vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
18:21 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən rahat həyata hazırlaşırdım, ancaq Putin...»

Mixail Saakaşvili: «Müəyyən mənada Yanukoviç daha demokratikdir, nəinki ...»

BBC-nin müxbiri Mixail Saakaşvili ilə söhbətinə onun dindirilməsini nəzərdə tutan cinayət işlərilə bağlı sualdan başlayıb. Bu işlər arasında sabiq baş nazir Zurab Jvaniyanın ölümünün araşdırılması üzrə cinayət işi də var:

- Gürcüstandakı prosesin hüquqi normalarla heç bir əlaqəsi yoxdur. Bunu hamı bilir - bu prosesin təşəbbüskarları, Gürcüstan vətəndaşları və beynəlxalq ictimaiyyət. Onlar nə vaxtsa özlərinin nəzarət etdikləri qəzetlərdə müxtəlif ittihamlar axtarıb taparaq məni, hüquqi prosesin və hətta cinayətin hüquqi tərifilə heç bir əlaqəsi olmayan suallarla əlaqədar dindirmək istəyirlər. Onların məni hətta korrupsiyada şübhəli tanımaq üçün əsası yoxdur.

 

- Lakin başa düşdüyüm qədər söhbət Jvaniyanın qətlə yetirilməsindən gedir?

- Söhbət qətlə yetirməkdən yox, sabiq baş nazirin faciəvi ölümü ətrafındakı məsələlərdən gedir. Çünki birincisi, heç bir qətl olmayıb, ikinci isə onların özü də bunu yaxşı dərk edir. Onlar hətta bunu sübuta yetirə bilmirlər. Yəni hər hansı bir qanun pozuntusunun baş verdiyini ciddi şəkildə deyə bilmirlər. Əslində bu, siyasi prosesdir. Bu, Yuliya Timoşenkonun Yanukoviç tərəfindən təqibi kimi siyasi bir işdir. Bir iş alınmayanda başqa iş açılır. İkincisi olmasa, üçüncü, beşinci və onuncu iş açılır.

 

- Siz Skype-la ifadə verməkdən niyə imtina edirsiz?

- Çünki bunun hüquqi proseslə heç bir əlaqəsi yoxdur. Bu sırf siyasi prosesdir. Gürcüstan hakimiyyəti müxalifətlə siyasi dialoq dilində danışa bilmir. Onlar yalnız prokurorluq dilində danışırlar. Yanukoviçin danışdığı kimi. Müəyyən mənada Yanukoviç daha demokratikdir. O vaxtaşırı, hətta son günlərdə, müxalifətçiləri qəbul edib onlarla müəyyən işləri müzakirə edirdi. Gürcüstan hakimiyyəti müxalifət üzvlərini yalnız prokurorluq binasında qəbul edə bilir. Mən həmin adamlardan biri olmaq niyyətində deyiləm.

 

- Siz müxalifətin təqibindən danışırsınız, lakin özünüz prezident olanda Tiflisdə rezin güllələr tətbiq olunmuşdu və nümayişlər kifayət qədər sərt dağıdılırdı.

- Mənim vaxtımda heç bir müxalifət lideri nə həbs olunub, nə də ki məhbəsə atılıb. Heç biri. Hətta zorakılığa əl atanlar. Bu, bizim şüurlu qərarımız olub: siyasətçilərə dəyməmək. Hazırda sabiq Baş nazir, Müdafiə və Daxili İşlər nazirləri həbsdədirlər. Parlament üzvlərinə qarşı onlarla iş açılıb. Milli Hərəkat Partiyasının onlarla bölgə lideri həbs olunub. Bu üsulların pis nəticələri ola bilər. Lakin rus oliqarxına bunu başa salmaq çətindir. İvanişvili - rus oliqarxıdır. Onun Rusiyada 6–7 milyard pulu var.

 

- Siz sabiq hökumət üzvləri haqqındakı işlər barədə danışırsınız, lakin onların hamısı korrupsiya işləridir, hər halda hazırkı hakimiyyət bunun belə olduğunu bildirir.

- Xeyr, korrupsiya ilə bağlı heç bir şey yoxdur... Onlar bu işlərdən heç birini bacarmırlar... Kiminsə pul oğurladığını demirlər. Onlar bu pulların qeyri məqsədyönlü istifadə edildiyini bildirirlər. Bu ittihamla hətta istənilən demokratik ölkədə, istənilən anda hər bir adamı məhkum etmək olar. Hətta onların ən azğın, qeyri-peşəkar prokurorları bizim hökumətdə korrupsiyanın olduğunu deyə bilmirlər. Biz Avropa İttifaqına əsasən, Avropada ən az korrupsiyaya uğrayan ölkə idik.

 

- Siz Gürcüstanın korrupsiya ilə mübarizə təcrübəsini qeyd etdiniz. Ukraynada hakimiyyət dəyişikliyindən sonra korrupsiya ilə mübarizənin yeni kampaniyası başlayır. Və bunun ən parlaq nümunəsi Yol Polisidir. Gürcüstan Yol Polisi sıralarında korrupsiyanın məğlub edildiyini hamı bilir. Ukraynanın yeni hakimiyyətinə nə kimi məsləhət verə bilərdiniz? Yol Polisinin əməkdaşları rüşvət almasın deyə hakimiyyət nə etməlidir?

- İlk öncə biz onların hamısını dəyişdirdik. Korrupsiya Ukrayna və hər bir ölkə üçün yalnız büdcənin gəlir hissəsinin doldurulması və yaxud da başqalarına əziyyət verən problem deyil. Bu, beynəlxalq durum baxımından milli təhlükəsizlik problemidir. Putin postsovet məkanında «yumşaq hakimiyyəti» yeni iqtisadi qüdrət yaxud «neomədəniyyət» kimi başa düşmür. Bu, mütəşəkkil cinayətkarlıq və korrupsiyadır. O, korrupsiyalaşmış hökumətlərə asanlıqla təzyiq edə bilər. Çünki korrupsiya olan yerdə dövlət mexanizmləri çox zəifdir, hətta Ukrayna kimi böyük dövlətlərin buna qarşı immuniteti yoxdur və onlara hücum etmək asandır.

 

- Gürcüstandakı vəziyyətə qayıdaq. Abxaziya və Cənubi Osetiya problemləri kəskin olmaqda qalır. Sizcə Krımın faktiki işğalından sonra bu regionlardakı vəziyyət necə inkişaf edəcək?

- Krım, Abxaziya və Tsxinvali regionunun Rusiya ilə gələcəyi bir tərəfə qalsın, Rusiyanın özünün belə bu bölgələrlə birgə gələcəyi yoxdur. Rusiya özünü imperiya kimi aparır və ərazi bütövlüyünü itirəcək. Bu qonşu ölkələrin yox, Rusiyanın özünün seçimi olacaq. Biz vahid, demokratik və uğurlu Rusiya görmək istərdik. Ona görə də Putinin getməsindən sonra - bu isə qaçılmazdır və Krım avantürası ilə o, özünün süqutunu sürətləndirib - o, işğal etdiyi ərazilərdən gedəcək və Rusiyanın Putindən miras qalmış güclü daxili problemləri yaranacaq.

 

- Sizcə Ukrayna hakimiyyəti Krıma dair necə bir siyasət aparmalıdır? O, vaxtilə Gürcüstanda olduğu kimi , öz əsas ərazisindən Krıma keçidi yasaqlamalıdımı?

- Аmma biz keçidi heç vaxt yasaqlamamışdıq. Əksinə biz adamları gediş-gəlişinə şərait yaradırdıq.

 

- Lakin daxil olmaq mümkün olmurdu, axı...

- Əksinə biz adamları get-gələ həvəsləndiririk. Biz yalnız nəzarətimizdə olan məntəqələrdən xaricilərin icazəsiz hərəkət etməsinə qarşıyıq. Lakin daxildə vətəndaşlarımızın hərəkət etmək imkanına heç kimin şübhəsi olmamalıdır. Biz buna hər bir vəchlə kömək edirik. Suyu kəsmək və bu kimi digər çağırışlara gəlincə isə - Ukraynadan su əsasən etnik tatar və ukraynalıların məskunlaşdığı Krımın səhralıq hissələrinə verilir. Krıma heç bir şey verilməyə də bilər. Bu Rusiyanın vecinə də deyil. Orada adam nə qədər az olsa, bir o qədər də Rusiya hərbi bazaları özlərini daha sərbəst hiss edərlər. Ona görə də, bu nəticə verəcək üsul deyil.

 

- Hakimiyyət dəyişikliyindən sonra yeni Ukrayna hökumətinin sizə müəyyən vəzifə təklif etdiyini söyləmisiniz.

- Yalnız onlar deyil. Mən bunu yarızarafat deyirəm. Misal üçün, dünən 2 min tələbə məni alqışlayaraq deyib ki , mən namizədliyimi irəli sürməliyəm. Mən bunu ciddiyə almıram. Mən Gürcüstan siyasətçisiyəm. Bizim üçün Ukraynanın taleyi həyati əhəmiyyətə malikdir. Biz Ukraynanı dəstəkləyəcəyik, çünki bu mənim ölkəmin də həyatda qalması ilə bağlıdır. Mən Ukraynanı sevir, ukraynaca danışıram. Mənim ölkəm 10 qat kiçik olsa da, mənə daha yaxındır.

 

- Sonuncu sual sizin şəxsi planlarınızla bağlıdır. Amerikada dərs verəcəyinizi demişdiniz. Bu barədə danışa bilərdinizmi?

- Mən Amerikada dərs deyirəm. Fletcher hüquq və diplomatiya məktəbində dərs deyirəm. Mən artıq Princeton və Harvard Universitetlərində mühazirələr oxumuşam. Müxtəlif fondlarda çox sayda çıxışlarım olub. Dünya boyu çıxışlar edirəm. Gürcüstan islahatlar modeli qlobal təmayülə çevrildiyi üçün dünyanın müxtəlif yerlərindən dəvətlər alıram. Geniş iş cədvəlim var. Lakin Ukrayna olaylarına görə onu ixtisar etməli oldum. Əlbəttə indi Ukrayna hər şeydən üstündür. Hər halda mənim mühazirələrimdən daha üstündür. Ümumiyyətlə isə mənim üçün bir ilə hamıdan ayrılmaq, özümə gəlmək, insanlara da məndən dincəlməyə imkan vermək vacib idi. Mən də bəzi şeyləri nəzərdən keçirməli, düşünməli, ola bilsin ki, kitab yazmalıyam. Bir sözlə, mən rahat həyata hazırlaşırdım, lakin Putin öz Ukrayna avantürası ilə məni rahat buraxmadı.