İndoneziya adalarını niyə sayıb qurtara bilmir?
17 min adanın bəzisi inanılmaz dərəcədə gözəldir
İndoneziya bu günə kimi nə qədər adaya sahib olduğunu bilmir. Amma bu dəfə qətiyyətli şəkildə, avqustun sonuna qədər adaları saymaq qərarına gəlib. Avqustda Nyu-Yorkda 5 illik fasilədən sonra BMT-nin coğrafi adlar üzrə standartlaşdırılması konfransı keçiriləcək.
Ölkənin öz coğrafiyasını qarışıq salması necə baş verib?
Siz adanı necə adlandırırsınız?
BMT-nin dəniz qanunları üzrə konvensiyası su ilə əhatə olunmuş və istənilən dəniz səviyyəsindən kənara çıxan adanı təbii mənşəli torpaq kimi müəyyən edir.
Adanın adı o zaman rəsmən təsdiqlənir ki, onun haqqında ən azı iki yerli sakinin məlumatı olsun. Bununla yanaşı, İndoneziyadakı adaların 60 faizi adsızdır.
Bu barədə balıqçıların hüquqlarını müdafiə kolasiyasının nümayəndəsi Suzan Hervati (Susan Herwathy) BBC -yə açıqlamasında bildirib.
O, xüsusi kurort kimi tanınan Lombok adası yaxınlığındakı kiçik adanı misal göstərib.
Dünyanın ən iri arxipelaqı
İndoneziyanın sahəsi 1.9 milyon kvadrat ərazini tutur. Belə ərazini yoxalamaq kifayət qədər çətin məsələdir.
Bu günə qədər kimsə ada sakinləri arasında məhşur adaları və İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı mərcan adalarını saymayıblar.
Bu adalar qrupunu sadəcə «Min ada» adlandırıblar.
1996-cı ildə arxipelaqa 17508 torpaq ərazisi daxil edilmişdi. Siyahı təqribi olduğuna görə BMT-nin meyarları nəzərə alınmamışdı.
İndoneziya rəhbərliyinin fikrincə, adaların BMT-də qeydiyyata alınması ölkənin böyük ərazisini və geniş miqyaslı balıq ehtiyatlarını qorumağa şərait yaradacaq.
Hər adanı ziyarət etmək
BMT-nin coğrafi adların standartlaşdırılması konfransı 5 ildən bir keçirilir.
Bu ilin avqustunda Nyu-Yorkda keçiriləcək növbəti konfransda İndoneziya məmurları 1700 yeni adanın qeydiyyatdan keçəcəyinə ümid edirlər.
«Hələlik bizdə yeni adalar bu qədərdir. Lakin ola bilər ki, siyahı artsın. Biz yoxlamalar aparırıq və iyulun sonuna qədər yoxlamalara davam edəcəyik», - deyə Dəniz və Balıqçılıq Nazirliyinin yoxlama qrupunun rəhbəri Balok Budiyanto bildirib.
«Biz hər adanı ziyarət etməliyik, koordinatları, adları, onların mənasını yazmalıyıq, tarixini və coğrafiyasını təsvir etməliyik».
Sizif əməyi
Ətraf mühit müdafiəçiləri iqlim dəyişikliyi nəticəsində Dünya okeanı səviyyəsinin artımı davam edəcəyi təqdirdə İndoneziyanın minə yaxın adasının suların altında qalacağından narahatdırlar.
Eyni zamanda adaların hesabat və nəzarətinin faydasız əməyə çevrilmə riski də var.
Baş topoqraf Balokun sözlərinə görə, mütəxəssislər vulkan və seysmoloji fəallıqlar nəticəsində daima yeni adalar kəşf edirlər.
İndoneziyanın ərazilərinə görə tələsməsi və ehtiyat etməsi heç də əsassız deyil.
2002-ci ildə Malayziya 2 adanı İndoneziyanın əlindən alıb. Daha iki adanı isə İndoneziya Şərqi Timor müstəqillik qazanan zaman itirib.