vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
20:26 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 1637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krım Ukraynadan qoparılır

Vaşinqton yarımadadakı duruma hərbi müdaxiləyə, Moskva isə saxta referenduma hazırlaşır; Rusiya terror planı hazırlayır

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Krım Rusiyanın işğalı altındadır. Təəssüf ki, dünya birliyi hələlik Rusiyanın işğalçı siyasətinin qarşısını ala bilmir. Dünyanın siyasi mərkəzlərinin bəyanatları durumu çox doğru dəyərləndirsə də Rusiya qoşunlarının qarşısında dayanacaq gücdə deyil». Bu sözləri «Yeni Müsavat»a açıqlamasında Krım Tatar Məclisinin sədr müavini Axtem Çiygöz deyib.

Axtem Çiygözün sözlərinə görə, bütün gərginliyə baxmayaraq Krım tatarları sabitliyin qorunması üçün əlindən gələni edir: «Hələlik Krımda yerləşdirilən Rusiya qoşunlarının öncəki günlərdəki kimi tanınma nişanları yoxdur. Aydındır ki, Rusiya Krımı faktiki işğal etsə də beynəlxalq birliklə açıq savaşa getməmək üçün Krımdakı hərbçiləri özünümüdafiə qüvvələri kimi təqdim edir.

Ancaq hər kəsə bəllidir ki, onlar Rusiya Silahlı Qüvvələrini təmsil edirlər. Martın 16-da burada saxta referendum keçirməyi planlaşdırırlar. Nəinki həmin referendumun nəticələri, ümumiyyətlə keçirilməsi hüquqi qüvvəyə malik deyil. Ukrayna qanunları muxtar vilayətə referendum keçirmək hüququ vermir. İkincisi, Krım parlamenti separatçıların əlindədir və hər kəsə bəllidir ki, yığıncaqlarda yetərsay əldə edilməsi mümkün deyil».

Krım Tatar Məclisinin rəhbəri Krımdan köç başlaması xəbərlərini də təkzib edib: «Bizim gedəcək yerimiz yoxdur. Krım bizim yurdumuzdur. Evlərimizi tərk edə bilmərik. Bu gün Rusiya dünyaya car çəkir ki, Krımın rusdilli əhalisi yarımadanı Rusiyanın tərkibində görmək istəyir. Bu, Rusiyanın öz işğalçı siyasətinə don geyindirmək cəhdindən başqa bir şey deyil. Krım əhalisi Avromaydana güclü dəstək verib. Bir Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarıyıq.

Çünki inteqrasiya prosesinin Krım tatarlarını öz milli haqlarına qovuşduracağına inanırıq. Türkiyə dövlətinin xarici işlər naziri Əhməd Davudoğlu bir neçə gün öncə Kiyevdə olarkən Krım tatarlarının təhlükəsizliyi, barış içərisində yaşaması üçün səyləri əsirgəməyəcəyini demişdi. Biz bilirik ki, insani yardıma ehtiyacımız olursa, Türkiyə dövləti bizim yanımızda olacaq. Ancaq indi Ankaradan daha çox siyasi müstəvidə fəaliyyət göstəririk. Hələlik bu yöndə ciddi addımlar görmürük».

Axtem Çiygözün sözlərinə görə, indi Ukraynanın yeni hökumətindən Krımda hər hansı səlahiyyətli nümayəndə yoxdur: «Krımda xeyli sayda beynəlxalq qurumların təmsilçiləri, jurnalistlər var. Ancaq Rusiya silahlıları onların yarımada ərazisində hərəkətinə mane olur. BMT-nin də səyləri hələlik bir nəticə vermir. Krıma sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi gündəmdə olsa da hələlik bu yöndə real addımlar atılmayıb».

 

Krım Ukraynadan qoparılır

 

Krım Tatar Məclisi başqanının müavini sonda dünya birliyinə səsləndi: «Rusiya Krıma rusdilli əhalinin hüquqlarını qorumaq üçün gəldiyini aləmə car çəkir. Biz Krım tatarları da vətənimizin Ukraynada qalmasını istəyirik. Bu bizim haqqımızdır. Dünya birliyini həm Krım tatar xalqının hüquqlarını, həm də Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün real addımlar atmağa çağırırıq. Biz heç bir halda Rusiyanın ərazisi olmaqla razılaşmayacaq və son anadək mübarizəmizi davam etdirəcəyik».

«Yeni Müsavat»ın Krım Tatar Məclisinin mətbuat xidmətindən aldığı xəbərə görə, martın 6-da Krım Tatar Məclisinin başqanı Refat Çubarov növbəti dəfə Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Sənəddə Rusiyanın hərbi müdaxiləsinin qarşısını almaq üçün Krıma sülhməramlı qüvvələrin yerləşdirilməsi istənilir. Krım Tatar Məclisi Türkiyə, Azərbaycan, Qazaxıstan liderlərinə də müraciət ünvanlayaraq prezidentlərdən Krım Tatarlarının mövqeyini dəstəkləmələrini istəyib. Məclisin daha bir müraciəti isə yerli əhaliyə ünvanlanıb. Sənəddə yerli əhali heç bir qondarma referendum oyununda iştirak etməməyə, provokasiyalara uymamağa çağırılır.

Krımda gərginlik hər keçən saat yüksəlir. Krımdakı qaynaqlardan aldığımız bilgiyə görə, martın 5-dən 6-na keçən gecə yarımadanın tatar əhalisinin yaşadığı evlərin üzəri işarələnib. Əhali bu addımı Krımın Ukraynada qalmasını istəyən şəxslərə qarşı Rusiyanın terror planı hazırlamaq cəhdi kimi dəyərləndirir. Bu haqda Krım tatarları facebook səhifələrində də bildirib. Onlar Fərqanə olaylarından 25 il sonra yenidən ölüm havası hiss etdiklərindən əndişələrini ifadə edib.

Martın 6-da Krım ərazisində Ukrayna telekanallarının yayımına məhdudiyyətlər tətbiq edilməyə başlayıb. Artıq yerli əhali «1+1» və «V Kanal»ı izləyə bilmir. Hər iki kanalın dalğalarını Rusiya vurur.

Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov martın 6-da Norveç və Finlandiya xarici işlər nazirləri ilə görüşündən sonrakı açıqlamasında Krımda pulemyot lülələri altında keçiriləcək referendumun heç bir hüquqi qüvvə daşımayacağını deyib: «Sergey Aksenov Krımın legitim baş naziri deyil. Ukrayna Konstitusiyasına görə Krıma baş nazir təyin etmək səlahiyyətləri Ukrayna prezidentindədir. Ukrayna prezidentin vəzifələrinin icraçısı kimi mənim belə bir qərarım olmayıb».

«Ukraynanın ərazi bütövlüyü qlobal təhlükəsizlik məsələsidir». Bu sözləri isə Unian.net-ə açıqlamasında Beynəlxalq Demokratiya İnstitutunun direktoru Sergey Taran deyib.

Kiyevdə yerli və xarici media təmsilçiləri üçün keçirdiyi brifinqdə Taran deyib ki, Əgər Ukrayna onu nüvə silahından imtina etməsinə razı salan dövlətlərin təminatına baxmayaraq ərazisinin bir hissəsini itirsə, bu o deməkdir ki, Quzey Koreya, İran nüvə silahı hazırlaya bilər, üstəlik Hindistan, Pakistan və daha bir çox ölkə nüvə silahı hazırlıqlarına başlamalıdır: «Rusiya ilə Ukrayna arasında konflikt ABŞ üçün də ciddi siqnaldır. Nüvə silahı üzrə qlobal yarış şərtlərində Qərbin hansı qlobal dominantlığından söhbət gedə bilər? Ona görə də indi söhbət yalnız Ukraynadan getmir. Heç şübhəsiz ABŞ bu münaqişədə tərəfdir. Vaşinqton duruma hərbi müdaxiləyə hazırlaşır. Bu durum dünya üçün yenidir. Çünki indiyə qədər ərazi baxımdan ABŞ-ın bu tip konfliktlərə müdaxiləsi təcrübəsi yoxdur».

Bu arada Kiyevin yeni hökuməti beynəlxalq birliklə böhrandan çıxış yollarını aramaqdadır. Avropa Birliyində görüşlər keçirmək üçün Brüsselə yola düşən baş nazir Arseniy Yatsenyuk rəsmi Kiyevin beynəlxalq dəstək təşəbbüslərindən razılığını ifadə edib və bildirib ki, bu təşəbbüslərin ən qısa zamanda Ukraynanın ərazi bütövlüyünün bərpası üçün ciddi tədbirlərə çevriləcəyinə ümid edir. Brüsseldə keçirdiyi mətbuat konfransında Yatsenyuk Rusiya dövlətinə də səslənib: «Mən Ukrayna dövləti adından Rusiya Federasiyası rəhbərliyindən beynəlxalq hüquq normalarına əməl etməyi və qoşunlarını torpaqlarımızdan çıxarmağı xahiş edirəm».

Ukraynanın yeni hökumətinin Krımda Rusiya işğalını dayandırmaq üçün təsir mexanizminə malik olmasa da ölkənin digər ərazilərindəki duruma tam nəzarəti bərpa edir. Artıq bir sıra şərq vilayətlərində Rusiyanın təhriki ilə qaldırılan «xalq üsyanları» yatırılıb. Bir neçə gün öncə Rusiya tərəfdarlarının əlinə keçən inzibati binalara qanuni hakimiyyətin nəzarəti bərpa olunub. Ötən gün Ukrayna Təhlükəsizlik Xidməti özünü Donetsk qubernatoru elan edən Pavel Qubaryovu həbs edib. Qubaryov artıq Kiyevə gətirilib. Onun haqqında qanuni hakimiyyətin silahlı qolla devrilməsinə cəhd maddəsi ilə cinayət işi qaldırılıb.

Martın 6-da Kiyev xəstəxanalarında 18-21 fevralda Yanukoviç iqtidarının Avromaydana hücumu zamanı güllə yarası alan daha iki vətəndaş vəfat edib. Bununla da Avromaydana hücum olaylarında ölən şəxslərin sayı 100-ə çatıb.

Qeyd edək ki, Kiyev xəstəxanalarının reanimasiya şöbələrində sinə və baş nahiyələrindən yaralanan daha 38 ağır yaralı var.