vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
10:47 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belarusda milli ideya

Belarus dilini işlək dilə çevirmək lazımdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən 2 ilə yaxındır hər bazar günü ukraynalı dostum professor Eduard Afoninin başçılıq etdiyi internet konfranslarda iştirak edirəm. «Skype» vasitəsilə qoşulduğumuz konfranslarda müxtəlif ölkələrdən alimlər və siyasi ekspertlər iştirak edirlər. Bugünkü mövzumuz Belarusun milli ideyası idi.

Belarus son zamanlar Azərbaycan üçün maraqlı ölkələrdən birinə çevrilib və bu səbəbsiz deyil. Bu ölkənin prezidenti Aleksandr Lukaşenko qanunlarmızı kobud surətdə pozan bloqqer Aleksandr Lapşini Azərbaycana ekstradisiya etməklə cəmiyyətimizdə və siyasi dairələrimizdə xeyli simpatiya doğurdu. Bundan əvvəl isə Belarus prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə etdi ki, bu işğalçı Ermənistanda ona qaraşı narazılığı artırdı. Elə Lapşin olayında da Lukaşenko Moskvanın təzyiqi ilə üz-üzə qaldı. Lukaşenko Lapşini ekstradisiya etməsəydi, bunu böyük qonşusunun təzyiqi səbəbindən bəlkə də anlayışla qarşılayardıq. Ancaq Belarus prezidenti təzyiqə baş əymədi və bu bizim xoşumuza gəldi.

Aleksandr Lukaşenkonun son 7 saatlıq mətbuat konfransı Rusiyanın siyasətini sərt tənqidi ilə yadda qaldı. Ancaq Lukaşenko həmin mətbuat konfransında bir başqa mövzudan da söhbət açdı ki, bu haqda o qədər də məlumatlı deyilik. Deməli, belaruslu jurnalistlərdən biri Lukaşenkoya sual verib ki, bəs ölkəmizin milli ideyası olmalıdırdı? Lukaşenko «bu da hakimiyyətə yaxın mediada çalışan jurnalistin mürəkkəb sualıdır» deyərək gülüb. Ancaq cavabdan hiss olunurdu ki, Lukaşenkoya belə bir sualın səsləndirilməsində maraqlı olub.

Belarus prezidenti cavabında deyib ki, Belarusun milli ideyası haqqında illərdir danışılır, hətta müşavirlərinin bu haqda konsepsiyaları, kitabları var, ancaq milli ideya ilə bağlı özünün hələ konkret mövqeyi formalaşmayıb. «Bəli, milli ideya bizə lazımdır, ancaq biz hələ bunun üçün yetişməmişik» deyən Lukaşenko bu mövzu ətrafında diskussiyalara tərəfdar olduğunu bildirib.

Nədən Lukaşenko milli ideya ətrafındakı diskussiyaya indi ehtiyac duyub?

Öz fikrimi bugünkü internet konfransında belə formalaşdırdım ki, Lukaşenkonun milli ideyaya müraciət etməsi Rusiya-Belarus münasibətlərinin hazırki xarakterindən irəli gəlir: «Lukaşenko ölkəsinin Rusiyanın balaca qardaşı, ən pis halda isə vassalı olmasını istəmir. Rusiyaya müqavimət göstərmək üçün isə başqa amillərlə yanaşı milli ideyaya ehtiyac duyulur. Milli ideya ana dilindən başlayır. Çox təəssüf ki, Ukraynadan fərqli olaraq Belarus prezidentinin bu günə qədər öz ana dilində danışdığını görməmişəm. Fikrimcə, belarus dilini işlək dilə çevirmək lazımdır. Bu Belarusda milli ideyanın formalaşmasında yaxşı bir başlanğıc olar».

Bu fikrimlə belaruslu ekspert də razılaşdı. Onun sözlərinə görə, Belarus rus dilinin, Rusiya televiziya məkanının təzyiqi altındadır: «Belarus dilində ancaq ucqar kəndlərdə danışırlar, dilimizdən bir də özünü liberal müxalifət adlanan kəsim istifadə edir».

Buna rəğmən, Aleksandr Lukaşenkonun mətbuat konfransında prezidentin müşavirlərindən birinin belarus dilində danışdığının şahidi oldum. Görünür, elə bunun özü başlanğıcdır, ardı da gələcək...