vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
19:55 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O günü səbirsizliklə gözləyirik»

Cocuq Mərcanlı sakini: «Prezidentin imzaladığı son sərəncam ümidlərimizi doğrultdu»

Rufik İSMAYILOV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən Füzuli rayonları ilə həmsərhəddir. Bu rayon 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Beləliklə də cəbrayıllılar məcburi köçkünə çevrilərək Azərbaycanın 58 rayonunun 2 minə qədər yaşayış məntəqəsində məskunlaşıblar. İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, o cümlədən Cocuq Mərcanlı kəndi də düşmən hərbçilərinin vandalizm hərəkətlərinə məruz qalıb. Kənddəki evlər, məktəblər, tibb məntəqələri, maddi-mədəniyyət abidələri, həmçinin müxtəlif məqsədlər üçün insanlara xidmət edən obyektlər talan edilib, dağıdılıb. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu Horadiz əməliyyatı zamanı erməni silahlı birləşmələri Füzuli və Cəbrayıl rayonlarının bəzi yaşayış məntəqələrindən çıxarılıb.


50 fərdi yaşayış evinin tikilməsi üçün 4 milyon manat


Düşmən tapdağından azad edilən belə kəndlərdən biri də Cocuq Mərcanlı kəndi olub. İşğaldan azad olunmasına baxmayaraq, Ermənistan silahlı birləşmələri yaxınlıqdakı yüksəkliklərdə mövqe tutduqlarından rayon mərkəzindən 35 kilometr cənub-şərqdə yerləşən, Araz çayına yaxın olan Cocuq Mərcanlıda yaşayışı bərpa etmək mümkün olmayıb. Kənd ərazisi mütəmadi olaraq düşmən atəşinə, mərmi yağışına məruz qalıb. Lakin 2016-cı il aprelin 2-də Azərbaycan ordusunun ön xətdə olan birləşmələri erməni təxribatının qarşısını alarkən, əks hücuma keçib, düşmənə sarsıdıcı zərbə vurub, bir sıra ərazilərə, o cümlədən Lələ Təpə kimi bəzi yüksəkliklərə nəzarəti təkrar bərpa edib. Yalnız bu əməliyyatdan sonra Cocuq Mərcanlı kəndi də təhlükəsiz əraziyə çevirib. Aprel döyüşlərinin bir ili tamam olmamış Prezident İlham Əliyev «İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında» sərəncam imzalayıb. Azərbaycan xalqının öz torpağına bağlılığını, Prezidentin öz vətəndaşlarına verdiyi vədləri əməldə də icra etməsini bir daha əyani nümayiş etdirən bu sərəncamla Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına ilkin mərhələdə 50 fərdi yaşayış evinin tikilməsi üçün 4 milyon manat ayrılıb. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına təkrar qayıtması üçün Cocuq Mərcanlıda əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Dövlət başçısı tərəfindən yanvarın 24-də imzalanan bu sərəncamlar hər bir Azərbaycan vətəndaşı, eyni zamanda cəbrayıllılar, xüsusən də Cocuq Mərcanlı kəndinin sakinləri tərəfindən rəğbətlə qarşılanıb. 

1944-cü il iyul ayının 1-də həmin kənddə anadan olan, uzun müddət bu yaşayış məntəqəsində pedaqoji fəaliyyətlə məşğul olan Məhəmməd Misirov da belə sakinlərdən biridir. O, bizimlə söhbətində doğma kəndinin keçmişi, tarixi, əhalinin yaşayış səviyyəsi, şəraiti barədə xatirələrini bölüşdü. Qeyd etdi ki, işğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edib. Həmsöhbətimizin sözlərinə görə, işğala qədərki son illərdə ümumilikdə rayonda 60 min tondan yuxarı üzüm istehsal olunub. Buna görə də Cəbrayıl rayonunda sovetlər birliyi dövründən başlayaraq, üzümün ilkin emalı üçün zavod, həmçinin tikiş, xalça, cihazqayırma sexləri, müxtəlif sənaye obyektləri yaradılıb.


Evlərin daşı daş üstə qalmamışdı


M.Misirov rayon camaatının, o cümlədən Cocuq Mərcanlı sakinlərinin də yaradılmış bu şəraitdən bəhrələndiyini, əziyyətə qatlaşaraq öz halal ruzilərini qazandıqlarını söylədi. Bildirdi ki, doğulub boya-başa çatdığı kəndin sakinləri də əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, baramaçılıqla məşğul olublar: «Mən gözümü bu kənddə açmışam. Nəinki mən, eləcə də babam, ulu babalarım da bu kənddə anadan olub, burada yaşayıblar. Yəni, köklü-budaqlı Cocuq Mərcanlı sakiniyik. Bizim kənddə insanların yaxşı yaşaması üçün hər cür şərait yaradılmışdı. Hamı işləyir, ailəsini dolandırırdı. Şəxsən mən təsərrüfatla yanaşı, kənd orta məktəbində müəllim kimi də çalışır, rus dili fənnini tədris edirdim. Bir sözlə, dolanışıq, insanların əhval-ruhiyyəsi yaxşı idi. Azərbaycan müstəqillik qazanandan sonra da kənd sakinləri ənənəvi sahələrdə çalışıb, ruzisini əldə edirdilər. Lakin 1993-cü ildə kəndimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı illərlə böyük zəhmət hesabına Cocuq Mərcanlıda qurulub yaradılan hər şeyi məhv etdi. Hamımız ev-eşiyimizdən, iş-gücümüzdən məhrum olduq, məcburi köçkünə çevrildik, min bir əziyyətlə qarşılaşdıq. Düzdür, ordumuz 1994-cü ildə bizim kəndi işğaldan azat etdi, amma düşmən oranı elə hala salmışdı ki, Cocuq Mərcanlıda yaşamaq qeyri-mümkün idi. Evlərin daşı daş üstə qalmamışdı. Ermənilər yüksəkliklərdən daim kəndi atəşə tuturdu. Hər an kimsə həlak ola, düşmən gülləsinə tuş gələ bilərdi. Buna görə də kəndimizə qayıda bilmədik. Hərə bir tərəfdə ağır şəraitdə yaşamalı oldu. Sonradan Azərbaycan Prezidentinin dəstəyi ilə məcburi köçkünlərin, eləcə də biz cəbrayıllıların yaşaması üçün şəhərcik salındı. Həmin vaxt insanların şəraiti, yaşayışı yaxşılaşdı. Amma heç bir yer insana öz Vətəni, kəndi, el-obası, torpağı kimi yaxın olmur. Ümid edirdik ki, nə vaxtsa öz rayonumuza, doğma torpağımıza qayıtmaq imkanı olacaq. Ötən ilin aprel ayında ordumuzun uğurlu hərbi əməliyyat keçirməsi, ardınca da prezidentimizin Cocuq Mərcanlı kəndinin bərpası barədə imzaladığı son sərəncam bizim ümidlərimizi doğrultdu».


Əsl erməni vandalizmini müşahidə etmək mümkün idi


M.Misirov bizimlə söhbətində onu da əlavə etdi ki, hələ 2016-cı ilin dekabr ayında doğma kəndi Cocuq Mərcanlıya baş çəkib, evini bərpa etmək barədə düşünüb: «Aprel döyüşlərindən dərhal sonra kəndimizə getmək istəsəm də, bildirdilər ki, ərazi hələ də təhlükəlidir. Düşmən mina basdırıb gedə bilər və sair. Mən də səbir və təmkinlə gözlədim. Keçən ilin dekabr ayında uzun ayrılıqdan sonra təkrar kəndimizə getdim. Gördüklərim məni dəhşətə gətirdi. Bu yaşayış məntəqəsinin timsalında əsl erməni vandalizmini müşahidə etmək mümkün idi. Kəndi o qədər tanınmaz hala salmışdılar ki, hətta mən öz evimizi güc-bəla ilə tapdım. İkimərtəbəli evdən əsər-əlamət qalmamışdı. Hər yan dağıntı, daş-torpaq yığını idi. Birtəhər evimizin hansı olduğunu yəqin etdim, geri döndüm. İndi prezidentimiz sərəncam imzalayıb, kənddə bərpa işlərinə başlayacaqlar. Buna ən çox sevinənlərdən, kəndə qayıtmaq üçün ərizə ilə müraciət edənlərdən biri də mənəm. Öz evimə, el-obama, kəndimizə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Ömür vəfa etsə, bu arzuma çatacağam».

  

Cocuq Mərcanlı kənd icra nümayəndəsi: «200 evin inşası planlaşdırılıb»


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov isə bizimlə söhbətində bildirdi ki, işğala qədər bu yaşayış məntəqəsinin ümumi ərazisi 1605 hektar olub. O, işğala qədər Cocuq Mərcanlıda 283 ev təsərrüfatın mövcud olduğunu, 1075 nəfərin kənddə yaşadığını söylədi. İcra nümayəndəsi dedi ki, Ermənistan işğalı zamanı kənddəki bütün təsərrüfat, infrastruktur, evlər, məktəb, kitabxana, poçt binası və sair obyektlər tamamilə dağıdılıb. X.Zeynalov hazırda Cocuq Mərcanlıda ANAMA təşkilatının ərazini minalardan təmizlədiyini diqqətə çatdıraraq qeyd etdi ki, bu proses tam başa çatandan sonra kənddə bərpa işlərinə başlanılacaq, yeni evlər, məktəb binası, tibb məntəqəsi və sair zəruri obyektlər tikiləcək, əhalinin yaşaması və çalışması üçün infrastruktur yaradılacaq.

X.Zeynalovun sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq, Cocuq Mərcanlıda əvvəlcə 50 evin bərpası nəzərdə tutulsa da, kənd sakinlərinin nümayəndəliyə ünvanladığı 240-a yaxın ərizə və müraciət nəzərə alınaraq, 200 evin inşası planlaşdırılıb: «İşğala qədər bu kənd sakinləri üzümçülük, taxılçılıq, baramaçılıq və heyvandarlıqla məşğul olub, dolanışıq əldə ediblər. Amma işğal faktı bütün bunları dağıtdı. 1994-cü ildə kənd işğaldan azad ediləndən sonra orada yaşamaq olduqca təhlükəli idi. Bu səbəbdən yalnız bir ailə bütün təhlükələri gözə alıb Cocuq Mərcanlıya qayıtmışdı. Həmin ailə ənənəvi maldarlıq, heyvandarlıqla məşğul olub, çətinliklərə sinə gərərək yaşayırdı. Lələ Təpə yüksəkliyi ordumuzun nəzarətinə keçəndən sonra kəndi, burada yaşayacaq insanları gözləyən təhlükə də aradan qalxmış oldu. İndi demək olar ki, bütün Cocuq Mərcanlı camaatı öz kəndinə qayıtmaq istəyir. Allah prezidentimizə uzun ömür, can sağlığı versin. Bu günlərdə kəndin bərpası ilə bağlı onun imzaladığı sərəncam bir daha bizlərə olan diqqət və qayğını əyani şəkildə göstərir. Bütün kənd sakinlərimiz sevinir, öz evlərinə dönəcəkləri günü gözləyirlər».

Biz də Cocuq Mərcanlı kənd sakinlərinin sevincinə şərik oluruq. Şübhə etmirik ki, Prezident İlham Əliyevin yanvar ayının 24-də imzaladığı sərəncamdan irəli gələn bütün tədbirlər ən qısa zamanda həyata keçiriləcək, Cocuq Mərcanlının bərpası işğal altındakı bütün torpaqlarımıza, o cümlədən Dağlıq Qarabağa «Böyük qayıdış»ın başlanğıcı olacaqdır.