vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
15:08 | 23 iyun 2017 | Cümə Məqaləyə 2571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Get öz işinlə məşğul ol»

Xameneyi Ruhanini niyə lağa qoyub?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Həsən Ruhani böyük səs çoxluğu ilə ikinci müddətə prezident seçiləndən bəri İranın ali rəhbəri Əli Xameneyi ilə onun arası deyəsən dəyib.

Həmin vaxtdan bəri 78 yaşlı Ayətullah Xameneyi islahatpərəst prezidentin tənqidini kəskinləşdirib.

İş o yerə çatıb ki, ali rəhbər, prezidenti ölkənin ən vəzifəli şəxsləri ilə görüşündə alçaltmaqdan belə çəkinməyib.

Bəzi mülahizələrə görə Xameneyi bu seçkidə səs-küysüz olaraq Ruhaninin rəqibi İbrahim Rəisini dəstəkləyirmiş.

Amma son seçkidə öz mandatını əlavə olaraq 5 milyon səslə gücləndirən Ruhani də Xameneyinin qabağından qaçmayıb və elə bu həftə onun cavabını verib.

O deyib ki, dini liderin legitimliyi «xalqın iradəsi və istəyi ilə reallaşır».

Belə görünür ki, Ruhaninin atmacası Xameneyinin mühafizəkar tərəfdarlarını yamanca tutub.

Xameneyiyə rəğbətli olanlar deyirlər ki, dini liderin legitimliyi ilahidən, yəni velayəti-fəqihdən gəlir.

Bundan əvvəl Ruhaninin özü, baş prokuror, ədliyyə başçısı və parlament spikerinin də iştirak etdikləri müşavirədə Xameneyi deyib:

«Cənab prezident burada dedi ki, filan iş görülməlidir, besman iş görülməlidir və sair. Belə bir sual doğur: Kim görməlidir bu işləri? Əlbəttə onun özü».

İclasın bu hissəsinə aid videoda bütün salonun qəhqəhələrə qərq olduğu görünür. Bu kadrlarda Ruhani də bir az pərt halda gülümsəməyə məcbur olur.

Xameneyi daha sonra davam edir: «1980-1981-ci illərdə prezident cəmiyyəti iki düşərgəyə qütbləşdirəndə, ölkəni tərəfdar və əleyhdarlarına böləndə nə olmuşdu? Buna bir də yol vermək olmaz».

«St Andrews» Universitetinin İran Tədqiqatları İnstitutunun direktoru Əli Ənsari deyib ki, bu yolla Xameneyi Ruhaninin getdikcə artan populyarlığına pərsəng vurmağa çalışır.

Ekspert deyir ki, ali rəhbər belə seçki nəticəsindən narazı qalıb və indi bu şəkildə vəziyyətə nəzarəti əldə saxladığını göstərir.

«O Ruhaniyə demək istəyir ki, gedib öz qutusuna girsin - deyir ekspert, - Maraqlıdır ki, Ruhani də dirənıb».

Universitet professorları ilə görüşündə Ruhani Məhəmməd peyğəmbərin kürəkəni, sünnilər arasında da hörmətə malik mötəbər şiə fiquru Əli ibn Abutalibdən sitat gətirib. İmam Əli yalnız xalq dəstəyinə əmin olduqdan sonra xəlifəliyi qəbul etmişdi.

Ruhani deyib ki, «biz seçki keçirəndə Qərb dəyərlərinin arxasınca düşmürük, adamların arxasınca düşürük».

«Biz elə bir dinə ibadət edirik ki, onun imam Əlisi liderliyini xalqın iradəsi və səsi üzərində qurmuşdu» - deyib prezident.

Bu, bir növ Ruhani tərəfdarlarını «Qərb dəyərlərini, o cümlədən məktəblərdə homoseksuallığı təbliğ etməkdə» günahlandıran Xameneyiyə kəskin cavab idi.

«The Guardian» yazır ki, Ruhanidən əvvəlki prezidentlər də hakimiyyətlərinin ikinci müddətində Xameneyi ilə münasibətlərinin korlanmasının şahidi olublar. Bu mənada hətta mühafizəkar prezident Mahmud Əhmədinejad da istisna təşkil etmir.

Ənsari deyir ki, Xatəmi və Rəfsəncani Ruhanidən daha diplomatik idilər, lakin elə onlar da ikinci müddətlərində eyni vəziyyətə düşmüşdülər.

Bununla belə İranda seçkili kəsimlə seçkisiz kəsim arasındakı qarşıdurma məhz Ruhaninin dövründə daha gərgin şəkil alıb.

Ənsari deyir ki, Xameneyinin Ruhanini bu qədər açıq tənqid etməsi maraqlıdır.

«O lap şəxsi-qərəzliyə keçib. Ruhaniyə işarə vurub ki, «get öz işinlə məşğul ol» və hamı da onun bu sözlərinə qəhqəhə çəkib. Bu, bir növ mühafizəkarlara Ruhaninin üstünə getmələri üçün yaşıl işıq yandırmaqdır».

«The Guardian» xatırladır ki, İranda heç də bütün prezidentlər ikinci müddətlərini axıradək başa vura bilməyiblər.

İranın inqilabdan sonrakı ilk prezidenti Əbülhəsən Bənisədr dini isteblişmenti yerində oturtmağa çalışırdı.

Amma onu sonunda impiçment etmişdilər.