vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
15:43 | 29 aprel 2022 | Cümə Məqaləyə 963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran universitetlərində “daş dövrü” qadağaları

Ali məktəblər hərbi bazaya dönüb, paltarın qolunun uzunluğu, corablara görə rəsmi xəbərdarlıqlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Koronavirus pandemiyası ilə bağlı iki illik fasilədən sonra İranda onminlərlə tələbə bu ay universitetə qayıdıb. Jurnalist Gülnaz İsfəndiyari tələbələrin yeni məhdudiyyətlərlə qarşılaşdığını yazır. Bu tədbirlər, o cümlədən qadın tələbələr üçün hicab qaydalarının sərtləşdirilməsi azı iki universitetdə etirazlara səbəb olub. Tələbələr məhdudiyyətləri misilsiz hesab edir, buna görə avqustda hakimiyyətə gəlmiş Prezident İbrahim Rəisi hökumətini suçlayır.

***

Tənqidçilərin fikrincə, qadağaların məqsədi əvvəllər siyasi etirazlar səhnəsinə çevrilmiş universitetlərə hökumətin nəzarətini gücləndirməkdir. Son illər İranda hökumətə etirazlar artır. ABŞ-ın sanksiyaları, illərlə davam edən pis idarəçilik iqtisadiyyata zərbə vurub.

Aprelin 21-də Tehrandakı Əmir Kəbir Universitetində onlarla tələbə yürüşə çıxıb. Onlar yeni məhdudiyyətlərə etiraz bildiriblər, “daş dövrü ideyaları”nın tətbiqinə icazə verməyəcəklərini deyiblər. Etirazçılar onu da deyiblər ki, universitet “hərbi baza”ya çevrilib, mühafizəçilər motosikletlə şəhərcikdə gəzir, qaydaların tətbiqinə nəzarət edirlər.

Yürüşdən qabaq bir tələbə paltarının qolunun uzunluğu və corablarına görə rəsmi xəbərdarlıq alıb. Başqa bir tələbənin isə paltosu qısa hesab edilib, şəhərciyə girişinə icazə verilməyib.

Təbriz Tibb Elmlər Universitetində də tələbə etirazı keçirildiyini göstərən video yayılıb.

Tehran Universitetinin tələbə birliyi aprelin 13-də “tələbələrin ləyaqətinə toxunan, müntəzəm tətbiq olunan intizam qaydaları” ilə bağlı xəbərdarlıq edib.

İranda 1979-cu il İslam İnqilabından sonra geyim kodeksi qüvvəyə minib, qadınların ictimaiyyət arasında saçını, bədənini örtməsi tələb edilir. Ancaq bir çox qadınlar bu qaydaya müqavimət göstərir, saçlarını baş örtüyündən kənara çıxarır, daha qısa üst geyimləri geyinir. Son illər bu mənada universitetlərdə xeyli yüngülləşmə vardı.

***

İsveçdə yaşayan iranlı siyasi fəal Mahidi Gülru deyib ki, yeni qadağalar hakimiyyətin tələbələrin “görünüşü və ideyalarını tam nəzarətə alması”nın əlamətidir.

Əmir Kəbir Universitetindən bir tələbə deyib ki, yeni məhdudiyyətlər “universitetin yeni rəsmilərinin siyasətidir”, həmin rəsmilər isə “indiki hökumətin vaxtında təyin olunublar”.

Mühafizəçilərin universitet ərazisində qaydaların tətbiqinə nəzarət etməsinə gəlincə, tələbələr koronavirus pandemiyasından qabaq belə şeylərin baş vermədiyini deyirlər.

Aprelin 27-də universitetin futbol komandası yerli yarışa qatılmayıb, çünki qadın tələbələrin yarışı izləməsinə icazə verilməyib.

Dini isteblişment qadınları nadir hallarda stadionlara buraxır.

Gülru vaxtilə İranda həbs olunub, fəallığına görə təhsil almasına imkan verilməyib. O, qadağaların vilayətlərdə “daha sərt” olduğunu deyir. Qadın tələbələrin dırnaq boyasına, corablarının uzunluğuna və rənginə fikir verilir.

Onun sözlərinə görə, universitetlər yenidən açılandan siyasi fəallığı ilə seçilən tələbələr çağırılaraq onlara belə fəaliyyətlə məşğul olmamaq tapşırılıb: “Bu, təhsil və kəşfiyyat nazirliklərinin potensial etirazlardan narahat olduğunu göstərir”.

***

Əmir Kəbir Universitetinin rəsmisi Əlirza Moini son etirazlara görə farsdilli xarici media orqanlarını suçlayıb, tələbələri qanuna əməl etməyə çağırıb. O, mühafizəçilərin motosikletlə düşərgədə gəzməsini təzə şey olmadığını deyib.

Yanvarda Tehranda üç tanınmış universitet professoru işdən çıxarılıb. Bu, fərqli düşünən akademiklərə qarşı yeni təmizləmə dalğası sarıdan qorxulara yol açıb.

İran hakimiyyəti daha öncə də tanınmış professorları siyasi səbəblərlə işdən çıxarmaqda ittiham edilib. Tələbə fəallar həbs olunub, universitetə getmələrinin qarşısı alınıb.

Keçmiş mühafizəkar prezident Mahmud Əhmədinejatın vaxtında tələbələrə təzyiqlər pik həddə çatıb, onlarla professor işdən çıxmalı olub.