«Bizi hədələyirlər ki, buradan çıxın»
Bakıda 7 mərtəbəli binanın sakinlərini hədələyib evlərini dağıdırlar
Gülnar ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Abadlıq» aşiqlərinin ağac genosidi
Nəsimi rayonunun sabiq icra başçısının qohumu 4-cü mikrorayonun «dərisini soyur»
-
Bakıda hər an uça biləcək uşaq bağçası
Həm qaçqınlar yaşayır, həm körpələr...
-
Ağacları sulfat turşusuyla məhv edirlər
Bakıda 9 şam, 1 qarağat ağacının dibinə sulfat turşusu töküldüyü müəyyən edilib
-
Birinci xanım vandallığa qarşı çıxdı
Mehriban Əliyeva ağacların kəsilməsini durdurmaq üçün hərəkətə keçdi
-
Üstü bəzək, altı qara - Niaqara
Məşhur restoranın qidalarında bağırsaq çöpləri tapılıb
-
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69 ünvanında yaşayan 7 mərtəbəli binanın sakinləri mənzil dələduzluğunun növbəti qurbanı ola bilərlər. Sakinlərə məxsus 1970-ci ildə tikilmiş kooperativ bina «Pilot İnşaat-A» şirkəti tərəfindən qanunsuz olaraq sökülür. Söküntü ilə bağlı əlində heç bir qanuni əsas olmayan şirkət sakinlərə evlərini tərk etməklə bağlı müqavilə imzalatmaq üçün hədə-qorxu gəlir. Bu şikayətlə virtualaz.org-un redaksiyasına həmin binada yaşayan sakinləri müraciət ediblər.
Sakinlərin sözlərinə görə, təxminən bir ay əvvəl hansısa «Pilot İnşaat–A» MMC onlara yaşayış yerlərini tərk etmək üçün bildiriş göndərib.
Həmin bildirişdə deyilir ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il 86 saylı qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Bakı şəhərinin abadlaşdırılması məqsədilə sakinlərin yaşadığı bina söküləcək.
Nazirlər Kabinetinin hüquq şöbəsində nə deyiblər
«Bildirişdə qeyd olunurdu ki, evimizin sökülməsinə razılıq vermək üçün şirkətin yerləşdiyi ünvana gəlib müqavilə bağlamalıyıq. Onlar bizə Nazirlər Kabinetinin istinad etdikləri qərarını təqdim etmədilər, lakin biz araşdırdıq və məlum oldu ki, həmin qərarda ümumi sözlər yazılıb və konkret bizim yaşadığımız ünvanla bağlı heç nə göstərilmir. Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamında da bizimlə bağlı heç nə qeyd olunmur.
Biz Nazirlər Kabinetinə həm ərizə ilə müraciət etdik, həm də 15-ə yaxın sakin Nazirlər Kabinetinin hüquq şöbəsinin rəisi Həqiqət İsmayılovanın qəbulunda olduq. O, bizə bildirdi ki, qanunla sizin bina sökülə bilməz, çünki adı Nazirlər Kabinetinin qərarı ilə Bakıda söküntüsü nəzərdə tutulan binaların sırasında yoxdur. Üstəlik, həmin şirkətlə bağlı Nazirlər Kabinetinə heç nə məlum deyil. Həqiqət xanım bizə dedi ki, bundan əvvəl 37 mənzildən ibarət binada da başqa bir şirkət eyni fırıldağı edib. Sakinləri köçürüb, binanı tikib satıblar və aradan çıxıblar. İndi bizi də onların aqibəti gözləyir», - deyə şikayətçi Aydın Abbasov bildirir.
«Bizi hədələyirlər ki, əl-qolu bağlı gətirib imzaladarıq»
Sakinlər bildirirlər ki, yaşadıqları «Dadaşov adına MTK»nın hər daşına pul veriblər. Bu bina onların zəhmətləri hesabına tikilib və liftlə də təmin olunub. Hazırda yaşamaq üçün bütün tələblərə cavab verən binada sakinlərin mənzil şəraitini yaxşılaşdırmağa heç bir ehtiyac yoxdur: «Bizi hədələyirlər ki, buradan çıxın. Yaşlı sakinlərə zəng edib deyirlər ki, gəlin imzalayın, yoxsa əl-qolu bağlı şəkildə sizi gətirib imzaladarıq. Deyirlər, evinizin özülünü elə hala salarıq ki, özünüz köçüb gedərsiniz. Bununla bağlı bir çox orqanlara, o cümlədən, prokurorluğa müraciət etmişik. Prokurorluqdan bizə məsələnin araşdırıldığını deyiblər.
Digər sakin Heydər Aslanov deyir ki, MMC rəhbərliyi sakinlərə psixoloji təsir göstərir. Hazırda 200 nəfərin yaşadığı 48 mənzildən cəmi iki sakini aldadaraq müqavilə bağlayıblar: «Onlar evdən çıxandan sonra evlərini darmadağın ediblər. Eyvanları sökürlər, binanın fasadını vəhşicəsinə dağıdırlar. Bizim mənzillərimiz də ziyan çəkir. Əllərində «kuvalda» çox dəhşətli vəziyyətə salırlar. Bunu ona görə edirlər ki, binada çatlar yaransın və sabah deyə bilsinlər ki, bina elə qəzalı vəziyyətdə idi».
Sakinlər deyirlər ki, BŞİH-ə, Nəsimi İH-ə gedərək dəfələrlə şikayət ediblər. Onların sözlərinə görə, fırıldaqçı şirkəti Nəsimi Rayon İcra Hakimiyyəti himayə edir. Sakinlərin Prezident Aparatına şikayətindən sonra Nəsimi Rayon İcra Hakimiyyətinə sakinlərlə görüşmək tapşırılıb. Yalnız bundan sonra icra başçısının birinci müavini Qurban İsmayılov onlarla görüşüb. Ancaq o da şirkətlə bağlı tədbir görməyib, Üstəlik, sakinlərə məsləhət görülüb ki, şirkətin primitiv üslubda hazırlanmış müqaviləsinə qol çəksinlər.
Hansı ki, Nəsimi rayon İcra Hakimiyyəti «Pilot İnşaat-A» MMC şirkətinə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən ərazidə bina və tikililəri sakinlərlə qarşılıqlı razılaşma əsasında sökmək, yerində yaşayış binaları və qeyri-yaşayış obyektləri tikmək barədə sərəncam verib. Bununla belə, sərəncamda konkret həmin binanın sökülməsi haqda heç nə deyilmir.
«İcra hakimiyyətinə zəng vurun, bunları töksün çölə...»
«Biz kooperativin sədri ilə birgə iclas keçirdik və nəticəni binamızı sökmək istəyən MMC-yə çatdırmaq istədik. Valeh adlı şəxs özünü MMC-nin müdiri kimi təqdim etdi. Digər Fazil adlı şəxs isə hüquqşünasdır. Onlara bu sərəncamın söküntüyə əsas vermədiyini izah elədik. Həmin Valeh adlı şəxs bizə çox tərbiyəsiz formada dedi ki, «zəng vurun icra hakimiyyətinə, bunları töksünlər çölə», - deyə şikayətçilər bildirirlər.
Şikayətçilər qeyd edirlər ki, əgər bir nəfəri də aldadıb müqaviləyə imza atdırsalar, binanın gələcək taleyi sual altında qalacaq. Çünki hər köçən sakinin evi dağıdılaraq məhv edilir. Sakinlər deyirlər ki, xüsusən də yaşlı sakinlərə bu hadisə çox pis təsir edir: «Yaşlı adamlar var ki, onlar əsəbdən ağlayırlar, əllərindən də heç nə gəlmir. Biz özümüz bu istidə idarələrdə qalmışıq, dərdimizə çarə edən yoxdur», - deyə A.Abbasov bildirir.
Sakinlərin şikayətini araşdırmaq üçün «Pilot İnşaat-A» şirkətinə zəng vurduq. Özünü şirkətin hüquqşünası kimi təqdim edən Fazil adlı şəxs sakinləri də, bizi də borclu çıxardı. Elə bizə də sakinlərə dedikləri kimi məhz həmin binanın sökülməsi ilə bağlı sərəncamı Nəsimi Rayon İcra Hakimiyyətinin verdiyini dedi.
«Pilot İnşaat-A» şirkətinin nümayəndəsi cəsarətlə «bu bina söküləcək» deyir
«Bu söküntü Nazirlər Kabinetinin qərarı, Nəsimi Rayon Icra Hakimiyyətinin sərəncamı ilə aparılır. Cənab prezidentin də sərəncamı var ki, pilot layihələr inkişaf etdirilməlidir. 11 rayondan 9-da belə layihələr həyata keçirilir və bizim layihəmiz də onlardan biridir. O bina həqiqətən də söküləcək. Bundan artıq heç bir informasiya verə bilmərəm. Əgər istəyirsinizsə, bizim şirkətə gəlin, sizi də qərarla tanış edək. Biz şifahi məlumat vermirik», - şirkətdən bildirilib.
Qeyd edək ki, inşaat bazarında həm «Pilot İnşaat», həm də «Pilot İnşaat–A» adlarına rast gəlinir. Burada söhbət «Pilot İnşaat–A» MMC-dən gedir. Bəs bu şirkətləri bir-birinə nə bağlayır? «Pilot İnşaat–A» şirkətinin hüquqşünasının bildirdiyinə görə, bu şirkətlər iki qardaşa məxsusdur.
Nəsimi Rayon İcra Hakimiyyətindən isə bu məsələ ilə bağlı şərh almaq mümkün olmadı.