Rusiyadan “Google”a ittiham
Axtarış sistemlərində “Rusiya qanunvericiliyi pozucusu” kimi qeyd olunacaq
Rusiyanın media tənzimləyici orqanı “Roskomnadzor” “Google” şirkətini Rusiya qanunvericiliyini pozmaqda ittiham edib, ona qarşı cəza tədbirləri, şirkətə və informasiya resurslarına reklam qadağası qoyacağını bildirib.
“Roskomnadzor” aprelin 7-də bəyanatında bildirib ki, “Google”n YouTube videopaylaşım şəbəkəsi Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalı haqda “feyk xəbərlərin yayıldığı əsas platformalardan birinə çevrilib”. Rusiya bu müharibəyə “xüsusi hərbi əməliyyat” deyir.
Artıq axtarış sistemlərində “Google” “Rusiya qanunvericiliyi pozucusu” kimi qeyd olunacaq. Eləcə də şirkətin Rusiya ərazisində özünü və resurslarını reklam etməsi yasaqlanır.
***
Bəyanatda deyilir ki, “YouTube”dakı bəzi materiallar “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salır” və “Google”a qarşı tədbirlər o qanunvericiliyə əməl edənəcən qüvvədə qalacaq.
“Google” hələlik, məsələni şərh etməyib.
“Roskomnadzor” ötən ay “Google”dan tələb edib ki, “Rusiya vətəndaşlarını təhdid edən” videoları “YouTube” platformasından yığışdırılsın.
***
Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayandan bir neçə gün sonra Roskomnadzor ölkədəki mediaya göstəriş verib ki, Ukrayna müharibəsi haqda yalnız rəsmi mənbələrin məlumatı yayılsın. Qurum Ukraynaya hücumu işğal, yaxud müharibə adlandırmağı qadağan edib.
Martın 4-də “Roskomnadzor” “Facebook” sosial şəbəkəsini bloklayıb, dünyanın ən böyük sosial media platformasının “RT”, “RİA Novosti” və “Sputnik” kimi media və informasiya resurslarına qarşı ayrıseçkilik etdiyini bildirib.
Bir gün sonra Prezident Vladimir Putinin imzaladığı qanunda isə Rusiya ordusu haqda “bilərəkdən saxta informasiya” yaymağa görə 15 ilədək həbs nəzərdə tutulub.
Bir sıra aparıcı beynəlxalq media orqanları Rusiyada bloklanıb.