vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
19:26 | 25 avqust 2017 | Cümə Məqaləyə 1982 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Utkinə cavab

Lənət olsun o illərə!

Rəşad ERGÜN

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşaq idik onda. Yekə-yekə kişilərin mindiyi maşınlar kəndimizin tozlu yollarında hərəkət etdikcə, ətrafa səs yayılırdı: «Qarabağ bizimdi, bizim olacaq!» Orta məktəbin ilk sinifində öyrəndiyimiz «Doğma, əziz partiya» şeiri yaddaşımızdan silinməmiş, bizə «Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu» misralarını öyrətməyə başlamışdılar. Çaşqın idik, nə baş verdiyini anlaya bilmirdik.

Bircə onu bilirdik ki, kəndimizdə əmi, dayı dediklərimizi ayağa qaldıran, insanları təşvişə salan Qarabağdı. Biz heç onda Qarabağın harda yerləşdiyini, necə yer olduğunu da bilmirdik. Uşaq idik və «Doğma, əziz partiya» şeirindən «Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu» misralarına bir anda düşmüşdük. Çaşqın idik, baba, çaşqın idik.

Sonra...

Sonra Qarabağ müharibəsində, Azərbaycanın siyasi-iqtisadi həyatında baş verənlərin ağırlığının hopduğu illəri yaşadıq. Az.TV-nin ekranından Azərbaycanın futbol üzrə milli komandasını, «Neftçi»ni, «Kəpəz»i sevməyi öyrəndik. Uduzurduq, baba, uduzurduq. Müharibə meydanında da, futbol meydanında da. Bir tərəfdə rayonları, kəndləri, digər tərəfdə futbola olan sevgimizi, inamımızı. Lənət olsun o illərə! Biz heç qələbənin nə olduğunu dadmadıq ki:

«Bu gün filan rayon uğrunda gedən döyüşlərdə Azərbaycan ordusu itki verərək geri...»

«Bu gün Azərbaycanın futbol üzrə milli komandası Macarıstan millisi ilə qarşılaşıb. Oyun Azərbaycan milli komandasının 0:4 hesablı məğlubiyyəti ilə...»

Biz bu xəbərlərlə böyüdük, uşaqlığımızı məğlubiyyətlərlə yaşadıq. Əzilərək, üzülərək böyüdük. Biz heç qələbənin nə olduğunu bilmədik ki. Bilmədik, baba, bilmədik.

Bizim uşaqlığımızı yaşadığımız Azərbaycanın Qarabağın Ermənistan torpağı olduğunu iddia edən hansısa rus futbol şərhçisinə - Vasili Utkin kimi əbləhə cavab vermək şansı yox idi. Nə müharibə, nə futbol meydanında. Uzaqbaşı dişimizi-dişimizə, dırnaqlarımızı ovuclarımıza sıxıb, susa bilərdik.

Siz isə...

Siz daha şanslısız, uşaqlıq illərini Qarabağı təmsil edən komandanın Avropa meydanlarında qazandığı qələbə xəbərləri ilə keçirən, «Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından yana atalarının, əmilərinin, dayılarının sevincini görüb, sevinməyi, sevginin qarşılığını görməyi bilən cocuqlar.

Bizim uşaqlıq illərimizə Qarabağ adlı bir yara düşdü, sizin uşaqlıq illərinizə «Qarabağ» adlı bir sevinc, sevgi, inam, ümid. Biz məğlubiyyətlərlə böyüdük, siz qələbələrlə, uğurlarla böyüyürsüz. Kim bilir, bəlkə Qarabağı da siz geri qaytaracaqsız - qələbənin rəngini, dadını bilənlər (ümid edək ki, bu görəv sizə qalmaz). Bəlkə Qarabağın Ermənistan torpağı olduğunu iddia edən rusa - Vasili Utkin adlı əbləhə də siz cavab verəcəksiz. Bu dəfə Qarabağın kimin torpağı olduğunu müharibə meydanında sübut etməklə.