vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
İZDİHAM  
12:36 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 4134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Deyirlər ki, köçməsəniz zorla köçürəcəyik…»

Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir

Ülviyyə XUDİYEVA, Foto Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının mərkəzində daha bir ərazidə köhnə evlər sökülür. Nəsimi rayonu, «Çuxur məhəlləsi» kimi tanınan ərazidə, dəmir yolu xəttinin yaxınlığındakı evlərin sakinlərinə ötən həftə xəbərdarlıq edilib ki, tezliklə köçməsələr zorla çıxarılacaqlar və evləri söküləcək. Söküntü komissiyası kompensasiyanın məbləğindən narazı qalanlar üçün «çıxış yolu» da tapıb. Onlara Bakıətrafı qəsəbələrdə ucuz həyət evlərini almağı təklif edirlər, belə evləri isə komissiya üzvlərini müşayiət edən ev dəllalları sakinlərə təqdim edir.

Bu barədə virtualaz.org saytına sakinlər danışıblar. Sakinlərin sözlərinə görə, onlarla ev dəllalları danışıq aparır. Buna görə də hər ailəyə fərqli kompensasiya məbləği təklif olunur, bəzilərinə mənzilin sahəsinə uyğun olaraq hər kvadratmetrə görə 1500, digərlərinə 800-900 manat təklif edilib.  Bu ərazidə evlərin hamısının qanuni sənədləri var, yəni «kupça»lıdır. Xatırladaq ki, «Çuxur məhəlləsi»ində evlərin bir qismi bu ilin avqustunda sökülmüşdü.

Nizami Bağırov adlı sakin  deyir ki, komissiya üzvlərinin hansı təşkilatı, dövlət strukturunu təmsil etdiklərini öyrənə bilmirlər. Yalnız onu eşidiblər ki, söküntü «Azəravtoyol» ASC tərəfindən aparılır.

«1 il əvvəl mənzillərin ümumi sahəsini hesabladılar, bu ilin avqustunda isə yaşayış sahəsi üçün hər kvadratmetrə görə 1000-1500 manat arası kompensasiya təklif edildi. Deyirlər ki, yol çəkəcəklər, amma artıq yeni yol çəkilib. Yəqin ki, bizim evləri də söküb yerində yeni binalar tikəcəklər», - sakin söyləyir.

«Çuxur məhəlləsi» sanki müharibə meydanını xatırladır. Sökülən evlərin tullantıları, daş-kəsək daşınmır, yolboyu hər yerə səpələnib. Ərazi sahibsiz heyvanların məskəninə çevrilib.

Şikayətçilərin fikrincə zibillik qəsdən daşınmır ki, onlar şəraitsizlikdən bezib buradan köçsünlər.

Sakinlər yaxınlıqda tikilən yeni binaları göstərir: «Odur ey, bina hələ hazır deyil, amma mənzilləri 450-500 min manata satırlar. Bu məhəllədə boş torpağın bir sotu təxminən 150 min manatdır. Amma bizə təklif edilən kompensasiyanın məbləğinin az olması bir yana, heç  evlərimizin ümumi sahəsi də düzgün hesablanmayıb. Məsələn, 120 kvadratmetrlik sahəsi olan evi 85 kvadratmetr kimi qeydiyyata alıblar».

Məlum olur ki, ötən həftə sakinlərə məmurlardan ibarət  təxminən 30 nəfərlik nümayəndə heyəti baş çəkib. Sakinlər gələnlərin arasında təkcə Qaçqın və Məcburi Köçkünlərin işi üzə Dövlət Komitəsinin Nəsimi rayon şöbəsinin əməkdaşlarını tanıyıblar.

«Dedilər ki, yenidən hesablama aparılmayacaq, kompensasiyanın məbləğini artırmayacağıq. Könüllü şəkildə  köçməsəniz məhkəməyə müraciət edib məcburi köçürülmə haqqında qərar çıxarılacaq. Qərardan sonra isə evi uçuracağıq», - Nizami Bağırov əlavə edir.

Sakinlərdən Səkinə adlı qadın deyir ki, onun qonşusunun evinin ümumi sahəsini hər kvadrtmetrinə görə 1500 manatdan hesablayıblar. Onun evinin kvadrat metrinə görə isə 900 manat ödəmək istəyirlər.

«Özləri ilə makler gətirirlər. Makler Zabrat, Hövsan və ya hansısa Bakı kəndində satılan sənədsiz tikililərin siyahısını çıxartdı.  Deyir ki, 40 min manata Zabratda ev tapa bilərik. Bizim ev metronun «28 May» stansiyasının bir addımlığındadır, övladlarım burada məktəbə gedir, oğlum yaxınlıqda işləyir. Mən niyə Bakı kəndinə köçməliyəm? Doğulub boya-başa çatdığım evimin yerində varlılar yaşamalıdır», - deyə qadın sual edir.

Sakinlər deyirlər ki, evlərin köçürülməsi üçün onlara rəsmi bildiriş təqdim edilmir. Halbuki digər ərazilərdə söküntü aparılarkən sakinlərə bildiriş verilir, üzərində kompensasiyanın məbləği göstərilir.

«Mənim evimə görə 28 min manat kompensasiya təklif edirlər. «Azəravtoyol» ASC-yə getdim, söküntü komissiyasının Faiq adlı nümayəndəsindən müqavilə və ya akt tələb etdim. Dedi ki, yalnız razılaşıb evdən köçənlərlə müqavilə bağlayırlar, amma kompensasiyanın məbləği rəsmi şəkildə göstərilmir», - sakinlərdən biri söhbətə qoşulur.

Bu ərazidə indiki mərhələdə 20-dən çox evin sökülməsi planlaşdırılır. Həmin evlərin sakinləri isə deyirlər ki, kompensasiya məbləğinə yenidən baxmasalar «bütün təzyiqlərə baxmayaraq» evlərini tərk etməyəcəklər...