vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
17:08 | 26 noyabr 2017 | Bazar Məqaləyə 1209 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada peyin fırtınası

Milyonlarla rusun ağlında yaranan sxem - «biz və onlar», «dostlar və düşmənlər», «qara və ağ»

Yevgeni BAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada günlərdir ki, qalmaqal səngimir. İnternetin minlərlə istifadəçisi deyinir. Siyasi qəzetlərin səhifələrindən şərhçilərin və publisistlərin qəzəbli şərhləri püskürür. Federasiya Şurasının üzvləri hiddətlənir. Qəzəbli ifadələrin əksəriyyətini heç mətbuat səhifələrinə çıxarmaq mümkün deyil, etik senzura buna imkan vermir.

Bütün bunların günahı isə Urenqoydan olan 18 yaşlı gimnaziya şagirdi Nikolay Desyatniçenkodur. O, Almaniya Bundestaqı qarşısında çıxış etmək şərəfinə nail olub. Desyatniçenko Almaniyada müharibədə həlak olanların və hakimiyyət tərəfindən zorakılığa məruz qalan qurbanların xatirəsinə həsr olunmuş Kədər günün həsr olunmuş mərasimin iştirakçıları qarşısında özünün qısa, cəmi iki dəqiqəlik nitq söyləyib.

Və bu iki dəqiqə rusiyalıları elə qızışdırıb ki, onlar hələ də sakitləşə bilmirlər. İctimaiyyətçi fəallar və deputatlar Baş prokurorluğu bu işi araşdırmağa çağırır.  Digərləri tələb edir ki, işə təcili FTX qarışmalıdır. Ən çox səslənən çağırış budur ki, Urenqoydakı gimnaziya diqqətlə təhqiq olunsun, Desyatniçenkonun müəllimləri diqqətlə yoxlanılsın. Aydınlaşdırılsın ki, gimnaziya şagirdinin başına bu hətərən-pətərən fikirləri kim doldurub. Daha sonra tələb edirlər ki, bütün Rusiya boyu təhsil sistemi yoxlanılsın və gələcəkdə bu kimi halların baş verməsinin qarşısı alınsın.

Bəs bu yazıq rusiyalı gimnaziya şagirdi Bundestaq qarşısında nə deyib? Deyib ki, ona İkinci dünya müharibəsində həlak olan əsgərlərə həsr olunmuş layihədə iştirak təklif olunub. Və araşdırma prosesində və daha sonra Almaniyanın Xalq ittifaqı ilə əməkdaşlıq çərçivəsində Stalinqrad ətrafında həlak olmuş alman əsgəri Georg Yohan Raunun tərcümeyi-halını ətraflı öyrənib. «Georgun əhvalatı və layihə üzərində iş mənə çox təsir etdi, Kopeysk şəhəri ətrafında əsgərlərin dəfn olunduğu yerə baş çəkdim. Bu, məni çox kədərləndirdi. Çünki mən günahsız yerə həlak olmuş insanların məzarlarını gördüm, onların çoxu dinc yaşamaq istəyirdi və döyüşmək arzusunda deyildi»-məktəbli bildirib.

Dərhal fırtına başlayıb. Rusiyalılar məktəblinin «günahsız yerə həlak olmuş alman əsgərləri» barədə sözlərindən yapışaraq ona hücuma keçiblər. Axı «günahsız yerə» həlak olmuş alman əsgəri necə ola bilər? Hansılar ki, Rusiyaya hücum etmişdilər və ölkəni işğal etməyə çalışırdılar. Ümumiyyətlə, bu sözləri necə işlətmək olar?

Desyatniçenkonu «şikəst» və «satqın», «hitlerçilərin müdafiəçisi» adlandırdılar. Onun ünvanına fiziki divan tutma barədə təhdidlər yağdırıldı. Gimnaziya şagirdinin anası deyir: «Bəli, təhdidlər daxil olur, onu təhqir edirlər, söyürlər, hədələyirlər. Deyirlər «baxın, görərsiniz, biz onun payını verəcəyik». Axı o, pis heç nə etməyib. Bu sözlərə görə uşağa divan tutmağı anlamıram».

Məktəblinin anası deyir ki, onun oğlu əvvəlcə 7-8 dəqiqəlik çıxış hazırlamışdı, amma reqlamentə görə onu qısaltmalı oldu. Çıxışın məqsədi isə sülhə çağırmaq idi. Desyatniçenko öz çıxışı ilə göstərmək istəyib ki, Almaniya tərəfdən elə adamlar, elə əsgərlər vuruşublar ki, onlar döyüşmək arzusunda deyildilər və öz iradələri ilə Rusiyaya gəlməmişdilər.

Əlbəttə, məktəblini müdafiə edənlər də tapıldı, o cümlədən bir sıra tanınmış adamlar. Obyektiv müşahidəçilər deyirlər ki, Desyatniçenko ilə birlikdə alman məktəblilər də çıxış ediblər və onlar Qırmızı ordunun Almaniya missiyası barədə anlayışla danışıblar. Lakin Rusiyada Almaniyanın «Frankfurter rundschau» qəzetinin yazdığı kimi «peyin fırtınası» səngimir. Əhvalat o qədər böyüyüb ki, Putinin mətbuat katibi Dmitri Peskov da məktəblini müdafiə etməli olub. Bildirib ki, Kreml insana nifrət planında çalışmalardansa təhsil məsələlərinə diqqət ayırmağı düzgün hesab edir. Çünki məktəbli çıxışında pis heç nə deməyib.

Peskov əlbəttə, tam haqlıdır. Bəla burasındadır ki, insana nifrət aşılamaq Rusiyada ictimai müzakirənin ayrılmaz atributuna çevrilib. Hər gün Rusiyanın iki əsas kanalında gedən diskussiyaları izləyən xarici vətəndaşlar oradakı isterik tonu, düşmənçilik aşılamağı görməyə bilməz. Xüsusən də bu Ukrayna və Amerika mövzusunda özünü aydın büruzə verir. «Yaramaz xaxollara» heç bir güzəşt yoxdur, «Kiyevi 48 saatda alarıq», «Hamının payını verək!», «Amerikanı nüvə başlıqları ilə külə çevirək!» - bütün bunlar Rusiya təbliğatının başlıca tezisləridir.

Hərdən bu diskussiyalar elə qızışır ki, təbliğatçılar ağızları köpüklənə-köpüklənə bir-birlərinə hücuma keçirlər. Təsəvvür edin ki, hansısa ucqar Kukuyevo kəndində çovğunlu qış günündə yaşlı adamlar köhnə televizorun qarşısında oturub. Telequtu cəmi iki kanal - «Birinci kanal» və «Rusiya 24»ü tutur. Orada isə bazar axşamları ancaq Vladimir Solovyovu və Dmitri Kiselyovu göstərirlər.

Onlar sadə tamaşaçıların beyninə Rusiyaya qarşı dəhşətli qəsd planları barədə fikirləri yeridirlər. Hər yerdə düşməndir. Amerika, Avropa, Ukrayna. Onların hamısının bütün arzusu Rusiyanı alçaltmaqdır. Milyonlarla rusiyalının ağlında sadə sxem yaranır - «biz və onlar», «dostlar və düşmənlər», «qara və ağ». Başqa heç nə.

Və belə zəmində qəfildən hansısa məktəbli Bundestaqda çıxış edib «günahsız alman əsgərləri» barədə danışır. Satqın, it oğlu it, almanlar haqda sən necə bu cür danışa bilərsən? Kim buna imkan yaradıb?

Baxmayaraq ki, «gazeta.ru»nun haqlı olaraq qeyd etdiyi kimi məktəblinin çıxışı rəsmi təbliğata heç də zidd deyildi. Axı Rusiyada çoxdan qəbul edilib ki, SSRİ alman xalqı ilə yox, faşizmlə müharibə edib. Desyatniçnko dəhşətli heç nə deməyib axı. Rusiyada uşaqlarını cəbhədə itirmiş rusiyalı anaların əsir düşmüş  yaralı alman əsgərlərinə qan verməsindən bəhs edən xeyli kitab yazıblar. Rus qızlarının alman zabitlərinə vurulmasından bəhs edən məhəbbət romanları da var. Onlardan sonuncusu Andrey Konçalovskinin «Cənnət» romanıdır.

Lakin son illər hadisələrin rəsmi traktəsi yerini daha qisasçı versiyaya buraxıb. Rusiyada avtomobillərin üstündə «Berlinə doğru» yazmağa başlayıblar. Çoxsaylı tok-şoularda qışqıran başlar «təkrar edə bilərik» mesajı verirlər.

Ola bilsin Peskovun sözlərindən sonra yazıq məktəblini rahat buraxacaqlar. Lakin cəmiyyətdə heç nə dəyişməyəcək. Yetmiş il yox, düz yüz ildir ki, biz öz-özümüzlə müharibə edirik. Real maraqlarımızı, real problemlərimizi dərk etmədən, görmədən... (Haqqin.az (ixtisarla))