vaxtlı-vaxtında oxuyun! Cümə, 22 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
Türkiyənin məşhur universiteti bağlandı 12:16 | 22 may 2026 | Cümə Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyənin məşhur universiteti bağlandı

Minlərlə tələbə başqa ali məktəbə köçürülür

MEHİN, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin dünyaca məşhur İstanbul Bilgi Universitetinin fəaliyyətinə rəsmi şəkildə son verilib. Türkiyə Prezidentinin qərarı ilə universitetin fəaliyyət icazəsi ləğv olunub və müvafiq qərar “Rəsmi qəzet”də dərc edilib. Beləliklə, 1996-cı ildən fəaliyyət göstərən və Türkiyənin ən tanınmış özəl universitetlərindən sayılan Bilgi Universiteti tamamilə bağlanıb.

VAXT.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, universitetin bağlanması ilə bağlı proses bir neçə aydır davam edən qəyyum və istintaq fonunda davam edib. Universitetin daxil olduğu fond ötən il məhkəmə qərarı ilə dövlət nəzarətinə götürülmüşdü. 2019-cu ildə Can Holding tərkibinə keçən universitet daha sonra holdinqə qarşı başladılan genişmiqyaslı istintaqın mərkəzinə düşüb. İstintaq çərçivəsində bir sıra şirkətlərə nəzarətə götürülüb, idarəetmə dəyişdirilib və universitetin qəyyum heyəti yenilənib.

Kiçikçəkməcə 9-cu Mülki Məhkəməsinin qərarı ilə əvvəlki rəhbərlik vəzifədən uzaqlaşdırılmış, universitetin idarəçiliyi yeni heyətə həvalə edilmişdi. Həmin dövrdə təhsil prosesinin dayandırılmayacağı bildirilsə də, son qərarla universitetin fəaliyyətinə tam son qoyulub.

Bilgi Universitetinin bağlanması ən çox minlərlə tələbənin gələcəyi ilə bağlı narahatlıq yaradıb. Türkiyə Ali Təhsil Şurasının (YÖK – Yükseköğretim Kurulu) qaydalarına əsasən, fəaliyyət icazəsi ləğv edilən özəl universitetlərin tələbələri digər ali məktəbə köçürülür. Bu səbəbdən İstanbul Bilgi Universitetinin tələbələri Memar Sinan Gözəl Sənətlər Universitetinə transfer olunacaq. Bildirilir ki, tələbələrin diplomları, akademik göstəriciləri və bütün təhsil hüquqları dövlət zəmanəti altında qorunacaq.

Türkiyə mediasının yazdığına görə, tələbələr mövcud ixtisaslarına uyğun proqramlarda təhsillərini davam etdirəcəklər. YÖK və Memar Sinan Universitetinin yaxın günlərdə qeydiyyat, kredit uyğunluğu və təhsil prosesinin texniki detalları ilə bağlı ayrıca plan açıqlaması gözlənilir.

İstanbul Bilgi Universiteti uzun illər Türkiyənin ən nüfuzlu özəl ali məktəblərindən biri hesab olunurdu. Universitet xüsusilə media, kommunikasiya, hüquq, beynəlxalq münasibətlər və sosial elmlər sahəsində güclü reputasiyaya malik idi. İstanbulun məşhur “Santralİstanbul” kampusu isə ölkənin ən modern universitet kampuslarından biri sayılırdı və xarici tələbələr arasında da populyarlıq qazanmışdı.

Universitetin bağlanması Türkiyədə geniş rezonans doğurub. Sosial şəbəkələrdə və tələbə forumlarında qərar ali təhsil sistemində son illərin ən səs-küylü hadisələrindən biri kimi qiymətləndirilir. Xüsusilə minlərlə tələbənin başqa universitetə köçürülməsi və akademik heyətin gələcəyi ən çox müzakirə olunan məsələlər sırasındadır.