vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:45 | 15 iyul 2017 | Şənbə Məqaləyə 2056 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çin Avrasiya məkanını monopoliyaya alır?

Rusiya postsovet məkanında iqtisadi mövqelərini itirir

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanı postsovet məkanından sıxışdırıb çıxarmağa çalışan Çin Moskvanı iqtisadi monopoliyaya salmaq siyasətini gücləndirib. Kreml ilə siyasi və strateji yaxınlığına baxmayaraq, Çin Mərkəzi Asiya və postsovet məkanına ciddi şəkildə nüfuz etməkdədir. Ötən gün isə Çinin China Machinery Engineering Corporation maşınqayırma korporasiyası Ermənistan energetikasına və inşaat sektoruna irimiqyaslı investisiya qoymağı planlaşdırdığını bəyan edib.

Bəlli olduğu kimi, Rusiyanın inteqrasiya birliyinə daxil olan Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu ittifaqda son illər əhəmiyyətli dəyişikliklər yaşanmaqdadır: qurumun bütün iştirakçıları özlərinin Rusiyaya olan iqtisadi orientasiyalarını Çinə doğru dəyişiblər. Rusiyanın postsovet məkanında iştirak faizi bir neçə dəfə aşağı düşsə də, Çin əksinə, bu regionda təsir imkanlarını artırır. Çin Aİİ üzvlərini öz təsir dairəsinə investisiyalar, kreditlər və alqı-satqı əməliyyatları vasitəsilə salır. Onun iqtisadi işğal siyasəti Rusiyanı postsovet məkanından, xüsusən də Avrasiya İqtisadi İttifaqından, o cümlədən Qafqaz və Mərkəzi Asiya dövlətləri ərazisindən çıxarmaya söykənir.

Bu zorən sıxışdırılma Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutu mütəxəssislərinin hazırladığı hesabatda da öz əksini tapıb. «Postsovet məkanın mənimsənilməsi üzrə Çin strategiyası və Avrasiya İqtisadi İttifaqının taleyi» hesabatını hazırlayan mütəxəssislər bildiriblər ki, Aİİ ölkələri iqtisadiyyatının Çindən asılılığı getdikcə güclənir. Bundan əlavə, həmin ölkələrin şərq tərəfdaşı olan Çinlə balanslaşma və ticarət məsələsində fərqlər artır. Mütəxəssislərin hazırladığı hesabatda xüsusi vurğulanır ki, Qazaxıstan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin bütün üzvləri Çinlə ticarətdə mənfi balansa malikdirlər. Onlar Çinin ekspansiya siyasətini sübut edən əsas faktor kimi Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələrinin 2000-2012-ci illəri əhatə edən ixrac və idxal üzrə məlumatlarını götürürlər. Bəlli olub ki, məsələn, Qafqaz və Mərkəzi Asiya ölkələrindən Çinə kənd təsərrüfatı və xammal ixracı 0,8 faizdən 3,3 faizə kimi yüksəlib. Rusiyaya isə əksinə, azalıb -  4,7 faizdən 0,8 faizə kimi enib. Başqa bir misal – Çindən qeyd olunan ölkələrə hazır məhsulun ixracı 1,3 faizdən 6,2 faizə kimi yüksəlib. Rusiyadan isə 14,5 faizdən 8,5 faizə kimi enib. Bura BVF-nun Orta Şərq və Mərkəzi Asiya üzrə hazırladığı son hesabatı da əlavə etmək olar. Əgər Rusiyanın Qafqaz və Mərkəzi Asiya ölkələrinə neft məhsulları ixracı 2000-2005-ci illərdə 17, Çinin isə 3 faiz idisə, 2010-2015-ci illərdə Rusiyanın payı 10 faizə kimi enib. Çinin isə göstəricisi 7 faizə yüksəlib. Çin postsovet ölkələri ilə ticarətdə tək ilk üçlükdə təmsil olunmur, Rusiyanı ötüb keçməklə ilk yerdə qərarlaşıb. 

Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin faktlar Kitabının hesablamalarına görə, Çinin 2015-ci ildə Qırğızıstana ixrac göstəricisi 57 faizdirsə, Rusiya ilə bağlı rəqəm 17-dir. Qazaxıstanda Çinin iştirak payı isə 10 faizdir. Tacikistana gəldikdə, Çin burada daha yüksək mövqeyə malikdir - 42 faiz. Rusiya isə cəmi 18 faiz. Özbəkistana ixrac məsələsində Çin və Rusiya bərabərdir - 21 faiz. «Çin 2001-2015-ci illər ərzində postsovet məkanı ölkələri, xüsusən də Mərkəzi Asiya ölkələrində tək investor kimi deyil, həm də maşın, avadanlıq və nəqliyyat vasitələrinin daşıyıcısı kimi rolunu artırıb», - deyə Rusiya Elmlər Akademiyasının mütəxəssisləri hesabatlarında bildiriblər. Əlavə edilib ki, nəticədə Çin yeni müstəqil dövlətlərin modernləşməsinin mənbəyinə çevrilir. Rusiyanın bu məsələdə bir sıra ölkələrdə rolu aşağı düşür. Onlar əlavə edirlər ki, Çin Xalq Respublikasının digər postsovet məkanı ölkələri ilə qarşılıqlı ticarəti Çinin ticarət kreditləri üzərində ixtisaslaşıb.

Tədqiqatçıların diqqəti ona yönəlir ki, Çin öz investisiyaları və kreditlərinin təbii resurslara cəlb edilməsinə çalışır və artıq postsovet məkanında onun iştirak payı artır. Hesabat müəlliflərinin gəldiyi qənaətlərdən biri də budur ki, Çin və Rusiya inteqrasiya mexanizmlərini fərqli görürlər. «Rusiya Çin-Avrasiya İqtisadi İttifaqı xətti ilə əməkdaşlığa üstünlük verir. Çin isə hər bir üzv ölkə ilə ikitərəfli əsaslarla əməkdaşlığa üstünlük verir». Əlavə edək ki, Çin Avrasiya İqtisadi İttifaqına hələ ki üzv olmayan, lakin nəzəri cəhətdən ola biləcək ölkələri də öz tərəfinə cəlb etməyə çalışır.

Maraqlıdır ki, ekspertlər postsovet dövlətlərinin Rusiyadan Çinə doğru istiqamətlənmələrini əvvəllər də qeyd ediblər. REA-nın hesabatından belə nəticə əldə etmək olar ki, «İpək yolu iqtisadi dəhlizi» layihəsi belə, Avrasiya İqtisadi İttifaqı ilə tamtərəfli əməkdaşlığa xüsusi ümidlər vermir. Avrasiya İqtisadi İttifaqı və «İpək yolu iqtisadi dəhlizi» layihəsinin «bloklararası» əməkdaşlığı hələ ki yerində addımlayır və bu da Aİİ daxilində rəqabəti gücləndirə, inteqrasiyanı zəiflədə və nəticədə Çinin rolunu gücləndirə bilər. Rusiyanın «bloklararası» dialoqda maraqlı olduğunu ekspertlər də bildirilər. «Rusiya üçün Çin və Aİİ arasında dialoqu stimullaşdırmaq zəruridir», - deyə Plexanov adına Rusiya iqtisadi universitetinin professoru Mariya Valovaya bildirib.

Beləliklə, iki fövqəldövlət arasında iqtisadi cəbhədə gərginlik artır və bunun necə nəticələnəcəyi maraq doğurur. Hər halda, bu sırada Çin daha şanslı görünür.