vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:12 | 28 dekabr 2012 | Cümə Məqaləyə 1997 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İran buna yaranan gündən xor baxıb»

Rasim Musabəyov: «Onlar Azərbaycan nümunəsində özləri üçün təhlükə görürlər»

Ömər Əmirov, publika.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Publika.Az-ın suallarını cavablandırıb.

- Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində 2012-ci ildə əvvəlki illərlə müqayisədə hansı yeni məqamlar ortaya çıxdı?

- 2012-ci ildə danışıqlarda nəinki irəliləyiş, heç doğru-düzgün danışıqlar da olmayıb. İlin əvvəlində, yanvar ayında Soçidə Dmitri Medvedyevin iştirakı ilə prezidentlərin görüşü olandan sonra dövlət başçıları görüşərək nəyisə müzakirə etməyiblər. Xarici işlər nazirlərinin də nadir və nəticəsiz görüşləri olub. İndiyə kimi heç danışıqların gündəliyini müəyyənləşdirmək mümkün olmayıb. Cənab Prezident İlham Əliyev də Rusiyanın “Rossiya-24” kanalına verdiyi müsabihəsində bildirib ki, danışıqlarda durğunluqdur. Danışıqlar ənənəvi olaraq, növbəti dəfə dalana dirənib.

- Belə bir vəziyyətin yaranmasında birbaşa olaraq Rusiya prezidenti Vladimir Putinin rolu nə qədərdir?

- V.Putin ola bilsin ki, bu məsələlərdə müsbət rol oynamadı. Ermənilərin məqsədi isə odur ki, işğal olunuş ərazilərin bir hissəsini qaytarmaqla, işğalın bir qismini rəsmiləşdirsinlər və Azərbaycan da onlara qucaq açsın. Bu da qeyri-mümkün olan bir şeydir. Ermənistan da buna nail olmadığı üçün vaxtı uzatmağa və işğalı dondurmağa çalışırlar. Kimlərsə bu məsələdə onlara dəstək verirlər. Fərz edək ki, müəyyən mənada Rusiya ermənilərin bu inadkarlığına dəstək verir. Bir tərəfdən danışıqlar aparır, digər tərəfdən isə ermənilərin razılaşmadığını deyir. Əgər, sən dəyəri yüz milyon dollarla ölçülən məbləğdə pulsuz silah və ucuz təbii qaz verirsən, yarım milyard dollar kredit verirsən və hamı bilir ki, Ermənistan bunu qaytarmayacaq, eyni zamanda, deyirsən ki, ermənilər geri çəkilmək istəmir. Əlbəttə ki, geri çəkilməzlər. Ermənistanın geri çəkilməməsinin əsas səbəbi də Rusiyanın işğalçı dövlətə dəstək verməsidir.

- Ümid etmək olarmı ki, nə vaxtsa V.Putinin də Dmitri Medvedyevin missiyası kimi bir missiyası ortaya çıxacaq?

- Rusiya görür ki, bu siyasətin nəticəsində gəlir götürməyəcək. Əksinə, addım-addım itirəcək, necə ki, itirir. Rusiya Qəbələ RLS-dən də getməyə məcbur oldu. Ermənistanın işğalına dəstək verib, əvəzində Azərbaycan ərazisində hərbi mövcudluğunu saxlamaq istəyirsə, bu, mümkün deyil. Rusiyanın bir çox məsələlərdə Azərbaycanın dəstəyinə ehtiyacı olacaqsa, bu dəstək ya olmayacaq, ya da şərti olacaq. Kimlərsə Azərbaycanın Rusiyanın qabağında diz çökməsini gözləyirlərsə və onun istəklərinə əməl etsin, onun istədiyi şəkildə münaqişənin həllinə razı olsun, bu, olmayacaq. Rusiya ola bilsin ki, münaqişənin həllinə maneələr yaratsın, amma özü də bundan xeyir götürməyəcək. Əslində, təzyiq siyasətinin yeganə nəticəsi odur ki, Rusiya addım-addım Qafqazdan uzaqlaşır. Rusiyanın bu siyasəti nəticəsində Azərbaycan Gömrük İttifaqına mənfi münasibət sərgilədi, Azərbaycan MDB çərçivəsində qəbul olunan qərarların demək olar ki, səksən faizinin əleyhinə səs verir, imzalamır, ya da şərti imzalayır.

- Qarşıdan gələn ildə bu məsələdə hansı gözləntiləriniz varmı?

- Əmin deyiləm ki, kifayət qədər intensiv danışıqlar olsun. Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək çeynəmək faydasızdır. Həmsədr ölkə rəhbərlərinin bəyanatında prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Astana sammitində müsbət cavab veriblər. Belə olan halda, konkret müqavilə imzalamaq lazımdır. Ortalığa müqavilə gəlməlidir, müqavilədə kim haranı boşaldır, bunu nə vaxt edir, bir sözlə addımların bütün ardıcıllığını göstərən bir sənəd olmalıdır. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi təkid edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa başlasınlar. Hesab edirəm ki, seçkilər qurtarandan sonra həmsədrlər müqavilə ətrafında işlərini aparacaqlar. 2013-cü ildə cəmiyyətə təqdim etmək üçün hansısa bir real irəliləyişin olacağını isə gözləmirəm.

- Ümumilikdə, 2012-ci ildə Azərbaycanın xarici siyasətini, diplomatik fəaliyyətini necə qiymətləndirmək olar?

- Azərbaycanın diplomatik nümayəndəliklərinin şəbəkəsi daha da genişlənib, yeni səfirliklər açılıb. İl ərzində Azərbaycana səfər edən prezidentlərin, baş nazirlərin, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin sayını hesablasaq, ümumilikdə, Gürcüstan və Ermənistana bu qədər səfər həyata keçirilməyib. Azərbaycan ərazisində keçirilən beynəlxalq tədbirlərin həm sayını, həm də əhəmiyyətini götürsək, burada da ölkəmiz ümumilikdə Ermənistan və Gürcüstandan irəlidədir. Bütün bunların hamısı Azərbaycanın xarici siyasətinin, diplomatik fəaliyyətinin nəticəsidir. Azərbaycan bu il BMT Təhlıükəsizlik Şurasında sədrliyi həyata keçirib. Azərbaycan təbii ki, öz miqyasına uyğun şəkildə dünyada nüfuz qazanmağa və artırmağa nail olub. Digər tərəfdən isə riskli bir vəziyyət var. Bizim müttəfiqlərimizlə münasibətlərdə bəzən anlaşılmazlıqlar olur. Hər halda, Azərbaycan heç bir müttəfiqini itirmədi, müəyyən gərginlikləri isə yoluna qoymağa imkanımız oldu. Belə bir ifadə var ki, yaxşı diplomatiya düşmənlərin sayını artırmır. 2012-ci ildə düşmənlərimizin sayı artmadı, dost olan ölkələrlə dostluğumuzu möhkəmləndirməyə, dost olmayan dövlətlərlə münasibətləri praqmatik şəkildə quraraq inkişaf etdirməyə çalışdıq.

- Sona çatmaqda olan bu ildə İranla da gərginlik yaşandı...

- İran Azərbaycanın müstəqilliyinin elan olunduğu gündən, bu müstəqilliyə xor baxıb. Azərbaycanın müstəqilliyini Türkiyə də, Pakistan da, hətta Rumınıya da tanımışdı. Ancaq İranın Moskvada olan səfiri söyləmişdi ki, "Biz Azərbaycanla Moskva vasitəsilə əlaqə saxlayacağıq". Bu yanaşmadır, ehtiyatlanırlar, ona görə ki, İranın azı 30 faizi azəri türkləridir. Azərbaycanın seçdiyi dünyəvi yol İran üçün pis nümunə kimi görünür. İranda camaat mollalardan bezib. Təbii ki, onlar Azərbaycan nümunəsində özləri üçün təhlükə görürlər. Azərbaycan dünyəviliklə yanaşı, ABŞ-la, İsraillə əməkdaşlıq edir, Türkiyə ilə münasibətlərimiz isə çox sıxdır. Bütün bunlar isə İranı narahat edir. İran şiə ökəsidir, hesab edirlər ki, bütün şiə ölkələri ondan örnək götürməlidirlər. Azərbaycan İran üçün ən əlçatan ölkə kimi görünürdü, rəsmi Bakı isə tam əks siyasət aparır. Bunlar daha çox ideoloji amillərdir. Azərbaycanın İranla mübahisəli olan yeganə məsələsi Xəzərin bölgüsü ilə bağlıdır. İranın iddiaları isə heç bir çərçivəyə sığmır. İranın iddia etdiyi 20 faizlik pay heç Azərbaycana düşmür. Hər bir halda, İran bizim üçün yaxın bir dövlətdir və arada olan narazılıqları yoluna qoymağa çalışmalıyıq.

- Bu il qonşu Gürcüstanda hökumət dəyişikliyi baş verdi. Yeni baş nazir Bidzina İvanişvlinin Azərbaycana yönəlik addımlarını necə qiymətləndirirsiniz?

- Gürcüstanda müstəqillik dönəmində hakimiyyətdə tamamilə fərqli baxışları, təcrübələri olan siyasilər olub. Ancaq onlar çox qısa bir zamanda anlayırdılar ki, Gürcüstanın müstəqilliyi, dövlətin inkişafı Azərbaycanla çox sıx əməkdaşlıqdan keçir. Düşünürəm ki, bunu Bidzina İvanişvili də qısa bir zamanda anladı. Bu əməkdaşlıq əslində, qarşılıqlı olaraq faydalıdır. Düşünürəm ki, istər qərbpərəst, istər ruspərəst olsun, hər bir vəziyyətə gürcü gözü ilə baxan lider Gürcüstanın maraqları naminə Azərbaycanla yaxın partnyorluq münasibətlərini qoruyub, saxlayacaq. Heç də vacib deyildi ki, B.İvanişvili orada hansı ifadələri işlətmişdi, vacib olan o idi ki, o, birinci olaraq hansı ölkəyə səfər etdi.

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq qurumda Suriya ilə bağlı il ərzində qəbul olunan qərarların qəbulunda iştirakını necə qiymətləndirirsiniz?

- Azərbaycan sözügedən qərarların qəbulunda iştirak etməli idi. Söhbət ondan getmir ki, Azərbaycan bunu Qərbin xoşuna gəlmək üçün edib. Amma bu, belə deyil. Ərəb Liqası bu qərarları dəstəkləyirsə, Azərbaycan Ərəb Liqasını qoyub, Rusiya ilə həmrəy olmalıydı? Bu qərarların qəbul olunmasına Türkiyə və Pakistan da tərəfdardır. Azərbaycan bu ölkələrə qarşı çıxıb, Rusiyanın yanında dayanmalı idi? Bu, ağlasığan deyil. Kimlərsə bu iddialarla çıxış edirlərsə, deməli, ideal bir dünyada yaşayırlar. Təbii ki, ABŞ-ın da, Avropanın da mövqeyi vacibdir. Amma bu məsələdə əsas Ərəb Liqasının, Pakistanın və Türkiyənin mövqeyidir.

- Necə hesab edirsiniz, Azərbaycanın xarici siyasətində Yaxın Şərq ölkələri ilə əməkdaşlıq xüsusi bir xətt olaraq seçilə bilərmi? 

- Azərbaycan da neft satır, Yaxın Şərq ölkələri də neft satır. Azərbaycanın bu gün müasir texnologiyalara ehtiyacı var. Bu texnologiyaların mənbəyi isə Qərbdir. Azərbaycanın əsas məhsulunun da alıcısı Qərbdədir. Təbii ki, bizim Yaxın Şərq ölkələri ilə münasibətlərimizi inkişaf etdirməyə böyük zərurət var. Ancaq desək ki, xarici siyasətimizin bir prioriteti kimi bu ölkələri seçəcəyik, bu, yanlışdır. Bizim birinci növbədə seçimimiz Türkiyə və Avropa ölkələridir. Bu ölkələr bizim bazarımızdır, texnologiya, investisiya mənbəyimizdir.

- Bir millət vəkili olaraq, 2012-ci ildə parlamentin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bizdən asılı olan qanunları qəbul etmişik. Aktual olan bütün məsələlər bu və ya digər şəkildə müzakirə olunub. Hesab edirəm ki, üzərinə düşən vəzifəni parlament pis-yaxşı yerinə yetirib.

- Konkret olaraq, hansısa qanunlar oldumu ki, onların qəbulunu istəsəniz də bu, mümkün olmayıb?

- Hesab edirəm ki, Dağlıq Qarabağla bağlı vəziyyəti parlamentin ümumi iclasında olmasa da, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, təhlükəsizlik və müdafiə komitələrinin birgə iclasında müzakirə olunsun. Bu icra hakimiyyəti üzərində olan məsuliyyətin də bölüşdürülməsi üçün lazım idi. Bu toplantını qapalı da keçirmək mümkündür. Hesab edirəm ki, bu müzakirə indiki durumda vacibdir. "Təhsil haqqında" Qanunun qəbulu çox uzanır. Azərbaycan prezident respublikasıdır, əksər qanunlar Prezident Aparatından göndərilir. Burada da təəccüblü bir şey yoxdur, ABŞ-ın özündə də bir çox qanunlar Konqresə Ağ Ev administrasiyasının xətti ilə gəlir.