vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:58 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 2056 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Uğursuz» selfi başlarına iş açdı

«Alçaldıcı şəkildə növbəyə durdular»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir qrup iranlı millət vəkili Avropa Birliyinin yüksəkvəzifəli rəsmisi Federika Moqerini (Federica Mogherini) ilə şəkil çəkdirən zaman həddindən artıq canfəşanlıq göstərdiklərinə görə tənqid hədəfinə çevrilib.

AB-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi F.Moqerini avqustun 5-də prezident Həsən Ruhaninin andiçmə mərasiminə qatılmış onlarla xarici rəsmidən biri olub. İtaliyalı siyasətçinin mərasimdə iştirakı diqqətsiz ötüşməyib.

Fotolarda əllərində smartfon tutmuş iranlı millət vəkillərinin Moqerini ilə şəkil çəkdirməkdən ötrü onu dövrəyə aldığını görürük. Onlardan bəziləri selfiyə düşmək üçün masaların üzərinə əyiliblər, bəziləri isə Moqeriniyə əl edirlər.

Bu görüntülər ölkə mətbuatı və sosial mediada tənqidlərə yol açıb. Bəziləri hətta millət vəkillərinin bu davranışla özlərini biabır etdiyini deyirlər.

Mötədil Ruhaninin mədəniyyət müşaviri Hüsaməddin Aşna (Hesamodin Ashna) «Twitter»də yazıb:

«Bu, siyasi problem deyil, daha çox mədəni problemdir. O selfidəki hörmətli millət vəkillərinin hər biri ciddi sorğu-sual olunmalıdır».

 

«Təlim kursu keçilməlidir»

 

Keçmiş İran diplomatı və keçmiş islahatçı prezident Məhəmməd Hatəminin müşaviri Sadiq Xərazi öz «İnstagram» səhifəsində yazıb ki, parlament deputatlara «davranış qaydaları və... əxlaqi dəyərlərə dair təlim kursu» keçməlidir.

Mötədil gündəlik «Qanun» qəzeti isə baş verənləri Norveç rəssamı Edvard Mançın (Edvard Munch) məşhur «Haray» əsəri ilə müqayisə edib. Ön səhifədə dərc edilmiş «Haray selfisi» adlı karikaturada «haray çəkən» Moqerini və əllərində smartfon, selfi çubuqları olan deputatlar təsvir edilib.

İfrat mühafizəkar gündəlik «Kayhan» qəzeti 2015-ci ildə İranın altı dünya gücü – o cümlədən ABŞ və AB üzvü olan 3 dövlətlə (İtaliya bura daxil deyil) imzaladığı nüvə sazişi ətrafındakı ziddiyyətə toxunub.

 

«Alçaldıcı şəkildə növbəyə dururlar»

 

ABŞ və sazişi imzalamış 3 AB üzvü (Böyük Britaniya, Fransa və Almaniya) İranın bu yaxınlarda gerçəkləşdirdiyi raket sınaqlarını qınayaraq, onun BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi nüvə sazişinə əməl etmədiyini bildiriblər.

«Düşmən qarşısında millətin hüquqlarını müdafiə etməli olan adamlar nüvə sazişini pozanlarla şəkil çəkdirmək üçün alçaldıcı şəkildə növbəyə dururlar», – «Kayhan» yazıb.

İyulun əvvəli Vaşinqton İranın ballistik raket proqramına yardım edən şirkətlərə və fərdlərə birtərəfli iqtisadi sanksiyalar tətbiq edib. Sanksiyalar həm də İranın insan hüquqlarını pozması və terrorizmi dəstəkləməsi ilə əlaqələndirilib. Donald Trampın oktyabrda nüvə sazişini təsdiqləmək istəmədiyinə dair xəbərlər yayılıb.

 

«Bu qədər şişirtməyin»

 

2013-cü ildə Ruhaninin nüvə sazişi vasitəsilə İranın beynəlxalq təcridinə son qoyacağına dair ümidlər onun seçkilərdə qələbəsi ilə nəticələndi. İndi isə o, ikinci prezidentlik müddətinə sazişin əleyhinə olan mühafizəkarların tənqid sədaları altında daxil olur.

Selfi qalmaqalında adı hallanan deputatlardan biri, kadra düşmək üçün masaya söykənmiş islahatçı deputat Fərəcullah Rəcəbi davranışına görə üzr istəyib.

Deputat Humayun Yusifi mühafizəkar «Tasnim» xəbər agentliyinə deyib ki, selfi «tamamilə normal» olub və məsələ bu qədər şişirdilməməlidir. Moqerini ilə selfi çəkdirmədiyini qeyd edən deputat əlavə edib ki, andiçmə mərasimlərində yüzlərlə selfi çəkilir və bu da onlardan biridir.

«Amerikanın güclü etirazına baxmayaraq, Moqerininin iştirakı İran üçün mühüm diplomatik qələbədir», – Yusifi deyib.

O əlavə edib ki, andiçmə mərasimi belə «əhəmiyyətsiz məsələlər»ə görə sual altına alınmamalıdır.

 

Moqeriniyə deyiblər ki...

 

Parlamentin Milli təhlükəsizlik komitəsinin sədr müavini deputat Əbülfəzl Həsənbeyqi «İran» gündəlik hökumət qəzetinə deyib ki, selfi çəkilişi Ruhaninin andiçmə mərasiminin böyüklüyünə kölgə salmamalıdır.

«Bu, həqiqətən də islam respublikası üçün müsbət hal idi. Kənarlarda bəzi deputatlar Moqerini də daxil olmaqla, xarici qonaqlarla görüşüb onları qarşıladılar», – Həsənbeyqi deyib.

O əlavə edib ki, deputatlar Moqeriniyə öz mövqelərini bildiriblər.

«Mən orada idim. Bir millət vəkili Moqeriniyə bir gün onun da «Amerikaya ölüm!» qışqıracağına ümid etdiyimizi dedi», - deputat vurğulayıb.

Onun sözlərinə görə, deputatlar AB rəsmisinə AB-nin nüvə sazişinə sadiq qalacağına, ABŞ-ın oyunlarına uymayacağına ümid etdiklərini söyləyiblər.

«Sonra mən və başqa deputatlar ucadan «Amerikaya ölüm və yaşasın Avropa!» dedik», – deputat bildirib.

F.Moqerini məsələyə münasibət bildirməyib.