vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
11:55 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2249 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Axı mən dilənçi deyiləm»

Məhəmməd Əlinin Qızıl medalını çaya tulladığı tarixdən 57 il keçir

İlham CƏMİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

1960-cı ilin sentyabrın 5-də Olimpiya oyunlarında Məhəmməd Əli ilk böyük qələbəsini qazanır, bu mötəbər turnirdə o qızıl medala layiq görülür. Qələbə ilə vətənə dönən Məhəmməd Əli özünü göstərmək məqsədilə ağ adamlar üçün nəzərdə tutulan kafelərin birinə gedir. Boynunda qızıl medal, qürur və şəstlə... Sifariş vermək istəyəndə xidmətçi qəbul etmir:

- Biz zəncilərə xidmət etmirik.

- Axı mən dilənçi deyiləm.

Xidmətçi ilə arasında söhbət alınmır və qızıl medallı çempion kafeni tərk edir. Sarsıntı keçirən Məhəmməd Əli Ohayo çayının sahilinə gəlir və qızıl medalını çaya atır. Modern.az saytı boks kralı Məhəmməd Əli haqqında yazını təqdim edir.

«Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür» fikirlərinin müəllifi əfsanəvi boksçu Məhəmməd Əli özünün idman karyerasında mümkün olmayanları mümkün edib.

Əslində onun adı Kassius Marsellus Kleydir. 1964-cü ildə islam dinini qəbul etdikdən sonra o bütün planetdə artıq Məhəmməd Əli adı ilə məşhurlaşıb.

On iki yaşında olarkən həyatında baş verən adi bar hadisə onu idmana gətirib. Belə ki, balaca Kleyin velosipedini oğurlayanda o bu barədə polisə xəbər verib və xahiş edib ki, oğrunu tutub payını vermək lazımdır. Polis işçisi zərərçəkmişdən «payını vermək» ifadəsinin mənasını soruşanda Kley cavab verib ki, yəni yaxşıca əzişdirmək, döymək lazımdır. Onda polis zabiti soruşub:

- Sən bunu bacarırsanmı?

Bu sual Məhəmməd Əlini düşündürüb və o qərara gəlib ki, hökmən boksla məşğul olacaq.

Əfsanəvi boksçu 1960-63-cü illərdə keçirdiyi bütün 19 görüşdə qələbə qazanıb ki, bunlardan 15-i nokautla başa çatıb.

1967-ci ildə Məhəmməd Əli Amerika ordusunda hərbi xidmətə çağırılıb. O, orduda xidmət etməkdən imtina edib. Boks kralı Amerika Birləşmiş Ştatlarının Vyetnama qarşı başladığı müharibəni qətiyyətlə pisləyərək bəyan edib ki, müqəddəs Qurana görə ölkəsi bu mübarizədə haqsızdır. Bu bəyanatdan sonra ABŞ-ın Boks Federasiyası Məhəmməd Əlinin bütün titullarını əlindən alıb və o üç il müddətinə boksdan uzaqlaşdırılıb.

Məhəmməd Əlinin ilk məğlubiyyəti 1971-ci ildə olub. Co Freyzerlə ağır çəkili boksçuların çempion kəməri uğrunda mübarizədə o rəqibinə uduzub. Bu məğlubiyyət ona pis təsir edib və o səbirsizliklə Co Freyzeylə növbəti görüşünü gözləyib. Nəhayət, bu görüş 1974-cü ildə baş tutub ki, Məhəmməd Əli bu döyüşdən qalib çıxıb.

1978-ci ildə Məhəmməd Əlinin SSRİ-yə səfəri baş tutub. Bu səfəri yüksək qiymətləndirən əfsanəvi boksçu sovetlər birliyində həmkarları ilə rinqdə də görüşüb. Məşhur idmançını qəbul edən Leonid İliç Brejnev Məhəmməd Əliyə müəllifi olduğu «Kiçik torpaq» kitabını və saat bağışlayıb. Səfərdən geri döndükdən sonra SSRİ haqqında təəssüratlarını bölüşən Məhəmməd Əli Leonid İliç Brejnev haqqında fikirlərini belə söyləyib:

- Mən heç vaxt düşünməzdim ki, Leonid İliç Brejnev bu dərəcədə sadə, mehriban və sakit insandır.

Məhəmməd Əli 1981-ci ildə boksu tərk edib. Bunu rəsmi elan etdikdən bir müddət sonra jurnalistlərdən biri ondan soruşub:

- Sizcə müasir boksda nə çatışmır?

Məhəmməd Əli gülümsəyərək cavab verib:

- Sualı bir az dəqiq versəydiniz daha yaxşı olardı. Bu sualı belə qoymaq lazım idi ki, boksda kim çatışmır? Mən isə böyük məmnuniyyətlə cavab verərdim ki, Məhəmməd Əli.

Məhəmməd Əlinin jurnalistə digər bir cavabı da maraqlı olub. Amerikada baş vermiş 11 sentyabr terror hadisələri ilə bağlı jurnalist soruşub:

- 11 sentyabr terror hadisəsini törədən terrorçularla eyni bir dinə etiqad edəndə özünüzü necə hiss edirsiniz?

- Siz Hitler ilə eyni dinə etiqad edəndə özünüzü necə hiss edirsinizsə mən də elə.

Məhəmməd Əli boksu tərk etdikdən sonra ictimai işlərdə fəallıq göstərib. O, 2002-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir qismində Kabildə bir sıra görüşlər keçirib.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Məhəmməd Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalına da layiq görülüb.

Məhəmməd Əli rinqləri dəyişdiyi kimi həyat yoldaşlarını da tez-tez dəyişib. Boks kralının dörd xanımdan iki oğlu, yeddi qızı var. Qızı Leyla 1999-cu ildən atasının yolunu davam etdirərək boksla məşğul olub və dünya çempionu titulunu qazanıb.

Əfsanəvi boksçu uzun illər parkinson xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik onda fiziki çatışmazlıq, yaddaşında və danışığında böyük problemlər yaradıb. Ancaq onun hansı vəziyyətində olmasına baxmayaraq Məhəmməd Əli böyük nüfuz və hörmət sahibi olub. Onun haqqında bir neçə kitab yazılıb və film çəkilib.

Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib.