vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:11 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 1685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərb Ukraynanı «rus ayısı»ndan xilas edə biləcəkmi?

Zbiqnev Bzejinski: «Krım ssenarisi Putinin planının başlanğıcıdır»

E.PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ və Avropanın alovlanmaqda olan Rusiya-Ukrayna münaqişəsində hansı mövqedən çıxış edəcəyi bu günlərin əsas suallarındandır. Düzdür, Qərbin hazırda Moskvanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe proseslərə adekvat sayılır. Ancaq hesab olunur ki, demokratik dünya ləng davranarsa, «rus ayısı» 2008-ci ilin yayında Gürcüstanda olduğu kimi Ukraynada da istədiyini edə və nəticədə bütün postsovet ölkələri üçün fəlakətli perspektiv vəd edən aşkar işğal siyasətini sürdürə bilər.

Amerikalı politoloq Zbiqnev Bzejinski Putinin Ukrayna planı ilə bağlı sensasiyalı açıqlama verib.  Bzejinski CNN telekanalına verdiyi açıqlamada bildirib ki, Putin Ukraynanın şərq hissəsini işğal etməyə hazırlaşır. «Krım ssenarisi Putinin planının başlanğıcıdır. Ukraynanın əsasən rusdilli ukraynalıların yaşadığı şərq regionlarında ruslara müsbət münasibəti olan əhali yaşayır və onlar rus ordusu həmin ərazilərə daxil olanda kütləvi iğtişaş törətməyə hazırdırlar» deyə, Bzejinski bildirib. O, Qərb dünyasını Rusiyaya bu cür addımlarına görə xəbərdarlıq etməyə çağırıb və indiki hadisələri 1938-ci ildə Çexoslovakiyanın Almaniyaya birləşdirilməsilə eyniləşdirib: «Bu addımlar çox ciddi olmalıdır, çünki bir neçə ildən sonra təəssüflənəcəyik ki, lazımi addımlar atmamışıq. Necə ki bunu 1938-ci ildə Münhen konfransından sonra etməmişdik».

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyir ki, Ukrayna növbəti dəfə məhək daşı olacaq: «Qərb, Amerika, NATO Rusiyanın təcavüzünü ala bilir, ya yox? Bu bəyanatlardan sonra təcavüzün qarşısı alınmalıdır. Lakin Qərb bunu edəcəkmi? Mən tarixi yada salmaq istəyirəm. Kəlbəcər işğal olunanda bu, Rusiyanın müstəqil dövlətə qarşı təcavüzü idi. Ancaq Qərb buna ölüvay 822 saylı qətnamə ilə cavab verdi, Ermənistanı təcavüzkar adlandırdı, ancaq Rusiyanın adını çəkmədi. Üstəlik, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxması üçün heç bir addım atmadı. Rusiya Kəlbəcərin işğalından sonra beş ay gözlədi, gördü ki, işğalı davam etdirmək olar və ona görə də Dağlıq Qarabağ ətrafındakı bütün rayonları işğal etdilər. Bundan sonra Abxaziya və Osetiyanı Rusiyanın sülhməramlıları işğal etdi. Ondan sonra isə utanmadan rus ordusu Gürcüstan ərazilərinə girib bu torpaqları işğal etdi. Qərbin yenə də buna reaksiyası olmadı. İndi mən bu hadisələrdən şübhəliyəm.

Putin Merkellə nəsə danışıb və ATƏT-in Ukraynada nəsə rol oynamağından söhbət gedir. Əgər Ukrayna məsələsinə ATƏT qarışırsa, deməli, Rusiya Krımı işğal edəcək və ondan sonra Azərbaycandakı danışıqlar kimi azı 20-30 il ATƏT Ukrayna ilə Rusiya arasında danışıq aparacaq. Konkret deyilməlidir ki, Qərb bunamı doğru gedir, yoxsa bu dəqiqə təcavüzün qarşısını ciddi şəkildə almağamı hazırlaşır?» V.Quluzadə deyir ki, Qərb hazırkı situasiyada ona Roma imperiyasını xatırladır: «Roma imperiyası ən güclü, ən varlı imperiya idi, özü də eyş-işrətə başı qarışmışdı. Ona görə də əli dəyənəkli barbarlar bu boyda silahı, ordusu olan imperiyanı çökdürdülər. Bax, həmin vəziyyətdir. Vaxtilə Fransanın Sudep vilayəti vardı, Hitler deyirdi mənə o ərazini verin, başqa arzum yoxdur. Çemberlen şadlanaraq demişdi ki, mən sizə sülh gətirmişəm, bu ərazini Hitlerə veririk. İndi əgər Qərb sülh naminə Krımı Rusiyaya verəcəksə və ATƏT də danışıqlara başlayacaq, onda Rusiya azğınlaşıb Baltikyanı respublikaları da, Gürcüstan və Azərbaycanı da açıq-aşkar işğal edəcək».

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, hazırda bəşər tarixinin yaddaqalan, həlledici günlərindən birini yaşayırıq: «Dünyada demokratik Qərbin, yoxsa avtoritar Rusiya və digər avtoritar güc mərkəzlərinin bundan sonrakı dövrdə təsir imkanlarının nə qədər olacağı bu qarşıdurmada müəyyənləşəcək. Məncə, Putin çox böyük riskə yol verib. Həm öz şəxsi karyerasını, həm Rusiyanın gələcək taleyini ciddi şəkildə riskə atıb. Düşünürəm ki, onun bu cür addım atmasının əsas səbəbi Rusiyada olan patriot qüvvələrin ona qarşı çıxacaqlarından ehtiyatlanması ilə əlaqədardır. Ancaq onun bu siyasəti həm özü, həm Rusiya üçün çox böyük fəsadlara gətirib çıxaracaq. Mən Qərbin bu məsələdə dirəniş göstərərək Rusiyanın təcavüz siyasətinə imkan verməyəcəyinə əminəm».

«Turan» Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, sonda Qərblə Rusiya bir araya gələcək və hadisələr pis sonluqla bitməyəcək: «Məntiqlə Rusiya Krımı almamalıdır. Hər halda, Putin Merkelə söz verib ki, o, beynəlxalq missiyanın bölgəyə gəlişinə razıdır. ATƏT müşahidəçilərinin belə aktiv münaqişə zonasına daxil olması ciddi məsələdir».

İndiki situasiyada hesab olunur ki, rəsmi Bakının da Ukrayna dövlətinə dəstəyi olmalıdır. Ancaq Azərbaycan XİN-dən bu mövzu ilə bağlı suallarımıza cavab ala bilmədik.