vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
17:00 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Artıq gecdir”

İqlim müdafiəçiləri “Böyük yeddilik”in kömürdən imtina ilə bağlı tarixi qərarını yetərsiz sayır

XALİDƏ

“Böyük yeddilik” ölkələri kömürlə işləyən elektrik stansiyalarının bağlanması üçün son tarix təyin etmək razılığa gəlib. İclasa sədrlik edən Cilberto Piçetto Fratin İtaliyanın Turin şəhərində davam edən “Böyük yeddilik” toplantısında nazirlərin 2035-ci ilə qədər kömürdən istifadənin mərhələli şəkildə dayandırılacağına dair razılığa gəldiyini açıqlayıb.

İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi naziri olan Fratin, “Texniki razılaşma əldə olundu, yekun siyasi razılaşmanı çərşənbə axşamı imzalayacağıq”, – deyib.

Bütün yanacaqlar arasında çirkləndiricilik dərəcəsi ən yüksək olan kömürdən istifadənin dayandırılması beynəlxalq iqlim danışıqlarında mübahisəli məsələdir. Keçən il Dubayda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (Cop28) qalıq yanacaqlardan uzaqlaşma çağırışı edilmişdi, lakin ölkələr kömür, neft və ya təbii qazın istifadəsini mərhələli şəkildə dayandırmaq barədə razılığa gəlməmişdilər.

Əvvəlki “Böyük yeddilik” sammitlərində kömürdən istifadəyə son qoymaq təklifləri də elektrik ehtiyaclarının üçdə birini kömürlə işləyən stansiyalardan alan Yaponiya və Almaniya kimi kömürdən asılı iqtisadiyyatlardan da tez-tez reaksiyalar alırdı.

Böyük Britaniya dövlət katibinin nüvə və bərpa olunan enerjilər üzrə köməkçisi Endryu Boui Turində CNBC telekanalına müsahibəsində bunun “tarixi razılaşma” olduğunu söyləyib: ““Böyük yeddilik” ölkələrinin, yəni dünyanın ən inkişaf etmiş iqtisadiyyatları olan bizlərin 2030-cu illərin əvvəllərinə qədər kömür istifadəsini mərhələli şəkildə dayandırmaq əzmində olduğumuzu göstərmək üçün bir masa ətrafında toplaşmağımız inanılmazdır”.

İqlim müdafiə təşkilatları bu addımı alqışlasa da, qərarı yetərsiz sayaraq “artıq gecdir” deyib. Onlar təkcə kömür deyil, təbii qaz da daxil olmaqla bütün qalıq yanacaqların istifadəsini mərhələli şəkildə dayandırmağa çağırıblar.

“Greenpeace İnternational”ın qlobal iqlim siyasəti üzrə eksperti Treysi Karti, “iqlim fövqəladə vəziyyətin tələb etdiyi kimi, onlar yalnız kömürdən imtina edə bilməzlər. Qalıq yanacaqlar insanları və planeti məhv edir. Təcili olaraq kömür, neft və qazın istifadəsindən imtinaya ehtiyac var”, – deyib.