vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
11:06 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 1959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oslo mənzərəsi

AFFA-ya qiyməti Norveç «2» yazaraq verdi

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin «Qarabağ»la görüşünü xatırlayırsızmı? Ağdam klubunun Çempionlar Liqasının qrupuna vəsiqə qazanması münasibəti ilə təşkil edilən qəbul ölkə başçısının futbol təsərrüfatının rəhbərlərinə mesajı idi.

Görüş boyu Əliyev AFFA-dan söz salmadı, «Qarabağ»ın uğurunu kiminləsə bölüşmədi. Əvvəlki analoji görüşlərlə müqayisədə AFFA-nın digər rəsmi şəxslərinin tədbirə qatılmaması da təsadüfi deyildi. Yalnız qurumun rəhbəri Rövnəq Abdullayev formal olaraq, tədbirdə oturdulmuşdu.

Prezident isə baş məşqçini, klub rəhbərini, futbolçuları dinlədi, üzünü yalnız onlara tutub danışdı, bəzi oyunçularla səmimi söhbətlər də etdi. AFFA prezidentinin üzünə də baxmadı. Bu o demək idi ki, «Qarabağ»ın uğuru assosiasiyanın yaxşı işinin nəticəsi deyil, klubun müvəffəqiyyətidi. AFFA-nın işinə milli komandaya görə qiymət vermək olar. O qiyməti isə Norveç «2» yazaraq verdi.

Ölkə futbolu idarəolunmaz vəziyyətdədi. Abdullayev bütün idarəçiliyi baş katib Elxan Məmmədova verib, o isə bazar açıb. Çünki futbol idarəçiliyini bilmir, hər şeyə marketoloq kimi yanaşır, hər imkanda qazanc haqda düşünür. Əksər klublar monopoliyadadı, qazon, forma biznesi, oyunçu transferləri, infrastruktur və s. – cib doldurmaq üçün bütün imkanlar baş katibin əlində cəmləşib və ona futbolun inkişafı, prezidentin fərəhi, xalqın sevinci, ölkənin imicinin yüksəlməsi yox, şəxsi maraqları önəmlidi.

Norveçlə dünənki oyun haqda nələrisə yazmağın mənası yoxdu. Çünki tsiklin əvvəlindəki qələbələr təsadüfi idi, real gücün yox, qısa sürən həvəsin, motivasiyanın, rəqiblərin bizimkiləri qeyri-ciddiyə almasının nəticəsiydi. Əsl marafon başlayan kimi təkərlər boşaldı, kəmərlər açıldı və… 5-ci pillədəyik. Əbədi yerimizdə, işə münasibətə görə layiq olduğumuz mövqedə…

Osloda canımızı 2 qolla qurtardıqsa, buna görə də «Qarabağ»ın yaratdığı oyun tərzinə borcluyuq. Ağdam klubunun oyunçuları topla davranışda qazandıqları təcrübəni sərgilədi, rəqibin hücumlarını ağıllı taktika ilə əngəllədi. İşin Robert Prosineçkiyə qalan qismi faciəvi idi. Yay boyu istirahət etmiş, futbolçuları qətiyyən izləməmiş bu adam laqeyd davranışı ilə də qıcıq doğururdu.

Namiq Ələsgərov «Neftçi»də aldığı psixoloji travmanın təsirindədi; Cavid Hüseynov zədə üzündən «Qəbələ»də ehtiyatda qalsa da, xorvat məşqçi onu 90 dəqiqə oynatdı; Dmitri Nazarov oyun boyu növbəti sarı vərəqəni alıb cəzalı duruma düşmək, tezliklə Almaniyaya qayıdıb klubuna xeyir vermək haqda düşündü. Bədavi Hüseynovun səhvləri də Prosineçkinin suçu idi. Bu müdafiəçi «Qarabağ»da daha ciddi sınaqlara çıxır. Xorvatsa oyunu o qədər biabırçı qurmuş, heyəti anormal seçmişdi ki, bütün yük Bədavinin üzərinə düşürdü – həm penatidə, həm də ikinci sarı vərəqəni aldığı epizodda yoldaşlarının səhvini sığortalayarkən bəlaya düşdü.

Alternativ varmı? Baş katibin «7 illik heyətimiz var» açıqlaması sərsəmləmədi, bizim heç San-Marino ilə növbəti oyuna çıxarmağa heyətimiz yoxdu. Heyət say düzəltməklə olmur. Millinin oyunu, inkişaf planı yoxdu. İndiki AFFA rəhbərliyinin vaxtında düz-əməlli futbolçu yetişməyib, heç buna cəhd də etməyiblər, başları cib doldurmağa qarışıb. İndi isə müxtəlif bəhanələr, yalançı vədlər…

Rəşad Sadıqov da bir qərar verməlidi. Ola bilsin ki, prezidentin xatırlatdığımız görüşdə ona oynamasının vacib olduğunu deməsi kapitanı vəcdə gətirib. Amma və lakin… Şərəflə getmək lazımdı. Ayaqlar sözə baxmırsa, dirəşməyin mənası yoxdu. Artıq Rəşadın avtoqol sayı qol sayına çatıb. İndi vidalaşmaq və Qurban Qurbanovdan öyrəndiklərini məşqçi kimi göstərmək zamanıdı. Parlaq futbolçu karyerasını biabırçı sonluqla bitirmək Sadıqova yaraşmaz. Prezidentin sözündən çıxa bilmirsənsə, mövsümü başa vur, forma geyməyə layiq olduğun ÇL-in qrupunda 1-2 oyun oyna və get, Rəşad! (futbolinfo.az)