vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
16:31 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 1794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Futbolumuzun qumarbazları

AFFA və PFL daş atıb, başını tutdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan futbolunda danışılmış oyunlar həmişə olub. Çempionatın ilk illərində komandalar yalnız «hörmət»ə, «salam-sağ ol»a görə bilərəkdən məğlub olurdular. Yəni hansı komandaya xal lazım idisə, xala ehtiyacı olmayan komanda ilə qarşılaşmada bunu rəqabətsiz əldə edirdi. Sadəcə, klub rəhbərliyinin göstərişi yetərli olurdu və futbolçular meydana çıxmazdan öncə bu oyunda məğlubiyyətə məhkum olduqlarını bilirdilər.

Daha sonralar isə belə məğlubiyyətlərin müqabilində futbolçulara pul da verilirdi. Maliyyə cəhətdən problemi olmayan klub büdcəsi kasad olan komandayla qarşılaşmada xal itirmək perspektivini sığortalamaq üçün «kasıblar»a pul təklif edirdi.

 

UEFA şübhələnmişdi

 

Zaman keçdikcə bukmeker kontorlarına Azərbaycanda da geniş maraq yarandı. Bundan sonra klub rəhbərləri kontorlara pul qoyuluşu etməyə başladılar. Hətta öz komandasının məğlubiyyətinə pul yatıran klub rəhbərlərinin də olduğu bildirilirdi. Onlar bu minvalla komandaya yatırdıqları sərmayəni geri qaytarmış olurdular. Bir neçə il əvvəl, daha dəqiq desək, 2013-cü ildə UEFA AFFA-ya müraciət edərək, Azərbaycan çempionatında danışılmış oyunların olması barədə məlumat verdi. UEFA bəzi qarşılaşmaların nəticələrindən şübhələnmişdi. Məsələ burasındadır ki, nəticəsi sensasiya sayılacaq bu oyunlara külli miqdarda vəsait yatırılmışdı. Azərbaycan çempionatının oyunlarına Avropada istədiyin qədər pul qoyuluşu etmək mümkün deyil. Bununla bağlı limit mövcuddur. Ona görə də, işbazlar Asiyaya - İndoneziyaya üz tutaraq, pul qoyuluşunu orda etmişdilər.

Həmin vaxt mətbuatda verilən məlumatda bildirilirdi ki, UEFA-nın şübhələndiyi oyunlar fəaliyyətini dayandırmış «Bakı» komandasının iştirakı ilə keçirilib. UEFA «Bakı» - «Kəpəz», «Bakı» - «Neftçi», «Bakı» - «Qarabağ» oyunlarının nəticələrindən şübhələnirdi. Bu qarşılaşmaların hamısında «Bakı» qapısından 3 qol buraxaraq, məğlub olmuşdu. Deyilənlərə görə, İndoneziyada «Bakı»nın məğlubiyyətinə və qarşılaşmanın «üst» bitəcəyinə külli miqdarda pul yatırılıb. Ancaq AFFA araşdırma apardıqdan sonra heç bir şübhəli məqamın olmadığını bildirdi.

 

AFFA-ya növbəti xəbərdarlıq

 

Azərbaycan futbolunda danışılmış oyunların olması ilə bağlı söz-söhbət bu gün də davam edir. Özü də daha geniş miqyasda. Təsadüfi deyil ki, bu ilin fevral ayında UEFA-dan AFFA-ya daha bir xəbərdarlıq daxil olub. Avropanın ali futbol qurumu Azərbaycan çempionatında yenə də şübhəli oyunların olduğu barədə məlumat verib. Bunu AFFA-nın hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev mətbuata verdiyi açıqlamada təsdiqləyib. Onun sözlərinə görə, məlumat builki oyunları əhatə edir. Lakin Malıyev araşdırma getdiyi üçün həmin oyunları açıqlamayıb: «Söhbət klubların imicindən, təqsirsizlik prezumpsiyasından gedir. Ola bilər ki, məlumat doğru çıxmasın. Ona görə də, konfidensiallığı qoruyuruq. Hazırda məsələ araşdırılır».

Malıyev şübhəli oyunların araşdırılması zamanı ortaya çıxan çətinliklərdən də danışıb: «Biz hüquq-mühafizə orqanı deyilik, qanunvericilikdə danışılmış oyunlarla bağlı cəzanı nəzərdə tutan maddə yoxdu. Azərbaycan «İdman-mərc oyunlarının manipulyasiyasına dair Avropa Şurası Konvensiyası»na qoşulub. Ümid edirəm ki, müvafiq qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra bu istiqamətdə ciddi irəliləyişə nail olacağıq».

AFFA rəsmisi Premyer Liqadan fərqli olaraq, 1-ci diviziondan şübhəli oyunlarla bağlı UEFA-dan heç bir məlumatın daxil olmadığını vurğulayıb. Lakin o, aşağı liqadakı oyunların nəzarət altında saxlanıldığını söyləyib: «Birinci divizionda şübhəli oyunların olduğunu bilirik. Amma bunları hansısa formada təsdiqləmək imkanlarımız məhduddur. Etiraf edirəm ki, bu istiqamətdə fəaliyyətimiz qənaətbəxş deyil».

AFFA rəsmisinin dediyi kimi, indi əsasən birinci divizionda keçirilən oyunlarda qarşılaşmaların nəticələri əvvəlcədən müəyyənləşdirilir. Xüsusən də, bu işdə «Şərursop», «Göyəzən» və «Bakılı» komandalarının adları hallanır. Bu komandaların iştirakı ilə keçirilən və böyük şübhə doğuran qarşılaşmalardan müəyyən epizodları oxuculara təqdim edəcəyik.

 

«Şərurspor», «Göyəzən», «Bakılı»...

 

Ötən mövsüm «Şərurspor»un Qazaxın «Göyəzən» komandası ilə keçirdiyi oyun böyük səs-küyə səbəb oldu. «Göyəzən» çempionatın aşkar autsayderidi. Bu komandaların Qazaxda keçirilən ilk görüşündə «Şərurspor» 5:0 hesabı ilə qalib gəlmişdi. Ancaq Bakıda baş tutan təkrar qarşılaşmada isə «Şərurspor» gözlənilmədən rəqibinə böyük hesabla məğlub oldu - 0:3. Özü də Qazax klubu azlıqda qalmışdı.

Ötən mövsüm böyük söz-söhbətə səbəb olan oyunlardan biri də «Bakılı» - «Göyəzən» oyunu oldu. Qarşılaşmadan öncə «futbolinfo.az» saytı belə bir məlumat yaydı: «Oyunun nəticəsi əvvəlcədən müəyyənləşdirilib. İlk hissədə «Göyəzən» qalib gələcək, ikinci hissədə isə «Bakılı» 2 qol vuracaq». Saytın yazdığı təsdiqini tapdı. Oyunlara pul qoyuluşu edənlər yaxşı bilir ki, bukmeker kontorları ilk hissədə qonaq komandanın, amma son nəticədə ev sahiblərinin qalib gəlməsinə böyük əmsal açıqlayırlar. «Bakılı» - «Göyəzən» oyunu də məhz böyük əmsala uyğun ssenariylə yekunlaşdı.

 

PFL danışılmış oyunlarda maraqlıdır?

 

Fikir verirsiz ki, hər iki qarşılaşmada Qazax klubunun iştirakı var. Ümumiyyətlə, birinci divizionda bütün klublar AFFA-dan maliyyələşir. Onların hər birinə illik 150-250 min manat arası vəsait ayrılır. Hər kəsin gözünün qarşısında alverin baş verməsinə baxmayaraq, AFFA rəhbərliyi hər dəfə Azərbaycan çempionatında danışılmış oyunların olmadığını bildirir. Bu da müəyyən söz-söhbətə rəvac verir. Futbol kluarlarında gəzən söz-söhbətə görə, danışılmış oyunların olmasında elə AFFA, PFL rəhbərliyi maraqlıdı. Belə oyunları onların özlərinin planlaşdırdıqları deyilir. Xüsusən də, bu məsələdə Feşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adı hallanır. Birinci divizionda iştirak edən klubların maliyyə vəsaiti Musayevin kassası vasitəsiylə ödənilir. Söz-söhbətə görə, Musayev danışılmış oyun olduqda, komandaların futbolçularına tapşırıq verir ki, həmin qarşılaşmaya pul qoyuluşu etsinlər. Pul qoyuluşu üçün Gürcüstandakı kontorlardan yararlanırlar. Çünki Azərbaycanda fəaliyyət göstərən «Topaz» danışılmış oyunlardan xəbərdar olduğu üçün həmin qarşılaşmalara pul qoyuluşu qəbul etmir. Adını çəkdiyimiz oyunlara da «Topaz» pul qəbul etməmişdi. Gürcüstanda isə Azərbaycanın birinci divizionunun oyunlarına 300 dollara qədər vəsait qəbul edilir. Hər bir futbolçu pul qoyuluşu edir və yaxşı qazanc götürür. Bu da olur onların məvacibi. Məlumata görə, Ramin Musayev komandalara AFFA tərəfindən ayrılan vəsaiti kassasından çıxarmır. Futbolçuların məvacibi danışılmış oyunlardan gələn gəlirlə sığortalanır.

Danışılmış oyunlarda adı ən çox hallanan klublardan biri də «Şərurspor»du. Bu klubun prezidenti Sərdar Bağırov «Futbol+» qəzetinin 11 noyabr tarixli sayında məsələylə bağlı geniş müsahibə verib. Klub prezidenti komandası ilə bağlı yayılan məlumatı təkzib edib. Ancaq 17 il futbol oyunlarına pul yatırdığını da etiraf edib. O, Azərbaycanda 70-80 faiz insanın bu işlə məşğul olduğunu da deyib: «Sizinlə açıq danışmaq istəyirəm. Mən «stavka»nın nə olduğunu yaxşı bilirəm. Kimsə sizə deyirsə ki, mənim belə işlərdən xəbərim yoxdu, yalan deyir. Azərbaycanın 70-80 faizi bu işlə məşğuldu. Pul qazanmaq istəsəydim, «Səbail», «Turan Tovuz»la oyunları elə hesabla uduzardım ki, bundan da qazanardım. Mən 17 il futbol oyunlarına pul qoymuşam. Kim deyirsə ki, həyatım boyunca qumar oynamamışam, yalan deyir. Bu işlə məşğul olanlar yaxşı bilir ki, Azərbaycanın birinci divizionuna maksimum pul qoyuluşu 170-300 dollar aralığındadır. Mənim belə pula ehtiyacım yoxdur».

 

AFFA-ya bir xəbərdarlıq da bizdən

 

Azərbaycanda təkcə «Topaz» Premyer Liqa və birinci divizionun oyunları qumara qoyulmur. Elə AFFA-nın özünün təşkil etdiyi U-19 liqasında da yaxşıca «alver» gedir. Bu liqada da «Şərurspor» «at oynadır». Oyunları qumara qoyan komanda kimi «Şərurspor»un və «Vətən»in adı keçir. Konkret, bizə bu barədə müraciət edən oxucumuzun yazdıqlarını olduğu kimi təqdim edirik: «Kontorlar bizim U-19 liqasının oyunlarına pul qoyuluşu götürürlər. «Vətən» adlı komanda var orda. Onun oyunlarına böyük pullar qoyulur. Böyük əmsallı nəticəyə. Pulları futbolçular və yaxınları qoyur. Keçən dəfə «Vətən» - «Neftçi» oyununda ilk hissədə «Vətən»in qalib gələcəyinə o qədər böyük pul vurulmuşdu ki, «bet365» kontoru oyundan imtina etdi. Əmsal 4.75-dən 1.90-a düşmüşdü. Futbolçular çıxıb nəticəni müəyyənləşdirirlər».

 

AFFA rəsmisi: «Bu fikirlər tamamilə şər, böhtandır»

 

Məsələylə bağlı AFFA-nın da mövqeyini öyrənmək istədik. AFFA-nın hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev Komanda.az-a bunları dedi:

 

- Birinci divizionda oyun alqı-satqısıyla bağlı söz-söhbətlər səngimək bilmir. Hətta AFFA və PFL-in futbolçulara oyun alqı-satqısında iştiraka icazə verdiyi, onların öz maaşlarını bu üsulla götürmələri barədə göstəriş verdiyi deyilir...

- Bu, çox cəfəng bir fikirdir. Məncə, futbol təsərrüfatından kimsə belə fikir bildirə bilməz. Bu fikirlər tamamilə şər, böhtandı. Düzdü, birinci divizionla bağlı müəyyən şübhələr var. Bununla bağlı tədbirlər görülməlidir.

 

- İndiyə kimi bu məsələylə bağlı hansısa tədbir görülüb?

- Bu günə kimi bu məsələylə bağlı təsdiq olunmuş bir halla üzləşməmişik. Yəqin xəbəriniz var, Milli Məclisdə bu məsələylə bağlı qanun layihəsi qəbul olunub. Prezidentin imzasından sonra bu qanun qüvvəyə minəcək. Ondan sonra bu cür hallarla mübarizə aparmaq daha rahat olacaq.

 

PFL rəsmisi: «Ramin Musayev də tam şəkildə tərəfdarıdı ki...»

 

Peşəkar Futbol Liqasına da məsələylə bağlı sorğu göndərdik. Sorğuda yer alan «Birinci divizionda oyunların qumara qoyulması ilə bağlı söz-söhbət səngimir. Bizdə olan məlumata görə, oyunlara Ramin Musayev də pul qoyuluşu edir və bunu Gürcüstandakı qohumları vasitəsilə həyata keçirir. Məhz buna görə, danışılmış oyunlarla bağlı heç bir araşdırma həyata keçirilmir» fikirlərinə PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev cavab olaraq bunları bildirdi:

«Sorğunuzu aldım, oxudum və güldüm. Çünki Ramin Musayevin pul qoyuluşundan anlayışı belə yoxdu. Belə olan halda, oyunlara hansısa pul qoyuluşu etməsi mümkün deyil. Sizdə olan məlumat isə şər, böhtan, cəfəngiyyatdan başqa bir şey deyil. Ola bilər ki, məlumatı sizə ötürən adam bu cəfəngiyyatın ictimailəşməsi üçün hansısa məqsəd güdür.

Şübhəli oyunların araşdırılması ilə bağlı federasiyada lazımi qurum var və bununla məşğul olur. Ramin Musayev də tam şəkildə tərəfdarıdı ki, əgər danışılmış, qumara qoyulmuş, nəticəsi əvvəlcədən razılaşdırılmış oyun varsa, tez bir zamanda müəyyənləşdirilsin və bu işlə məşğul olan şəxslər kimliyindən asılı olmayaraq, ciddi cəzalandırılsın.

Məlumat üçün xatırladım ki, İcraiyyə Komitəsinin son iclasında bu məsələ gündəmdə olub və aşağıdakı qərar verilib:

«Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun». Yəni sizin vurğuladığınız kimi, «heç bir araşdırma həyata keçirilmir» yox, əksinə, bu iş tam üst səviyyədə diqqət mərkəzindədi və araşdırılır».

 

İllərdi deyilən yalanlar: «Araşdırırıq, nəzarət edirik»

 

İstər Rəmiş Malıyevin, istərsə də Aslan Şahgəldiyevin dedikləri illərdi söylənilən fikirlərin təkrarıdır. İllərdi həm AFFA, həm də PFL «araşdırırıq, nəzarət edirik» deyir. Və bu dedikləri söz olaraq da qalır. Amma bu günədək mətbuat dəfələrlə oyunların qumara qoyulması haqda faktları təqdim edib. İllər əvvəl Tovuzda keçirilən «Turan» - «Neftçi» oyunundan tutmuş, illər sonra keçirilən «Bakılı» - «Göyəzən» oyununa kimi. Mətbuat oyun başlamamış, ya da matç başlayan kimi «bu oyunda ilk hissədə bu qədər qol vurulacaq, oyun bu hesabla bitəcək» yazırsa və görüş deyildiyi kimi də başa çatırsa, bundan böyük fakt varmı? Yoxsa AFFA, PFL rəhbərliyində oturanlar elə bilir ki, Azərbaycanın idman mətbuatında çalışanlar jurnalistlər yox, falçılardı? Biz falçı deyilik. Sadəcə, faktları, nöqsanları görür və yazırıq. Bu faktlar, nöqsanlar sizə sərf etmirsə, o başqa məsələ, hörmətli AFFA, PFL rəsmiləri. İllərdi yalan danışırsız, mətbuatı da, futbol ictimaiyyətini də aldatmağa, barmağınıza sarımağa çalışırsız. Amma bir gün Azərbaycan futbolundakı «alver», qumar başınızı elə ağrıdacaq ki, başınıza sarımağa sarğı da tapa bilməyəcəksiz. Bizdən deməsi... (Komanda.az)