vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
17:55 | 25 mart 2022 | Cümə Məqaləyə 710 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski “yenə” niyə öldü?!

... Yaxud siyasi oyunbazın, siyasi oyuncağı

Bahəddin HƏZİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Nə vaxtsa yazdım: bir var siyasi oyunçular, bir var siyasi oyunbazlar, bir də var, siyasi oyuncaqlar. ...Elə alınmışdı, bundan əvvəl də onun haqqında yazanda Taleyrandan sitat gətirmişdim.

Şarl Morris De Taleyran Periqor. Diplomatiyanın prinsipsizi, prinsipsizliyin diplomatı. Tək Fransanın deyil, Avropanın ən məşhur siyasi şarlatanı. 

Həmin o Taleyran öləndə hamı təəccüblənmişdi: “Görəsən, bu, onun nəyinə lazımdır?!”

Vladimir Jirinovski “növbəti dəfə” öləndə də bu sualı bir az başqa formada vermişdim: “Görəsən, bu, Jirinovskinin sahibinə niyə lazım olub?!”

Yox, Taleyranla Jirinovskini eyniləşdirmirəm. Birincisi siyasətin bici idi, ikincisi bicin siyasəti. Biri hiyləgər siyasi oyunçu idisə, o birisi, sadəcə, siyasi oyunbazın “hiyləgər” siyasi oyuncağı. İndiki hadisələrin məntiqində Jirinovskiyə yer yox idi kimi görünür. Onun dili ilə sovurulan təhdidlər bu gün Avropanın tən ortasında əməldə icra olunur. Jirinovskinin dediklərini və deyəcəklərini onun sahibi artıqlaması ilə özü deyir, özü də edir. Jirinovski sahibinə Qərblə “mehriban düşmənçilik” və ya “səksəkəli dostluq” zamanında lazım idi. İndi hər şey dəyişib; Jirinovski də özüdür, hamısı özüdür. Özü demək istəmədiklərini Vladimir Volfoviçin ağzı ilə deyirdi. İndi buna ehtiyac qalmayıb. Jirinovski niqab idi, indi buna gərək qalmayıb. Ukraynaya hücumla Jirinovskinin “ölüm”ünün eyni vaxta düşməsini belə yozmaq olar. Siyasətdə təsadüf olmur, “zəruri təsadüf” olur. Ya da “təsadüfi zərurət”. Jirinovskinin ölümü (əgər, doğrudan da, ölübsə) bu kateqoriyalara uyğun gələ bilər. Tarixdə belə şeylər olur. Məsələn,  bu problemin ədəbi həllini Mirzə Fətəli “Aldanmış kəvakib”də verib: Yusif Sərrac. Elə Putinin özü. Bəlkə yatsa yuxusuna da girməzdi ki, o boz-bulanıq, tipsiz, heç nə ifadə etməyən halı ilə nə vaxtsa Rusiya kimi gücün sahibi olacaq. Ancaq “təsadüfi zərurət” və ya ən yaxşı halda “zəruri təsadüf” nəticəsində gəlib taxta oturdu. Bu faciəli misal belə boz obrazlara taxt-tac verməyin necə dəhşətli yanlışlıq olduğunu bir daha göstərdi. 

Yazının əvvəlində Taleyrandan misal çəkmişdim. O klassik makiavellistin bir konstatasiyası çox doğruymuş: “Xalqlar bilsələr ki, onlara necə kiçik adamlar hökmranlıq edir, dəhşətə gələrlər”. Ancaq rus xalqı hələ də bunu bilmir və hələ də dəhşətə gəlmir. Əksinə vəhşətə çəpik çalır. Nə zamansa belə bir böyük xalq onu belə bir kiçik adamın uçuruma sürüklədiyini anlayacaq. Onda öz yanlışından çox, bu yanlışın nəticəsindən dəhşətə gələcək. Çünki zirvədəki xalqlara uçurumun dibindən baxmalı olacaq. Əslində hazırda qanadlanıb uçur və bu uçuşdan ekstaza gəlib. Qayanın başından uçurumun dibinə doğru uçduğunun fərqində deyil. 

Jirinovski öldü, ya ölmədi - elə bir fərq etmir. O, sadəcə, neoimperialist təfəkkürlü diktatorun rəzil ruporu idi. Zelenski deyir ha, rus xalqı azadlığın nə olduğunu bilmir. Jirinovski də (elə onun yiyələri də) şərəfli yaşamağın və şərəflə ölməyin nə demək olduğunu bilmir. Onlara necə yaşamaq bir yana, necə ölmək də maraqlı olmayıb. Necə öldürmək?! Bax, onlara maraqlı olan budur, vəssalam!