Sabiq prezident saxlanıldı
İqor Dodonun qaynı da həbs olunub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qolunu itirənlərin gövdəni qorumaq siyasəti
Biz isə Rusiyanı qəzəbləndirəcək addımlar atmamaqla təhlükəsizlik təminatı qazanmağa çalışırıq
-
Moldovanın keçmiş prezidenti İqor Dodon dövlət xəyanəti ittihamı ilə cinayət işi çərçivəsində 72 saatlıq saxlanıb. Bu barədə məlumatı mayın 24-də Moldova Baş Prokurorluğunun sözçüsü Marianna Körpek verib.
Kreml Dodonla bağlı məlumatlardan “narahatlıq” bildirib. Sözçü Dmitri Peskov Moldova hakimiyyətini onun hüquqlarına hörmətlə yanaşmağa çağırıb.
***
Moldovanın keçmiş prezidenti İqor Dodonun evində axtarış aparılıb. Baş prokurorluğun sözçüsü Marianna Körpek sözlərinə görə, axtarış ev sahibinin iştirakıyla həyata keçirilib.
“Axtarış başa çatandan sonra prokurorlar onu həbs edib-etməməklə bağlı qərar verəcəklər”, – deyən sözçü Dodonun keçmiş dövlət başçısı kimi toxunulmazlığının olmadığını sözlərinə əlavə edib.
2016-2020-ci illərdə prezident olmuş, Rusiyanın dəstəklədiyi Dodon korrupsiya, qanunsuz varlanma, kriminal təşkilatdan siyasi ianə qəbulunda və vətənə xəyanətdə şübhəli bilinir. Yerli media bunu Baş Prokurorluğun sözçüsü Marianna Körpekə istinadla yazır.
Moldovanın Baş Prokuroru vəzifəsini icra edən Dumitru Robu Dodonun 72 saatlığa saxlandığını bildirib.
***
Dodonun qaynı Petru Merineanu da saxlanıb. Onun dəlilin bir hissəsini udmaq istədiyi bildirilir.
Dodonun Sosialistlər Partiyasının üzvləri mətbuat konfransı keçirərək ittihamları rədd ediblər. Onlar baş verənləri ictimaiyyətin diqqətini kasıblıq və sosial məsələlərdən yayındırmaq niyyəti güdən “ikiqəpiklik şou” adlandırıblar. Partiya üzvləri etirazlara çağırıblar.
Dodon 2020-ci ilin noyabrında qərbyönümlü, ABŞ-da təhsil almış siyasətçi Maya Sanduya uduzub. Sandu Qərblə münasibətlərin yaxınlaşdırılması tərəfdarıdır.
Avropanın ən yoxsul ölkələrindən olan Moldova martda, Rusiya Ukraynaya səbəbsiz hücuma başlayandan sonra Avropa İttifaqına üzv olmaq üçün rəsmən müraciət edib.
Qonşu Ukraynadan yüzminlərlə ukraynalı qaçqın Moldovaya üz tutub.