vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
Rusiyada Orucova 16 il cəza 17:51 | 6 may 2026 | Çərşənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada Orucova 16 il cəza

Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı

ELTON, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Ali Məhkəməsi Moskva sakini İbrahim Orucov barəsində çıxarılan hökmü dəyişdirmədən qüvvədə saxlayıb. O, “terrorizmə hazırlıq” və “terror fəaliyyəti üzrə təlim keçmə” maddələri ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

VAXT.AZ Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, Orucov 2024-cü ilin oktyabrında Moskva məhkəməsinin qərarı ilə təqsirli bilinmişdi. İstintaqın versiyasına əsasən, müttəhim 2023-cü ilin noyabrında paytaxtda yerləşən hərbi komissarlığa od vurmağı planlaşdırıb və bu məqsədlə yaxınlıqdakı ərazidə kəşfiyyat aparıb.

Axtarış zamanı onun yaşadığı evdən qeydlər olan bloknot götürülüb və bu materiallar ittihamın əsas sübutu kimi təqdim edilib. Təqsirləndirilən şəxs isə ittihamları qəbul etməyib. O bildirib ki, hərbi komissarlığa yalnız qeydiyyat məsələlərini öyrənmək üçün gedib, bloknotdakı qeydlər isə kompüter oyunu üçün süjet üzərində işləyərkən yazılıb.

2025-ci ilin dekabrında onun adı Rosfinmonitorinq tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Apellyasiya şikayətində müdafiə tərəfi hökmün ləğvini və bəraət qərarının çıxarılmasını tələb edib. Vəkil Nikolay Fomin bildirib ki, ittihamın əsasını təşkil edən linqvistik ekspertiza ciddi prosessual pozuntularla hazırlanıb. Onun sözlərinə görə, ekspert sualları müstəqil şəkildə formalaşdırıb, Ukrayna dilində olan qeydləri müvafiq ixtisasını təsdiq etmədən tərcümə edib və araşdırmanın metodoloji hissəsini düzgün tərtib etməyib.

Digər müdafiəçi Vladimir Vasilenko isə qeyd edib ki, axtarış zamanı əldə olunan maddi sübutlar qanunsuz yolla toplanıb, çünki bu proses üçün müvafiq istintaq qərarı təqdim olunmayıb.

Orucov məhkəmədən həmçinin Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib. O bildirib ki, “terror fəaliyyəti məqsədilə təlim keçmə” maddəsinin tətbiqi hüquqi baxımdan mübahisəlidir və cinayətin tamamlanmamış hesab edilməsinə imkan vermir.

Məhkəmə tərəflərin arqumentlərini dinlədikdən sonra hökmü qüvvədə saxlayıb və kassasiya şikayətini təmin etməyib.

Təqsirləndirilən şəxs məhkəmədə çıxışında ailəsinin ağır sosial vəziyyətdə olduğunu, atasının 2026-cı ilin yanvarında vəfat etdiyini və anasının həm yaşlı valideyninə baxdığını, həm də səhhət problemləri ilə üzləşdiyini qeyd edərək bəraət istəyib.