vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
12:26 | 20 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2397 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arxadan vurulan güllə...

Sui-qəsdə məruz qalan dördüncü rus səfiri Karlov güllələndə, Putin ilk qurban Qriboyedovun «Ağıldan bəla» komediyasına baxmağa gedirdi

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi belə görünür ki, çoxsaylı suallar yaradan müəmmalı sui-qəsd kimi tarixə düşəcək. Hələlik sui-qəsdçi polis zabitinin motivləri və onun hansı təşkilata bağlı olması, sifarişi kimdən aldığı barədə mötəbər məlumatlar yoxdur. Lakin burası dəqiqdir ki, səfiri bir addımlığına qədər yaxınlaşıb arxadan güllələyən 22 yaşlı Mete Mert Altıntaş Türkiyə KİV-lərinin hadisədən dərhal sonra ortaya atdıqları iddiaların əksinə olaraq 15 iyul hərbi çevriliş cəhdindən sonra «polisdən qovulmuş FETÖ-çu» deyil.

O, Ankara çevik qüvvət polisində həqiqi xidmətdə olan polis olub və son məlumatlara görə dekabrın 15-dən icazə alaraq işdən bir neçə günlüyə ayrılıb. Altıntaş səfirə sui-qəsd həyata keçirdiyi Müasir İncəsənət Mərkəzi binasının düz arxasında yerləşən oteldə otaq kirayələyib və ehtimala görə sui-qəsd hazırlığını da orada görüb. Tədbir başlayanda polis əməkdaşı Altıntaş mülki geyimdə, kostyumda və qalstukda həmin məkana yollanıb və planını həyata keçirib.

Əgər hadisədən dərhal sonra Türkiyə KİV-ləri sui-qəsdçinin FETÖ-çu olduğunu əminliklə bildirsələr də hazırda bu, hakimiyyətyönlü medianın səhifələrində əsasən köşə yazarlarının versiyası kimi səslənir. Başqa sözlə, Mete Mert Altıntaşın hansı terror təşkilatına bağlı olduğu haqda hələlik sübutlar, tutarlı dəlillər ortada yoxdur. Doğrudur, Altıntaş səfiri güllələyərkən «Allahü Əkbər!» qışqırıb və «Hələbin qisasını aldığını» deyib. Bu baxımdan onun hansısa radikal dini terror təşkilatına, yaxud İŞİD-ə bağlı olduğu ehtimal edilə bilər. Hərçənd istisna deyil ki, sui-qəsdçi polis izi azdırmaq üçün də belə şüarlar irəli sürə bilərdi.

Lakin indidən aydındır ki, bu sui-qəsdə görə qatil və onunla əlbir olanlarla yanaşı Türkiyənin polisi və xüsusi xidmət orqanları da ciddi məsuliyyət daşıyır. Birincisi, diplomatik xidmət haqda beynəlxalq konvensiyalara görə səfir Karlovun təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət tamamilə ev sahibinin, yəni Türkiyənin üzərindədir. Digər tərəfdən hadisənin necə baş verməsinin özü ciddi suallara yol açır.

Belə məlum olur ki, Altıntaş səfirin çıxış etdiyi Müasir İncəsənət Mərkəzinə özünün polis vəsiqəsini təqdim edərək daxil olub. Bəs o zaman tədbirin təhlükəsizliyinə cavabdeh olanlar hara baxırdı? Mülki geyimli polis əgər səfirin və onun iştirak etdiyi tədbirin təhlükəsizliyini təmin etmək üçün ayrılmayıbsa içəri maneəsiz, özü də silahla necə daxil ola bilərdi? Özü də Türkiyədə az qala hər gün qanlı terror aktlarının baş verdiyi, çoxsaylı terror təşkilatlarının sağdan sola, soldan sağa meydan suladığı ölkədə.

Nədən tədbirin və səfirin təhlükəsizliyinə cavabdeh olan məsul şəxs polis vəsiqəsini göstərib içəri daxil olmaq istəyən mülki geyimli polis məmuru barədə öz rəisinə məruzə etməyib? Yaxud edibsə onu içəri buraxmaq göstərişi verilibmi? Ümumiyyətlə, Altıntaş özü təsadüfən həmin tədbirin təhlükəsizliyini təmin etmək üçün ayrılan polis komandasının üzvü olmayıb ki?

Necə olub ki, mülki geyimli şəxs səfir Karlovun bir addımlığına qədər yaxınlaşıb və dayanıb gözləyib, diplomat çıxışa başlayan kimi ona atəş açmaq imkanı əldə edib? Bu zaman səfirin şəxsi cangüdənləri harada idilər?

Hazırda Rusiya Yaxın Şərq bataqlığına girib və Suriyada Bəşər Əsədin rejimi naminə il yarımdır müharibə aparır, aylarla davam edən amansız bombardmandan sonra Rusiya İranla birlikdə Hələbi üsyançılardan, «Əl-Nüsra» terrorçularından təmizləməyə nail olub. Deməli, Rusiyanın Ankaradakı səfirinin təhlükəsizliyinin daha güclü təmin olunmasını dərk etmək üçün dərin analitik təfəkkürə malik olmağa ehtiyac yox idi. Lakin belə görünür ki, heç bir təhlükəsizlik tədbirləri görülməyib, yaxud olduqca aşağı səviyyəli, qeyri-peşəkar qorumadan söhbət gedir.

Digər tərəfdən Türkiyənin təhlükəsizlik qüvvələrinin hadisədən sonra sui-qəsdçi polisi sağ yaxalamaq şansı var idi. Kadrlardan görünür ki, Altıntaş səfirə iki güllə vurduqdan sonra tapançadakı qalan güllələri xaotik şəkildə tavana və zala boşaldır. Bu zaman bir nəfərin güllə yarası aldığı haqda xəbərlər var. Başqa sözlə, sui-qəsdçi silahını boşaldır və çoxsaylı xüsusi təyinatlılar üçün qapalı zalda onu sağ yaxalamaq, beləliklə də istintaqın işini asanlaşdırmaq baxımından imkanları yox deyildi. Ancaq hadisədən təxminən 15 dəqiqə sonra Müasir İncəsənət Mərkəzinə gələn xüsusi təyinatlılar içəri daxil olaraq Altıntaşı güllələyiblər. Beləliklə də onun sifarişi kimdən aldığı, hansı motivlə səfiri öldürdüyü və digər bu kimi sualları istintaq onun özünə verə bilməyəcək. Deməli, hadisənin motivi, kimlər tərəfindən hansı məqsədlə təşkil edildiyi barədə suallara da dəqiq cavablar tapmaq çətin olacaq.

Ümumiyyətlə, bu hadisə Türkiyə Milli İstihbarat Təşkilatının ölkədə terrora qarşı fəaliyyətini bir daha sual altına alır. Ölkədə daha nə qədər terror aktları baş verməlidir ki, MİT-in yaxşı işləmədiyini nəhayət başa düşəsən? Bu struktur çoxdan siyasiləşib və belə görünür ki, peşəkarlıq səviyyəsi kəskin aşağı düşüb. Terrora qarşı mübarizəni hər dəfə terror hücumlarından sonra küçələrdə nümayiş keçirib terrorçulara lənət yağdırmaqla deyil, xüsusi xidmət və təhlükəsizlik strukturlarının gərgin, peşəkar işi sayəsində aparmaq lazımdır.

Hələlik görünən odur ki, Rusiya tərəfi bu sui-qəsdin Türkiyə ilə təzəcə düzələn münasibətləri korlamağa yönəldiyini təxmin edərək məsələyə təmkinli reaksiya verir. Hadisənin Türkiyə ilə münasibətlərin yenidən pozulmasına səbəb olmayacağını bildirir. Lakin Rusiya FTX-nin müstəntiqləri də hadisəni araşdırmaq üçün Türkiyəyə ezam ediliblər və görünür onlar yuxarıdakı suallara cavab tapmağa çalışacaqlar.

Andrey Karlov isə Rusiyanın tarixində xidmət başında öldürülən dördüncü diplomatıdır. İlk sui-qəsdə qurban gedən məşhur şair-diplomat Aleksandr Qriboyedov olub. Fanatiklərdən ibarət kütlə Çar Rusiyasının Tehrandakı səfirliyinə hücum edərək onu xəncərlə doğramışdı. Bu hadisə az qala Rusiya ilə İran arasında müharibəyə səbəb olacaqdı. Ancaq müharibə heç bir tərəfə lazım deyildi (necə ki, indi Ankaraya və Moskvaya lazım deyil) və İran şahı rus imperatoruna 88.7 karatlıq brilyant bağışlayaraq hadisəni kompensasiya edə bildi.

İndi taleyin ironiyasına bax ki, səfir Karlov güllələndə Rusiya «çarı» Vladimir Putin Qriboyedovun məşhur «Ağıldan bəla» komediyasına baxmağa gedirdi. Ancaq qəfil xəbərdən sonra o, tamaşaya baxmağa getməyib və Kremlə qayıdaraq XİN-in, xüsusi xidmət orqanlarının rəhbərlərini təcili müşavirəyə çağırıb...