vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:34 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 2777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zimbabvedə hərbi çevriliş

Ordu vitse-prezidentə görə Muqabeni aşırdı, hakimiyyəti ələ aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Zimbabvedə ordu komandanlığı bəyan edir ki, prezident Robert Muqabe nəzarət altına alınıb və ölkədə situasiya «başqa səviyyəyə çatıb». Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanat Zimbabvedə prezident Robert Muqabenin vitse-prezident Emmerson Mnanqaqvanı vəzifədən uzaqlaşdırmasından sonra ordu qüvvələrinin paytaxt Hararedə hökumət binalarını nəzarət altına almasının ardınca səslənib.

Mnanqaqva 93 yaşlı Muqabedən sonra prezident postuna əsas namizəd hesab olunurdu. Lakin Zimbabveni faktiki idarə edən birinci ledi Qreys Muqabe ərindən sonra hakimiyyəti öz əlinə almaq planları qururdu və gözlənilirdi ki, Muqabe məhz onu vitse-prezident təyin edəcək. Mnanqaqvanın vəzifədən uzaqlaşdırılmasından sonra Qreys Muqabe onun tərəfdaşlarının kütləvi həbsinə başlamışdı və bu da ordunu qəzəbləndirdi.

Xəbərlərə görə Zimbabve dövlət televiziyası ZBC-nin binasının ordu tərəfindən ələ keçirilməsindən sonra hərbi geyimli iki zabit efirdən silahlı qüvvələrin ölkədə hərbi çevriliş həyata keçirdiyini inkar edib. Həmin zabitlər bildiriblər ki, Muqabe və ailəsi «təhlükəsiz və etibarlı yerdədir», onların təhlükəsizliyi təminat altındadır.

«Bizim hədəfimiz ancaq onun ətrafındakı cinayətkar ünsürlərdir, hansı ki, cinayət törədirlər və ölkədə sosial-iqtisadi səfalət yaradıblar. Onlar məsuliyyətə cəlb olunacaqlar», - deyə efirdən çıxış edən zabitlərdən biri, qərargah rəisi, general-mayor S.B.Moyo bildirib. General xəbərdarlıq edib ki, istənilən təxribata «adekvat cavab veriləcək».

Xəbərlərə görə hərbçilər maliyyə naziri İqnatiya Çombonu həbs ediblər. Çombo hakim ZANU-DF partiyasında birinci ledi Qreys Muqabenin başçılıq etdiyi «G40» adlanan fraksiyanın üzvlərindən biridir. Həmin fraksiya Muqabedən sonra arvadını hakimiyyət başına gətirməyə hazırlaşırdı. Lakin ordu komandanı Konstantin Çivenqa ZANU-DF partiyasında təmizləmələrə cavab olaraq siyasi proseslərə müdaxilə edəcəyi ilə hədələyib. Bundan sonra hakim partiya onu «xəyanətdə» və «hərbi çevriliş cəhdində» ittiham edib.

Ötən gün axşamdan başlayaraq zirehli transportyorlar və tanklar, əsgərlərlə dolu maşınlar paytaxt Hararedə bir sıra hökumət binalarını, o cümlədən dövlət televiziyasını nəzarət altına alıb. Televiziyanın əməkdaşlarına binanı tərk etmək əmr olunub, bəzi əməkdaşlar sərt rəftara məruz qalıb. «Reuters»ə danışan şahidlər  bildiriblər ki, daha sonra paytaxtda üç güclü partlayış eşidilib.

Birləşmiş Ştatlar və Böyük Britaniya Hararedəki vətəndaşlarına «qapalı məkanlarda qalmağı» tövsiyə edir, bildirilir ki, siyasi qeyri-müəyyənliklə bağlı onların təhlükəsizliyinə təminat yoxdur.

Zimbabve təhlükəsizlik xidmətinin keçmiş rəhbəri olmuş «Timsah» ləqəbli Mnanqaqva cəmi bir neçə ay əvvəl vitse-prezident təyin edilmişdi və Muqabedən sonra hakimiyyət başına keçməyə namizəd sayılırdı. Lakin bir neçə gün əvvəl 52 yaşlı birinci ledi Qreys Muqabenin hakimiyyət zirvəsinə yolunu açmaq üçün vəzifədən qovulub, ardınca hakim partiyadan onun tərəfdarlarının təmizlənilməsinə başlanılıb.

Bunun ardınca silahlı qüvvələrin komandanı Çivenqa bəyan edib ki, ordu Zimbabve azadlıq mübarizəsinin veteranı olmuş general Mnanqaqvanın bir vaxtlar Robert Muqabenin katibəsi olmuş Qreysə görə vəzifədən kənarlaşdırılmasını qəbul etmir.

«Reuters» agentliyinin bu il əldə etdiyi kəşfiyyat məlumatlarına görə Mnanqaqva Zimbabvedəki acınacaqlı sosial-iqtisadi vəziyyəti, hiperinflyasiyanı aradan qaldırmaq üçün iqtisadi islahatlar, o cümlədən ağdərili fermerlərin ölkəyə qaytarılmasını, beynəlxalq maliyyə institutları ilə əlaqələr qurulmasını planlaşdırırdı. Lakin «G40» adlanan və əsasən gənclərdən ibarət fraksiya Qreys Muqabenin hakimiyyət başına gətirilməsi üçün işləyirdi.

Analitiklər qeyd edirlər ki, hərbçilər siyasi proseslərə müdaxilənin çevriliş kimi təqdim olunmasını istəmirlər. Çünki nəzərə alırlar ki, hərbi çevriliş Afrika dövlətləri ittifaqı tərəfindən kəskin tənqid olunacaq.