vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:48 | 28 fevral 2014 | Cümə Məqaləyə 1800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya Krımı işğal edib»

Simferopolda yaşayan azərbaycanlı iş adamı: «Krım Ukraynada qalacaq»

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq bir neçə gündür Ukraynadakı bütün gərginlik Krıma keçib. Rusiyanın Krımdakı hərbi bazasının əsgərlərinin yarımadakı duruma faktiki nəzarət etməsi, Ukraynanın yeni hakimiyyətinin duruma müdaxilə imkanlarının olmaması gərginliyi anbaan artırır.

Musavat.com bildirir ki, hərbi müdaxilə ilə yetinməyən Rusiya Krımı Ukraynadan qoparmaq üçün hüquqi prosedurların icrasına başlayıb. Fevralın 28-də Dövlət Dumasında «Ədalətli Rusiya» fraksiyasının təqdimatı ilə Ukraynalılara Rusiya vətəndaşlığının verilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində təklif olunur ki, Ukrayna vətəndaşlığından imtina edən şəxslərə  Rusiya pasportları heç bir prosedursuz paylansın. Qanun layihəsində ukraynalıların pasport üçün tələb olunan gömrük rüsumundan azad edilmələri də təklif olunur. Yada salaq ki, Rusiya vətəndaşlığını almaq üçün ölkə ərazisində 5 il fasiləsiz yaşamaq tələb olunur. Bir müddət öncə isə Rusiya vətəndaşlığını 10 milyon rubl (təxminən 20 min manat) ödəməklə alınması haqqında qanun qüvvəyə minib.

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov Krımda baş verənləri Rusiyanın hərbi müdaxiləsi və işğal aktı kimi qiymətləndirib. Avakov bu haqda fikirlərini Facebook sosial şəbəkəsindəki profilində yazıb: «Rusiya Federasiyası donanması Belbek hava limanını tutub. Hava limanının binasında Ukrayna hərbçiləri və sərhədçiləri də var. Binanı kamuflyajlı, silahlı, silahlarında tanınma nişanı olmayan, kimliklərini bildirməyən şəxslər mühasirəyə alıb. Hələlik silahlı toqquşma baş verməyib».

Gecə saatlarında silahlıları yeniləri əvəz edib. Ukrayna DİN rəhbərinin yaydığı açıqlamaya görə, 119 nəfər hava limanının içərisinə daxil olaraq restoranda yerləşib. Onların hamısında avtomat silahlar var: «Həmin şəxslər Rusiya Silahlı Qüvvələrinə aid olduqlarını gizlətmirlər. DİN əməkdaşları onlara «siz hərbçisiniz və burada ola bilməzsiniz» deyincə cavabları belə olub «sizinlə danışmaq haqqında təlimat almamışıq». Tərəflərdən heç biri hələlik silaha əl atmasa da durum hər an nəzarətdən çıxa bilər. Mən baş verənləri Rusiyanın hərbi müdaxiləsi və işğal aktı kimi dəyərləndirirəm. Bu, bütün beynəlxalq normaları pozmaq deməkdir. Baş verənləri suveren dövlətin ərazisində qan axıdılmasına yönələn provokasiyadır».

Ukraynada yaşayan iş adamı, milli azadlıq hərəkatının tanınmış fəalı Ülvi Həkimov «Yeni Müsavat»a açıqlamasında bildirib ki, Rusiya silahlıları iki gündür Krım parlamentinin və hökumətinin binasına nəzarət etsə də, yarımadada xüsusi gərginlik yoxdur: «Fevralın 26-da parlamentin önündə Ukraynanın bütövlüyünün tərəfdarları və əleyhdarlarının böyük mitinqində baş verən toqquşmadan sonra ciddi qarşıdurma yaşanmayıb. Rusiya silahlıları yalnız Simferopoldakı inzibati binalardadırlar. Ötən gün Krım Tatar Məclisinin başqanı Refat Çubarov yarımadanın bütün tatar əhalisinə müraciət edərək onları heç bir qarşıdurmaya yol verməməyə çağırıb. Bilirsiniz ki, tatarlar Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdırlar və Kiyevdən duruma müdaxilə ediləcəyini gözləyirlər. Rusiya çox istəyirdi ki, Krım parlamenti yarımadanın taleyi ilə bağlı referendum keçirsin. Rusiya açıq-aydın «krım xalqının özünütəsdiq hüququ» əldə etməyə çalışır. Ancaq iki gündür parlamentin Rusiyapərəst rəhbərliyi yetərsay olmadığından qərarı nəinki qəbul edə, heç müzakirəyə çıxara bilmir».

U.Həkimovun sözlərinə görə, əhalinin böyük hissəsi yarımadanın Ukraynanın tərkibində qalmasının tərəfdarıdır. Ancaq onları da şərti var: «70 faiz əhali Krımı yenə də Ukraynanın tərkibində görür. Ancaq onlar Krımın statusunun genişlənməsinin tərəfdarıdırlar. Yanukoviç dönəmində Krımdan yığılan verginin 80 faizi Ukrayna büdcəsinə yönəldilirdi. Krım turizm bölgəsidir. Bir sıra qanunlar Krımın turizm bölgəsi olaraq inkişafına mane olur. İndi əhali yeni hökumətdən həmin qanunların bir hissəsinin ləğvini, bir hissəsinin təkmilləşməsini gözləyir. Bu haqda ilkin danışıqlar da müsbət yöndə olduğu üçün əhalidə heç bir narazılıq yoxdur.

Təbii, bütün insanlar sabit ictimai-siyasi durum arzulayır. Ukraynada Avromaydanın qələbə çalması ölkənin gələcəyi ilə bağlı böyük ümidlər yaradır. Krımdakı 400 mindən çox Krım tatarı birmənalı olaraq talelərini Rusiya ilə bağlamaq istəmir. Gərginlik Rusiya bazasından tətiklənir. Ukraynada «Berkut» buraxılıb. Ancaq «Berkut»un bəzi üzvləri əmrlərə tabe olmayaraq Rusiyanın mövqelərinin müdafiəçisi kimi Krıma gəlib. Yeni Ukrayna hökumətinin soyuqqanlı mövqeyi olduqca yerindədir. Krımda Ukraynanın yetərincə hərbi birləşmələri olmasına baxmayaraq yeni hökumət problemi siyasi müstəvidə nizamlamağa çalışır. Çünki istənilən qarşıdurma uzunmüddətli xaosa, eyni zamanda qan tökülməsinə yol aça bilər. Ona görə də gərginliyə imkan verilmir».

Ü.Həkimov bildirir ki, hələlik Krımdakı durum iş adamları üçün xüsusi problemlər yaratmayıb: «Krımda bizneslə məşğul olmaq üçün normal imkanlar var. Ukraynanın qanunları yetərincə liberaldır. Ancaq müəyyən məqamlar var ki, orada dəyişikliklərə ehtiyac var. Məsələn, Yanukoviç dönəmində qəbul olunan qanunlara görə iş adamları 20 faiz yerli büdcəyə, 10 faiz isə Ukrayna büdcəsinə vergi ödəyirdi.

Ukraynada hər kəsə bəlli idi ki, 10 faiz dövlət büdcəsinə deyil, konkret şəxslərin ciblərinə axırdır. Böyük ümidlərimiz var ki, yeni hökumət korrupsiyanın tamamilə kökünü kəsəcək və daha yaxşı biznes mühiti yaradacaq. Krımda ən ciddi problemlərdən biri də torpaqların özəlləşdirilməsi ilə bağlıdır. Artıq bir neçə ildir burada torpaq alqı-satqısı qadağandır. Əhali bu qərarın da dəyişdirilməsinin tərəfdarıdır. Krım tatarlarının problemlərinə gəlincə, bu gün onlar Krım parlamentində cəmi 2 faizlə təmsil olunurlar ki, bu da çox azdır. Çünki yarımada əhalisinin 25 faizi tatarlarıdır. Çox güman yaxın gələcəkdə yeni parlament formalaşacaq və bu çatışmazlıqlar da aradan qalxacaq. Şübhə etmirəm ki, Krım Ukraynada qalacaq».