vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
09:46 | 25 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 1674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyədə diaspor qurmalıyıq»

«Azərbaycan «Kanal 24»-lə «Star» qəzetinin 50 faiz sahibidi. Xocalı soyqırımının ildönümündə kanal bu faciə ilə bağlı 1 cümlə də vermədi. Milliyyətçilərin «Bəngütürk» kanalı isə Xocalı ilə bağlı saatlarla verilişlər verdi, xronika yayımladı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə səfərindən dönən Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı Türkiyə gündəm ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

Fevralın 20-dən martın 9-dək Türkiyədə səfərdə olan T.Rüstəmxanlı Xocalı soyqırımı ilə bağlı Türkiyənin 6 universitetində təşkil olunan konfranslara, eləcə də Türk Qadınlarının Qurultayına qatılıb. Səmimi bir ortamda jurnalistlərlə görüşən T.Rüstəmxanlı təəssüratlarını bölüşüb: «Biz illərdir Türkiyədə də, Avropada da Xocalı soyqırımı ilə bağlı tanıtım tədbirləri keçiririk. Ancaq hələ Qarabağ problemini heç Türkiyədə də gərəkli səviyyədə tanıda bilməmişik.

Bu il Türkiyə Təhsil Sendikasının təşkilatçılığı ilə İstanbul, İzmir, Muğla, Kayseri, Aydın, Mərsin universitetlərində konfranslar keçirdik, bundan başqa tələbələrlə, müəllimlərlə ayrıca görüşlərimiz oldu, Türk Qadınlarının Qurultayında bu haqda çıxışlar etdik. Biz hələ indi-indi deyə bilərik ki, Türkiyədə artıq ziyalı təbəqənin Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı aydın təsəvvürü formalaşıb. Sadə insanların çoxu olanlardan xəbərsizdir. Hələ də çoxlarına elə gəlir, Qarabağ erməni torpağı olub, sovetlər birliyi dönəmində Azərbaycana verilib.

İndiki Ermənistanın Azərbaycan torpaqları olduğunu bilmirlər. Mən deyəndə ki, kəndimiz Karsla həmsərhəddi, nənəm sərhəddə dayanır, o taydakı bacı-qardaşları üçün haray çəkərdi. Məndən soruşurdular ki, ora Ermənistan deyil, sizin ailəniz Ermənistanda yaşayırdı? 31 mart soyqırımı, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bağlı isə ümumiyyətlə çox dar bir kəsim bilgilidir. Ona görə də mən bütün çıxışlarıma mütləq 1918-ci olaylarından başlayırdım, ermənilərin Qafqaza necə yerləşdirilmələrindən, çar Rusiyanın ermənilərin əli ilə həyata keçirdiyi türk-müsəlman soyqırımlarından ətraflı danışırdım».

Tənzilə xanım deyir ki, Türkiyədə illərdir Qarabağ və Azərbaycan davasını yürüdən Türkiyə cəmiyyətinin milliyyətçi kəsimidir: «Türkiyənin iki universitetində Xocalıdan çəkilən xronikanı göstərmədilər. Başlanğıcda dedilər, texniki problemdir, sonda göstərərik, sonda da dedilər ki, bağışlayın, problemi aradan qaldıra bilmədik... Axırda dözə bilmədim, soruşdum ki, Xocalı filminin göstərilməsi kimi rahatsız edır? Bir nəfər dedi ki, bizim burada yaşayan erməni vətəndaşlarımız var, biz onların rahatsız olmasını istəmirik.

Türkiyədə çox kosmopolit bölgələr var ki, onlardan milli məsələlərlə bağlı duyarlılıq gözləmək yersizdir. Onlar adi futbol oyunları üçün Qarabağda, Xocalıda olan insanlıq dramlarından daha çox təsirlənə bilərlər. Ancaq bu o demək deyil ki, biz illərlə apardığımız bu işdən vaz keçəcəyik. Bu il Uşakda Xocalı soyqırımı anıtı açılıb. Mərkəzdə böyük bir ərazidə salınan layiqli bir abidədi. Ancaq Ankaradakı Xocalı abidəsi şəhərdən xeyli kənarda gözdən uzaq bir yerdə açılıb. Yəni Ankaranın mərkəzində 20 metrlik torpaq parçası tapılmadımı? Bir şeyi bilmək vacibdir, bizim haqq səsimizi eşidən, onu dünyaya yayan türk millətidir. Hakimiyyətlər gələr, gedər, ancaq Xocalı məsələsində, Qarabağ məsələsində türk milləti Azərbaycanın yanındadır.

Tənzilə Rüstəmxanlı Türkiyədə Xocalı probleminin qoyuluşunun da yanlış olduğunu düşünür: «Türkiyədə Xocalı qətliamı ifadəsi işlədilir. Məncə, bu, kökündən yanlışdır. Xocalıda soyqırım baş rerib. Bu insanları türk olduqları üçün qətl ediblər. Şəhər hərbi əməliyyatlar zamanı, bombalansaydı, çoxsaylı itkilər olsaydı, bu, qətliam olardı. Ancaq ermənilər bir şəhəri mühasirəyə alıb etnik təmizləmə həyata keçiriblər, türk əhalini olmazın işgəncələrlə öldürüblər. Bu, soyqırımdır və bütün dünyaya da biz Xocalını bu cür tanıtmalıyıq».

Tənzilə xanımın fikrincə, Azərbaycan toplumunun Türkiyə ilə bağlı təsəvvürlərində də yanlışlıqlar var: «Elə mən özüm də son dönəmlərə qədər düşünürdüm ki, Türkiyə qardaşımızdı, bir millət, iki dövlətik, buna görə də Türkiyədə diaspor yaratmağa ehtiyac yoxdur. Bizə hər zaman elə gərib ki, Azərbaycanı narahat edən məsələlər Türkiyə gündəminə də oturacaq, media bu haqda danışacaq. Ancaq 2009-cu ilin martında sərhədlərin açılması məsələsi gündəmə gələndə mən Türkiyə mediasında elə yazıların şahidi oldum ki, uzun müddət özümə gələ bilmədim.

Məsələn, qəzetçi Basqın Nuran yazırdı ki, türkcəsi bir qədər bizə bənzəyən azəriləri nə qədər kürəyimizdə daşıyacağıq? Sonradan öyrəndik ki, ermənidir. Xeyli belə nümunələr vardı. Mən çox mütəəssir olmuşdum. Elə düşünürdüm ki, türk mediası yekdil bir fikir ortaya qoyaraq deyəcək ki, qardaşımız Azərbaycanın maraqlarına uyğun deyilsə, o sərhədlər açılmamalıdır. Bunları görəndən sonra anladım ki, biz düşüncəmizi dəyişməliyik. Türkiyə bizim canımız-qanımızdı, qardaşımızdı, bunlar hamısı öz yerində, ancaq biz orada öz diasporumuzu qurmalıyıq. Biz bu məsələyə diqqət ayırmadığımıza görə hətta Türkiyədə də erməni təbliğatına uduzuruq.

Türkiyə mediasında erməni diasporu qat-qat güclüdür. Biz bu vaxta qədərki arxayınçılığımızı bir kənara qoyub real işə keçməliyik. Azərbaycan imkansız bir dövlət deyil. Orada ən sanballı telekanalları da, qəzetləri də alıb öz mənafelərimizin müdafiəsi üçün istifadə etməliyik. Təbii, «Kanal 24» və «Star» qəzetinin nümunəsindəki kimi yox... Azərbaycan «Kanal 24»-lə «Star» qəzetinin 50 faiz sahibidi. Xocalı soyqırımının ildönümündə kanal bu faciə ilə bağlı 1 cümlə də vermədi. Miliyyətçilərin «Bəngütürk» kanalı isə Xocalı ilə bağlı saatlarla verilişlər verdi, xronika yayımladı, bütün xəbər buraxılışlarında bu haqda danışıldı. Azərbaycanın maraqlarına xidmət etməyəcəksə SOCAR o kanalın, o qəzetin 50 faizini niyə alıb? Azərbaycan dövləti bu məsələ ilə nədən maraqlanmır?»

Söhbət son günlər Türkiyə gündəminin ən çox müzakirə edilən məsələlərindən birinə «Ergenekon» məhkəməsində həbs edilənlərin azad edilməsinə gəlir: «Buna görə hədsiz sevincliyəm. Çox yaxın bildiyim, illərlə Azərbaycan üçün neçə fədakarlıqlar etdiklərini gözümlə gördüyüm insanlar bu gün azadlıqdadır. Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeş Sevgi Erenerolu mənəvi qızı elan etmişdi. AKP hakimiyyəti isə onu 6 ildən çox zindanda saxladı. Mən Sevgi xanımın Azərbaycan üçün varını-yoxunu, ailəsinin mirasını xərcləmiş insandı. Özü də bir dəfə də bunların dilə gətirilməsinə imkan verməyib. Biz onun işini Avropa məhkəməsinə daşımaq istəyirdik. Təbii, bunun üçün onun öz razılığı gərək idi. 

Bilirsizmi nə cavab vermişdi? Demişdi ki, mən ölkəmi Avropaya şikayət etmərəm. O cavabı eşidəndə mənim gözlərim dolmuşdu. Belə insanlar çox azdı. Sevgi xanım məhkəmə çıxışında demişdi ki, mən suçluyamsa vətənim üçün suçluyam, Türkiyənin həbsxanası da mənə vətəndi. Belə bir insana necə demək olar ki, sən dövlətə xəyanət etmisən? İndi Azərbaycan varlı, pullu ölkədir, onunla dost-qardaş olmaq daha xüsusi fədakarlıqlar tələb etmir. 1992-93-cü illərdə isə Azərbaycanda savaş gedirdi. Dövlətin qaçqınları yerləşdirmək üçün imkanları yox idi. Bax bu insanlar Azərbaycanın həmin ağır günlərində bizim millətimizin yanında olub. Biz bunları Vəli Kiçik paşanın, Kenan Küerinçsizin türk dünyası üçün, Azərbaycan üçün etdiklərini necə unuda bilərik? Bu insanlar türk milləti üçün canını fəda edən insanlardır. Şükürlər olsun ki, haqq yerini buldu. İnanıram ki bundan sonrakı proses də türk millətinin xeyrinə davam edəcək».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *