaya son şans kimi hazırlaşardı. Milli - klub müqayisəsi, ümumiyyətlə, absurddu. Heyətin dəyişməsinə gəldikdə, klub əgər hər transfer pəncərəsində böyük ölçüdə heyətə əl gəzdirə bilərsə, milli hər dəfə tam heyəti dəyişə bilər. Bu, artıq məşqçi işi, bacarığından asılıdı. Milli - klub fərqi budu - klub daimi bir yerdədir, millinin belə şansı yoxdur.

Uzun müddət işləyib şans qazandılarsa, Foqtsa verilən müddət kifayət qədər idi. Niyə nəticə olmadı? Mənasız rekordlar göstərilə bilər. Onda daha böyük məntiqsizlik üzə çıxır. Prosineçki daha qısa vaxtda daha böyük rekorda imza atdı. Buna da ad qoyula bilər, Foqtsun qurduğu heyət inkişafda idi. Bunun cavabı birdir. Belə idisə, elə Foqtsa əlavə 2-3 il də şans verəydiniz, millini finala daşıyardı.

Milli və yaş qrupları olan yığmalarda sistemin eyni olması onların inkişafına, uyğunlaşmasına müsbət təsir var. Fərqli ölkələrdən fərqli məşqçilərin fərqli sistemləri yığmalarda ancaq dolaşıqlıq sala bilər. Necə ki, uzun illərdi belədi. Ümumiyyətlə, vahid strategiya, sistem yoxdur.

Namizədlərin siyahısını tərtib edərkən hansı kriteriyaların nəzərə alınması sualında bütün kartlar açılır, Məmmədovun qorxusu üzə çıxır: “Əsas məqsəd odu ki, millimiz Avro-2020-yə vəsiqə qazanmağa daha yaxın olsun. Başa düşürük ki, çətin qrupda yer almışıq, xal qazanmaq baxımından komandaların sayı da azdı. Bu da gələcək məşqçi üçün məsuliyyətli addımdır. Lakin hər bir məşqçi ilə söhbətimiz zamanı qeyd edirik ki, Avro-2020-nin 3 qrup, bir 1/4 final mərhələsinin oyunu Bakıda keçiriləcək və biz bu futbol bayramını öz yığmamızın iştirakı ilə yaşamaq istəyirik”.

Məmmədov əslində, “Avro-2020 boğazımıza kəndir kimi keçib” deməliydi. Açıq deyə bilmir ki, şərt, tələb budur. Yoxsa baş katibə nə düşüb özünü tələyə salsın, yükləsin? Yuxarıdan birbaşa nəticə tələb olunur və düz də olunur. Gec-tez futbola ayrılan 100 milyonların hesabatı verilməlidir. İndi vaxt uzatmaq, çətin situasiyadan salamat çıxmağa cəhd etmək faydasızdı.

Məmmədov deyir ki, yeni məşqçidən nəticə ilə yanaşı, gələcəyin komandasını formalaşdırmaq da tələb olunacaq: “Amma bizim millidə nəsildəyişmə prosesi 30-35 faiz futbolçuya aiddir. Qlobal dəyişiklik olmayacaq. Biz bu prosesi Berti Foqtsun dövründə keçdik. Növbəti belə proses adətən 8-10 ildən sonra baş verir. Bu baxımdan ciddi dəyişikliyin olacağına inanmırıq. Bu məsələ ilə bağlı gənclərdən ibarət yığma komandaların məşqçiləri də məsuliyyət daşıyır. Onlar əsas milli üçün ehtiyat qüvvə yetişdirməlidilər”.

Yenə də saxta sözlərdi. Guya Foqts gül-çiçək qoyub, gedib, yığan yoxdur? Baş katib artıq baş məşqçilik edir, gələcək məşqçinin yerinə düşünür. Deyir böyük dəyişikliyə ehtiyac yoxdur. Guya ki, dəyişiklik etməli olsaydılar, kimlərlə edə biləcəkdilər. Zorla milyonlar verib İsrafilov, Dadaşov, Şeydayevləri gətirmisiniz. Bəlkə gələn məşqçi 155 min futbolçu içində 5 min namizəd seçəcək?

Dil çaşıb düzünü deyər. 8-10 ildən sonra bəlkə nəsə oldu. O da bundan sonra düzgün iş gedərsə...O da belə gedişlə böyük sualdır. Bəlkə Məmmədov daha 10 il postunda qalmaq istəyir? Ötən 11 ildə nə edib ki, belə həvəsə düşüb?

Məmmədovun çabalaması açıqlamasındakı təzaddan hiss olunur. Əvvəl deyir ki, əsas milli ilə gənclər fərqlidir, qatışdırmaq olmaz, indi deyir ki, aşağı yaş qruplarında futbolçu hazırlamalıdırar. Əlbəttə, hazırlamalıdılar. Bunun üçün ölkə futbolunda köklü islahatlar olmalıdır.

Məmmədov mərhələnin ilk matçına komandanı müvəqqəti olaraq Məşqçilər Komitəsinin nəzarəti ilə yerli mütəxəssisin çıxarması haqda sualdan yayınmağa çalışır. Daha doğrusu, yaxasını kənara çəkib İK-nı hədəfə çevirir: “Bunu deyə bilmərəm. Qərarı İcraiyyə Komitəsi verəcək. İnanmıram ki, o vaxta qədər məşqçi təyin olunmasın. Niyə inanmıram? Çünki martdakı oyundan sonra növbəti qarşılaşmaya qədər bizim cəmi 2 ay vaxtımız qalacaq. Bu da böyük zaman deyil. Təyinat nə qədər geciksə də, Xorvatiya ilə oyuna milli komandamızı yeni baş məşqçinin çıxaracağına inanıram”.

Bu, aləmi qtıb, sudan quru çıxmaq cəhdidir. İK məsuliyyət altında qoyulur, eyni zamanda işi tələsik həll etməyə çalışır. Birdən yerli məşqçi ilə bahalı əcnəbilərin 0:6 uduzduğu Xorvatiya ilə təsadüfi bir heç-heçə olar, ən azımdan məzmunlu oyunla minimal məğlubiyyət, ümid çırağı yarana bilər. Azərbaycan futbolunda o qədər belə nümunə var ki. Elə vaxtilə qonşuları Serbiya ilə oyunlar. Ona görə də Məmmədov yeni əcnəbinin təyinatının tez reallaşmasını istəyir.

Elxan bəy Avropa Liqasının finalını qəbul etməkdən, Avro-2020-dən danışıb müsahibəyə nikbin nöqtə qoymağa çalışır. Bəli, bu yarışları qəbul etməyimiz əladır, amma bu, futboldakı uğurların nəticəsi deyil, ölkə rəhbərliyinin futbola qayğısı sayəsində reallaşan layihələrin meyvəsidir. Futbol oynaya bilməyənlər təşkilati uğurdan dəm vurur. 10 ildən çoxdur ölkə başçısının adını belə çəkməyən baş katibin son müsahibələrində prezident İlham Əliyev yada düşür. Ölkədə tək futbol deyil, bütün idman növlərinə böyük qayğı var. Hər il Bakı Avropa, dünya çempionatlarına ev sahibliyi edir. Bu da birbaşa ölkə başçısının qayğısı sayəsində baş verir. Baş katib özü də istəmədən həqiqətləri üzə çıxarır. İndiyə kimi bütün təşkilati işləri öz adına yazanların prezident yadına düşüb. Çünki artıq ölkə başçısını aldada bilmirlər, nəticə tələb olunur. Ölkə rəhbərinə bu qədər tərif yağdıranların İmişlidə ulu öndərin adını daşıyan müasir stadionu yaddan çıxarması çox qəribə görünür.

Baş katib uşaq futboluyla bağlı da danışıb: “Hərdən bu cür ifadələr də eşidirik ki, mütəxəssislər deyirlər futbolçu yoxdu, uşaqlar arasında seçim imkanı azdı. Özüm də hər bir layihəyə tənqidi yanaşıram. Baxıram ki, hansı mənfi tərəfləri var. Çalışırıq ki, layihənin mənfi tərəflərini müsbətə çevirək, futbolumuza xeyir verək. Heç kim iddia etmir ki, futbol təsərrüfatında hər şey mükəmməldir. Təbii ki, inkişafdan danışırıqsa, o deməkdi ki, çatışmazlıq var. Ancaq futbolçularımızın sayının az olması ilə bağlı fikirlərlə razılaşmıram. Premyer Liqada 14 komanda oynayan vaxtlarda da milliyə ümumilikdə 50-60 futbolçu namizəd göstərilirdi, daha sonra onlardan 35-40 nəfəri seçilirdi. Axırda isə baş məşqçi 25 nəfərə dəvət göndərirdi. Hazırda da belədir. 14, 12 komanda oynayan illərdə limit yox idi. Nəticədə oynayan yerli futbolçuların sayı çox az idi. Hətta 3 komanda var idi ki, heyətində meydana bəzən orta hesabla 1 yerli futbolçu çıxırdı. Bunu bəzən unuduruq. AFFA ancaq milli komanda ilə məşğul deyil, futbolun təhlilini, statistikasını aparır. Əgər 3 komandada 1, digərlərində isə orta hesabla 3 azərbaycanlı futbolçu oynayırdısa, deməli, vəziyyət indikindən daha pis idi. Hazırkı limitə görə minimum 5 yerli futbolçu oynayır, bu da 8 komandalı çempionatda ən azı 40 futbolçunun meydana çıxmasına şərait yaradır. Hətta “Sumqayıt” klubun üzvləri tamamilə yerli futbolçulardan ibarətdir. Bu isə say artımına gətirib çıxarır. Bəziləri limitin tətbiqi zamanı sağlam rəqabətin olmadığını qabarda bilər. Ancaq sağlam rəqabət olanda da klublarımız əcnəbi futbolçulara üstünlük verirdilər. Hazırda tətbiq edilən limitin yaxşı olduğunu düşünürəm və bu nəticəyə mərhələ-mərhələ gəlmişik. Əvvəllər limit yox idi, sonra 7+4 tətbiq etdik. Ardınca 6+5 (5 yerli) limitinə üstünlük verdik. İndiki limitdə isə bir gənc futbolçunun meydanda olması da tələbdir. İcraiyyə Komitəsinin iclasında bu məsələ mütəmadi müzakirə olunsa da, heç bir dəyişiklik edilmir. Klublar Komitəsində də bu məsələ bir klub tərəfindən qaldırılmışdı, ancaq digər klublara limit saxlanılmasının tərəfdarı olduqlarını bildirdilər”.

Elxan bəy sayı qabardır, keyfiyyəti unudur. Klublarda hətta 100-200 yerli futbolçu ola bilər. Bəs, onların keyfiyyəti necədir, niyə xaricə gedib oynaya bilmirlər, niyə rəqabət yoxdur? Bəh-bəhlə adı çəkilən “Sumqayıt” hərdən İran, Dağıstan, Rusiya, Ukrayna yığmasına oxşayır. Amma oradan milliyə uzağı 1-2 nəfər çağırılır. Deməli, keyfiyyət yoxdur, aldadıcı görüntüdür.

Bir də hansı layihələrə tənqidi yanaşılır? 10 il ərzində uşaq futbolu ilə bağlı topçiləmə festivalına, Berlin layihəsinə, yoxsa sayı-hesabı itirilən texniki məğlubiyyətlərlə dolu uşaq yarışlarına? Lahihələrin mənfi tərəflərinə baxılsaydı, nəticə çıxarılsaydı, futbol bu gündə olmazdı. İş olan yerdə nöqsan da olar, gördüyünüz işlər başdan-ayağa nöqsandır. Futbolçuların az olmasıyla bağlı fikirlərlə necə razılaşırsınız ki, kağız üzərində 155 mini keçmisiniz. Meydanlarda qarşılaşdığın bəzi ölkələrin ümumi əhali sayından da çoxdur.

Ramiz Mirzəyev dönəmində limit 3+8 idi, ondan öncə isə ümumiyyətlə, ölkəyə tək-tük legionerlər təşrif buyururdu. Limit oldu-olmadı, fərq etməzdi. Klubların heyətində 90 faizdən yuxarı yerli futbolçular çıxış edirdi. 7-4, 6-5-i edənlər də sizlərsiz. Komandaların dağılmasına bu qədər ifrat yanaşmaq sadəcə, futbol adına absurddur.

AFFA doğru-dürüst təhlillər aparsaydı, ölkədə futbol zay məhsula çevrilməzdi. Statistika aparırsınızsa, son 10-12 ildə neçə yararsız əcnəbi futbolçunu milliləşdirərək yığmalara cəlb etdiyinizi, bu illər ərzində neçə klubun dağılmasını, federasiya, klublarda çalışan qohum, dost-tanışların statistikasını da təqdim edin.

Baş katib klubları yükləməyi də lazım bilir və düz edir, amma: “Səbirsizliklə klubların akademiyalarından neçə futbolçunu əsas komandaya cəlb edəcəyini gözləyirəm. Bizdə klublarımız daha çox legionerlərin dəvət olunmasında maraqlıdırlar. Arzum akademiyaların yetirmələri barədə də legionerlər qədər çox danışılmasıdır. Hazırkı çempionatın əvvəlində bəzi komandaların gənc futbolçulara üstünlük verdiklərini də müşahidə edirik. Ad çəkmək istəmirəm, 8 klubdan 3-ü bu baxımdan seçilir. Əlbəttə, bu sevindirici haldır. Həmin gənc futbolçuların təbliğatını aparmaq lazımdır ki, digərləri üçün nümunə olsun. Məşqçilərə gəldikdə, təhsil qrupu yaratmışıq. C və B kurslarından başqa, UEFA ilə birgə “A” və “Pro” kursları təşkil edirik. Kurslarda təhsil alan məşqçilərin əksəriyyəti iş başındadır. Deməli, həmin mütəxəssislər öz üzərlərində çalışırlar. Uşaq komandalarında işləyən məşqçilərə gəldikdə, UEFA-nn təlimatçılarını dəvət edirik və treninqlər keçirirlər, məşqçilər üçün kitablar hazırlanır. Bu yaxınlarda “Məktəblərdə futbol dərsi” layihəsində çalışan məşqçilər üçün yeni tədris vəsaiti hazırlanıb onlara təqdim olundu. Öyrəndiklərini tətbiq etmək isə məşqçiləri məsuliyyətidir. Bu gün kursda öyrəndikləri ilə kifayətlənmək olmaz. İstənilən sahənin inkişafı nəticəsində yeni metodlar, üsullar ortaya çıxır. Buna görə də məşqçilərimiz yeniliklərlə tanış olmaq üçün əlavə qaynaqlardan da istifadə etməli, mütaliə etməlidirlər”.

Birincisi, klubların əksəriyyəti artıq neçə ildir sizin nəzarətinizdədir. Elə həmin “Sumqayıt”da niyə ölkədə yetişənlər yox, İrandan, İsraildən, Rusiyadan  gələnlər oynayır? Hətta soykökləri azərbaycanlıdırsa da, onları bura gətirib batırmaq lazım deyil, qoy Avropada oynayıb, milliyə hazır oyunçu kimi gəlsinlər. İkincisi, o akademiyalardan biri də AFFA-dadı. Adı da rəsmi Futbol Akademiyasıdır, indi Məşqçilər Komitəsi, AFFA rəsmiləri ən azından özləri üçün hovuzundan istifadə edirlər. Bəh-bəhlə açdığınız “Mançester Yunayted” məktəbini də bağladınız, orada kimi yetişdirdiniz? Ondan əvvəl onlarla futbolçunu yığıb Türkiyəyə, “Fənərbaxça”ya göndərdiniz, bunlarla yanaşı, Berlin layihəsinə milyonlarla valyuta xərclədiniz. İllərdi həvəslə yetişən futbolçuları millilərdə görmək istəyirik. Milyonlarla birgə yoxa çıxıblar nəsə...

Millidə çıxış edən Qara Qarayev, Maksim Medvedev, Mahir Mədətov, Namiq Ələsgərov, Araz Abdullayev, Kamran Ağayev, Emil Balayev, Coşqun Diniyev, Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Səlahət Ağayev, Rəhman Hacıyev və başqaları elə klubların yetirmələridi. İndi bu futbolçuların çoxunu yetişdirmiş nə “Bakı” var, nə də keçmiş “İnter”. Qalanları da “Neftçi”, “Qarabağ”dı. Son zamanlar isə “Qəbələ” akademiyası önə çıxıb.

Sizin yetirmələriniz isə eddilərdi, ən yaxşı halda nazarovlar, paşayevlər. Onları da çoxunu narazı qaldığınız Millətlər Liqasında hamı bir daha gördü. Yenə də bazası olmuş, uşaq futboluna böyük yatırımlar etmiş “Bakı” yada düşmür, milli pasportların paylandığı məkan - “Sumqayıt” gözə soxulur. Sabah Aleksey İsayev də yerli futbolçu sayılacaq, artıq sayılır. Halbuki Mikayıl Nərimanoğlunun viran etdiyi Gəncədə, sizin kadrların dağıtdığı Tovuzda İsayevdən də istedadlı yüzlərlə gənc var.

Məşqçilərdən bu qədər danışmaqdansa, ölkə klublarına nəzər yetirin. Vur-tut 8 klub qalıb, hamısında fiziki hazırlıq üzrə məşqçi əcnəbidi. Əsl faciə, problemlərdən biridi. PRO-nu əlcək kimi paylayanda bu məsələni də təhlil edin. Deyirsiniz ki, analizlərdə güclüsünüz, boş oturmursunuz, gecə-gündüz təhlillərlə məşğulsunuz, Elxan bəy.

Bütün futboldakı qaynaqları özləri üçün qaymağa çevirənlər məşqçilərə yol göstərirlər. Belə yol gedən idinizsə, bəslədiyiniz Lippertlə Avropanı fəth edəydiniz, U-21-in ki, təbirinizcə əsas komandaya aidiyyəti yox idi... Yəqin Məşqçilər Komitəsində otuzdurduğunuz məşqçilər də vaxtilə qaynaqlardan yaxşı istifadə ediblərmiş.

FƏRİD


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *