vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
08:55 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 1453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranla Qərb barışsa...

«Qərbin Tehranla dil tapması həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın maraqlarına cavab vermir»

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun martın 8-də Tehrana səfəri İran-Qərb münasibətlərinin normallaşması istiqamətində mühüm addım hesab olunur. İran prezidenti Həsən Ruhani, parlament spikeri Əli Laricani, xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşən AB ali təmsilçisi bir sıra məsələlər, o cümlədən İranın nüvə fəaliyyətləri ətrafında müzakirələr aparıb.

Hələlik hər iki tərəf danışıqlardan razı qaldığını açıqlayıb.

Hələliksə İranın indiki «islahatçı» hakimiyyəti ciddi-cəhdlə yumşalma siyasətini davam etdirməyə çalışır. Görünən odur ki, Avropa Birliyi də bu prosesdə Amerikadan fərqli olaraq daha aktiv çıxış edir və prosesin davam etdirilməsində maraqlıdır.

Bir sıra müşahidəçilərə görə, Qərbin İranla münasibətləri yumşaltmaqda əsas hədəfi nüvə silahı ilə yanaşı İranla bağlı yeni bölgə strategiyasıdır. Məsələ burasındadır ki, Suriya hadisələri də göstərdi ki, İran bölgədə Rusiyanın yaxın müttəfiqi olaraq Qərbin planlarını pozmağa qadirdir. Faktiki olaraq Suriyada məhz İran və Rusiyanın dəstəyi nəticəsində birləşmiş müxalifət Qərbin, ərəb dövlətləri və Türkiyənin dəstəyinə baxmayaraq Bəşər Əsədə qarşı savaşda qalib gələ bilmədilər. Digər tərəfdən son 3 ildəki blokada siyasəti göstərdi ki, sanksiya və iqtisadi embarqolar vasitəsilə İranı təslim olmağa məcbur etmək mümkün deyil. Leqal olaraq neft və qaz satışı həyata keçirə bilməyən İran hakimiyyəti enerji ehtiyatlarını «qara bazar» vasitəsilə Türkiyə və Azərbaycan kimi ölkələri üzərindən satır. Nəticədə Qərbin enerji maraqları zərər görür, beynəlxalq mafia isə bu prosesdən gizli olaraq milyardlarla dollar vəsait götürür. Son olaraq Türkiyədə baş verən həbslər zamanı ifşa olunan sənədlər və pullar göstərdi ki, məhz İran qazının satışı ilə bağlı yaranmış böyük şəbəkə 86 milyard dollar dəyərində gizli ticarət həyata keçiriblər. Təbii ki, bu, hazırda ifşa olunan və üzə çıxarılan məlumatlardır.

İranla Qərb arasında münasibətlərin qaydaya düşməsi Azərbaycanda da maraqla izlənilir. Bir sıra ekspertlərə görə, Qərbin İranla dil tapması həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın maraqlarına cavab vermir. Siyasi baxımdan İran-Qərb gərginliyi bölgədə önəmli yerə sahib olan Azərbaycanın Qərb üçün önəmini artırırdı. Qərblə yaxından əməkdaşlıq edən Azərbaycan hakimiyyəti bu mənada böyük güzəştlər əldə edir, siyasi təzyiqlərdən sığortalana bilirdi. Eyni zamanda, iqtisadi baxımdan İranın Avropa bazarına qayıtması və enerji resurslarını dünya bazarına rahat şəkildə çıxara bilməsi embarqo dövründə olduğu kimi Azərbaycan və ya Türkiyə kimi ölkələrə ehtiyacı olmayacağı anlamına gəlir. Məlum olduğu kimi, təkcə son iki ildə İranla gizli ticarətdə və çirkli pulların yuyulmasına iştirak etdiyi iddia olunan bir neçə Azərbaycan bankı istintaq araşdırmalarına cəlb olunub. Mətbuata çıxan məlumatlara əsasən yerli banklar çirkli pulların yuyulmasına fəal şəkildə iştirak ediblər.

Bu baxımdan ABŞ-dan fərqli olaraq Avropa Birliyi İranla münasibətləri yaxşılaşdırmağı, bu ölkənin enerji məhsullarının Avropa bazarına çıxmasında maraqlıdır. Ancaq hazırda bu prosesin uğurla davam etdiyini söyləmək olmaz. Doğrudur, ötən ilin noyabrında əldə olunan nüvə razılaşmasından sonra İranın dünya bazarına çıxış «nəfəsliyi» açılıb, ölkə daxilində inflyasiya aşağı düşüb, ancaq bu mərhələdə müşahidə olunanlar ciddi dəyişiklik hesab olunmur. Məsələ burasındadır ki, İranda bir sıra ekspertlərə görə, Qərbə bu mərhələdə güvənmək olmaz. Çünki Tehranda da anlayırlar ki, Qərbin əsas hədəflərindən biri də İranı ənənəvi müttəfiqi Rusiyadan ayırmaq, belə deyilsə cari planları reallaşdırmaq üçün Tehranla münasibətləri yumşaltmaqdan o tərəfə keçmir. Çünki hazırda hər iki tərəf ortada etimad yaradacaq hər hansı addımı atmayıb. Amerika hökuməti isə ümumiyyətlə, bəyan edib ki, nüvə razılaşması İranla bağlı siyasətə təsir etməyəcək, çünki Vaşinqtonun İranla bağlı əlavə şərtləri var və Amerika üçün Yaxın Şərqdə əsas olan İsrailin təhlükəsizliyidir. Bu mənada hazırda İran və Qərb münasibətlərinin müəyyən bir platforma üzərində qurulduğunu demək çətindir. (Yeni Müsavat)