Ankaranın narahatlığına son verilə bilərmi?
NATO: İsveç və Finlandiyanın üzvlüyünə Türkiyə niyə etiraz edir?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu başda Avropa qitəsi olmaqla, dünyanın qlobal təhlükəsizlik mühitini köklü şəkildə dəyişdi. İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən bu ən böyük savaşın digər ölkələrə yayılma ehtimalı daha çox NATO-ya daxil olmayan dövlətləri narahat edib.
NATO-nun 5-ci maddəsinin yaratdığı təhlükəsizlik çətirindən ilk olaraq Finlandiya - Rusiyayla 1300 kilometr ortaq sərhədi olan ölkə yararlandı. Onun ardınca İsveç də bu addımı ataraq 200 illik neytrallıq siyasətinə son qoydu. Ekspertlər belə radikal dəyişikliyi tarixi addım kimi qiymətləndirirlər.
Amma PKK və YPG-ni dəstəklədikləri üçün Türkiyə bu ölkələrin alyansa qəbul edilməsinə etiraz edir. Nəticə etibarilə NATO-nun genişlənməsi məsələsində böhran yarana bilər.
Alyans və bu iki ölkə Türkiyəni yola gətirə biləcəklərmi? Ərdoğan nə üçün Yunanıstanı misal çəkir?
Türkiyə nə istəyir və buna bənzər böhran əvvəllər də olubmu?
Türkiyə niyə etiraz edir?
1952-ci ildən NATO-nun üzvü olan Türkiyə həmişə alyansın açıq qapı siyasətini dəstəkləyən mövqe nümayiş etdirib. “Soyuq müharibə”dən sonrakı dövrdə – 1999 və 2004-cü illərdə Şərqi Avropa ölkələrinin alyansa qoşulmasını dəstəkləyib.
İsveç və Finlandiyanın üzvlüyünə etiraz etməsinin səbəbi isə bu iki Skandinaviya ölkəsinin “Türkiyənin terrorla mübarizəsinə dəstək verməməsi” və hətta PKK-nın Suriyadakı qanadı YPG-yə kömək etməsi iddiasıdır.
ABŞ, Avropa Birliyi və Böyük Britaniya da PKK-nı terror təşkilatı kimi tanıyır. Amma bu təşkilata bağlı olan YPG Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparan, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın əsas tərəfdaşıdır.
Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını deyir.
Türkiyə İsveçin YPG-yə hərbi texnika və maliyyə dəstəyi verdiyini bildirir; bu ölkədən 21, Finlandiyadansa 12 nəfərin ekstradisiya edilməsi tələbini gündəmdə saxlayır.
2019-cu ildə Türkiyə Suriyanın şimalında YPG-yə qarşı “Sülh çeşməsi” əməliyyatı gerçəkləşdirəndən sonra İsveç və Finlandiya Türkiyəyə silah embarqosu tətbiq ediblər. Onların NATO-ya qəbul edilməsini Ankara üçün arzuedilməz edən məsələlərdən biri də budur.
Brüsseldəki “Carnegie Europe” təşkilatının ştatdankənar əməkdaşı, alim və keçmiş diplomat Sinan Ülgən BBC-yə deyib ki, Ankara bəzi şikayətlərində haqlıdır, xüsusilə də İsveçlə bağlı.
Ügən qeyd edib ki, bu, Stokholmun PKK-ya və onunla əlaqəli strukturlara münasibətilə əlaqəlidir: “Türkiyənin PKK-nın qanadı hesab etdiyi Suriya Kürd Demokratik Birlik Partiyasına (PYD) dəstək vermək səyləri də var”.
Ankaranın bu illər ərzində bəzi tələblərinin olduğunu, amma onların cavabsız qaldığını bildirən Ülgən qeyd edir ki, “İndi Türkiyə İsveçə şərt qoymaq fürsəti qazandığına inanır”.
Türkiyə niyə Yunanıstanı və Fransanı misal çəkir?
Türkiyənin digər arqumenti isə daha əvvəl NATO-dan çıxmış Yunanıstan və Fransanın yenidən üzvlüyə qaytarılması prosesidir.
Prezident Rəcəb Tayyip Ərdoğan “soyuq müharibə” dövründə bu iki ölkənin NATO-nun hərbi qanadına qayıtmaq müraciətlərinə Türkiyənin razılıq verməsini böyük səhv adlandırıb və bu səhvin bir daha təkrarlanmayacağını vurğulayıb.
Fransa və Yunanıstan Türkiyənin beynəlxalq münasibətlərdə ən çox şikayətləndiyi ölkələrdir.
1996 və 2020-ci illərdə olduğu kimi, Egey və Aralıq dənizləriylə bağlı tarixi fikir ayrılıqları Yunanıstan və Türkiyəni hərbi qarşıdurma vəziyyətinə gətirmək potensialına malikdir.
NATO 1974-cü ildə Kipr əməliyyatına reaksiya vermədiyi üçün Yunanıstan alyansın hərbi qanadından ayrılmışdı.
1980-ci ilə qədər Türkiyə Yunanıstanın geri qayıtmasına razılıq verməsə də, həmin ilin 12 sentyabrında baş vermiş hərbi çevrilişindən sonra hakimiyyəti ələ alan hərbi xunta “Rocers Planı” adı verilən proseslə Afinanın geri dönməsinə yaşıl işıq yandırmışdı.
“London School of Economics”in Müasir Türkiyə Araşdırmaları kafedrasının rəhbəri professor Yaprak Gürsoy deyir ki, Ankara səhv hesab etdiyi bu hərəkəti təkrarlamaq istəmir: “Türkiyədə geniş yayılmış bir fikir var ki, Ankara o zaman öz mövqeyində daha israrlı olsaydı, Yunanıstan və Türkiyə arasındakı problemlərin çoxu bu gün olmaya bilərdi. Yunanıstan və Kipr hazırda Aİ üzvüdürlər, bu baxımdan daha böyük diplomatik gücə malikdirlər. Türkiyə isə onlarla eyni səviyyədə ola biləcəyi mühüm bir fürsəti itirib. Başqa sözlə, bu nöqtədə Türkiyə üçün mühüm dərs var və o, eyni səhvi iki dəfə təkrarlamaq istəmir”.
Fransa Şarl de Qollun prezidentliyi dövründə - 1966-cı ildə ABŞ və Britaniyanın alyansdakı üstünlüyünə etiraz əlaməti olaraq alyansın hərbi qanadından ayrılmış, onun geriyə tam dönüşü 2009-cu ilin aprelində baş vermişdi.
NATO-da buna bənzər böhranlar olubmu?
Yaradılmasının 73-cü ildönümünü qeyd edən NATO-da həm genişlənmə, həm də daxili qərarların qəbulu proseslərində zaman-zaman ciddi böhranlar olub.
Məsələn, Yunanıstan adla bağlı mübahisəyə görə 10 ilə yaxın müddətdə Makedoniyanın NATO-da qəbulunu əngəlləyib.
Problem 2020-ci ildə - Skopye administrasiyası ölkənin adını Şimali Makedoniya olaraq dəyişdirəndə həll olunub və ölkə, nəhayət, NATO-ya qəbul edilib.
2009-cu ildə Türkiyə NATO-nun baş katibi vəzifəsinə Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussenin namizədliyini dəstəkləməyəndə də böhran yaranıb.
2006-cı ildə Məhəmməd peyğəmbərin karikaturasıyla bağlı qalmaqala Rasmussenin münasibətindən narazı qalan Ankara alyansa başqasının rəhbərlik etməli olduğunu bildirib.
Uzun sürən danışıqlardan sonra Türkiyə alyansın həm siyasi, həm də hərbi qanadlarında mühüm vəzifələrdə təmsil olunub və problem aradan qalxıb.
İsveç və Finlandiyayla bağlı problem həll olunurmu?
Məsələ gündəmə gələn andan etibarən prezident Ərdoğan bu iki ölkənin NATO-ya qəbuluna Türkiyənin müsbət yanaşmayacağını vurğulayıb.
Amma Ərdoğanın baş müşaviri İbrahim Kalın qapının tam örtülmədiyini və Türkiyənin təhlükəsizlik tələblərinin təmin edilməli olduğunu deyərək danışıqlara eyham vurub.
Bir çox analitiklər də hesab edirlər ki, indiki etirazına rəğmən, Ərdoğan müzakirələrə həvəs göstərəcək və alyansın genişləndirilməsində müttəfiqləriylə həmfikir olacaq.
“Məncə, PKK ilə bağlı mövqeyinə və xüsusilə də bu yöndəki fəaliyyətinə yenidən baxması üçün Türkiyə İsveçə təzyiq etmək istəyir”, – Ülgən belə deyir.
Professor Gürsoysa hesab edir ki, Türkiyə ciddi nüfuz qazanıb və nəticə əldə etmək üçün bu fürsətdən istifadə etmək istəməsi başa düşüləndir: “Türkiyə öz beynəlxalq və daxili təhlükəsizliyilə bağlı narahatlıqlarını müttəfiqlərinə xatırlatmaq və səsini eşitdirmək fürsəti kimi bundan istifadə edir”.
Türkiyə, İsveç və Finlandiya arasında ilk danışıqlar martın 15-də – NATO-nun Berlindəki sammiti zamanı, xarici işlər nazirləri səviyyəsində baş tutub. Orda qeyd edilib ki, yaxın günlərdə danışıqlar həm texniki, həm də siyasi məzmunda davam edəcək.
Türkiyə problemin həll üçün özünə təhlükə hesab etdiyi siyasət və davranışlara son verilməsini və YPG-yə hərbi dəstəyi dayandırılmasını istəyir (ilk növbədə İsveçdən). Bundan başqa, tələb edir ki, İsveç başda olmaqla, NATO ölkələri Türkiyəyə qarşı silah embarqosunu ləğv etsinlər.
NATO-nun baş katibi Yens Stoltenberq “dəyərli müttəfiq” hesab etdiyi Türkiyənin təhlükəsizliklə bağlı gözləntilərinin təmin edilməli olduğunu deyib. İndi prosesin istiqamətini Stokholm və Helsinki administrasiyalarının Ankaraya təqdim edəcəkləri paketlərin məzmunu müəyyənləşdirəcək.
Böyük Britaniyada yerləşən “Chatham House” beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının üzvü Qalip Dalay da BBC-yə açıqlamasında bildirib ki, Ərdoğanın mövqeyini “daha çox bir narazılıq əlaməti” kimi qiymətləndirir, amma bu mövqedə “diplomatiya üçün də yer var”.
Dalayın sözlərinə görə, iyunun sonunda NATO-nun Madriddə keçiriləcək sammitindən əvvəl Türkiyə, NATO, İsveç və Finlandiya arasında “güclü bir diplomatiya” müşahidə olunacaq. 30 iyuna qədər həll yolu tapılmazsa, artıq böhran yaranacaq.
Bundan sonra proses necə davam edəcək?
Mayın 18-də İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər.
Əslində hər hansı ölkənin alyansa qoşulması mürəkkəb prosesdir və “Vaşinqton razılaşması”nda qeyd olunmuş siyasi və hərbi meyarlara ölkələrin uyğunluq dərəcəsindən asılı olaraq illərlə davam edə bilər.
Amma həm İsveç və Finlandiyadakı demokratiyanın səviyyəsinə, həm də bu ölkələr uzun illər NATO tərəfdaşları kimi əməkdaşlıq prosesindən keçdiklərinə görə prosesin uzun çəkməyəcəyi ehtimalı böyükdür.
Rəsmi müraciətlərə baxıldıqdan sonra üzv dövlətlər İsveç və Finlandiyanın qoşulma protokollarını təsdiq etməlidirlər.
Plana görə, bu ölkələrin alyansa qəbuluyla bağlı texniki proses 29-30 iyun tarixlərindəki NATO sammitində başa çatdırılmalı və alyansın liderləri onların üzvlüklərini qeydə almalıdırlar.
Bundan sonra İsveç və Finlandiyanın NATO-ya qəbulu üzv dövlətlərin parlamentlərində təsdiqlənməlidir.
Bütün bu proseslərdə üzv ölkələrin yekdil mövqedə olması lazımdır. Bu baxımdan Türkiyənin hər mərhələdə prosesi əngəlləmək hüququ var.
Vaşinqtonda yerləşən Vudro Vilson Mərkəzi (“Woodrow Wilson Center”) təşkilatının sədri, keçmiş ABŞ səfiri Mark Qrin (Mark Green) hesab edir ki, İsveç və Finlandiyanın NATO-ya töhfələri alyansı gücləndirəcək.
“Unutmayın, NATO müdafiə mexanizmidir. O, yalnız Rusiya NATO ərazisini işğal edərsə işə düşər. Yəni bizim bu birlikləri yaratmağımız vacibdir. İş işdən keçəndən sonra bunu etməyin mənası yoxdur”, – Qrin BBC-yə belə deyib.