vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
23:20 | 22 iyun 2017 | Cümə axşamı Məqaləyə 1476 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Narahatlıq və xəstəlik mənbəyi

Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır

Günel AZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Yay fəslinin gəlməsi ilə əlaqədar olaraq bəzi iaşə obyektləri açıq havada da xidmət göstərir. Bəzi bu cür kafe və restoranlarda səslənən musiqinin səsi ətrafdakıları ciddi narahat edir. Şikayətlərə baxmayaraq, həmin kafe və restoranlar musiqinin səsini azaltmadan müştərilərə xidmət göstərirlər. Əslində orada səslənən musiqi nəinki ətrafdakı insanlara, həmçinin məkanda olanların da sinir sisteminə təsir edir. Ola bilər bunu həmin dəqiqə anlamaq olmur, amma səsdən uzaqlaşdıqdan bir müddət sonra əks təsirləri hiss edirik. Yüksək səslə musiqiyə qulaq asmaq səhhətimizdə başqa problemlər də yaradır. İnsanların bu cür narahat edilməsi həm də sosial davranış qaydalarının pozulmasıdır. «Bu kafe və ya restoran mənimdir, istədiyimi edə bilərəm» düşüncəsindən çıxış edərək ətrafdakıların hüquqlarının pozulması düzgün deyil.

Biz də bu cür durumlarda insanların nə etməli olduğu sualına aydınlıq gətirməyə çalışdıq.


İaşə obyektləri təhlükə mənbəyi kimi


Millət vəkili, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva deyir ki, o, bu problemi bir müddət əvvəl Milli Məclisdə qaldırıb. «Şəhərdə olan bəzi səslər sakinləri narahat edir. Buna gecə vaxtı tikinti aparılması, nəqliyyatda yersiz verilən siqnallar, restoran və kafelərdəki musiqi səsləri aiddir. Bu məsələ qaldırıldıqdan sonra bəzilərinə qadağa qoyuldu. Amma şadlıq saraylarının, kafelərin səs-küyü ilə bağlı problem hələ də qalır. Bu cür obyektlərə lisenziya veriləndə onların qarşısına tələblər qoyulmalıdır. Səsin başqa insanları narahat etməməsi üçün ciddi izolyasiya işləri aparılmalıdır. Pəncərələri, tavanları, divarları xüsusi səs keçirməyən materiallarla təmir edib, musiqinin həmin məkandan kənara çıxmasının qarşısı alınmalıdır. Bundan başqa, yüksək səsli musiqi şadlıq evində çalışanlar, qonaqlar üçün də zərərlidir. Xüsusilə də, ofisiantlar daim o cür şəraitdə işlədikləri üçün bir müddət sonra onların səhhətlərində problemlər yaranır. Bu baxımdan, belə iaşə obyektləri təhlükə mənbəyi hesab edilir.  Təəssüflər olsun ki, bu halın qarşısının alınması və ya hər hansısa bir cərimənin tətbiq edilməsi qanunvericilikdə əksini tapmır. Düşünürəm ki, bu kimi məsələlərin həllində KİV-in rolu böyükdür».


Musiqinin səsi 85 desibeldən yuxarı olmamalıdır


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının bildirdiyinə görə, «Şadlıq saraylarının təsnifatı və qaydaları»nda iaşə obyektlərinin, eləcə də digər xidmət müəssisələrinin səs akustikasının sərhədlərinin müəyyən edilməsi haqqında bəzi tələblər öz əksini tapır. «Bu tələblərdən biri çalğı zamanı  musiqinin səsi 85 desibeldən yuxarı olmamalıdır. Bu rəqəm beynəlxalq standartlar əsasında müəyyən edilib. Göstərilən rəqəmdən artıq olduğu təqdirdə musiqi insan səhhətinə mənfi təsir göstərir. Bir neçə il öncə yoxlama aparılaraq bəzi şadlıq sarayları araşdırıldı. Müvafiq ölçmə vasitələri ilə mərasim gedən zaman səsin akustikası yoxlanıldı. Obyektlərin böyük əksəriyyətində səsin normadan artıq olduğunu müşahidə etdik. Həmin sahibkarlara iradlar bildirildi ki, aradan qaldırılsın. Hazırda isə qanunvericiliyə uyğun olaraq bu sahədə yoxlamalar dayandırılıb. Ona görə də, bizim komitə bu sahədə aparılan işləri bir müddətlik təxirə salıb. Qanunun qüvvədə olduğu vaxt bitdikdən sonra, metroloji nəzarət qaydasında yenidən bu istiqamətdə yoxlanışlar aparılacaq».

Şadlıq saraylarının göstərilən səs diapazonunu  keçdiyi təqdirdə hansı tədbirlərin görüldüyünü soruşduq. Komitə sədri qeyd edir ki, təbii olaraq standartın tələblərinin pozulması inzibati xəta yaradır və bu zaman cərimə tətbiq edilməlidir. «Biz ilkin olaraq sahibkara iradlarımızın qeyd olunduğu bir sənəd veririk və qayda pozuntularının aradan qaldırılmasını tapşırdıq. Bəziləri bunun məsuliyyətini anlayıb problemi həll etdi. Digərləri isə təkrarən həmin nöqsanlara yol verdi. Bu zaman onlara ciddi şəkildə xəbərdarlıq edildi. Cərimə sanksiyası o halda tətbiq olunur ki, artıq sahibkar xəbərdarlığa da əhəmiyyət vermir, öz bildiyini edir. Amma təəssüflər olsun ki, 3-cü yoxlanış yeni qaydaların qüvvədə olduğu müddətə təsadüf etdiyindən işi icra edə bilmədik».


Səs-küy mədəniyyətin göstəricisi deyil


Sosioloq Asif Bayramov bildirir ki, hüquqi dövlətdə bütün sosial problemlər qanun səviyyəsində həllini tapmalıdır. «Azərbaycanda qanunverici baza müstəqillik illərində xeyli inkişaf etsə də, müəyyən boşluqlar hələ də var. Bu da təbii haldır. Çünki biz qanunverici bazamızı daha çox qərbin taktikasına uyğun olaraq təkmilləşdiririk. Hazırda qloballaşan problemlərdən biri də yüksək diapazonla səs məsələsidir. Son dövrlər psixoloji xəstəliklərin həm sayı artıb, həm də yaşı cavanlaşıb. Bunun sosial-psixoloji səbəblərini araşdırmaq və həllini yolunu tapmaq lazımdır. Səbəblərdən biri həddən artıq yüksək templi səs qəbuludur. Bu, uzun müddətdir ki, aktual olan məsələlərdəndir. Xüsusi sosial-psixoloji faktor kimi elmi tədqiqatın predmetidir. Amma təəssüflər olsun ki, bizdə bu tədqiqat sahəsi yox səviyyəsindədir. Onun da nəticəsi olaraq, bu istiqamətlə bağlı qanunverici baza mövcud deyil».

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, burada sosial və psixoloji faktorlar böyük rol oynayır. Hər kəs bilir ki, səs-küy mədəniyyətin göstəricisi deyil. «O xalq, o insan daha mədəni sayıla bilər ki, davranışı ilə başqalarını narahat etməsin. Bu cür yüksək səs diapazonunun qarşısını almaq üçün inzibati yollarla qadağalar qoyulmasını məqsədəuyğun hesab edirəm. Hər hansısa bir davranışa üç mühüm amil təsir edir. Bunlardan biri mühit, ikincisi alınan informasiya, üçüncüsü isə üstünlük verilən dəyərlərdir. Biz iaşə obyektlərindəki həmin davranış qaydasını tənzimləmək istəyiriksə, «bu cür yüksək səslə musiqiyə qulaq asmağa mühitin nə kimi təsiri var» sualına cavab tapmalıyıq. Bunu bildikdən sonra həmin faktoru aradan qaldırmalıyıq. Digər bir tərəfdən məlumatlandırma işi aparılmalıdır. KİV-də insanları narahat edə biləcək bu kimi davranışlar tənqid edilməlidir. Restoran və kafelərdəki musiqinin insanları nə dərəcədə narahat etdiyini əyani olaraq göstərmək lazımdır. İnsanların üstünlük verdiyi dəyərlər də burada böyük rol oynayır. Belə deyərdim ki, mənəvi dəyərləri üstün tutanlar yüksək səslə danışmağı, musiqiyə qulaq asmağı sevmirlər. Çox səs-küy edənlər isə  adətən, maddi dəyərlərə üstünlük verənlər, dəbdəbəni, şöhrətpərəstliyi sevənlərdir. Bu da cəhalətin əlamətidir».

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, nəinki kafe və restoranlarda səslənən, hətta qulaqcıqla dinlədiyimiz musiqinin belə, həddən artıq olması insanın sinir sisteminə təsir göstərir. «İaşə obyektlərində səslənən yüksək templi musiqilər insanların həm əhval-ruhiyyəsinə pis təsir edir, həm də onların istirahətini pozur. Həmin kafe və restoranlar nəzərə almalıdır ki, ətrafda məişət problemləri olan, depressiyada, qəm-qüssədə olan adamlar da var ki, bu davranış onlara daha da mənfi təsir edə və qıcıqlandıra bilər. Belə hallar həmçinin, eşitmə qabiliyyətinin itirilməsi, qan təzyiqinin yüksəlməsi, yuxu pozğunluğu və diqqətsizlik kimi fəsadlar yaradır. Uzun müddət yüksək səslə musiqiyə qulaq asdıqda insanda xroniki karlıq da əmələ gələ bilər. Ona görə də musiqinin səslənmə diapazonu mütləq tənzimlənməlidir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *