vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AKTUAL  
15:44 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 3316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xüsusi zolaqlar tıxac probleminin həllidirmi?

Həmin zolaqlarda avtobuslarla yanaşı, yanğınsöndürən, təcili tibbi yardım və digər xüsusi nəqliyyat vasitələri də hərəkət edəcəklər

Aygün ASİMQIZI, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Oyunları ölkəmizdə keçirilən vaxt Bakı şəhərinin bəzi yollarında xüsusi nəqliyyat zolaqları çəkilmişdi. Yarışlar bitdikdən sonra isə həmin zolaqların bir qismindən ictimai nəqliyyatın işində istifadə olunması məsələsi müzakirə olundu. Həmin zolaqlardan yanğınsöndürən, təcili tibbi yardım və digər xüsusi nəqliyyat vasitələrinin istifadə etməsi məqsədəuyğun hesab edilirdi.

Artıq Bakı Nəqliyyat Agentliyi paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi ilə bağlı mətbuata açıqlama da verib. Bəs xüsusi zolaqlar Bakı şəhərinin yollarındakı tıxacların aradan qaldırılmasına nə dərəcədə köməklik göstərəcək?

«Hədəf ümumi yollarda tıxac məsələsini həll etmək deyil»

«Digesta» firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov «Kaspi»yə açıqlamasında bildirdi ki, xüsusi zolaqların ayrılmasında əsas hədəf ümumi yollarda tıxac məsələsini həll etmək deyil: «Ən yaxın hədəf bunu hesab etmək olmaz. Yaxın hədəf avtobusun tıxaca düşməsinin qarşısını almaqdır. Bu üsul həm də əhalinin ictimai nəqliyyatdan istifadəsini bir növ stimullaşdıracaq. O mənada ki, tutaq ki, 3 hərəkət zolaqlı yoldur, onun biri avtobuslar, ikisi digər avtomobillər üçündür. Digər avtomobillərdə olan sərnişin və sürücülər görəcəklər ki, onlar tıxaca düşsələr də, avtobuslar onların yanından rahat keçir. Bu da o deməkdir ki, siz də düşün avtobusdan istifadə edin. İctimai nəqliyyatın təbliği tıxacların aradan qaldırılmasına, nəqliyyatda gərginliyin azaldılmasına yönəlmiş bir işdir».

Yolun bir hərəkət hissəsinin avtobuslara ayrılmasının digər hərəkət zolaqlarında tıxaca səbəb olma ehtimalının olmasına gəlincə, Ə.Hüseynov bildirdi ki, burada hər hansı problem olması gözlənilmir: «Zolaqlar elə yollarda olacaq ki, orada ən azı 3 hərəkət zolağı var. Həmin yollarda isə avtobusların intensiv hərəkəti var. Daim oradan bir neçə marşrut avtobusu keçir. Ona görə zolaqların ayrılması digər yollardakı avtomobillərin hərəkətinə mane olmayacaq. Hələ ki bu pilot layihə olaraq icra ediləcək. Layihəyə başlayandan sonra olan problemlər də görünəcək».


«Zolaq məsələsi çıxış yolu ola bilər, amma...»


«Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədovun sözlərinə görə, zolaqların ayrılması özlüyündə tıxac problemini həll etmək üçün yetərli ola bilməz: "Bu problem sistemlidir və həlli üçün də kompleks şəkildə iş görülməsinə ehtiyac var. Bu zolaqlar şəhərin mərkəzi hissələrində çox ola bilməz. Çünki küçələr çox sıxdır. İkincisi, bu cür zolaqlar üç və daha çox hərəkət zolaqlı yollarda ola bilər. Amma iki zolaqlı yoldan birini avtobuslara versək, bütün maşınlar bir yolda getsə, əksinə, tıxac yaradacaq. Zolaq məsələsi çıxış yolu ola bilər. Amma baxır harda və necə».

F.Məmmədov deyir ki, xüsusi zolaq ayrılmasından öncə görülməli işlər çoxdur: «Avtobusların hərəkətinin düzgün tənzimlənməsinə ehtiyac var ki, dayanacaqlarda da vəziyyət yaxşı olsun. Bəzən bir avtobus getməmiş, digəri saxlayıb dayanacağın yanında qapısını açır. Biz qanunda yazılanlara riayət etmirik. Qanuna görə, avtobus dayanacaqda saxlamasa, sürücünün cəriməsi 60 manat və 3 baldır. 7 dəfə belə saxlasa, sürücülük vəsiqəsini almalıdırlar. Bizdə qanuna görə, avtobus dayanacaqlarının uzunluğu 30 metrdir. 30 metrdə bir avtobus saxlaya bilər. 30 metrdən kənarda avtobus saxlaya bilməz. Avtobusun biri dayanacaqdadırsa, arxasınca gələn saxlamalı, qapıları açmamalıdır. Birinci maşın getməlidir. Həll olunmayan problemlər deyil. Sadəcə işlər görülməlidir».

F.Məmmədov bildirdi ki, yol hərəkəti ilə bağlı qayda-qanunlara riayət edilsə, xüsusi hərəkət zolağına ehtiyac olmaya da bilər. Əgər xüsusi zolaq ayrılırsa, burada aidiyyati bütün qurumlar bir yerdə çalışıb, uğurlu iş ortaya qoymalıdırlar: «İşin necə icra olunması ilə bağlı hökumətin konkret qərarı olmalıdır. Həm də işi elə görmək lazımdır ki, nə şiş yansın, nə kabab. «Azəravtoyol» ASC, Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi İdarəsinin hər biri öz səlahiyyətində olan məsələləri dəqiq şəkildə araşdırmalıdır. Məsələn, deyirlər ki, xüsusi zolaq Avropa Oyunları vaxtı təcrübədən keçirilmişdi. Amma mən deyərdim, onun vətəndaşlara ziyanı oldu. Saatlarla həmin zolaqdan maşın keçmirdi, amma digər zolaqda maşınlar tıxacda gedirdi. Qayda-qanunlara riayət edilsə, zolağa ehtiyac da olmaz. Bu, 10-15-ci məsələ ola bilər, nəqliyyat sahəsində».


«Rusiyada bu təcrübə var»


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, Rusiyada bu təcrübə var və gözəl də tətbiq olunur. Azərbaycanda isə bəzi yollarda xüsusi zolaq ayırmaq mümkün olsa da, çox yerdə mümkün deyil: «Moskvada ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı ayrıca zolaq var. Bundan başqa, həmin zolaqlarda hərəkət edən əksər avtobuslarda öndə və arxada kameralar var. Həmin zolağa başqa hərəkət iştirakçısı daxil olursa, o sürücünün maksimum məbləğdə cərimə edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin kameraların köməyi ilə kənar yola daxil olmuş sürücünün şəkli çəkilir, cəzalandırılır. Moskvada bu problem həllini tapıb. Bizdə bəzi yollarda ayrıca zolaq ayırmaq mümkündür, bəzilərində yox. 3-dən çox hərəkət olan yerlərdə zolaq ayrılacaq. Belə yerlər bizdə Neftçilər prospektinin bəzi hissələridir, Aeroport yoludur, kənar dairəvi yoldur. Həmin ərazilərdə avtobuslar işləyəndə süni sıxlıq yaşanmır. Yol enlidirsə, sıxlıq onsuz da yaşanmır. Nəqliyyat Agentliyi bu məsələ ilə bağlı tədbir təşkil edəcək. Orada iştirak edəndən sonra yəqin ki, proses haqqında daha detallı məlumatımız olacaq».


«Bu zolaqlar təkcə avtobuslar üçün deyil»


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, xüsusi hərəkət zolaqları ilə bağlı artıq konkret addımların atılmasına başlanılıb: «Xüsusi hərəkət zolaqlarının yaradılması ilə bağlı məsələ əvvəlcədən qanunvericilikdə nəzərdə tutulsa da, reallaşdırılmamışdı. Lakin Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə işlər görməyə başlayıb. İlk olaraq Nazirlər Kabinetinin müvafiq komissiyasına müraciət edildi. Təşəbbüsümüz məqsədəuyğun hesab edildiyindən reallaşdırılmasına hökumət tərəfindən razılıq verildi. Yaxın vaxtlarda bu xəttin çəkilməsinə başlanılacaq. İlin ilk rübündə Bakı şəhəri üzrə müəyyən olunmuş 9 prospektdə xüsusi zolaqların ayrılması reallaşacaq».

M.Ağayev deyir ki, bu zolaqlar təkcə avtobuslar deyil, bütün operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulub: «Yanğınsöndürən, təcili tibbi yardım və digər xüsusi nəqliyyat vasitələri də hərəkət edəcəklər. Başqa nəqliyyat vasitələri isə bu yola daxil olarkən cərimələnəcəklər».


Tıxacların qarşısını almaq məqsədlərdən biridir


Tıxac probleminin həllinə gəlincə, M.Ağayev bunları söylədi: «Bizim əsas məqsədimiz tıxacların qarşısını almaq və sərnişin avtobuslarının daha rahat şəkildə hərəkətini təmin etməkdən ibarətdir. Bu xəttin çəkilməsində məqsəd ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək, eyni zamanda ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaqdır. Yəni xüsusi hərəkət zolağı olan küçə və prospektlərdə sərnişin avtobuslarının tıxacda qalmasının qarşısı alınır ki, bu da əhalidə ictimai nəqliyyata marağı artıracaq. Bu isə şəhərin ekologiyasının qorunması baxımında mühüm amildir. Xüsusi hərəkət zolaqları iki hərəkət zolağı olan yollarda olmayacaq. Çünki belə halda, həmin ərazidə digər nəqliyyat vasitələrinin sıxlığı yaranacaq. Bu zolaqlar 3 və daha artıq hərəkət zolağı olan yollarda olacaq. Hazırda Bakının bütün inzibati ərazisində təhlillər aparılır. İlkin mərhələdə 9 ünvan müəyyən edilib. Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib. Təhlillərdən sonra digər küçə və prospektlərdə də xüsusi hərəkət zolaqları çəkiləcək».