vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
13:57 | 8 iyul 2017 | Şənbə Məqaləyə 1360 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistana haqq qazandırıranlar...

... «5-ci kolon»dan da aşağıya yuvarlananlardır

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Biçarəlik, ümidsizlik, zəifliyin və gücsüzlüyün dərki insanlarda fərqli reaksiyalara səbəb olur. Gərçi fərd məntiqi və soyuqqanlıdırsa, problemlərdən çıxış yolları arayır, nöqsanlardan qurtulmağa can atır, heç olmasa davranışında və fəaliyyətində korrektələr edir, məqsədini dəyişir.

Yox əgər insan məntiqdən və ən başlıcası, baş verənləri dəyərləndirmək hissindən xalidirsə, düçar olduğu zillətli durumun, üzləşdiyi müşkülün səbəbini özündən savayı hər kəsdə görür. Psixologiya belələrini qeyri-adekvatlıq sindromuna, böyüklük fobiyasına düçar insanlar sayır.

Ən böyük dərd gerçəkdən də anlamaq dərdidir - Mirzə Cəlil necə də haqlıdır.

Avropa Birliyi yanındakı daimi nümayəndəliyinin sabiq rəhbəri, keçmiş diplomat Arif Məmmədov və «Azadlıq» radiostansiyasının sabiq, həm də indiki əməkdaşı Xədicə İsmayılova «maraqlı» insanlardır.

Onlar 18 aylıq Zəhra Quliyevanın ölümündən də öz maraqlı üçün bəhrələnməyə çalışıblar, bu minvalla siyasi maraqlarını təmin edərək maraqlı görünməyə can atıblar.

Onlar «Facebook»dakı tribunalarını az qala Hayd-Parkdakı skamyaya çeviriblər və dırmaşdıqları o skamyadan da düşmək istəmirlər.

«Camaat, siz gerçəkdən də hesab edirsiniz ki, Zəhranın və minlərlə şəhidimizin ölümündə Ermənistan, yaxud Rusiya günahkardır»,  - Arif Məmmədov yazır.

Daha sonra isə vurğulayır: «Hə, budur, başlandı. Atışma, insanlar ölür. Sonra da «Facebook»da fotosessiya və bir həftəlik köpüklü vətənpərvərlik».

Xədicə İsmayılova da həmişəki ampluasındadır: balaca Zəhranın və nənəsinin ölümündə «təbii ki» Azərbaycanı, hakimiyyəti, ölkəni suçlayır. Ki, sən demə, Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər ərazilərindəki erməni terrorçuları, Ermənistanın qoşunları çəmənlikdə çiçək yığmaqla, əl-ələ verib «Make love, not war!» oxumaqla məşğuldur, Ermənistan prezidenti Serj Sərkisyan da sürəkli kövrəlir, münaqişəyə son qoymağın yollarını arayır, azərbaycanlılardan üzr istəməyə çalışır, hətta bir-iki dəfə də vicdan əzabından intihar etmək istəyib, qoymayıblar.

Arif Məmmədovla Xədicə İsmayılova «beşinci kolon» deyillər. Yox, onları belə bəsit saymayaq, primitiv insanlar olduğunu düşünməyək. Bu fərdlər - azərbaycanlı demək bir qədər müşkülat məqamdır çünki - bəlli sahiblərindən aldıqları təlimatları dəqiq, vaxtında və səlis yerinə yetirirlər.

Onlar üçün dövlət, Vətən anlayışları çoxdan erroziyaya uğramış nəsnələrdir: hər gün bir neçə dəfə Vətəndən və insanlarımızdan yazsalar da, özlərini Azərbaycan üçün az qala canlarını verməyə hazır, amma elə bu istəyə görə canları təqiblərə məruz qalan adamlar kimi göstərməyə çalışsalar da.

Bu ikili maska yırtmaqla, həqiqətləri söyləməklə, gerçəkləri faş etməklə məşğul olduqlarını deyir, hakimiyyəti tənqid etdikləri səbəbindən təqib olunduqlarını söyləyirlər və yazırlar.

İnsan haqlarını qoruduqlarını, demokratiya uğrunda mübarizə apardıqlarını söyləyirlər.

Hm, gerçəkdənmi?

Şah İranının son baş naziri, İslam İnqilabından sonra qaçıb sığındığı Parisdə 1991-ci ildə qətlə yetirilmiş Şapur Bəxtiyar vardı. Özünü İranda demokratik dəyişikliklərin, yenidənqurmanın, inkişafın ən dönməz tərəfdarı kimi təqdim edərdi. Daha doğrusu, bu obrazı iranlılara sırımağa çalışardı. Hətta fransız dilində dərc etdiyi «Ma Fidelite» kitabında yazmışdı: «Əziz və şərəfli iranlılar! Siz gerçəkdənmi düşünürsünüz ki, bəlalarımızın səbəbkarı imperializmdir?!»

Necə də bəlağətli səslənir, deyilmi?!

Fəqət, Peyman Ərəbşahi özünün məşhur «Memory lane - Chronology of events leading to the fall of the monarchy» araşdırmasında yazır: «Şapur Bəxtiyarı ikiüzlü, yalançı, saxtakar insan olmaqla yanaşı, İrana və iranlılara qarşı olan, İranı yenə müstəmləkə halına salmaq istəyən qüvvələrin əlində oyuncaq, düşmənlərin buyruq qulu idi».

Arif Məmmədovun həyasızlıq səviyyəsindəki saxtakarlığı, sifətindəki maskaları reaktiv təyyarələrdəki pulemyotların atışı sürətilə dəyişməsi bu insanın olmayan mənəviyyatından xəbər verməklə yanaşı, onun istəklərini və ən başlıcası, aldığı təlimatları ortaya qoyur.

Və lütfən, A.Məmmədovu müstəqil, yalnız öz sözünü deyən, kimsəyə xidmət etməyən millət mücahidi, demokratiya fədaisi, insan haqları qoruyucusu, inkişafımız və tərəqqimiz üçün müsəlləh bir zat saymayaq.

Saysaq, özümüzü aldadarıq.

Müxalifətdə olmaq, tənqidi mövqe tutmaq, hakimiyyətin siyasəti ilə razılaşmamaq anormallıq deyil.

Anormallıq Ermənistanın terrorçuluğunu, dövlətimizə, vətənimizə, xalqımıza düşmən kəsilənlərin cinayətlərini müzakirə mövzusuna çevirib daxildə «suçlu» arayışlarına çıxmaqdır.

Düşmənlə döyüşlərdə şəhid olmuş həmvətənlərimizin ölümlərində Ermənistanı suçlu saymamaq hansı əxlaqa, mənəviyyata, ləyaqət çərçivələrinə sığır - bilmirəm.

Arif Məmmədov bilirsə, yazsın və ya söyləsin.

Rusiyada fevral inqilabı zamanı canını və malını götürüb Fransaya qaçanlardan biri, knyaz Nexlyudovun qohumu Aleksandr Nexlyudov yazmışdı: «Almaniyanın Sovetlər Birliyinə qarşı apardığı savaşda qurban gedənlərin ölümlərində tək Almaniya günahkar deyil!»

Ertəsi gün A.Nexlyudov Parisdəki rus mühacirlərin nifrət etdiyi insana çevrilmişdi. O, tarixdə «üzünə tüpürüləsi satqın» kimi qaldı (ifadə rus mühacirətinin ən parlaq simalarından biri, şair və publisist İliya Bretana məxsusdur).

Binəva Arif Məmmədov da deyəsən, İliya Bretanın dəqiq təyininin yeni formatını gözləyir.

Xədicə İsmayılova haqda isə geniş şərhə, təhlilə və dəqiqləşdirmələrə lüzum görmürəm. Zatən, məqamlar bəlli, əməllər ortada.

Sadəcə, belə mövqesizlik, insanların mənafelərinin merkantil maraqlara peşkəş edilməsi ikrah doğurur.

Sahiblərə xidmətin ən pis, çirkin formasını görürük.

Səd heyf azərbaycanlı sayılsalar da, azərbaycanlıları kənar ağalarından aşağı tutanlara.

... Hər kəsin istədiyini deməsi, həqiqət bildiyini danışması demokratiyadır. Amma hər kəs istədiyini edərsə - bu artıq anarxiya belə, olmaz. Dünyanın heç bir hökuməti, dövləti belə başıpozuqluğa dözməyib və dözməz də.