vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
09:56 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 3282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şeyxlə sədrin kolbasa davası

QMİ bəyanat yayaraq komitəni anti-müsəlmançılıqda suçladı; Ramiz Həsənovsa geri çəkilməyəcəyini anons etdi

Xəbər xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

10.04.14 - QMİ bəyanat yayaraq komitəni anti-müsəlmançılıqda suçladı; Ramiz Həsənovsa geri çəkilməyəcəyini anons etdi ...

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında halal məhsullarına görə başlamış çəkişmə artıq mətbuatda açıq savaş çevrilib.

QMİ aprelin 8-də xüsusi məlumat yayaraq ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə nəzarətin birbaşa müvafiq dövlət strukturlarının səlahiyyətində olduğunu deyib, amma... QMİ-nin məlumatına diqqət edək: «Halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır». 

QMİ nəzərə çatdırır ki, məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. «Oxşar qaydada Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır. Bir çox müsəlman ölkələrində bu növ məhsullar istehsal və istehlak olunur və bu, heç kəsdə nəinki şübhə yaratmır, hətta məntiqlə təqdir olunur. İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının dini mərkəzi kimi, müsəlmanlarımızın istehlak etdikləri məhsulların halallıq məfhumuna uyğun gəlməsinin tərəfimizdən təsdiq olunması mövcud qanunvericiliyə zidd deyil» deyə, QMİ bəyan edib.  

QMİ hesab edir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə altına almasını məqbul saymır: «Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir, narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi tələb edirlər». QMİ bununla bağlı rəy və təkliflərini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi şəkildə çatdırdığını da bəyan edib. 

«Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ancaq kəsim prosesinə nəzarət etməlidir».

Bunu isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) «Halal» standartı ilə bağlı bəyanatına cavab verərkən deyib.

Onun sözlərinə görə, bu standartın hazırlanması dövlətin tələbidir: «Standartları dövlət tənzimləyir. Müsəlman aləmində olan halallıq məsələləri QMİ-nin daxili işləridir. Biz dövlət olaraq müəyyən olunan standartların tələblərinə uyğun sertifikatlarımızı veririk».

R.Həsənov deyib ki, bu məsələyə son qoymaq lazımdır: «Bizim müəyyən təşkilatlarımız sertifikatlaşdırma prosesini keçirir və «Halal» standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə kəsim prosesinə nəzarət edir».

Komitə sədri bildirib ki, standartların tələblərində də kəsim zamanı şəriətə uyğun olaraq surələr və dualar oxunmasının zəruriliyi qeyd olunub: «Şəriətə uyğun prosedurlar kolbasada və sosiskada istifadə olunan inqridientlərin kəsimi zamanı istifadə olunur. Təbii ki, halal kəsilmə məsələsi bizim işimiz deyil. Bizim vəzifəmiz yoxlamaqdır».

Komitə sədri bildirib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir: «Ölkəyə Hindistan və Braziliyadan hazır ət gətirilir. Bizim mütəxəssislərimiz həmin ölkələrdə kəsim prosesini izləyiblər. Bildiriblər ki, kəsim prosesi şəriətə uyğun şəkildə aparılır».

Həm Şeyx Allahşükür Paşazadənin rəhbərlik etdiyi QMİ, həm də R.Həsənovun açıqlamaları onu göstərir ki, tərəflər bu gəlirli «halal» biznesi uğrunda mübarizədən geri çəkilmək istəmirlər. Aydındır ki, burada söhbət kolbasa sexlərinə nəzarət uğrunda gedir və R.Həsənov bu biznes sahəsini nüfuz dairəsinə qatmaq istəyir. 

Mətbuatda ölkənin iri kolbasa sexlərində şeyxin payı olduğu barədə məlumatlar var və bu payı QMİ rəhbərinin qardaşı, deputat Cavanşir Paşazadənin idarə etdiyi iddia olunur. 

Xəbərlər var ki, R.Həsənov təkcə kolbasa sexlərinə deyil, şeyxin özünə və yaxın ətrafına məxsus olan digər istehsal müəssisələrində (mebel sexlərində, dəyirmanlarda, konserv zavodlarında və s.) hazırlanan məhsullara sertifikat verməkdən imtina edir. R.Həsənovun bu hərəkəti bəzi oliqarxlar tərəfindən də təqdir olunur. Çünki şeyxin biznesinin genişlənməsi oliqarxların marağına toxunur.

Xatırladaq ki, aprelin 1-dən ölkədə «Halal qida. Ümumi tələblər» adlı dövlət standartı qüvvəyə minib. Yeni tələblər kolbasa, sosiska və digər ət məhsullarına aiddir. 

Artıq aprelin 1-dən bu standarta cavab verməyən məhsulların üzərindəki «halal» sözü yığışdırılıb.

Komitə bəyan edib ki, halal standartına uyğun məhsul istehsal edən iş adamları onlara müraciət edib sertifikat ala bilərlər.