vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ƏDƏBİYYAT  
15:17 | 23 yanvar 2019 | Çərşənbə Məqaləyə 578 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kafka, Kafka…”

“... Axı siz nəyi düzəltmək istəyirsiniz?” (II yazı)

Bəs bircə dəfə də görə bilmədiyi o baş hakim harada idi? Əllərini qaldırıb, barmaqlarını araladı…

(I yazını buradan oxuya bilrsiniz)

Siz başını  durmadan qapısız və pəncərəsiz həbsxana divarına çırpan adamın halını təsəvvür edə bilərsinizmi?  Gəlin, özümüzü onun yerinə qoyaq. Kafkanın “Məhkəmə” əsərinin qəhrəmanı Yozef K.-nın… Məncə, belə bir təsəvvürə görə heç kimi cəzalandırmazlar, çünki xəyal və təsəvvür  həmişə, hər yerdə, lap həbsxana şəraitində belə azaddır, lap yuxular kimi…

Məsələn, tutaq ki, Yozef K. kimi bizi də əvvəl şifahi şəkildə (ilk mərhələdə  ruhən və psixoloji olaraq)  həbs edirlər. O andanca həqiqi məhkum taleyi yaşamalı olursan… Hara istəsək gedə bilərik,  işləyirik, mübahisə edirik, qanunlardan danışırıq, başqalarını ittiham da edə bilirik, azad, sərbəst, iradəli və ləyaqətli adam obrazında nitqlər söyləyirik. Amma həbs olunmamız haqqında  qərar veriblər, bu qərardan da az qala bütün ölkə xəbərdardır, elə bil bizim məhkəməmiz, məhkumluğumuz ümumxalq işidir, hamı bu barədə məlumatlıdır…

Səni müttəhim elan edirlər və sən var gücünlə haqsızlıqla mübarizəyə başlayırsan. Səni şərti olaraq mübarizə meydanına buraxırlar və sənin çırpınmağına, necə yanıb-yaxılmağına tamaşa edib ləzzət alırlar, sənin hisslərinlə, duyğularınla və mübarizə əzminlə alçaqcasına oynayırlar…  Çünki, “son”, tragik aqibət səndən başqa hamıya bəllidir – sən məğlubsan!

Hər həftə öz ayaqlarımızla mühakimə olunmağa gedir, hər an qorxu, sıxıntı içərisində  cəza kəsiləcəyini gözləyirik. Çoxlu üzədayananlar, ittihamçılar, istintaqçılar, vəkillər, şahidlər və kötəkçilər var. Sənin kimi məhkumların isə sayı-hesabı yoxdur və bu qəbildən olan adamlar artıq çox yorğundur, tükəniblər, özlərini savunmadan imtina ediblər, reaksiyaslız, hissiz, emosiyasız şəkildə donub qalıblar sənin bir addımlığında. Qarşı tərəfin-ittihamçı, iddiaçı və cəzakəsən tərəfin adamları isə tox, enerjili, güclü, sakit və arxayındırlar. Sən onları (təhqirolunmuşları) tərpətmək, silkələmək istəyirsən, özlərinin günahsız olduğunu sübut etmək üçün onlara qanunları öyrədirsən, onların kölə psixologiyasının kilidinə açar salırsan ki, azadlığın, insanolmanın, aliməqamlığın hissini daddırasan, amma sənə qəzəb və nifrətlə baxan gözlərlə üz-üzə dayanmalı olursan. Onlar səni öz laqeydliyi, ətaləti və mənasız ehtiyatlılığı, qorxaqlığı ilə tükədir, bezdirir… Yozef K.-nı daha çox incidən müstəntiqlər, satqınlar və məmurlar deyildi, özü kimi təhqirə, şərə, təcavüzə məruz qalan insanların haqdan birdəfəlik əlini üzməsi,  üz döndərməsi idi…

Romanda üzüüstə yıxılıb ağlayan balaca bir uşaq təsvir edilir. Uşaq qışqırır, amma ağzı torpağa qapanıb, səsi eşidilmir, həm də yaxınlıqdakı tənəkə sexindən qopan uğultu bu səsi batırır. Amma uşaq ağlayır, çığırır… Bilir ki, səsini eşitmirlər, lakin o öz etirazını durdurmur, eşidilməyən səsi ilə belə reaksiyasını bildirə bilir… K.-nın harayına adekvat kimi göstərilən onlarla belə təsirli təsvirlər var.  Yozef K. rəssamla uzun-uzadı müzakirə aparır proses haqqında, çıxış yolu görünmür. Yadımıza “qapısız və pəncərəsiz həbsxana divarına başını çırpmaq” əlacsızlığı düşür. Bu dəlilik deyil, əlacsızlıqdır. Bütün qapıları və pəncərələri, azadlıq, səmimiyyət, sevgi havası gələn pəncərələri bağlayan da, əslində insanlar özüdür… Baxın, nə dəhşətli təsvirdir, ölümə məhkum insanın bircə nəfəslik boyda azadlıq diləməsi… Amma bu divarları qoruyanlar, divar keşikçiləri var ki, qoymur oradan balaca bir deşik açılsın. Azad düşüncənin qarşısına bütün gücü, “sədaqəti” ilə sipər çəkib bu xidməti ilə öyünən insanların ümumiləşmiş obrazı kimi Kafka məhz bu məhkəmə rəsasamı surətini yaradıb. Adicə təkqat şüşə pəncərə əvəzinə çərçivəyə bərkidilib. Amma bu havasız, əsir, məhkumiyyət odasının pəncərə əvəzi şüşəsini kimsənin vurub sındırmağa mənəvi təpəri, iradəsi, gücü çatmır. Hər kəs bu şüşüənin toxunulmazlığını güdməklə məşğuldur sanki…

 

“– Pəncərəni açmaq olmaz? – K. soruşdu.

 

– Xeyr, çərçivəyə bərkidilmış şüşədir, açmaq olmur.

 

İndi K.-nın yadına düşdü ki, bütün vaxtı ya rəssamın ya da özünün pəncərəyə tərəf cumub onu taybatay açacaqlarına ümid edirdi. Hazırlaşmışdı ki, hətta içəri dolacaq dumanı da acgözlüklə içinə çəksin. Ona elə gəldi ki, artıq havası çatmır və başı hərləndi. Əlini yavaşca yanındakı tük döşəyə toxunduraraq zəif səslə dedi:

 

– Burda heç dayanmaq olmur, cana da ziyandır…

 

– Xeyr, xeyr, – rəssam öz pəncərəsinin müdafiəsinə qalxdı, – açılmadığı üçün, adicə təkqat şüşə olsa da, içərini ikiqat pəncərədən isti saxlayır. Havanı dəyişmək istəyəndə – taxtaların arasındaki yarıqlardan həmişə təmiz hava gəldiyi üçün bu heç lazım olmur – qapılardan birini, ya da ikisini də açıram.

 

– Rəssamın dediklərindən, az da olsa, təsəlli tapan K. ikinci qapının yerini öyrənmək üçün yan-yörəsinə baxdı. Bunu hiss edən rəssam dilləndi:

 

– Arxanızdadır, çarpayı ilə qabağını kəsmişəm…

K divardakı balaca qapını yenicə gördü”.

 

Bəli, halbuki,  Kafkanın özü demiş: “Burdakı qapıları heç bir əziyyət çəkmədən çərçivəsindən çıxarmaq olur…”

 

Məhkəmə rəssamı ilə K.-nın dialoqunda romanın kuliminasiya həddi bir az da dramatikləşir və finalda əldə olunacaq qənaət öz “açılan düyün” başlanğıcını bu məqamdan götürür. Bütün əsər boyu düşüncəmizi məşğul edən “Görəsən, K.-nın günahsızlıq və ya bəraət məsələsi necə olacaq?” – sualı bu söhbətdə dəhşətli bir acının (insanın bu dünyada yerlə yeksan olan haqqının, hüququnun aqibəti məsələsinin…) etirafı ilə sonlanır: Bəraət yoxdur! Qəribə gəlir adama, axı günah da yoxdur?!

 

Beləcə söhbəti dinləyirik, məhkəmə rəssamı ilə Yozef K.-nın o dialoqunu ki, daha nəinki romandakı məşəqqətli mübarizəyə, hətta bir müasir oxucu kimi özümüzə də boşluqların, heçliklərin, ümidsizliklərin  günahkar, günahsız qurbanı kimi yanaşmalı oluruq. Təsəvvür edə bilirsiniz? Günah yoxdur, amma bir ömür boyu, nəinki “günahsızlıq arayışı”, hətta “bəraət qəbzi” belə almaq üçün apardığın mübarizənin çox iyrənc, qaba və həyasızcasına alt-üst olunmasının nəticəsini görürsən… “Məhkəmə rəssamı” obrazı Kafka sarkazmının maraqlı bir tapıntısıdır. Məhkəmənin mahiyyətini, daxili proseslərini rəsm edən, o prosesləri bütün rəngləri ilə görən bir adam… İç üzə bələd, səhnə arxasının adamı olan rəssam  K. –ya guya kömək edəcəyini söyləyir.  Hər şeyə sıfırdan və yenidən başlamağı təklif edən rəssam uzun-uzadı izahat verir bəraət almağın yolları haqqında, lakin izahatının sonunda K. yenə məğlub məqamın adamı kimi görünür:

 

“- Deməli, azad oluram… – K. tərəddüdlə dilləndi.

 

– Bəli, ancaq yalnız elüzəri, daha dəqiq desək, müvəqqəti azad olursunuz. Mənim tanışlarımın da aid olduğu aşağı çinli hakimlərin kimisə tam azad etməyə hüquqları çatmır, bu hüquq yalnız Ali Məhkəmədə olur ki, ona da nə sizin, nə mənim, nə də başqalarının əli yetir. Orda işin necə aparıldığını biz bilmirik və yeri gəlmişkən, heç bilmək də istəmirik. Deməli, bizim hakimlərə kiminsə üzərindən ittihamı götürə bilmək kimi ali hüquq verilməyib, onlar yalnız onu rədd edə bilərlər. Bu isə o deməkdir ki, siz hələlik azad olunursunuz, üzərinizdən ittiham bir anlığa götürülür, ancaq o, başınızın üstündə fırlanır və yuxarıdan əmr gələrsə, təzədən qüvvəyə minir. Məhkəmə ilə əlaqələrim çox yaxşı olduğu üçün,  tam bəraətlə elüzəri bəraətin dəftərxana sənədlərində zahirən seçildiklərini sizə deyə bilərəm. Tam bəraət zamanı məhkəmənin bütün sənədləri yoxa çıxır, bütün istintaq materialları, ittihamnamə, hətta tam bəraət haqqındakı qətnamənin özü də məhv edilir. Hər şey, hər şey məhv olunur… Elüzəri bəraətdə isə baçqa cür olur. Sənədlərdə heç bir dəyişiklik edilmir, qovuluq yalnız günahsızlıq barədəki zəmanətin, bəraət və onu əsaslandıran qətnamənin hesabına bir az qalınlaşır.  Ümumiyyətdə götürəndə, dəftərxana yazışmalarının tələbinə uyğun olaraq, məhkəmə hələ də davam edir, sənədlər yuxarı instansiyaların məhkəmələrinə göndərilir, sonra təzədən aşağı instansiyaya qayıdır və beləliklə, gah sürətlə, gah sürünə-sürünə, gah yerlərdə çox, gah da az qalmaqla gedib-gəlirlər. Bu get-gəlin də nə qədər çəkdiyi bilinmir. Kənardan baxanda, bəzən adama elə gəlir ki, hər şey unudulub, sənədlər itib, bəraət də qətiləşib. Ağlı başında olan adam buna inanmaz. Heç bir sənəd itmir, məhkəmə də heç nəyi unutmur. Günlərin bir günü, heç kimin gözləmədiyi bir halda, hansı hakimsə onu qaldırıb diqqətlə baxır və görür ki, ittiham hələ də öz qüvvəsindədir, elə o dəqiqə də həbs haqqında qərar çıxarır. Bununla demək istəyirəm ki, elüzəri bəraətlə yenidən həbs olunmağaın arası çox çəkir. Ancaq bu belə ola bilər! Eyni zamanda belə də ola bilər ki, – bu çür hallar da görmüşəm – bəraət alan adam evə qayıdanda görür ki, məhkəmə icraçıları təzədən həbs etmək üçün onu gözləyirlər. Onda da azad həyata əlvida!

 

– Məhkəmə də təzədən başlayır? – K. inamsızlıqla soruşdu.

 

– Elədir, məhkəmə təzədən başlayır, ancaq yenə də əvvəlki kimi elüzəri bəraət qazanmaq mümükündür. Bütün gücünü toplayıb, təslim olmamaq lazımdır. – Blkə də rəssam bu son sözləri K.-nın ruhdan düşdüyünü hiss edərək dedi”.

 

Yozef K. mübarizəsini davam etdirməkdən qorxmur, amma divara, dalanlara, çıxılmazlıqlara dirəniş məsələsi var. O, məhkəmə rəssamına bildirir ki,  ikinci, üçüncü, dördüncü və bəlkə də daha çox müraciətlərin, bitməyən ayaqdöymələrin əzabından yorulmaz, amma sonu müsbətliklə həll olunacaqsa? Rəssam isə çox böyük şövqlə, həvəslə prosesi şərh edir. Fəqət, bu şərhin məğzində fəci bir durum var. Nəticəsizlik, daha doğrusu, riyakarcasına aldadılma…

 

“- Ancaq bu ikinci bəraət də qəti olmayacaq, – K. narazılıqla başını geri çevirdi.

 

– Əlbəttə olmayacaq, çünki ikinci bəraətdən sonra üçüncü həbs gələcək, üçüncü bəraətdən sonra da dördüncü həbs… və beləcə də davam edəcək. Elüzəri bəraətin mahiyyəti belədir. K. susdu.

 

– Deyəsən, elüzəri bəraət o qədər də xoşunuza gəlmədi, -rəssam sözünə davam etdi, – bəlkə də süründürməçi bəraət sizə daha çox uyğun gəlir. K. başını tərpətdi. Rəssam kresloya yayxanmışdı, gecə köynəyinin yaxası tam açaq idi və əlinin birini də içəri salmışdı,  gah sinəsini, gah da böyrünü sığallayırdı. – Süründürməçi bəraət… – rəssam gözlərini bir nöqtəyə zilləyərək uyğun sözlər axtarırdı, – süründürməçi bəraətin mahiyyəti ondan ibarətdir ki, iş uzun zaman məhkəmənin ən aşağı mərhələsində saxlanılır. Buna nail olmaq üçün müttəhim və köməkçisinin, xüsusilə də köməkçinin ara vermədən məhkəmə ilə əlaqədə olması vacibdir. Təkrar edirəm, burda elüzəri bəraətdə olduğu kimi çox güc sərf eləmək lazım gəlmir, ancaq, bununla belə, son dərəcə diqqətli olmaq gərəkdir”.

 

Bu məqamda Kafka üslubunun özünəxas oyun ştrixləri diqqəti cəlb edir. O,  sakit, bir tərəfdə süst, o biri tərəfdə şövq və coşqu ilə danışan iki adamın söhbətinin mahiyyətinə diqqəti çəkir. Danışıqlar və guya “iş” gedir. Deməli, irəliləyiş də olmalıdır. Hətta rəssam deyir ki, dayanmaq, həvəsdən düşmək olmaz. Elə həmin tövsiyənin sonunda da bildirir ki, bütün bu uzun-uzadı prosesin nəticəsi yoxdur.

“Yalnız bunların hamısını eləməklə kifayət qədər əminliklə demək olar ki, məhkəmə ilkin mərhələsindən o yana gedə bilməyəcək. Düzdür, məhkəmə dayandırılmır, ancaq azadlıqda gəzən bir adam kimi müttəhimin haqqında heç bir hökm çıxarıla bilməz. Elüzəri bəraətlə müqayisədə süründürməçi bəraətin üstünlüyü ondadır ki, müttəhimin gələcək taleyində qeyri-müəyyənlik az olur, qəfil həbs edilmək təhlükəsi altında yaşamır və  qorxmur ki, onun üçün çox namünasib bir vaxtda elüzəri bəraət qazanmaq üçün bütün gücünü sərf eləsin, həyəcanlansın…”

XX əsrin əvvəllərində Avropanın siyasi, ictimai-sosial mənzərəsi həmin zamanın  intellektualları  (fikir, düşüncə, sənət, ədəbiyyat adamları)  tərəfindən  çox həssaslıqla incələndi, bədii, publisistik və  mədəni-estetik  təqdimat materiallarında müxtəlif üslublar, fərqli ifadə formalarında təzahürünü tapdı. Modern incəsənət insanın hərb meydanına çevrilmiş dünyadakı (I Dünya Müharibəsi dövründə)    yerini, yolunu, durumunu, və ya yersizliyini, yolsuzluğunu yeni estetika ilə əks etdirdi. Bu təqdimetmədə F.Kafka ədəbiyyatının estetikası, onun özünəməxsus siyasi düşüncəsi, sosial mahiyyətli araşdırmaları, müşahidələri tamamilə seçilirdi.

F.Kafka zorun, şərin hər tərəfə hökm etdiyini (hətta rəssamların kətanına belə) gah düşüncə seli fraqmentlərində, gah da dialoqlarda çox ustalıqla ifadə edirdi. “Əgər mən o hakimlərin hamısını bu kətana yığsam da, özlərini elə ordan müdafiə edəcəklər və əsil məhkəmədəkindən çox uğur qazanacaqlar”.

Yozef K. vəkildən, müdafiədən imtina edir… İmtinalar silsilələnir, təslimçiliklər başlayır. Ona görə ki, şər axın, sel, tufan, qasırğa kimi gəlir onun üstünə.  Yozef K. vəkildən imtina etdiyi zaman onunla eyni durumda olan başqa məhkum Tacir Blok özünə 5-6 vəkil tutur. Bir az qəribə, boşboğaz adam təsiri bağışlayam bu tacirin özünümüdafiəsi ilə K.-nın özünümüdafiəsi və daha sonrakı etapda özünümüdafiədən vaz keçməsi nüansları arasında paradoksallıq var. Tacir imkanları hesabına məhkumluğunun müddətini, əslində həm də ömrünü bir az uzadır. Öldürülməmək üçün yenidən, dönə-dönə həbs olunmaq, yenidən mühakiməyə çağırılmaq və s. bu kimi fiziki yaşamının müddətini artırmağa çalışır. K. isə insanlığın və ədalətin bərpasının mümkünsüzlüyünü anladığı andanca süründürməçi prosesin ömrünə son qoymağı qərara alır. Mənən bitən insanların fiziki ömrünü uzatmağa dəyməz!-qənaətinə gəlir…

Tacir Blok öz həyatını varidatı hesabına qazanmağa çalışır. O, öz qələbəsi naminə əlləşir, haqsızlığa və yalana qarşı deyil. Bütün pullarını dövriyyədən çıxarıb məhkəməyə xərclədiyini deyir, ancaq pulları və iş qabiliyyəti, enerjisi də tükənmək üzrədir…

Məhkəmə hakimiyyət deməkdir həm də və romanda əsas mesajlardan biri də ondan ibarətdir ki, haqqı ortaya qoymalı olan məqam sahibləri yalanın yanındadır. Ən pisi isə odur ki, az qala hər kəs bu yalan keşikçilərinin xidmətindədir.

 

“- Bu qızlar da məhkəməyə işləyir…

 

– Necə? – K. başını yana çəkərək rəssama baxdı. O isə təzədən kreslosuna oturaraq yarızarafat, yarıciddi dedi: – İndi hamı, hər şey məhkəməyə işləyir…

 

– Bunu hələ hiss eləməmişəm, – K. çox qısa cavab verdi və eşitdiyi bu ümumi sözlərdən sonra rəssamın qızlar haqqında dediklərinə çox da fikir vermədi”.

 

Yozef K.-nın günahı yoxdur, amma müttəhim kimi gəzib-dolaşır torpağında, düşüncəsi dəyənək altında, barmağı qapı arasında, başının üstündə hədələyici barmaq. Barmağın ucu da tətikdə- hər an basıla bilər…  Və o tətik bir gün həqiqətən də basılır… Günahsızlığını sübut etmədən, əbədi bir şər, böhtan qurbanı kimi məhv edilə biləcəyi təhlükəsi fikirlərini alt-üst edib. Ağrılıdır… K. görür ki, təkbaşına mübarizə axmaqlığa bərabər bir durum yaradır. Onun müqavimət jestini unutmurlar və başqalarına nisbətən ondan daha amansız qisas alırlar.Başqaları susa-susa, əyilə-əyilə ölür, K. isə artıq ölümə qədər vərəmləyir, qürur və ləyaqətlə, məhz Kafkanın özü kimi, içində insan şərəfinin təhqir olunmasına qarşı intiqam ehtirası, əlində insan haqqının qorunması üçün əsasnamə… Ətrafda isə ləyaqəti tapdanan milyonların qımıltısı belə eşidilmir…  O da bilir ki, “… burda ən düzgün yol, mövcud vəziyyətlə barışmaqdır. Hətta bəzi xırda məsələləri düzəltmək mümkün olsa da, – bunun özü də mənasız bir xəyaldır – ən yaxşı halda, gələcək üçün nəsə qazansan da, kinli-küdurətli məmurların diqqətini cəlb etməklə özünə böyük ziyan vurmuş olursan. Diqqəti cəlb etmək olmaz! Lap ağlına batmayan şeylər də olsa, sakit dayanmalısan. Başa düşmək lazımdır ki, bu məhkəmə böyük bir orqanizm kimi həmişə müəyyən mənada göydən asılı vəziyyətdədir və əgər kimsə təkbaşına onun dayandığı yerdə nəyisə dəyişirsə, deməli, öz ayağının altını qazmış olur, ona görə də yıxılır…”, amma şərin qaranlıq meydanında öz balaca şamını, bəlkə sonuncu işıq qığılcımını saçıb, parladıb getmək arzusundadır…

Bu arzunun heç vaxt baş tutmayacağını isə məhz məhkəmə rəssamı ilə olan söhbətinin sonunda anlayır. Anlayır və hətta bu anlayışı üçün xəcalət çəkir.

 

“- Hər iki üsulun ümumi bir cəhəti var ki, müttəhim haqqında hökm çıxarılmasına yol vermirlər. – Həm də tam bəraət verilməyə  qoymurlar, – K. yavaşdan dedi və sanki bunu başa düşdüyünə görə utandı. – Deməli, işin məğzini başa düşübsünüz, – rəssam tez dilləndi”.

 

F.Kafka ədəbiyyata XX əsr modern sənətində yeni insan, daha doğrusu, insana yeni baxış estetikası, nəzəriyyəsi gətirdi. Onun insanı nə Hemenqueyin, nə Folknerin, nə də Remarkın insanına bənzəmədi. Remarkın insanları xislətinə məğlub olur, şərə qalib gəlmək üçün şərdən istifadə edir, şərdən qaça bilmirdi, Hemenqueyin qəhrəmanları mübarizə aparır, məğlub olmur və insanın qələbəsinin mütləqliyini sübuta çalışırdı. Folkner öz obrazlarını zamanın, əsrin müharibələri, ictimai-siyasi hadisələri burulğanında yüzlərlə sifətdə, simada əks etdirməklə salnamə yaratdı. Daha böyük insan mənzərələrinin, izdihamının zamanla konteksdə səciyyəsini…

Kafkanın insanı isə tək idi, Kafkanın özü kimi yalnız, əzilmiş, sındırılmış… Onun qəhrəmanlarının daxilində həmişə balaca bir adam olur. Zorla, kənar təsirlərlə döyülüb, sıxılıb, kiçildilmiş insan maketi simasında balaca adamlar…  Kafka isə bir yaradıcılıq boyu bu adamı diriltmək, ayağa qaldırmaq mücadiləsi etdi. Bəs, içindəki ləyaqəti təhqir edilmiş balaca insanı ayağa qaldırıb hakimlərə meydan oxuyan, bu əzilmişlərdən böyük fiqur yaratmağa cəhd edən K.-nın əsil niyyəti   nə idi görən? İnsan kimi düşünmənin nümunəsini göstərmək!  Böyük qəhrəmanlıqlar yoxdur onun məqsədində, sadəcə ilkin olaraq insan kimi düşünə bilmək qabiliyyətini məhv edənlərlə mübarizə, vəssəlam… “Gərək özü də, qadınlar da, başqa nümayəndələri də məmurlara rahatlıq verməsinlər, onları məcbur etsinlər ki, barmaqlıqlar arxasından dəhlizləri güdmək əvəzinə, stollarının arxasında oturub K.-nın vəkalətnaməsini oxusunlar. Bu cəhdlərə ara vermək olmaz, hər şey düzgün təşkil olunmalı və nəzarətdə saxlanılmalıdır, qoy məhkəmə görsün ki, öz hüququnu qorumağı bacaran müttəhim də var”.

Romanda qadın obrazlarının demək olar ki, hamısı şeytani vəsvəsə, ehtirasla aldatma və s. bu kimi qeyri-əxlaqi davranışları ilə yadda qalır və hər biri, sanki  sirr dağarcığıdır. Hətta K. özünümüdafiə strategiyasında da qadından bu məqsədlə istifadə haqqında düşünür. Özü də ölümünə bir az qalmış, türmə keşişi ilə söhbət edən zaman. “Qadınların hökmü böyükdür. Əgər tanıdığım bir neçə qadını mənim üçün birlikdə işləməyə razı sala bilsəydim, nəsə əldə eləyə bilərdim. Xüsusilə də bu məhkəmədə… Demək olar ki, hamısı qadın düşgünüdür… İstintaq hakiminə uzaqdan bir qadın göstər, stolunu da, müttəhimi də unudub, onun arxasınca qaçacaq”.

K.-nın mübarizəsinin əsas tezisi bu idi: heç olmasa, “Qoy məhkəmə görsün ki, öz hüququnu qorumağı bacaran müttəhim də var!”… Kafkaya görə bu dünyada ən dəyərli yer insana verilməli,  bütün qanunlar və hətta qanunsuzluqlar belə insan naminə olmalı  idi. Onun əzilən insanlara bu qədər yanğı ilə yanaşması ədəbiyyatşünaslıqda həm də “kafkaist yanaşma” kimi terminləşmiş ifadə ilə səciyyələnir.

Romanın VII fəslində Tacir Blok əhvalatı ilə K.-nın təslimçilik mövqeyinə qısılması finalını müəllif bir az da kontrastlaşdırır. VIII fəsildə K. vəkildən imtina edir, amma vəkil ondan əl çəkmək istəmir. Blok isə qorxu içərisində çırpınır, kim ağzını açıb bir kəlmə deyirsə, elə bilir ki, ona hökm oxunur. “ Blok bicdir. Çoxlu təcrübə toplayıb, məhkəməini uzatmağın yolunu tapıb. Ancaq kütlüyü bicliyindən çoxdur. Görəsən xəbər tutsa ki, məhkəməsi hələ heç başlamayıb, onun başlanmasına hələ işarə verilməyib, onda sözü nə olacaq?!– Bu anda Blok tərəddüdlə qalxmaq istədi və yəqin xahiş edəcəkdi ki, bunların nə demək olduğunu ona başa salsın. İlk dəfə idi ki, vəkil birbaşa Blokun özünə müraciət müraciət edirdi.Yorğun baxışları gah Bloka, gah da uzaqlara zillənirdi və Blok da bu baxışlar altında təzədən dizi üstə çökdü. – Sakit ol, Blok! Hakimin nə dediyinə fikir vermə. Hər sözdən qorxma. Bir də belə eləsən, sənə heç nə deyən deyiləm. Adam ağzını açan kimi elə baxırsan ki, elə bil hökm oxunur”.

Bu “hökm” bütün əsər boyu obrazların başının üstündə qara buludlar kimi dolaşır. Əsərin sonunda K. aldadılaraq kilsəyə gətirilir. İtalyalı qonağa kilsəni göstərmək məqsədilə bura gəlib çıxan K. kilsədə də dustaq kimi dindirilir.

K-nın son duracağı kilsə olur. Ölüm hökmünün icra yeri kimi görünür buralar ona. Türmənin keşişi son olaraq onu mühakimə edir.

 

“- Sən Yozef K.-san, – deyə keşiş sürahiyə qoyduğu əlini qeyri-müəyyən tərzdə yuxarı qaldırdı.

 

– Bəli!  Fikirləşdi ki, əvvəllər çəkinmədən adını deyirdi, ancaq neçə vaxt idi ki, adını demək onun üçün ağır yükə çevrilmişdi, indi birinci dəfə gördüyü adamlar da onun adını bilirdi. Ah, özünü təqdim edərək adını söyləmək necə də gözəl imiş!

 

– Sən ittiham olunursan! – Keşiş bu sözləri lap alçaqdan dedi.

 

– Bəli, bunu mənə artıq deyiblər.

 

– Elə isə, sən axtardığım adamsan. Mən türmənin keşişiyəm.

 

– Belə de…

 

– Səni bura çağırtdırmışam ki, söhbət eləyim.

 

– Bunu bilmirdim. Bura ona görə gəlmişdim ki, kilsəni italiyalı qonağa göstərim. – İkinci dərəcəli şeylərdən danışma! Əlindəki nədir? Dua kitabıdır?

 

– Xeyr, şəhərin görməli yerləri haqqında kitabçadır.

 

– Tulla getsin! K. kitabçanı elə bərk tulladı ki. o, göydə açıldı və vərəqləri yellənə-yellənə döşəmənin üstü ilə bir az sürüşdü.

 

  Bilirsənmi məhəkəmədə işlərin pis gedir?

 

– Mənə də elə gəlir. Çox çalışdım, ancaq indiyə qədər bir şey çıxmadı”.

 

Yozef K. son məqamda da “kömək axtaracam, istifadə etmədiyim bəzi məqamlar var”-deyir…

Romanın sonunda qanun qapısı, keşikçi və qoca kişi ilə bağlı əhvalat nəql olunur. İbrətamiz bir mətnin süjeti, ideyası mətn içində mətn strukturundadır. Birinci mətnlə bu kiçik rəvayətin fəlsəfi qənaəti eyni ideyaya söykənir. Türmə keşişi K.-ya deyir ki, sən iki addımından o tərəfi görmədin ömrün boyu. K. da heç bir çərçivədəki şüşə gözlüyü sındıra, qapısı açıq qanunların astanasına belə ayaq qoya bilmir. Uzun illər, bir ömür boyu mənasız  bir işlə məşğul olduğu bilinir. Digər mətndə isə oxuyuruq:“Qanunun qapısı həmişəki kimi açıq idi. Əgər həmişə, həmişə açıq olursa, bu o deməkdir ki,  aid olduğu adamın nə qədər yaşamasından asılı deyil, onda da belə çıxır ki, gözətçi onu bağlaya bilməz”.

F.Kafka modernizminin bətnində bizim bugünkü anlamda qavradığımız postmodernizmin mahiyyəti vardı. Diqqət etsək, bütün əsər boyu hakim-məhkum, günahkar-günahsız, sədaqət-xəyanət və s. bu  cür paradoksallıqların mücərrəd, istənilən aspektdə yozumlara uyuşan oyunları, romanda da deyildiyi kimi, gizlən-qaçları postmodern estetikanın detallarından biri kimi diqqəti cəlb edir. Məsələn, Qapılar doğrudanmı bağlı idi? Axı pəncərəsiz divarlara dirənən bağlılıqda necə yol tapmaq olardı? Saysız-hesabsız suallar yaranır. Və sonda döyülməyən, açılmayan qapılar romanın ana mövzusu kimi qabardılır. Qapı açıq imiş? Bəs keşikçi və o qapıdan içəri girəcək adam bir ömür boyu bunu niyə bilməyib? Qapının sahibi, o qanun qapısından içəri keçəcək adam qocalıb ölür və qapının keşikçisi də işini bununla tamamlayır, vəzifəsini bitmiş hesab edir. Qapını bağlayır… Bağlayır, yoxsa açır? Axı daha o qapını kimdən ki qoruyurdu o adam öldü? O adamdan qapını qoruya-qoruya özü də  qocaldı… “Burda fikirlər haçalanır: gözətçi  qapını bağlayacağını deyəndə, sadəcə olaraq, cavab vermək, yoxsa vəzifə borcunu vurğlamaq, ya da kişini son anda peşiman etmək, kədərləndirmək istəyir?!  Çoxları bu fikirdədir ki, o, qapını bağlaya bilməyəcək. Onlara elə gəlir ki, ən azı sonda, həqiqətin dərk edilməsi baxımından, kişi ondan üstündür, çünki o, Qanunun qapısından gələn parıltını görür, gözətçi isə həmin anda arxası qapıya tərəf dayanır, nəsə bir dəyişiklik hiss etdiyi barədə heç nə demir”…

Bəli, səni yox edə bilərlər, sən məğlub ola bilərsən, fiziki baxımdan həşərat kimi də kiçilərsən, amma sənin mübarizən, bu mübarizənin mahiyyəti qalar. Yoxsa dünya çoxdan tam zülm və zülmətə qərq olardı. “Qəflətən ordakı pəncərənin gözləri taybatay açıldı, arıq çəlimsiz bir kişi uzaqlardan, lap yuxarıdan aşağı əyildi, əllərini irəli uzatdı. Kim idi? Dost idi? Yaxşı adam idi? Ona yazığı gələn idi? Ona kömək etmək istəyirdi? Tənha idi? Yoxsa, hamısı idi? Kömək etmək olardımı?”

Romanın qəhrəmanı təkcə fiziki işgəncə ilə (Cənablardan biri ikiəlli onun xirtdəyindən yapışdı, o biri isə bıçağı ürəyinə yeridib, iki dəfə burdu. Gözləri çevrilən K. son anda cənabların ona tərəf əyilərək yanaqları bir-birinə dəyə-dəyə onun necə keçindiyinə tamaşa etdiklərini gördü. – Lap it kimi oldu!) deyil, həm də mənəvi ağrılarla köçür dünyadan: “Döğrudanmı mən bu dünyadan qanmaz bir adam kimi köçməliyəm?.. İstəmirəm, belə desinlər! Sağ olsunlar ki, mənə belə yarımlal, qanmaz yol yoldaşları verdilər, özümə deyiləsi vacib sözləri deməyi öz ixtiyarıma buraxdılar…”

K bütün məhkəmə boyu bir ilahi, ali, ədalətli gücə tutur üzünü baş hakimə… Bəs harda idi bu uzun məhkəmələr, istintaqlar boyu həsrətlə axtardığı o baş hakim, harda? Bircə, cəmi bircə dəfə görmək istəyərdi onun üzünü… Hamı məhkumdur, hamı müttəhimdir, hər kəsin ürəyindən alacağı bir bıçaq yarasından asılı olan azadlığa möhtaclığı var…Ölüm onu azadlığına qovuşduracaq yəqin… Yozef K.-nı çöx şeylər tükətdi, vərəmlətdi bu bıçağa qədər. Məncə, onların içərisində ən dəhşətlisi F.Kafka demiş, həm də “yarımlal, qanmaz yol yoldaşları” idi…

Romanın postmodernizm səciyyəsi haqqında daha bir yazıya ehtiyac var. Yəqin o da yazılacaq…

P.S. Və sonda bu möhtəşəm əsəri dilimizə bu qədər sevgi və diqqətlə doğmalaşdıran Vilayət Hacıyevə Kafkasevərlər adından təşəkkür edirəm…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *