vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
21:41 | 4 aprel 2022 | Bazar ertəsi Məqaləyə 556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Üzv kimi qala bilməz”

Rusiyanın BMT İnsan Hüquqları Şurasından çıxarılması istənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya qüvvələrinin Ukraynanın Buça şəhərində onlarla mülki vətəndaşı qətlə yetirməsi ilə bağlı xəbərlərdən sonra ABŞ və Britaniya Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasına çalışdıqlarını bildirib.

“Rusiyanın İnsan Hüquqları Şurasında iştirakı yanlışdır”, - deyə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Linda Tomas-Qrinfild aprelin 4-də Rumıniyanın paytaxtı Buxarestdə olarkən bildirib. Qrinfild Ukrayna ilə həmsərhəd olan Rumıniyaya bu ölkənin kütləvi qaçqın axınını necə idarə etdiyi ilə tanış olmaq məqsədilə səfər edib.

“Bu düzgün deyil, buna görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onların üzvlükdən çıxarılması üçün səsvermənin vaxtı çatıb”, Qrinfild deyib.

Rusiyanın Cenevrədə yerləşən şuradan çıxarılması üçün BMT Baş Assambleyasının 193 üzvündən azı üçdə ikisinin dəstəyi lazımdır. Ölkənin üzvlükdən çıxarılma təklifi üzvlük müddətində insan haqlarının davamlı olaraq kobud və sistematik şəkildə pozuntulara yol verdiyi aşkar edildiyi halda irəli sürülə bilər.

Hazırda şurada üç illik fəaliyyətinin ikinci ilində olan Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb.

Rusiya qoşunları bu yaxınlarda Kiyevin şimal-qərb yerləşən Buçadan çıxarıldıqdan sonra şəhərdə onlarla cəsəd aşkar edilib.

Qətlə yetirilən mülki şəxslərin bəzilərinin əlləri bağlı olduğu fotoşəkillər bir çoxlarını dəhşətə gətirib. Bütün bunlar Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və cinayətkarların ədalət qarşısına çıxarılması çağırışlarına səbəb olub.

“Buçada çəkilən görüntülər və Ukraynadakı dağıntılar indi bizdən sözlərimizlə hərəkətlərimizi uyğunlaşdırmağımızı tələb edir”, - deyə Tomas-Qrinfild bildirib.

Tomas-Qrinfildin açıqlama verməsindən bir neçə saat sonra Britaniya Moskvanın şuradan çıxarılması çağırışına qoşulub.

“Müharibə cinayətlərinə dair güclü sübutlar, eləcə də Buçadakı kütləvi məzarlıqlar və dəhşətli qətliamla bağlı xəbərləri nəzərə alsaq, Rusiya BMT İnsan Haqları Şurasının üzvü olaraq qala bilməz”, Britaniyanın xarici işlər naziri Liz Trass “Twitter” səhifəsində yazıb.

Buça şəhərinin meri Anatoliy Fedoruk aprelin 2-də şəhərin Rusiya tərəfindən işğalı zamanı 300-ə yaxın yerli sakinin öldürüldüyünü və 280-nə yaxın cəsəd olan kütləvi məzarlığın aşkar edildiyini bildirib.

Rusiya hərbi qüvvələrinin qətllərdə əli olması ilə bağlı iddiaları rədd edərək, bunu “təxribat” adlandırıb.