vaxtlı-vaxtında oxuyun! Bazar, 21 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ƏDƏBİYYAT  
15:02 | 22 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 303 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kafka, Kafka…”

“... Axı siz nəyi düzəltmək istəyirsiniz?” (I yazı)

İradə MUSAYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Hamısı xülyadır – ailə də, dostlar da, iş də, lap elə qadın da. Hamısı uzaq, ya yaxın xülyalardır. Ən yaxın həqiqət isə odur ki, sən başını qapısız və pəncərəsiz kameranın divarına döyürsən… (F.Kafka)

Dünyanın istənilən bir  məşhur əsəri haqqında düşünəndə, görəsən, adamın xəyalına həmin əsərlə bağlı ilk növbədə hansı bədii, ədəbi-nəzəri detallar, əlamətlər gəlir? Əsərin süjeti, oradakı hadisələrin təsviri,  psixoloji ovqat, obrazlar, yoxsa,  sadəcə, sonluq,  final? Məsələn, Kafkanın “Məhkəmə” romanını xatırlamağa başlayan andaca adamın təxəyyülü süjetə ilişib qalır. Amma bizim bildiyimiz anlamda düzxətli, inkişaflı hadisə düzümü mənasındakı süjetə yox. Bu əsərdə süjet qapalı, dairəvi, labrintli və xaotik səciyyə daşıyır. Təkrar, təkrar gedişlər…  Başını elə hey qapısız və pəncərəsiz kameranın divarına döyən bir günahsız məhkumun məhkəmə yollarında  ayaq sürüyə-sürüyə həyatını, yaşamını puç etməsi, şüuraltında sindromlaşmış haqsızlara, yalançılara qarşı nifrət, qəzəb və kinlə dünyadan köçməsi…

Yeni bilib üz tutduğun bütün istiqamətlərdən eyni yolla qayıtmaq, gəzib-gəzib axırda ən uzun yolun sonunda da özünlə rastlaşmaq, tənhalığın və əlacsızlığınla üz-üzə dayanmaq və s.  Bu romanda aparıcı, hərəkətverici güc, simvol, xarakter mahiyyəti daşıyan qüvvə “Düşüncə” obrazıdır. Hadisələri, təsvir və xarakterləri öz diktəsində saxlayan, gərgin, işığa doğru can atan, amma qaranlıq və anlaşılmazlıqlar mühitində məhvə məhkum durumlara salınan parlaq bir düşüncə portreti var. Bunun sahibi isə bank işçisi, prokurist Yozef K. adlı şəxsdir….   Romanın bütün ideya yükünü öz cazibəsində saxlayan əzilmiş, sıxılmış, miqyası yaşadığı cəmiyyət tərəfindən get-gedə daraldılan bu düşüncənin təbiətində coysvari şüur axını ilə baş alıb getmək yox, dairədə, çevrələrdə fırlanmaq, dolanbaclı situasiyaların bütün bağlı qapılarını döymək və açarı – insanı (şəxsiyyəti, ləyaqəti, azadlığı təhqir olunmuş insanı) xilas etmək yolunun açarını əldə etmək əzmkarlığı var.  Amma, Kafka dahiliyi ondadır  ki, bizim dairə kimi təsəvvür etdiyimiz qapalılığın sərhəddi, daha doğrusu, sərhədsizliyi elə elastiki səciyyə daşıyır ki, fikir seli şüur aktı kimi reallaşır və hüdudsuzluğa doğru axır, çərçivələri, dairə məhdudiyyətini alt-üst edirdi…. “Qapısız və pəncərəsiz məhkumluq kamerası” qədər qatı qaranlığın, qəfəsin içində  Kafka düşüncənin, şüurun, insan sevgisindən qaynaqlanan işıqlı mübarizənin əli, ayağı, dili, səsi olan canlı kimi rəsmini əbədiləşdirdi. Sübut etdi ki, insan iradəsi, ağlı, şüuru və ləyaqəti fiziki mövcudluq faktında qapanıb qala bilməz.Varlığını fizioloji sağlamlıq və əmin-amanlığınla sübut etmək istəsən, sonda bir heç olduğun bəlli olacaq. İnsan kimi varlığını səni və ən başlıcası, içindəki azadlığı, ləyaqət və cəsarəti hədələyən bütün barmaqlara etirazınla sübut edə bilərsən…

Kafkanın yazıçı portretinin mənalılığı miqyassızdır, amma bu portretdə çoxlu ölümlər və bu ölümlərə bir hüzn obrazı var. Sadəcə insan ölümü yox, həm də inamların, etiqadların, sevgilərin, sədaqət və ləyaqətlərin ölümünə hüzn şəkli…  Ölüm surəti Kafkanun ədəbi simasının içərisindən üzümüzə baxır. Həşərata çevrilən məmur boyda balaca, amma Kafka boyda nəhəngin əzib suyunu çıxaran, onu əsər-əsər, obraz-obraz öldürən Ölüm…

Atası, anası, bacısı, sevgililəri, məmur həmkarları, cəmiyyəti, sona qədər onun yaxasından yapışıb əlini buraxmayan  içindəki bəşəri sualları – hamısı onun bədii qəhrəmanlarıdır. Bu obrazların simasında Kafka qatilləri – onu zərrə-zərrə,  cümlə-cümlə, əsər-əsər öldürən ölümlər çeşidlənir… Kafka vərəm xəstəliyinə tutulur, belə demək mümkünsə, öz doğmaca ədəbiyyatında, əsərlərini yaza-yaza yaşadığı, ya da yaşaya-yaşaya əzabını daddığı həyatın ortasında dünyayla, insan xislətinin dərinliklərindən vulkan kimi qaynayan problemlərlə mücadilə edə-edə vərəmləyir yavaş-yavaş…  “Mən sağalmayacam.Çünki bu adi vərəm deyil.Bu, silahdır və nə qədər ki, sağam, mənim ona həmişə ehtiyacım olacaq”.Gündəliyində  daha sonra yazırdı ki, “Yata bilmirəm, qarabasmalar olur, bir dəqiqəlik də olsa yuxuya gedə bilmirəm. Bütün daxili varlığım çox qəribə tərəddüdlər, anlaşılmazlıqlar  içərisindədir. Başımda müdhiş bir aləm gəzdirirəm.Mən ondan necə qurtulum və başımı dağıtmadan onu necə xilas edim?”

Kafkanın həyatı kimi, yaradıcılığı da əziyyətli, cəfalı, ağrılı doğuş prosesi ilə cana gələn əsərlərdən ibarətdir. “Demək olar ki, mənim yazdığım hər bir söz, başqasına uyğun gəlmir, mən samitlərin necə bir-birinə qarışdıqlarını və saitlərin sərgi neqrləri kimi oxuduqlarını eşidirəm. Mənim tərəddüdüm hər bir söz ətrafında dövrə vurur, mən onları sözlərdən çox görürəm, amma nə olsun! Mən sözü görmürəm, onu ixtira edirəm”. Təsəvvür edin, əsərinin dili üzərində işləyərkən  sait-samiti canlı varlıqlar kimi görən, onların səsini eşidən, sözün ətrafında düşüncəsini dövr etdirib onu ilkin təsəvvürdəki  fonetik qabığından çıxarıb dərinliyə enən və hamının gördüyü sözün bətnində yeni söz “ixtira edən” yazıçının bütöv yaradıcılığı hansı məşəqqətlər hesabına başa gələ bilər? İnsanın mənəvi ağrılarına sözdən paltar tikmək, onu səhnəyə çıxarmaq… Sözlərlə, rəngini, qoxusunu belə görə, duya bildiyi sözlərin gücü ilə… Beləcə vərəmləmək…

Ailəsindəki hökmlü, ciddi qayda-qanun, atası ilə arasında olan soyuq müharibə kuliminativliyi, qadağalı məişət mühiti onun yazıçı qələmində cəmiyyətin, ölkənin və bəşəriyyətin azadlıq, insani davranışlar və əbədi qul-quldar, hakim-məhkum problematikası həddinə qədər ədəbiyyatlaşa bildi.Kafka bir ömür boyu atasına (əslində diktaturaya, düşüncə, davranış embarqolarına, mənəvi zülmə və s.)  etirazını məktublarına köçürdü. Amma heç vaxt atasına göndərə bilmədi.Atasının sadist, insan iradəsini əzən, hər kəsə istehzalı yanaşması ilə təkəbbür göstərən xisləti onun bütün əsərlərində mübarizə hədəfi oldu.Balaca bir ailədəki bu “azadlıq və ona sipər” tendensiyasını Kafka yaradıcılığında bəşəri sferaya qədər genişləndirdi.Və maraqlıdır ki, bütün yazılarında atasının hədələyən barmağını, “Etiraz etmə!”-nidalı təkəbbürlü, şeytani ədasını unuda bilmirdi.“Düzdür, məndən bəlkə də bəlağətli natiq çıxmazdı, amma heç olmasa adi insan kimi fikirlərimi izah edə bilərdim axı.Sən mənə çox erkən vaxtlardan söz deməyi qadağan etdin.Sən “Etiraz etmə” deyə məni hədələyirdin və sənin hədələyən barmağın bütün həyatım boyu məni izlədi.Mən kəkələyən, söz deməkdən qorxan bir adama çevrildim, çünki sənin yanında nə danışa, nə düşünə bilirdim”.

Bu yaradıcılıqda həm də “Kafka tərəddüdü” deyilən bir mövzu var, əslində. Sevgidə, işdə, bədii yazılarında, hətta dillərə, milli kimliyə  münasibətdə (alman, yoxsa çex dili, yəhudilik, yoxsa almanlıq və s.), ideya, ideologiya, siyasi baxış, ədəbi-estetik ifadə formasında belə Kafkanın tərəddüdlü tragik durumu ortaya çıxır. Necə ki, öləndə də dünyanı özü, əlyazmaları, əsərləri ilə bağlı əbədi bir (hələ ki bir əsrlik yaşı olan) sual qarşısında qoydu: Kafkanın vəsiyyətimi, M.Brodun dosta “xəyanətimi?”  Alman dilli, yəhudi əsilli, Çexslovakiyada yaşayan yazıçı əslində kim idi? Mənim aləmimdə həm də bir azərbaycanlı Kafka da var bu balaca, arıq, heysiz-hərəkətsiz,  cavan yaşında qırtlağını vərəm sarmış yazarın vücudunda…  “Məhkəmə” əsərini oxuyanda bu qohumluğu, milli mənsubiyyət doğmalığını bir daha duymuşdum…

“Məhkəmə” əsərinin qəhrəmanı Yozef K. günlərdən birində (30 yaşı tamam olan ad günündə)  səhərini dustaq kimi açır. Necə ki, Qreqor Zamza bir gün yuxudan həşərat kimi oyanır…  K. qulluqçusunu çağırır ki, səhər yeməyi gətirsin.Amma bu zəngə başqa adamlar cavab verir, otağa tanımadığı kəslər daxil olur və onun məhbus olduğunu elan edirlər. K.-ya çox qəribə gəlir evindəcə  və heç bir suçu ağlına gəlmədiyi halda məhbus kimi aşağılanmağı, əsir duruma düşməyi. Əvvəl dostlarının zarafatı kimi qəul edir bu davranışı, sonra məsələnin ciddi olduğunu görüb əsəbiləşir, etiraz edir, hay-küy salır, daha sonra bədbəxt bir olayın oyunçusu olduğunu anlayaraq susmaq, taleyin diktəsini gözləmək məcburiyyətində qalır. “Axı bu adamlar kim idi? Nə danışırdılar?Hansı idarədən gəlmişdilər?Axı K. hüquqi bir dövlətdə yaşayırdı, hər yanda əminamanlıq idi, bütün qanunlar işləyirdi, kimin nə ixtiyarı vardı ki, onun evinə soxulaydı?!”

Bəli, amma soxulmuşdular.Burada “ev” anlayışı K.-nın mənəvi asudəliyinin ərazisi mənasını ifadə edir.Onun azadlığına təcavüz olunur və axmaq bir situasiyanın oynadılan, top kimi qapıdan- qapıya ötürülən oyuncağına çevrilir.Onun azadlığını onun üçün adi olmayan günlərin birində -30 yaşı tamam olanda evindəcə əlindən almışdılar.Əlacsız qalan K. ürəyində çox götür-qoy edəndən sonra Frans və Villem adlı keşikçilərlə qılıqla danışmağa və xilas yolu axtarmağa başlayır. Şərləndiyinə isə qətiliklə əmindir…

Bax, bu andanca Kafka üslubuna xas bədii priyomlar işə düşür. Əvvəl hüququndan, haqqından qışqıra-qışqıra danışan, sənədlərini ortaya töküb  qarşısındakıların səhv saldığını isbat etmək istəyən adamın evindəcə yeməyini əlindən alıb yeyirlər. Ümidi bircə almaya qalır.K. ilk olaraq fizioloji varlıq kimi, mədənin aclıq etirazını susdurmaq istəyir.Əlində tutduğu bircə almanı gizlədir ki, əlindən almasınlar. Artıq almanı itirmək qorxusu yaranır içində, əsir, məhkum elan edildiyi ilk andanca… K. obrazının timsalında bir adam yox, ümumiyyətlə, bəşər övladı, sanki cənnətdən qovulmuş Adəm günahkar elan edilir və  az qala qiyamət sorğu-sualı ilə ittiham olunur. Bəlkə də əsərin əvvəlində K.-nın almanı yeməsi ştrixi də Adəmin günahkar elan olunması, yer üzünə-məhkəmə, istintaq  “zalı”na məhkum kimi düşməsi paralelliyinə işarədir.

Digər əsərlərində olduğu kimi, “Məhkəmə”də də o, əzilmiş insanı gətirmir mətninə, insanın əzilmə, sınma, qırılma, həşaratlaşma şeytanlaşma və ya ülviləşmə, aliləşmə prosesinin, süjetinin ustadı, sənətkarı kimi təqdim edir mətnini.Qreqor Zamza (“Çevrilmə” əsərinin qəhrəmanı) insandan həşarata çevrilir və fiziki varlıq kimi çox iyrənc görünür. Hətta atası belə onun mövcudluğundan sıxılır, bezir, guya bilmədən onun üstünə tolazladığı almanın zərbəsindən aldığı yara Qreqorun varlığını tar-mar edən “ölüm”lərdən biri kimi bizim də ruhumuzu incidir. Amma bu iyrənc qiyafədə gördüyümüz həşaratın içərisində bir insan aliməqamlığı əsər boyu böyüdükcə böyüyür, artdıqca artır. Bu həşəratın içərisində nəcib, əxlaqlı, dərin düşüncəli, “şəxsiyyət”, “xarakter” deyə biləcəyimiz böyüklükdə bir adam var…

“Məhkəmə” əsərindəki Yozef K.-nın istintaq prosesi bizim həyatımızdakı, sanki bir ömür boyu özümüzü günahkar kimi hiss etməyimizin, ya da bir ömür boyu insanın özünü günahsız kimi təqdim etməyə çalışmasının  mənasızlığına, (əslində isə insanolmanın tam, dürüst yol seçiminə) və ya sizif əməyinə bənzər çabasına parodiyadır. Və K.-nın da dediyi kimi, bu adi məhkəmə deyil, bu başdan uduzulmuş məhkəmədir…

“– Əmi, hər şeydən əvvəl, onu deyim ki, burda söhbət adi bir məhkəmə prosesindən getmir.

– Bu daha pis…

– Necə? – K. əmisinin üzünə baxdı.

– Deyirəm ki, bu daha pisdir, – əmisi təkrar etdi.

…Bu cür məhkəməyə getmək – onu əvvəlcədən uduzmaq deməkdir!”

Kafka tədricən əsərinin qəhrəmanına sübut edir ki, onun yaşadığı dövlətdə siyasət də oyundur, xalqı, cəmiyyəti idarəetmənin metodu, üsulu da başdan-başa yalanlar üzərində qurulub.Partiyalar, siyasi mövqelər, tərəfdarlar, əlehdarlar-hamısı yalana, şərə, zora, gücə xidmət edir. “İlk baxışdan sağ-sol dəstələrə bölünmüş bu adamlar əslində bir idilər və K. qəflətən geri dönəndə gördü ki, əllərini qoynuna qoyub sakitcə aşağı baxan müstəntiqin döşündə həmin nişandan var. – Belə de…! – K. qışqıraraq əlini yuxarı qaldırdı çünki bu qəfil kəşfdən sonra əli yanında dayana bilməzdi. – Görürəm ki, hamınız məmursunuz, indicə əleyhinə danışdığım rüşvətxor dəstəsiniz. Burda basabas saldınız, guya qulaq asdınız… Yalandan iki dəstəyə bölünübsünüz… Bir dəstə məni alqışladı, imtahana çəkdi… Hamınız günahı olmayan bir adamı necə çaşdırmağın yolunu öyrənmək istəyirdiniz. Ümüd edirəm ki, burda boş yerə dayanmadınız, ya həvəslə günahsız bir adamın sizdən kömək diləyəcəyini gözlədiniz…”

Yozef K.-nın  istintaqa cəlb edilməsini az qala bu məmləkətdə hər kəs bilir. Azad işçi kimi bank prokuristi vəzifəsini icra edir, insan kimi isə məhkum elan edilib.K.nın bundan (30 yaşı tamam olan gündən) sonrakı həyatı günahsızlığını sübutetmə işinə həsr edilir, sanki.Amma onu kimlər mühakimə edir, harada? Məlum olur ki, bu məhkəmə salonu hansısa bir qarmaqarışıq küçənin  qeyri-müəyyən xarakterli tiplərlə dolu olan çoxmərtəbəli binansının çardağındadır. Məhkəmə zalındakı mənzərə də normal deyil.Çardaq, insanlara hökm oxunan bu “yuxarılıq” isə bütün təsvir detalları ilə iyrənc durumdadır. Bura ədalətin bərpa edilməsi məbədi kimi yox, əxlaqsızlıq (məhkəmə məmurunun arvadı ilə baş verən qeyri-əxlaqi olaylar və s.), satqınlıq, riyakarlıq yuvası funksiyasındadır…  Tamaşaçılar da, ittihamçılar da, tora düşmüş müttəhimlər də xaotik, labtrintvari bir oyun süjetinin iştirakçılarıdırlar.Yozef K. məcburən istintaqa cəlb edilsə də, işin içərisinə daxil olandan sonra qəhrəmanlıq sevdasına düşür.Nəinki özünü, hətta digər məhkumları da xilas etmək istəyir.Onların haqqını, hüququnu onlara anladır, izah edir.Məhkəmə zalında odlu-alovlu çıxışlar edir.Müttəhimlər isə yorğundur, tükəniblər, artıq öz haqlarından belə çoxdan vaz keçiblər. Bircə bu, illərlə uzanan prosesi- “Hakim qarşısında cavab ver, özünü müdafiə et!”- əmrinin ağırlığını üstlərindən götürə bilsəydilər…

Hakimiyyət insanlarını, vətəndaşlarını gözüqıpıq, az qala doğulduğu gündən (Müəllifin K.-nın həbsini də məhz onun doğum gününə salmağı təsadüfi detal deyil) günahkar obrazında görür. Etiraz, ittiham, müqavimət ola bilməz, ancaq özünümüdafiə, yalvarışlı, məzlum, əzilmiş, kötəklənmiş sifətlə yazıq-yazıq baxmaq və bəraət istəmək şansı verilir onlara. K. da uzun müddət günahsızlığını sübut etmək istəyir, gah özü özünün vəkili olur, gah əmisinin təkidi ilə başqa vəkil tutur, gah da ərizə yazıb özünə bəraət istəmək fikri gəlir ağlına. Qəribədir, günahsız, iradəli, cəsarətli  bir insanı üzücü, iyrənc oyunlarla təlimatlandığılmış istintaqçılar elə psixloji kuliminasiyaya salırlar ki, hətta “bəraət” yalvarışı ilə inildəyə bilir…

Savadlı, bacarıqlı, ağıllı, mühakiməli və cəsarətli K.-nın mübarizəsi donkixotsayağı bir xarakter alır.Fəqət, həmin məkanda ən adi, sadə insanlar, evdar qadınlar, xırda məmurlar və başqaları ondan daha gözüaçıq, daha çox işbiləndilər.

Burda heç kim dəyişmək istəmir, həqiqəti, doğru qənaətləri heç kim qəbul etmir və yalanın, saxtakarlığın, hiyləgərliyin “qanunnaməsi”nin bütün maddələri ilə sanki hər kəs tanışdır və yazılmayan, lakin daha çox işlək olan həmin qanunlarla yaşayan, fəaliyyət göstərən cəmityyətə K. göydən düşmüş bir qərib, yad, aidiyyatsız adam kimi daxil olur. Məhkəmə məmurlarından birinin savadsız, bütün günü tör-töküntü işlərlə məşğul olan arvadı K.dan daha çox anlayışlıdır hökumət fırıldaqları barədə. O, K.-dan soruşur: Axı siz nəyi düzəltmək istəyirsiniz? “Yəqin burda nəyisə düzəltmək istəyirsiz, elə deyilmi? – qadın asta- asta, onu sınayıcı nəzərlərlə süzə-süzə elə soruşdu ki, sanki dedikləri K.dan çox onun üçün təhlükəli idi. – Bunu nitqinizdən başa düşdüm, şəxsən mənim çox xoşuma gəldi. Əslində, yalnız bir hissəsini eşitdim, əvvəlinə çatmadım, axırında da tələbə ilə döşəmədə uzanmışdım… Bura lap iyrəncdir, – deyə o, ani fasilədən sonra dilləndi və K.-nın əlindən yapışdı. – Burda nəyisə düzəldə biləcəyinizə inanırsınız?”

Qəribədir ki,  bu fikri bir az başqa formada yoxsulların vəkili Huldun qulluqçusu da K.-ya deyir.

“– Onun vəzifəsi nədir?

– Təhqiqat müstəntiqidir. – qız K.-nın onu qucaqlamış əlinin barmaqları ilə oynamağa başladı.

– Ah, yenə də təhqiqat müstəntiqi… – K. məyus oldu. – Böyük vəzifəli məmurlar gizlənirlər. Ancaq onun oturduğu əsil hakim kreslosudur.

– Hamısı quraşdırmadır, – Leni üzünü K.-nın əlinə yaxınlaşdırdı, – əsil həqiqətdə isə mətbəx kreslosunda oturur, üstünə də köhnə bir yəhər qoyublar… – Sonra da yavaş-yavaş əlavə etdi, – siz elə həmişə məhkəmə barədə düşünməlisiniz?

– Xeyr, həmişə yox… Hətta deyərdim ki, o barədə çox az düşünürəm.

– Düz eləyirsiniz… Deyirlər, siz çox tərs adamsınız.

– Bunu kim deyir? – K. qızın bədənini sinəsində hiss elədi və onun qalın qara saçları boyu aşağı baxdı.

– Bunu desəm, çox sirri açmış olaram, – Leni cavab verdi. – Xahiş edirəm ad soruşmayın, səhvinizi də düzəldin, çox tərslik eləməyin, bu məhkəmədən can qurtarmaq olmaz, hər şeyi etiraf etmək lazımdır. Gələcəkdə, imkan düşən kimi, hər şeyi boynunuza alın. Yalnız bunun vasitəsilə sürüşüb aradan çıxmaq olar… Yalnız bununla, vəssalam…”

Kafka bu romanı ilə K.-nın (daha dəqiq desək, özünün) faciəvi vəziyyətini yox, ölkədəki kriminal durumu qoyur səhnəyə.Hər kəs ittihamçı, hər kəs “kötəkçi”, hər kəs mühakimə edəndir bu yerdə.Bir də K.-nın hər addımda rastlaşdığı çoxlu güdükçülər, qapı pusanlar, xəbərçilər, düşüncə, fikir nəzarətçiləri var. O hakimiyyət üçün küçə müxalifətçiləri qorxulu deyil, düşüncə, fikir müxalifi qorxuludur.Onların, məhkəmə zalı hakimiyyətlərinin obrazını ifadə edir. Bir tərəfdə özlərinin yaratdığı saxta müxalifət, digər tərəfdə, yenə özlərinin yaratdığı saxta tərəfkeşlər, əlçalanlar, alqışçılar… Obrazlardan biri deyir: “Mən kötəkçiyəm, ona görə də kötəkləməliyəm”.   Ümumiyyətlə, əsərdə  mətnin ideya və mövzusunu səciyyələndirən bir çox portretləşmiş, xarakterikləşmiş əlaqələndirmə modeli var. Məsələn: “məhkəmə zalı – qorxu –  kötək”…  Kötəkçilər, hər yanı basmış nəzarətçilər insanların fiziki və mənəvi enerjisini tükədir, onların iradəsini əzməklə məşğuldur.

Romanın V fəslində (“Adamdöyənlər”) Frans və Villemi döyürlər.Kötəklə döyülən bu adamlar bir müddət əvvəl K.-nın həbs prosesinin iştirakçıları idi, indi özləri döyülür. Amma K. onları xilas etmək üçün çox cəhd edir, kötəkçiyə rüşvət belə təklif edir, amma  alınmır. Yozef K. insanın, fərqi yoxdur, hətta ona əzab verən simasız, xaraktersiz insanların belə, alçaldıcı duruma salınmasına dözə bilmir. Fəqət, bu silsiləvi istismar zəncirvariliyində əli-qolu açıq, ancaq düşüncəsinə qarmaq atılmış, psixoloji baxımdan əsir düşmüş  K.-nın heç nəyi dəyişməyə gücü çatmır. Kafka nəsrinin xırda detallarında belə böyük mətləblərin açılışına işarələr var.  Yalan və saxtakarlıq, rəzalət içərisində boğulan Yozef K. nahaqqa, yalana açılan qapıları yumruğu ilə döyəcləyir, çox zaman haqsızlıq qarşısında ağlamaqdan başqa bir iş bacarmır və məişət zəminində əmrlər vermək gücsüzlüyündə boğularaq xidmətçilərə bağırır: “Zibilin içində batıb-qırılırıq, anbarı təmizləyin!”

Romanda vəkil obrazlarının, ümumiyyətlə, vəkillik anlayışının mahiyyəti çözülür. Heç nəyə müdaxilə edə bilməyən, məğlub, aşağılanmış, müxtəlif, sirli vəkil  surətləri yaratmaqla Kafka müdafiə, haqqa kömək nişanı kimi tipikləşdirilmiş “vəkillik” sənətinin əslində lazımsız bir duruma salındığını göstərir. Kafka göstərir ki, vəkil olmaq, kömək etmək, xilas eləmək missiyalı insanları mənəvi zülümlərlə “ağıllandırmaq” sadizmi də varmış bu dünyada.Kafka yazırdı ki, məhkəmə vəkillərə nifrət edirdi, onları hər vəchlə əzməyə, aşağılamağa çalışırdı.Romanda “vəkillər otağı” deyilən bir məkanın ictimai, siyasi mesajlı xarakterizəsi diqqəti cəlb edir.  “Yəqin ki ora toplaşanları görəndə dəhşətə gələcək.Elə onlara ayrılmış o dar, alçaq hücrə məhkəmənin vəkillərə necə nifrət etdiyindən xəbər verəcək. Oraya işıq lap hündürdə qoyulmuş deşikdən düşür, kimsə çölə baxmaq istəyəndə, onun yaxınlığındakı sobanın tüstüsü burnuna dolur, üz-gözü qapqara olur, gərək bir adam tapasan ki, onu çiyninə alıb apara. Döşəməsi bir ildən çoxdur ki, deşilib – oradakı vəziyyətə ən yaxşı misal! – əlbəttə, elə böyük deyil ki, adam ordan aşağı düşə, ancaq bir ayağı düşər. Vəkillər otağı ikinci çardaqdadır, kiminsə ayağı ora düşündə, birinci çardaqda necə sallandığı görünür. Özü də müştərilər gözləyən dəhlizdə… Vəkillər öz aralarında bu şəraiti rüsvayçılıq hesab eləyirlər və onları qınamaq da olmaz.Rəhbərliyə verilən şikayətlərin hamısı nəticəsiz qalıb, bunun əvəzində vəkillərə öz hesablarına bu otaqda hər hansı bir dəyişiklik etmək ciddi şəkildə yasaq olunub.Ancaq vəkillərlə bu cür rəftar etməyin də öz səbəbləri var. Bununla, imkan daxilində, müdafiənin qarşısını alırlar, hər şeyi müttəhimin öz boynuna atırlar”.

Hətta yoxsulların vəkili kimi tanınan Huldun yataqda ağır xəstə olmasının da əsərin ideyasına ciddi aidiyyatlığı var. “Kömək” adlı güc-yoxsulların, müdafiə olunmağa belə maddi gücləri çatmayan insanların xilaskarı rolunda olan insan-vəkil Huld ölüm yatağındadır… Rejim elə anlaşılmaz, sirli bir mexanizm ilə işləyir ki, heç bir iradə, heç bir ədalət, heç bir güc və qanunla onun dövranını, gedişatını poza bilmirsən…  Əsərdə müəllifin yanaşmasındakı sarkazmı, istehzanı və əsəbiliyi ifadə edə bilən “məhkəmə rəssamı” obrazı var. Onun atası da “məhkəmə rəssamı” olub. Əslində rəssam, azad ilham sahibi, incəsənət, gözəllik aşiqi olan bu sənət yiyəsinin niyə məhkəmə rəssamı olması sualına cavab fikirləşmək də maraqlı olardı.  O da məhkəmə, onun iyrənc siyasəti haqqında soyuqqanlılıqla, ancaq reallığı ifadə edən faktlarla danışır. Rəssam deyir ki,  ümumiyyətlə, bizim dairələrdə bütün söhbətlər yalnız məhkəmə barədə olur.  Özümün məhkəmələrə getmək imkanım yarananda, onun hamısından istifadə etdim, saysız-hesabsız məhkəmələrin ən vacib mərhələlərini izlədim, onların açıq keçirilən iclaslarında iştirak etdim və etiraf etməliyəm ki, kiməsə bəraət verildiyinin şahidi olmadım.Bircə cəllad bütün bir məhkəməni əvəz edə bilər.

“Bircə cəllad bütün bir məhkəməni əvəz edə bilər.” –  tezisinin məğzi göstərir ki, prosesin – guya insanın günahkar, ya günahsız olması qənaəti naminə aparılan təhlil və analizlərin, istintaqların – nəticəsi olmur, adətən. Bütün hallarda cəllad lazım olur, cəza kəsilir…

“Məhkəmə” romanında insanın öz içində belə məhkum kimi yaşamağa başlaması əzabının anatomiyası çözülür.Əl-ayağın açıq, ruhun, düşüncən isə zəncirlidir…

Yozef K.-nın məhkəməsi onu ilk olaraq fiziki deyil, psixoloji, ruhi baxımdam şikəst etmək işini yerinə yetirir. O, günahsız ola-ola vəkil axtarıb bəraət qazanmaq qənaətinə gəlir. Qəribədir ki, bu vəkillərin özü də əvvəlcə hüququnu müdafiə etmək istədikləri adamların haqqına girir, onları aşağılayır, mənasız nəsihətləri, boşboğazlıqları ilə sıxma-boğmaya salıb müəyyən miqdar pul qoparmağa çalışır, daha sonra onları başqalarının əlindən almaq işinə girişir… “Axı K. indi də bilmirdi ki, vəkil onun üçün nə iş görür, hər halda, çox iş görmürdü, bir ay idi ki, heç yanına da çağırmırdı, elə əvvəlki söhbətlərində də K. hiss etmişdi ki, bu adam onun üçün cox iş görə bilməyəcək. Hər şeydən əvvəl də, K.-dan işi barədə, demək olar ki, heç nə soruşmamışdı, halbuki soruşulmalı çox şey vardı. K.-ya elə gəlirdi ki, burda vacib olan sualları o özü verməlidir. Vəkil isə, əksinə, sual vermək əvəzinə özü nəsə danışır, ya da lal-dinməz onunla üzbəüz otururdu, hərdən də ona tərəf əyilirdi, yəqin pis eşitdiyi üçün belə eləyirdi, saqqalını dartışdırırdı”.

(I yazını buradan oxuya bilrsiniz)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *