vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:11 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 3152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qətər böhranı dərinləşir

Körfəz ölkələrinin mövqeyi isə dəyişmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Körfəz böhranından 3 həftə ötür, Qətərə qarşı isə qonşuları tərəfindən yeridilən sanksiyalarla bağlı suallar qalmaqdadır. İndi hətta Vaşinqtonun da məsələyə yanaşmasında birmənalılıq hiss edilmir.

«Biz ümid edirik ki, tezliklə Qətərə tələblər siyahısı təqdim ediləcək və bunlar anlaşılan və icrası mümkün olan tələblər olacaq», ABŞ Dövlət Katibi xüsusi ilə diplomatik sözlərlə öz mövqeyini bildirib.

Onun bu nəzakətli ifadəsindən bir gün əvvəl Vaşinqton qeyri-adi kobudluğu ilə seçilən bəyanat yaydı.

«Bu nöqtədə, biz bir sadə sual ilə qalırıq: Bu addımlar Qətərin terrora dəstək verməsi iddiası ilə bağlı narhatlıqların nəticəsidir, yoxsa uzun sürən narazılıqların?», ABŞ dövlət departamentinin sözçüsü bu bəyanatla sual vermişdi.

Bu qınaq prezident Donald Trampın Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Qətər məsələsində verdiyi tam dəstəklə kəskin təzad yaradır.

Dövlət departamentinin həmin sualına cavab artıq hazırdır.

Səudiyyənin xarici işlər naziri Adil əl-Cubeyr BBC-ə deyib ki, regionda terrorizmi və ekstremist qrupları dəstəkləməsilə bağlı «şikayətlər» siyahısı Qətərə tez bir zamanda təqdim olunacaq.

Cümə günü, BƏƏ və Səudiyyə Ərəbistanın başçılığı ilə 13 tələbdən ibarət siyahı Qətərə təqdim edilib.

Adil əl-Cubeyr və onun BƏƏ həmkarı Ənvər Qarğaş eləcə də bildiriblər ki, maliyyənin hərəkətini və digər dəstək formalarının monitorinqi və yoxlanılmasını təmin edən sistemlər hazırlanmaqdadır. Bir mənbənin bildirdiyinə görə, yeni mexanizmin detalları bir həftəyə hazır olacaq.

Lakin Qətərin ona qarşı hazırlanan növbəti addımlara dair cavabının artıq hazır olduğu görünür.

«Qətərin siyasi xəttinin əleyhinə olanlar həmişə «terrorizm» bəhanəsini işə salırlar», Dohadakı yüksəkvəzifəli diplomat deyib.

O aydın tərzdə bildirib ki, ölkəyə qarşı cəza tədbirləri ləğv edilməyənədək heç bir danışıqlar baş tutmayacaq.

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdul Rəhman ət-Thani ölkədə Əl-Cəzirə televiziya kanalının və Türkiyə hərbi bazasının bağlanması daxil olan 13 tələblik siyahını rədd edib.

O, deyib ki, bu tələblər sanksiyaların «terrorla mübarizəyə dəxli olmadığını» sübut edib və sadəcə «Qətərin suverenliyini məhdudlaşdırmağa» yönələn addımdır.


«Etimad sıfır dərəcəsində»


Zəngin qaz yataqlarına malik ambisiyalı Qətər regionda öz siyasətini yürüdəndən bu ölkə ətrafında gərginlik müşahidə edilməkdədir. Bu cür vəziyyət illərdir ki sürməkdədir.

Səudiyyə Ərəbistanı və BƏƏ-də hakim tayfalar Dohanın addımlarını diqqət və təşvişlə izləyirlər.

Bu iki ölkənin iddiasına görə, Doha Müsəlman Qardaşları kimi İslam təşkilatlarını dəstəkləyir, İranla münasibətlər qurur, Suriya və Liviyada Əl-Qaidə ilə əlaqəli cihadçı qüvvələri maliyyələşdirir.

Doha ekstremist cihadçı qrupları dəstəklədiyi barədə iddiaları rədd edir.

Ötən həftə Səudiyyə, BƏƏ və Bəhreyn yeni müttəfiqlər əldə etmək və medianın diqqətini qazanmaq üçün xarici işlər nazirlərini Londonda görüşdürüblər.

Bundan bir neçə gün əvvəl isə Londona Qətərin xarici işlər naziri də təşrif buyurmuşdu.

Londondakı oteldə BƏƏ diplomatları «Qətərin ekstremizmə göstərdiyi dəstək» adı altında bukletlər paylayıb.

«Söhbət rejim dəyişikliyindən getmir, siyasət dəyişikliyindən gedir», Ənvər Qarqaş deyib.

Onun təbirincə, monitorinq sistemləri hələlik «qeyri-müəyyən ideya mərhələsindədir».

Lakin o, bu sistemə ehtiyacın niyə yarandığını əsaslandırmağa çalışıb.

«59 nəfər, onların çoxu ABŞ və BMT-nin qara siyahısında Qətər daxilində sərbəst hərəkət edirlər», - o, mətbuat konfransından sonra verdiyi müsahibəsində bildirib.

Diplomat bildirib ki, İraqa ova gedən Qətər kral ailəsinin üzvlərini iranpərəst silahlıların girovluğundan qurtarmaq üçün bir milyard dollarlıq ödənişdən sonra, maliyyə axınlarının monitorinqinə kəskin ehtiyac yaranıb.

Deyildiyinə görə, İraq rəsmiləri aeroportda pul dolu çantalar ələ keçiriblər.

«Etimad sıfır dərəcəsindədir», - Ənvər Qarqaş deyib.

Onun təbirincə, monitorinq sistemi mühüm əhəmiyyətə malikdir və yalnız «qərbdəki dostlar da bu məsələyə dəstək versələr» işə düşə bilər.


Qətərin qəzəbi


Bir neçə saatdan sonra, Səudiyyənin Londondakı səfirliyində Adil əl-Cubeyr deyib ki, onlar da narazılıqlarını bir siyahı şəklində tərtibləyirlər.

Eyni zamanda o, bunu da bildirib ki, həmin siyahıdakı müddəaları «tələb adlandırmazdı».

Səudiyyəli rəsmi bunların İran və digər region üzrə rəqiblərlə bağlı olduğu barədə iddiaları rədd edib.

«Əsas məqsəd ekstremizm və terrorun maliyyələşdirilməsini, ölkələrin daxili işlərinə müdaxiləni və təxribatı dayandırmaqdır», - o, deyib.

«Ümid edirik ki, müdriklik üstün gələcək və Qətər reaksiya verəcək», - deyə o, bunu, «bütün dünyanın tələbi» adlandırıb.

Amma Qətər məsələnin kral ailələri arasında həll olunması əvəzinə xarici qüvvələri cəlb etmək cəhdlərinə qarşı çıxır.

«Bu iddialar 2014-cü il Ər-Riyad müqaviləsində nəzərdə tutulmuş mübahisələrin həlli mexanizmini pozur», öz qarşılıqlı ittihamlar siyahısını mənə elektron poçtla göndərən Qətər diplomatı vurğulayıb.

Onun qənaətincə böhran 1981-ci ildə təsis olunmuş və 6 üzvdən ibarət olan Körfəz Əməkdaşlıq Şurası çərçivəsində həll olunmalıdır.

Küveyt Əmri vasitəçilik məqsədilə paytaxtlar arasında məkik diplomatiyası ilə bulunmaqdadır, lakin hələlik bu yolda nailiyyətlər cüzidir.

Türkiyənin Xarici işlər naziri də eyni missiyanı həyata keçirməyə çalışır.

Türkiyə və İran Qətərə, təchizat çatışmazlıqları və nəqliyyat daşımalarında pozuntuların qarşısını almaq üçün yardım təklif ediblər.

Qərb diplomatları, o cümlədən, ABŞ Dövlət katibi Tillerson ehtiyatlı tərzdə vəziyyətin de-eskalasiyasına çağırıblar.


Tramp effekti


Həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ nazirləri əvvəllər dialoqa cəhd etdiklərini söyləyirlər.

Onlar Qətər əmirini üç il əvvəl verdiyi vədləri pozmaqda ittiham edir.

Bəs görəsən gərginlik niyə indiyə təsadüf edib? Səudiyyə və BƏƏ, Ağ Evdəki yeni müttəfiqə arxalanır?

«Makro səviyyədə mən deyərdim, bəli, bu belədir», Qarqaş deyib.

«Biz görürük ki, Tramp administrasiyası üçün ekstremizm və terrorla mübarizə prioritetdir, və bu, böyük, böyük bir dəyişiklikdir».

Amma regionda bu mübarizə qaranlıq bir işdir.

Suriya müharibəsində, bu özünü Türkiyə otelləri vasitəsilə tez-tez ötürülən çantalarla pul şəklində özünü göstərib.

Bu isə, hesabatlılığın tükəndiyi nöqtədir, çünki pulun hərəkəti sərhədin o biri tayında qarmaqarışıqlı döyüş meydanında bitir.

Qətər, iddia edildiyi kimi, əl-Qaidə ilə əlaqəli olan və əvvəllər Ən-Nüsrə Cəbhəsi kimi tanınan və prezident Bəşər Əsədin qüvvələri ilə mübarizə aparan ən böyük cihadçı qruplardan biri sayılan Həyat Təhrir əş-Şəm təşkilatını dəstəklədiyinə görə dəfələrlə tənqidə məruz qalıb.

Ancaq digər Körfəz ölkələri də, o cümlədən Səudiyyə də, sərt xətt yürüdən islamçı döyüşçüləri maliyyələşdirir.

Son illər ərzində Ər-Riyad bu məsələyə dair mövqeyini sərtləşdirib.

«Biz terrorizmin maliyyələşdirilməsini kəsmişik», Cubeyr deyib. O və onun BƏƏ-li həmkarı indi nəzarətdən kənar baş verən pul köçürmələrini «keçmişdən qalma» halları kimi qələmə verirlər.

«Biz tamamilə bunun qarşısını kəsə bilmirik, lakin mümkün olan qədər və dünyanın hər hansı bir ölkəsindən daha çox sayda belə halların qarşısını alırıq», - o deyib.


Təhlükəli an


Lakin Qətər də hərəkətə keçdiyini söyləyir.

Qonşuların ən son ittihamına cavab olaraq, Qətər vurğulayıb kı, özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qrupa qarşı fəaliyyət göstərən və ABŞ-ın başçılığı altında yaradılmış koalisiyanın ən fəal üzvüdür.

Bu böhrandan cəmi bir neçə həftə əvvəl, ABŞ-ın Dohadakı səfiri paylaşdığı tvitdə, Qətəri «terrorçuluğun maliyyələşməsi ilə mübarizədə güclü tərəfdaş» kimi dəyərləndirmişdi.

«Yalnız bir mənbəni seçib hədəfləmək səmərə vermir, - Doha İnstitutunun münaqişə və humanitar tədqiqatlar mərkəzinə rəhbərlik edən Sultan Bərəkət deyir. - Regionda digərlərindən daha təhlükəli olan və həmin qüvvələrə rəğbət bəsləyənlər var».

Həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ hər bir ölkənin öz vəzifəsini yerinə yetirməli olduğunu deyir, lakin hazırda hədəf Qətərdir və bu vəziyyətin nəticəsi regionda böyük əhəmiyyət daşıyacaq.

«Əgər Qətəri, bir çox ölkələrdə terrorçu sayılmayan Müsəlman Qardaşları da daxil, xaricdəki qruplara dəstək verməkdən imtina etməyə inandırmaq mümkün olarsa, bu onların sərbəst xarici siyasətinin sonu və bu sahədə ər-Riyaddan idarə edilməsi deməkdir», - İslamçı hərəkatlar üzrə Qərb eksperti bildirir.

Qətərin tənqidçilərinin hara qədər irəliləyəcəkləri aydın deyil.

Ənvər Qarqaş indiki anın təhlükəli olduğunu etiraf edib.

«Məni daha çox Qətərin təcrid vəziyyətə düşəcəyi düşündürür», - o, deyib.

Hər iki tərəf, görünür, uzun çəkəcək çəkişməyə hazırlaşaraq müttəfiqlər və təsirli siyasi alətlər axtarışındadır.