Dünya niyə mövcuddur?
Elmin hələ də cavabını bilmədiyi sual
«The Independent» yazır ki, heç bir alimin cavabını bilmədiyi bir sual var: Necə olub ki, dünya indiyədək dağılmayıb? Alimlər deyirlər ki, elmi cəhətdən danışılarsa, kainat indiyədək mövcud olmamalı idi.
Məqalədə deyilir ki, dünyanın bütün elitar alimləri məhz belə bir məsələ üzərində baş sındırırlar. Onların qənaətinə görə, bütün aləm yarandığı an məhv olmalı idi.
«Siz bu məqaləni oxuyursunuz və deməli dünya dağılmayıb», «The Independent» yazır.
Kainatın başlanğıcında standart elmi modelə görə, eyni miqdarda maddə və antimaddə olub.
Lakin təbiətin qanunlarına əsasən, onlar bir-birini dərhal məhv etməli və yerində heç nə qoymamalı idi. Amma bizim ətrafımızda bu gün də bütöv bir aləm var.
Alimlər bu «antielmi vəziyyətin», yəni dünyanın niyə indiyədək mövcud olmasının səbəbini tapmaq üçün maddə və antimaddə arasında ən mümkün fərqlərə nəzər salıblar.
Onlar müxtəlif vasitələr - kütlənin ölçülməsinə, elektrik cərəyanına, bir sözlə hər şeyə əl atıblar, lakin maddə və antimaddə arasında zərrə qədər də fərq tapmayıblar.
«Bizim bütün müşahidələrimiz nəticəsində bəlli olub ki, maddə və antimaddə arasında tam bir simmetriya var. Elə buna görə də kainat mövcud olmamalı idi», - Avropa Nüvə Araşdırmaları Təşkilatında - (ANAT) aparılmış ən son tədqiqatın müəllifi Kristian Smorra (Christian Smorra) deyib.
«Burada mütləq bir assimmetriya olmalıdır, lakin biz sadəcə olaraq fərqin nədə olduğunu başa düşmürük. Biz bu simmetriyanın sınma mənbəyini tapa bilmirik», - alim deyib.
Maddə və antimaddə arasında bir mümkün fərq də onların maqnitizmində ola bilərdi. Lakin yeni tədqiqat onların da tam simmetrik və bənzər olduğunu göstərib.
Beləliklə «dünya niyə mövcuddur» sualı bir az da qəlizləşib.
Doktor Smorranın alimlər qrupu bizi əhatələyən protonların antiprotonlardan fərqini aşkar etmək məqsədilə onları ölçüblər.
Alimlər antimaddənin maqnitizmini ən təfərrüatlı şəkildə araşdırıblar və təəccübləri daha da artıb: Onlar da tam simmetrik imiş.
ANAT-da aparılmış tədqiqat zamanı alimlər antiprotonları xüsusi «Penning tələlələri» ilə tuturdular, çünki antimaddəni fiziki və ya maddi konteynerin içində saxlamaq mümkün deyildi.
«The Independent» yazır ki, indi alimlər antiprotonları hətta daha təfərrüatlı şəkildə öyrənməyə çalışırlar.
Amma başqa bir qrup alim bu qənaətdədir ki, antimaddə baş-ayaq qravitasiya və ya cazibəyə malikdir.
Bu halda antimaddə üzüaşağı yox, üzüyuxarı yıxılmalı idi.