Putinin raket kreyseri Ukraynaya yaxınlaşır
Rusiya Krımda hərbi kontingentini artırır
Rusiya Federasiyası Qara Dəniz Donanmasının flaqmanı olan «Moskva» raket kreyseri Ukraynanın materik hissəsinə doğru üzməyə başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, UNİAN bu barədə Kiyevdəki mötəbər qaynaqlara istinadən məlumat yayıb.
Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tumçukun sözlərinə görə, «Moskva» kreyseri bundan əvvəl Rusiyanın Qara Dəniz Donanmasının digər gəmiləri ilə birgə Donuzlav gölündən dənizə çıxışın qarşısını kəsmişdi. Oradakı limanda isə Ukraynanın 7 gəmisi dayanırdı.
Bu arada Rusiya Krımdakı qoşun hissələrinin və əsgərlərinin sayını artırmaqda davam edir. Bu məqsədlə yarımadaya yeni hərbi birləşmələr yeridilməkdədir.
D.Timçuk bildirib ki, Rusiya ordusunun 18-ci əlahiddə atıcı briqadasının bölmələri hazırda Rusiyanın Qara Dəniz Donanmasının Novorossiyskdəki hərbi bazasında dislokasiya olunub. Halbuki onların daimi dislokasiya yeri Çeçenistandır. Xəbərdə o da deyilir ki, bu briqadanın daha 120 ədəd hərbi texnikasının və «Qrad» qurğularının Krıma yeridilməsinə hazırlıq gedir.