vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜƏLLİF  
19:12 | 26 dekabr 2012 | Çərşənbə Məqaləyə 4511 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mərdlik sistemi» (III yazı)

Mərdlik qanunu

Azər QARAÇƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İgid basdığını kəsməz; Söz danışıqdan keçər; Kişinin sözü bir olar; Kişinin sözüylə işi bir olar; Ac ol, kişi ol; Dost yolunda boran olar, qar olar; Örtülü bazar – dostluğu pozar; Duz-çörək – düz çörək; Əmanətə xəyanət olmaz; Adam yediyi qaba tüpürməz; Bir tikənin qırx il haqqı var; Əl uzadılan yerə ayaq uzadılmaz; Sağ əlin verdiyini sol əl bilməməlidi; Adam verdiyini deməz; Bir daş altda, bir daş üstdə; Kişi kişiyə ölüm arzulamaz; Yıxılana balta çalmazlar; Mərd özündən bilər, namərd yoldaşından; Mərdi namərdin ayağına verməzlər; Mərdi qova-qova namərd eləməzlər; Keçmə namərd körpüsündən, qoy aparsın sel səni; Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi.

Bunlar mərdlik qanunlarıdı. Mərdlik qanunları deyəndə mən mərdliyin nəzəri bazasını nəzərdə tuturam.
Mərdlik sistemləri mərdliyin praktik tərəfidi, bu sistemlərdə mərd əməllər, davranışlar, hərəkətlər toplanır. Mərdlik qanunlarısa mərdliyin nəzəri tərəfidi, bu qanunlarda mərdlik və namərdlik, mərd və namərd əməllər haqqında fikirlər, hökmlər toplanır.
Mərdlik qanunları yazılmamış qanunlardı. Yazılmamış qanun çoxdu. Mərdlik qanunları onların mərdliyə aid hissəsidi.
Oturuşmuş, populyar mərdlik sistemlərinin hamısını mərdlik qanunlarında tapmaq olar. Məsələn, şərti olaraq “sən öl” adlandırdığımız mərdlik sistemi mərdlik qanununda var. Yəni bu sistemin yazılmamış qanunu, konstitusion müddəası var: “Kişi kişiyə yalandan “sən öl” vurmaz”.
Mərdlik qanunu nəzəri bazadı, o, təcrübədə tətbiq olunanda bizim qarşımıza mərdlik sistemi kimi çıxır.
“Kişi kişiyə yalandan “sən öl” vurmaz” – bu, qanundu, nəzəriyyədi. Kişinin kişiyə yalandan “sən öl” vurmaması konkret əməldi, hərəkətdi. Ola bilər, kimsə yalandan “sən öl” vurmayanda yazılmamış qanuna əsaslansın. Bu mümkündü. Yəni insan bir mərd hərəkət eləyəndə şüurlu şəkildə mərdlik qanununa əsaslana bilər. Ola da bilsin, kimsə bunu eləyəndə heç mərdlik qanunu, yəni “sən öl” haqqında el məsəli onun yadına düşməsin, bunu eləcə öz mərdlik duyğusunun hökmüylə və ya içində olduğu cəmiyyətin mərdlik ənənəsinin axarında eləsin.
Mərdlik qanunlarının sayı mərdlik sistemlərinin sayından min dəfələrlə azdı. Mərdlik qanunlarında yalnız əsas mərdliklərdən bəhs olunur. Mərdlik qanunlarında ifadə olunmayan mərdlikləri insan ya öz əxlaqıyla, fəhmlə, ya da içində olduğu cəmiyyətin əxlaqıyla, ictimai əxlaqın axarında müəyyənləşdirir. İnsan öz ürəyinin hökmüylə də mərd iş görə bilər, şüurlu şəkildə də mərd iş görə bilər, ictimai əxlaqa mexaniki tabe olmaqla da mərd iş görə bilər.
Mərdlik qanununu pozmaq elə mərdlik sistemini pozmaq deməkdi. İnsan mərdlik qanununa zidd iş görürsə, deməli, avtomatik olaraq mərdlik sistemini, mərd davranış tərzini pozur.
Mərdlik və namərdlik dərk olunandan sonra insan onun haqqında fikir yürütməyə bilməz. İnsan dərk elədiyi mənəvi proseslər haqqında istər-istəməz hökmlər verir. Bu hökmlərin bəzisi, daha aktual olanları, tarixin sınağından çıxanları mərdlik qanunu – yazılmamış qanun şəklində yaddaşlara köçür.
Hansısa mərdlik qanununun konkret nə vaxt, harda yarandığını, onu kimin yaratdığını müəyyənləşdirmək çətindi. Amma mümkünsüz də deyil. Mənşəyi bəlli olan məsəllərin, atalar sözlərinin arasında mərdliyə aid məsəllər, atalar sözləri də ola bilər. Yəni ola bilər ki, hansısa mərdlik qanunu cəmiyyətə hansısa şəxsiyyətin əxlaqi hökmü şəklində gəlib. Bəzi mərdlik qanunlarının konkret müəllifi ola bilər.
Mərdlik qanunu mərdliyin dərk olunmuş və lakonik şəkildə ifadə olunmuş formasıdı. Amma tutalım, mərdlik sistemi dərk olunmaya bilər. Yəni ola bilsin, insan mərd davranır, amma xəbəri yoxdu ki, mərd davranır. Amma ola bilməz ki, insan “Əmanətə xəyanət olmaz” deyir və başa düşmür ki, mərdlikdən danışır.
Mərdlik qanunu mərdliyin başı, mərdlik sistemi bədənidi. Mərdliyin ruhusa mərdlik duyğusundadı.
Mərdlik duyğusu
Mərdlik insanda anadangəlmədi. İnsan doğulandan onda mərdlik duyğusu olur. Ona görə də bir varlıq dünyaya insan kimi gəlibsə, deməli, onda hökmən mərd olmaqdan ötrü mənəvi baza var. Həmin baza mərdlik duyğusudu. Mərdlik duyğusu deyəndə mən mərdliyin mənəvi əsasını, ilkin mənbəyini nəzərdə tuturam. 
Mərdlik duyğusu – mərdliyin ruhudu. O, xalis mərdlikdi, şəkilsizdi, formasızdı. Mərdlik duyğusu – saf mərdlik yaşantısıdı. İnsan onu yaşamaqla mərdliyi duyur, onu dərk eləməklə mərdliyi başa düşür, onunla hərəkət eləməklə mərdliyi əmələ çevirir. Amma bütün bunlarla bərabər insan yenə namərdliklər eləyə bilər. İnsan mərdliyi duya-duya, dərk eləyə-eləyə, onunla hərəkət eləməyin mümkünlüyünü bilə-bilə namərdlik eləyə bilər. Çünki mərdlik duyğusu olduğu kimi, insanın ona xəyanət eləmək imkanı da var. İnsanın özünün yaratdığı mərdlik qanunlarını və mərdlik sistemlərini pozmaq imkanı var.
Mərdlik qanununun da, mərdlik sisteminin də kökündə mərdlik duyğusu, xalis mərdlik dayanır. Bütün mərdliklərə formanı o verir, amma özü formasızdı. Mərdlik duyğusunu yaşamaq olar, amma onu xalis şəkildə ifadə eləmək mümkün deyil. Mərdlik duyğusu yalnız mərdlik qanunları və mərdlik sistemləri şəklində ifadə olunur. Ona görə də mərdlik duyğusunu yalnız mərdlik qanunlarında və mərdlik sistemlərində, yəni mərd düşüncələrdə və mərd hərəkətlərdə tutmaq mümkündü, başqa cür, duyğu şəklində o ələgəlməzdi.
Mərdlik qanunlarından və mərdlik sistemlərindən danışmaq elə birbaşa mərdlik duyğusundan, onun xarakterindən, mahiyyətindən danışmaqdı, sadəcə olaraq mərdlik duyğusunu çılpaq şəkildə göstərmək olmur, onu istər-istəməz biçimlərdə göstərməyə məcbursan. 
Mərdlik duyğusu bütün mərdliklərin başlanğıcıdı, o olmasaydı, nə bir mərdlik yaşantısı, nə bir mərd düşüncə, nə də bir mərd hərəkət olardı.
Mərdlik duyğusu insanın ürəyində sərbəstdi. Amma o, insanın beynində və hərəkətlərində qəlibə düşür. Əslində mərdlik – mərdlik qanunu və mərdlik sistemi olmadan da var. Amma onun üzə çıxması üçün ictimai mühit lazımdı.
Bütün başqa mənəvi xüsusiyyətlər kimi, insanın mərdlik duyğusu da uşaqda özbaşına, təkbaşına yox, ayrı adamlarla ünsiyyətdə formalaşıb üzə çıxır. Mərdlik insanda yaranmır, o, sadəcə olaraq üzə çıxır. İnsan doğulandan onda mərdlik üçün baza olsa da, yeni doğulan uşaq gələcəkdə mərd hərəkətlər eləyə bilməkdən ötrü başqa insanlarla ünsiyyətdə böyüməlidi.
Ünsiyyətdə böyüyə-böyüyə insan öz mərdlik hissini tanıyır, dərk eləyir, onda mərdlik anlayışı, mərdlik haqqında düşüncələr formalaşır. Belə adamın hərəkətində mərdliklər hökmən olacaq. Yəni mərdlik duyğusunu tanıyan adam mərdlik qanunlarından və sistemlərindən tam kənarda dayana bilməz. Nə qədər namərd olsa da, yenə onda hansısa mərdliklər olacaq.
Mərdlik insanın mayasındadı. Namərd adamın da mayası mərdliklə yoğrulub, çünki o, anadan mərdlik duyğusuyla doğulub. Mərdlik duyğusu olmayan adam yoxdu.
Mərdlik qanunları və sistemləri də cəmiyyətin mayasındadı. Bunsuz insan qrupu yoxdu. Harda iki adam varsa, orda istər-istəməz mərdlik qanunları və mərdlik sistemləri var, hətta o adamların hər ikisi namərd olsa belə.
Mərdliyin və namərdliyin dərk olunması prosesi tarixi inkişafdadı. Bu dərk insanı avtomatik mərdə çevirmir, amma buna şans yaradır. Bu gün adamlar mərdliyi və namərdliyi yüz il, min il əvvəlkindən yaxşı dərk eləyirlər. Yüz il, min il sonra indikindən də yaxşı dərk eləyəcəklər. Ona görə də bu gün adamların dünənkindən, sabah bugünkündən mərd olmasına imkan var.
İnsanın mərdliyi və namərdliyi dərk eləməsinə ən birinci insanın özünü bəhanələrlə aldatması, ikincisi, bəzi milli (irqi) stereotiplər, üçüncüsü, bəzi dini ənənələr, dördüncüsü, ayrı-ayrı qrupların (kriminal, siyasi, yaradıcı...) bəzi qayda-qanunları və dördüncüsü, bəzi dövlət qanunları mane olur.
Təkcə insan mərdliyi və namərdliyi hiss və dərk eləyir, ona görə də yalnız insan mərdliyin xoşbəxtliyini yaşaya bilir və namərdliyinə görə məsuliyyət daşıyır.
Mərdlik sistemlərində və qanunlarında insanın gələcək ictimai həyatının, gələcək ictimai formasiyaların modelləri yatır. Adamlar bu modellərdən getdikcə daha çox istifadə eləyəcək, onları daha çox tətbiq eləyəcəklər.
Mərdlik modellərinin varlığı və tətbiqi insanın nə vaxtsa dövlətdən can qurtarmasında böyük rol oynayacaq.
Mərdlik duyğusunda Tanrının bir parçası, Tanrı xarakterinin bir xüsusiyyəti yaşayır. O, əbədi, əxlaqlı, məğrur və güclüdü. Ona qalib gəlmək mümkün deyil. Onun tayı-bərabəri yoxdu.
Son söz yerinə
Bir dəfə kənddə dayım məndən soruşdu ki, Haqverdiyevin “Pristav və oğru” hekayəsini oxumusan? Dedim, hə. Orta məktəbdə oxuyurdum, yadımda deyil neçənci sinifdə, uşağıydım, “Pristav və oğru” hekayəsini əzbər bilirdim, deyəsən, onu məktəbdə səhnələşdirmək fikrimiz də vardı, amma dayım hekayəni mənə elə təhlil elədi ki, mən o hekayəyə heç vaxt o gözlə baxmamışdım. Dayım dedi, görürsənmi, pristav nə qədər eləyir, oğru oğurluğunu boynuna almır, pristav oğrunu döydürür, oğru yalandan Allaha, “Quran”a, peyğəmbərə, imamlara and içir, oğurluğu boynuna almır ki almır, amma pristav deyəndə ki, mən ölüm öküzü sən aparmısan, oğru yalandan “sən öl” vurmur, deyir, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam.
Dayım dedi, görürsənmi “sən öl”ün gücünü, adam yalandan “sən öl” vurmaz.
Üstündən illər keçib, bu illər ərzində mən o hekayəni də, dayımın dediklərini də az xatırlamamışam. İllərdi yalandan “sən öl” vuran adamlar görürəm, yadıma “Pristav və oğru”, bir də dayımın bu hekayəyə verdiyi şərh düşür. Hərbi xidmət vaxtı bir əsgərin “Mən nə qədər desən yalandan “sən öl” vura bilərəm, burda nə var ki” deməsini necə heyrətlə qarşıladığımı da yaxşı xatırlayıram.
Bu gün, namərdliyin baş alıb getdiyi bir vaxtda mən yenidən mərdlik misallarına (onlardan biri olan “Pristav və oğru”ya da) qayıtmağa ehtiyac duydum. Aydın məsələdi ki, bunlar hamısı misaldı, özü də bəzisi kiçik misaldı. Allaha min şükür ki, bizim bundan qat-qat böyük mərdlik misallarımız var. Və təəssüf – namərdliyə aid misalımız da az deyil.
Yenə təəssüf ki, bu gün cəmiyyətimizdə namərdlik ön plana keçib. Mərdlik prinsipi Azərbaycanda ən çox pozulan prinsiplərdən birinə çevrilib. Bəlkə də ən çox pozulan prinsipə çevrilib. Mərdlik duyğusuna hər gün xəyanət olunur. Mərdlik qanunları, mərdlik sistemləri hər gün pozulur. Bu gün Azərbaycan cəmiyyətində mərdlik sistemləri xırda zərrəciklər halında yaşayır. Mərdlikdən danışmaq az qala gülməli işə çevrilib.
Bugünkü vəziyyət təxminən ona oxşayır ki, “Pristav və oğru” misalı, daha doğrusu, onun tərs misalı, hamı bir-birinə yalandan “sən öl” vurur, yalandan ”sən öl” vurmayıb cinayətini boynuna alan adamısa tutub içəri basırlar. Bunu deyəndə mən ölkədəki namərdlikləri nəzərdə tuturam. Xaricdən olan namərdliklər də bir ayrı bəladı. 
Azərbaycan xalqı illər uzunu milli dövlətə ehtiyac duyub. İndiki dövlətini – Azərbaycan Respublikasını qurmaq üçün son yüz ildə xalqımız minlərlə övladını qurban verib. Yetmiş il bu dövlət işğal altında olub. Nəhayət, yenə qan bahasına, milli dövlətimiz bərpa olunub. Ancaq indi Azərbaycan xalqı bu dövlətdən, öz dövlətindən qorunmaq üçün özgə dövlətlərdən ədalət umur. Azərbaycanın indiki hakimiyyəti milli dövlətə ehtiyacı olan xalqı xarici dövlətlərə möhtac qoyub.
Azərbaycan hakimiyyəti, Azərbaycan Respublikasını idarə eləyənlər çox namərdliklər eləyirlər. Elə namərdliklər eləyirlər ki, adamın inanmağı gəlmir. İnana bilmirsən ki, bütün bunlar doğrudan da bizim ölkəmizdə baş verir. Siyasət əxlaqa söykənməlidi prinsipi hədsiz zəifləyib. İş o yerə çatıb ki, kişilərin qisasını xanımlardan alırlar. Kişinin qisasını xanımdan almaq – inanmaq olmur ki, bu, Azərbaycanda baş verir. Amma baş verir. Özü də get-gedə daha tez-tez. Bu məsələdə vəziyyət günü-gündən pisləşir və bu o deməkdi ki, vəziyyət bundan da pis ola bilər.
Mən bir kişidən qisas almaq qərarına gələn başqa kişinin qərarının nə dərəcədə əsaslı, nə dərəcədə ədalətli olduğu məsələsini bir qırağa qoyuram. Bəzən heç bu qərarın özü də ədalətli olmur. Amma mən bunu qırağa qoyuram. Söhbət ondan gedir ki, həmin qisası kişinin özündən yox, onun ailəsindən, ailəsinin xanım üzvündən alırlar. Təsəvvür eləyin ki, Azərbaycanda qızının, bacısının yerinə gedib türmədə oturmaq istəyən, lap həbsdən də ağır cəzanı çəkməyə hazır olan adamlar var. İnanmaq olmur ki, bu, Azərbaycanda baş verir. Amma baş verir.
Bizim ölkəmizdə, bizim milli dövlətimizdə cinayət törədib qaçmış kişini üzə çıxmağa məcbur eləmək üçün onun anasının həbs olunması hadisəsi olub. Kişini cəzalandırmaq üçün arvadını tutublar. Kişidən ifadə almaqdan ötrü istintaqda onu bacısıyla hədələyiblər. Hakimiyyətin əleyhinə apardığı siyasi mübarizəsinin cəzasını qızının ehtiyatsızlıqdan törətdiyi qəzanın bağışlanmamasıyla çəkən ata var – indi hər həftə həbsxanaya ayaq döyür. Belə iş olarmı? Belə biabırçılıq, belə namərdlik olarmı?
Hakimiyyətin əleyhinə araşdırma aparır deyə jurnalist xanımın yataq otağına (!) gizli kamera quraşdırırlar. Sonra da o kameraya düşənləri götürüb aləmə yayırlar. Gündə ölkədə bir gizli kamerayla çəkilmiş bir xanım nümayiş olunur, hamısı da kişilərin apardığı davaya görə. Namərdlik xanımları kişilərin qurbanına çevirə biləcək həddə çatıb.
Namərdlik – Azərbaycanda siyasi hakimiyyətin bariz xüsusiyyətlərindən biridi. Siyasi müxalifətə gəlincə, onun namərdi namərddi, deyəsən, mərdi də namərdliyi öyrənmək qərarına gəlib. Hərdən mənə elə gəlir ki, müxalifətdə olan bəzi adamlar hakimiyyətdə olan bir çoxlarından namərd olmağa çalışırlar. Bunun mənəvi baxımdan nöqsan olduğu bir yana, heç praktik baxımdan da real deyil. İnanmıram müxalifət namərdlikdə hakimiyyətə çata bilə. Hər halda, nə qədər ki, müxalifətdədi, çata bilməz, hakimiyyətə gələrsə və gələndən sonra namərdlik eləyərsə, onda bu, başqa məsələ.
Dilimizə gəlmə olan “mərd” sözünün doğma adı “kişi”di. “Kişi” sözünün dilimizdəki bir mənası “mərd” deməkdi. Adam kişi olar – adam mərd olar deməkdi. Belə məqamlarda kişi sözü cinsi mənada qəbul oluna bilməz. Kişi adam – kişi cinsindən olan adam demək deyil, mərd adam deməkdi, ona görə bu mənada işlənəndə xanıma da “kişi adam”, “kişi arvad”, “kişi qadın” demək olur. “Kişi qızı” kimi məşhur ifadəmiz var, bu, “kişinin qızı” demək deyil, “kişinin qızı” ayrı məna verir, kişi qızı – mərd xanım deməkdi.
Ölkəmizdə kişi sözünün, yəni bütöv sözün, mərd sözün meydanı indi çox dardı. Etibarsızlıq yüksək həddədi. Borc verən neçə adam borcunu ala bilmir, sirr verən neçə adam sirrinə arxayın deyil. O qədər adam var ki, başqasının adına kredit götürüb, qaytarmır. Adına kredit götürülən, müəssisə açılan adamlar var, bundan bir qəpik xeyir görməməkləri bir yana, gedib məhkəmələrdə sürünürlər, türmələrə düşürlər.
Namərdlik cəmiyyətimizdə ön planda durub. Amma biz araşdırmalarımızda onu arxa plana atmışıq. “Mərdlik sistemi” adlandırdığım, ürəyimdən keçən bir adı da “Mərdliyin anatomiyası” olan bu yazını mən həm də namərdliyi arxa plandan çıxarıb ön planda araşdırmaq motiviylə yazmışam.
Mən istəyirəm bu yazını oxuyanda cəmiyyətimizdəki namərdliklər də oxucunun gözü qabağına gəlsin. Yazıda o namərdliklərdən misallar gətirilməsə də, onların bu yazının ortaya çıxmasında ciddi rolu olub. Bəlkə demək olar ki, bu yazı elə o hadisələrin təsiri altında yazılıb. Ona görə istərdim “Mərdliyin anatomiyası” kimi nəzərdə tutduğum bu silsiləni oxuyanların yadına cəmiyyətimizdəki namərdliklər də düşsün və hər kəs bilsin ki, o namərdlikdi. Mən demirəm ki, o qanunidi, ya qanunsuzdu. Mən deyirəm ki, o namərdlikdi.
Mən istəyirəm hər kəs bilsin ki, bu, düzgün deyil. Yəni o namərdlikdi və düzgün deyil. Mən namərdliyin üstünü açmağa cəhd göstərirəm. Mən ifşaçıyam. Əlbəttə, mən bu yazıda hər cinayətin yox, hər mənəvi cinayətin də yox, yalnız namərdliyin üstünü açıram.
Mərdliyin duyğularda, şüurlarda və əməllərdə yolu daralıb. Mən mərdliyin yolunu genəltmək istəyirəm.
Mərdlik meyarını dirçəltmək – bu yazının bir motivi budu. Mərdlik onsuz da meyardı, amma o, bizim cəmiyyətimizdə ölgünləşib, solğunlaşıb, onu bir meyar kimi dirçəltməyə ehtiyac var.
Namərdlik hansısa məqamda cəmiyyətin gözünə faydalı görünə də bilər. Amma mərdlik qanunlarının, mərdlik sistemlərinin pozulması cəmiyyətə həqiqi fayda verə bilməz. İlk baxışdan faydalı görünən bəzi namərdliklərə dərindən baxanda onların yalnız ziyanlı olduğunu görmək olar.
Ürəyinin dərinliyində hər kəs yalnız mərdliyi qəbul eləyir – mən buna inanıram. Bütün ürəklər mərdliyi alqışlayır – başqa cür ola bilməz.
Xalqımızın mərdlik haqqında belə bir alqışı da var: Allah mərdi namərdə möhtac eləməsin!
Mərdlik – xeyir, namərdlik – şərdi. Tanrı namərdləri sevməz.
Bizim Tanrımız, xalqımız və ürəyimiz mərdliyin tərəfindədi.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)