Qurbanovun qüdrəti
Dövlət Dəniz Admnistrasiyası Azərbaycanı dalğaların üstündə haralara qaldırdı...
Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Audit Ekspert Qrupunun yoxlamalarının nəticəsinə əsasən Azərbaycan indiyədək 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini belə geridə qoyaraq statistika üzrə ön sırada yer tutub. Bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasından virtualaz.org-a daxil olan məlumatda deyilir.
Azərbaycan 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Təşkilatın Audit Ekspert Qrupu 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında yoxlama keçirib və yoxlamanın nəticələrinə görə Azərbaycan dünya dövlətləri arasında statistika göstəricilərinə əsasən ön sırada yer alıb. Azərbaycanın göstəriciləri Almaniya kimi inkişaf etmiş Avropa dövlətinin göstəriciləri ilə eyni olub. Bu, Azərbaycanın digər sahələrlə yanaşı dənizçilik sahəsində də son illərdə ciddi inkişaf mərhələsi keçdiyini sübut edir.
Xatırladaq ki, Azərbaycanda dəniz nəqliyyatı sahəsində tənzimləyici mərkəzi orqan kimi Dövlət Dəniz Administrasiyası 2006-cı ildə yaradılıb. Prezidentin sərəncamına əsasən Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın, Azərbaycanın tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə aid edilib. Bu səlahiyyətləri çərçivəsində Dövlət Dəniz Admnistrasiyası BMT-nin Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
BDT Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olub, beynəlxalq dəniz gəmiçiliyinin təhlükəsizliyi, mühafizəsi və dəniz mühitinin qorunmasını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilatdır. 172 üzvü olan Beynəlxalq Dəniz Təşkilatının məqsədi beynəlxalq dəniz gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsini və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi, dənizin gəmilər vasitəsilə çirkləndirilməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təşkil etmək və buna şərait yaratmaq, təşkilatın məqsədi ilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir.
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu vaxtdan etibarən «Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya», «Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya» (SOLAS-74), «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya» (MARPOL), «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya» (STCW), «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya» (COLREG), «Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya», «Yük nişanı haqqında Beynəlxalq Konvensiya», «Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya» daxil olmaqla dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.
Beynəlxalq konvensiya və protokollardan irəli gələrək dəniz nəqliyyatı sahəsinə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.
Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi üzrə Təşkilatın 10 dekabr 2013-cü il tarixli qətnamələrinə əsasən Audit Ekspert Qrupu bu ilin 28 may - 06 iyun tarixlərində Azərbaycanda səfərdə olub.
Auditin məqsədi Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi idi. Bu məqsədlə audit qrupu Azərbaycan ərazisindəfəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dəniz ətraf mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və bütün incəlikləri ilə araşdırılıb.
Keçirilmiş audit yoxlamasının nəticələrinə əsasən müəyyən edilib ki, Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur. Audit Ekspert Qrupu tərəfindən aparılan təhqiqat göstərib ki, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılması, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyəti, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sistemi yüksək səviyədə təşkil edilib.
Yoxlama zamanı gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş ixtisas tələbləri yüksək qiymətləndirilib. Yoxlamanın nəticələrinə əsaslanan Audit Ekspert Qrupu xüsusi olaraq vurğulayıb ki, bu tələblər və Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində formalaşdırılmış və başqa dəniz dövlətləri üçün ən yaxşı təcrübə («Best practise») ola bilər.
Audit Ekspert Qrupu, Azərbaycanda fəaliyyət göstərən limanların akvatoriyalarında gəmilərin yoxlanılmasını həyata keçirən liman nəzarəti müfəttişləri və gəmilərin yoxlanılması prosesinin, habelə gəmilərin hərəkətinin idarə edilməsi sisteminin kommersiya sahəsindən tamamilə ayrılmasını və heç bir sahibkarlıq subyektinin tərkibində olmadan dövlət qurumu olaraq həyata keçirilməsini Beynəlxalq Dəniz Təşkilatının birbaşa tələbi olduğunu, bu sahədə Azərbaycanda əldə edilən nailiyyətləri nümunə olacaq vacib amil kimi dəyərləndirib.
Audit Ekspert Qrupu tərəfindən həyata keçirilən yoxlama zamanı müəyyən olunub ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dövlət orqanları arasındaformalaşdırılmış əməkdaşlıq mexanizmləri, həyata keçirilən tədbirlərin koordinasiyasının təşkili Beynəlxalq Dəniz Təşkilatının bununla bağlı tələb və tövsiyyələrinə, habelə dəniz nəqliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübəyə tam uyğunluq təşkil edir.
«Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi bu növbəti iqtisadi və siyasi qələbə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasətinin nəticəsidir. Azərbaycanın dənizçilik sahəsində əldə etdiyi bu beynəlxalq uğur prezident İlham Əliyevin vaxtında qəbul etdiyi və ölkəmizin gələcək inkişafına yönəlmiş qərarlarının, uzunmüddətli inkişaf strategiyasının növbəti uğurudur»-Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov auditin nəticələri ilə bağlı deyib.
Məlum olduğu kimi Azərbaycanın müstəqilliyinin ilk illərində digər sahələrdə olduğu kimi gəmiçilik sahəsində də tənəzzül başlamışdı. Bu proses keçmiş SSRİ-nin digər dəniz respublikalarında da yaşanırdı, gəmiçilik, donanmalar sıradan çıxırdı.
Dövlət Dəniz Administrasiyası bildirir ki, belə çətin dövrdə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev dəniz nəqliyyatını qoruyub saxlamaq üçün addımlar atdı, Azərbaycan onun dövründə Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu: «Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində dəniz nəqliyyatına daim xüsusi diqqət və qayğı göstərib, donanmamızın yenilənməsi prosesinin əsasını qoyub, sonradan isə onların dağılmasının qarşısının alınınmasında və bu günümüzə gəlib çatmasında müstəsna rol oynayıb».
Beynəlxalq Dəniz Təşkilatının apardığı auditin nəticələri Azərbaycanın tranzit ölkə kimi nüfuzunun artmasına gətirib çıxaracaq. Məlum olduğu kimi prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatına keçid üçün başlıca prioritetlərdən biri kimi Azərbaycanın tranzit potensialından istifadənin artırılmasını müəyyən edib. Və tranzit potensialının mühüm hissəsi Xəzər dənizi üzərindən beynəlxalq yükdaşımalardır ki, bu dəhlizi inkişaf etdirmək üçün Ələtdə beynəlxalq dəniz ticarət limanı inşa edilir, yeni yük gəmiləri alınır, tranzit yükdaşımaları asanlaşdırmaq üçün ən qabaqcıl dünya standartları tətbiq edilir. Belə bir vaxtda BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Azərbaycanda dənizçilik üzrə ən yüksək standartların mövcud olduğunu təsbit etməsi ciddi nailiyyətdir və ölkənin tranzit potensialının artırılması istiqamətində gələcək uğurların əsasını qoyur.