vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:53 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan dünyanın hədəfində

Düşmən ölkə azyaşlı körpəni qətlə yetirməklə beynəlxalq medianın nifrət obyektinə çevrilib

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənilərin Füzulinin Alxanlı kəndində dinc sakinləri hədəf alması, azyaşlı körpəni və onun nənəsini qətlə yetirmələri artıq neçə gündür ki, dünya mediasının diqqət mərkəzindədir. Dünyanın əksər media orqanları, telekanalları baş verən vandalizm aktı ilə bağlı obyektiv xəbər və reportajlar təqdim etməkdə davam edirlər. Qardaş Türkiyə mətbuatının ardınca, əksər ölkələr baş verən faciə ilə bağlı çoxsaylı materiallar dərc etməkdədirlər. Əksəriyyət hesab edir ki, Ermənistan 1992-ci ildə törətdiyi Xocalı soyqırımından sonra ən ciddi bir beynəlxalq təpgi ilə üzləşmiş oldu. Bu olay işğalçı ölkənin dünyadakı imicinə, beynəlxalq aləmdəki olmayan nüfuzuna ciddi zərbə vurmuş oldu. Hətta ermənilər özləri də bunu etiraf etməyə məcbur olublar. Bir sıra erməni saytlarında, sosial şəbəkələrdə Azərbaycanın uşaq qətlinə görə cavab addımı atacağı da vurğulanır.

Beləliklə, dünya mediası Alxanlıda baş verən uşaq qətlinə  sərt reaksiya verməkdədir. Məsələn, Belçikanın «7SUR7» nəşri Azərbaycan Ordusunun Dağlıq Qarabağ bölgəsindəki erməni mövqelərinə artilleriya zərbəsi endirdiyini açıqlayıb: «Bu bölgə bir neçə onillikdir ki, Qafqazın iki qonşu ölkəsi arasında mübahisə obyekti olaraq qalır. Azərbaycan ağır artilleriyası düşmənin xeyli canlı qüvvəsini, bir neçə artilleriya bölməsini və hərbi infrastruktur obyektlərini məhv edib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bütün birləşmələri hərbi hazırlıq vəziyyətə gətirilib». İranın «Etedal Press» nəşri isə yazır ki, «İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, o cümlədən Alxanlı kəndinə hücumunu pisləyib. Son hücum nəticəsində bir azyaşlı uşağın və nənəsinin həlak olmaları bizi çox narahat edib. Şübhəsiz, bu, bir cinayətdir», - deyə məqalədə səfirə istinadən bildirilib.

«Etedal Press» informasiya saytının məlumatına görə, Cahangirzadə bunun Dağlıq Qarabağ probleminin nizamlanmasını daha da mürəkkəbləşdirdiyini deyib: «Azərbaycan bizə dost və qardaş dövlətdir. Biz bu hadisənin baş verməsindən təəssüflənirik. ATƏT-in Minsk qrupu münaqişə bölgəsində atəşkəsin bərpasına zəmanət verilməsi üçün öz vəzifəsinə tam əməl etməlidir».

Dünyaca məşhur «The Washington Times» isə yazır ki, «ABŞ-da Müstəqillik gününün şərəfinə bütün ölkə boyu fişənglərin atıldığı vaxtda Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal altında saxlayan erməni hərbçiləri onlarla mübarizə aparan qüvvələrə deyil, günahsız mülki əhaliyə qarşı partlayıcı maddələrdən istifadə edib». Məqalədə qeyd edilir ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika Nikolay və bu qurumun vitse-prezidenti Riçard Çarnetksi bu hadisə ilə bağlı bəyanat yayıblar: «Mülki şəxslərin, qadınlar və uşaqların qətlə yetirilməsi tamamilə qəbuledilməzdir və buna dərhal son qoyulmalıdır! Bu ölüm halları Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin silahsız mülki şəxslərini minaatan və qumbaraatanlardan atəşə tutması nəticəsində baş verib». Əlavə edilib ki, «Erməni hərbçiləri Azərbaycanla işğal altındakı Dağlıq Qarabağ regionunu arasındakı təmas xəttində yaşayan mülki əhalini demək olar ki, hər gün minaatanlardan və snayperlərdən atəşə tutur. İlk baxışdan Ermənistanın tez-tez istifadə etdiyi bu təcavüzkar, təhrikedici taktikanın Azərbaycanı daha genişmiqyaslı müharibəyə cəlb etmək məqsədi güddüyünü düşünmək olardı. Lakin 4 iyulda baş vermiş hadisə Ermənistanın yeni hərbi doktrinanı yerinə yetirdiyinin göstəricidir. Yeni doktrinaya əsasən, Ermənistan hərbçiləri Azərbaycan Silahlı Qüvvələrini deyil, mülki əhalini hədəfə alır. Bu isə Azərbaycanın təcavüzkara eyni cavab verməsinə mane olur. Görünür, ermənilər bu yeni doktrinanı 2016-cı ilin aprelində baş vermiş «4 günlük müharibə»dən sonra qəbul edib. Aprel toqquşması Ermənistanın təhriki nəticəsində baş vermiş və təxminən son 20 ilin ən böyük döyüşləri olmuşdu. Həmin hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu müasir silahlardan, komanda-nəzarət sistemindən istifadə etmiş, döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin daha hazırlıqlı, ermənilərdən daha peşəkar və təcrübəli olduğunu göstərmişdi. Həmin vaxt cavab həmləsi etmək məcburiyyətinə qalan Azərbaycan erməni hərbi birləşmələrini darmadağın etmiş, strateji yüksəklikləri, o cümlədən böyük əraziləri ermənilərdən boşaltmışdı. Son hadisəyə gəlincə, o, təmas xəttindən Azərbaycanın daxilinə doğru 3 millik məsafədə baş verib. Açıq və aydındır ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın hərbi məntəqələrinə, tanklarına və ordusuna hücumdan boyun qaçırmaq yolunu seçib. Əvəzində, onlar Azərbaycanın Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bombardman nəticəsində 2 yaşlı Zəhra Quliyeva həyatını itirib. O, ermənilərin mülki əhaliyə qarşı dəfələrlə hücumu zamanı həyatını itirmiş çoxsaylı uşaqlardan biridir». 

Rusiyanın «Versiya» nəşri də məsələyə toxunub. Məqalədə qeyd edilib ki, erməni tərəfinin təxribatı nəticəsində 2 yaşlı balaca kənd sakini Zəhra Elnur qızı Quliyeva və nənəsi Sahibə İdris qızı Quliyeva həlak olublar. Qeyd edək ki, məqalədə Rusiya politoloqları və siyasətçilərinin də fikirlərinə yer verilib. 

Qardaş ölkə Türkiyə nəşrləri isə qeyd etdiyimiz kimi, faciə baş verəndən dərhal sonra onu geniş şəkildə işıqlandırmaqda davam edirlər. «Türkiye» qəzeti insidentlə bağlı «Donald Tramp öldürülmüş azərbaycanlı qız haqda «tvit» yazmaq niyyətindədirmi?» başlıqlı material dərc edib: «Görəsən ATƏT-in Minsk qrupunun, BMT-nin, postsovet məkanında insan haqlarının pozulmasını araşdıran «Human Right Watch» təşkilatının buna reaksiyası necə olacaq? Düşünürəm ki, bu təşkilatlar ən yaxşı halda quru, balanslaşdırılmış bəyanatlar verməklə kifayətlənəcək. Məhz beynəlxalq institutlarının bu cür reaksiyası nəticəsində Ermənistan daha güclü təcavüzkar siyasət yürüdür». Məqalədə qeyd edilir ki, ABŞ prezidenti və Roma Papası buna bənzər hallarla bağlı tvitlət atırlar: «Onlar deyəsən, azərbaycanlı uşağın öldürülməsinə cavab vermək niyyətində deyillər. Çünki bu hadisə Avropada baş verməyib və bu uşaq ABŞ, yaxud Avropa İttifaqına üzv dövlətlərin vətəndaşı deyil. Beləliklə, biz yalnız Azərbaycan Silahlı Qüvvələrinin reaksiyasına bel bağlaya bilərik. Dünya liderlərinin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı susması, sanki Azərbaycana daha güclü addım atması üçün bir təlimat verir. Lakin onu da anlamalıyıq ki, ermənilər bizim güclü cavabımız qarşısında bu cür təxribatları dayandırmayacaq. Ermənistanın təngə gətirmək, daha çox incitmək, qadınlardan, uşaqlardan qisas almaq arzusu o qədər böyük, o qədər dərindir ki, onlar heç bir halda bu üsuldan əl çəkməyəcək. Maraqlıdır ki, Ermənistan dövləti Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbə endirmək qabiliyyətinə malik olduğunu bəyan edir. Bununla yanaşı, erməni hərbçiləri hələ də öz məqsədlərinə çatmaq üçün mülki əhaliyə hücum etməyi üstün tutur».

Öz növbəsində Türkiyənin «Yeni Akit» resursu «Uşaq qatili Ermənistana təpgi» başlıqlı yazı dərc edib. Rusiyanın «RT» nəşri «Qarabağ bumeranqı: «Azərbaycan və Ermənistan arasında gərginlik nəyə gətirib çıxaracaq?» başlıqlı məqalədə balaca Zəhranın qətli fonunda münaqişənin yenidən gərginləşə biləcəyi vurğulanıb. «Pravda.ru» isə «Qarabağda müharibə: Nə üçün ATƏT-in regiona marağı itib» başlıqlı məqalədə son gərginlikdən bəhs edilib.